Azərbaycanda Üzeyir
Hacıbəyli təntənəsi
DAHİ BƏSTƏKARIN 130 İLLİYİ VƏ ÜZEYİR MUSİQİ GÜNÜ SİLSİLƏ TƏDBİRLƏRLƏ QEYD OLUNUR
18 sentyabr - dahi bəstəkar Üzeyir Hacıbəylinin dünyaya
göz açdığı
gün Azərbaycanda Milli Musiqi Günü
kimi qeyd olunur. Bu il görkəmli bəstəkarın
anadan olmasının
130 illiyidir.
Üzeyir Hacıbəyli bəstəkar,
alim, yazıçı,
publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli
fəaliyyəti ilə
yanaşı, Şərqdə
ilk operanın banisi kimi də məşhurdur. Məhz
onun sayəsində Azərbaycan milli opera sənətinin tarixi Üzeyir Hacıbəylinin
107 il bundan öncə tamaşaya qoyulan “Leyli və Məcnun” operası ilə başlanıb. Dahi Azərbaycan şairi
Məhəmməd Füzulinin
eyniadlı poeması əsasında hazırlanmış
“Leyli və Məcnun” yalnız Azərbaycanın deyil, həm də Şərqin ilk operasıdır.
Şərqdə ilk operetta janrının yaranması da Üzeyir Hacıbəylinin
adı ilə bağlıdır. Dahi
bəstəkarın “Arşın
mal alan” operettası 70-ə yaxın
xarici dilə tərcümə edilib,
100-dən çox teatrın
səhnəsində oynanılıb,
beş dəfə ekranlaşdırılıb.
Üzeyir Hacıbəylinin ədəbi
irsi çox zəngin və qiymətlidir. Bütün ömrü boyu
Azərbaycan mədəniyyətinə,
musiqisinə xidmət
edən bu unudulmaz şəxsiyyət
300-dən çox xalq
mahnısını nota salıb,
marş, kantata, fantaziya, mahnı və romanslar, kamera və xor əsərləri yazıb. Həm Azərbaycan Xalq Cümhuriyyətinin, həm
də Sovet Azərbaycanının himnləri
dahi sənətkara məxsus olub. Üzeyir Hacıbəyli təkcə
musiqi bəstələmirdi,
həm də xalq musiqisinin nəzəri əsaslarını
gələcək nəslə
çatdırmaq üçün
müxtəlif vəsaitlər
hazırlayırdı. 1945-ci ildə nəşr
edilmiş “Azərbaycan
xalq musiqisinin əsasları” adlı elmi əsəri Üzeyir Hacıbəylinin
musiqişünas-alim olaraq
mükəmməl fəaliyyətinin
yadigarı kimi bu gün də
musiqi dərsliyi kimi istifadə edilir.
Heydər Əliyev Fondunun və Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı
ilə Azərbaycanda sentyabrın 18-də başlanan
Üzeyir Hacıbəyli
VII Beynəlxalq Musiqi Festivalı sentyabrın
28-dək davam edəcək.
Ötən gün mədəniyyət
və incəsənət
xadimləri, musiqisevərlər
Fəxri Xiyabana gedərək dahi bəstəkarın və
digər görkəmli
mədəniyyət, incəsənət
xadimlərinin məzarlarını
ziyarət ediblər. Daha sonra Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri,
tanınmış mədəniyyət
və incəsənət
xadimləri, musiqiçilər
Azərbaycan Milli İncəsənət Muzeyinin
bağındakı “Güllələnmiş
heykəllər” abidəsini
ziyarət edib, burada Üzeyir Hacıbəylinin, Bülbülün
və Xurşidbanu Natəvanın heykəlləri
önünə tər
qərənfillər düzüblər.
Dünən həmçinin Üzeyir
Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qarşısında Üzeyir
Musiqi Gününə
həsr olunmuş tədbir keçirilib.
Tədbiri mədəniyyət və
turizm nazirinin müavini Ədalət Vəliyev açaraq ümummilli liderimiz Heydər Əliyevin “Üzeyir Musiqi Gününün keçirilməsi
haqqında” 1995-ci il
18 sentyabr tarixli Fərmanına uyğun olaraq hər il ölkəmizdə ənənəvi Milli Musiqi Gününün keçirildiyini diqqətə
çatdırıb: “2009-cu ildən etibarən ölkəmizdə hər
il sentyabrın 18-dən
başlanan və dahi bəstəkar, Azərbaycan professional musiqisinin
banisi Üzeyir Hacıbəyliyə həsr
olunan Beynəlxalq musiqi festivalları böyük əks-səda
doğurub. Bütün musiqi müəssisələrində
dahi Üzeyir Hacıbəylinin doğum
günü qeyd olunacaq”.
Diqqətə çatdırılıb ki,
festivalla bağlı Mədəniyyət və
Turizm Nazirliyində müvafiq əmr imzalanıb və sənəddə tədbirlər
planı, eləcə
də digər məsələlər əksini
tapıb. Qeyd olunub ki, ümumilikdə 30-dan artıq
tədbirin reallaşacağı
festivalda bir sıra ölkələrdən
musiqiçi və solistlər də iştirak edəcək.
On gün ərzində
M. Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, kamera və orqan musiqisi
zalında, Azərbaycan
Dövlət Akademik
Opera və Balet Teatrında, Azərbaycan Bəstəkarlar İttifaqında,
Bakı Musiqi Akademiyasında və digər konsert salonlarında dahi Üzeyir Hacıbəylinin,
Azərbaycan klassik musiqisinin digər nümayəndələrinin, dünya
şöhrətli bəstəkarların
əsərləri həm
yerli, həm də xarici ölkələrinin musiqiçilərinin
ifasında təqdim olunacaq.
Tədbirdə Xalq artistləri
- Üzeyir Hacıbəyli
adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan
Bəstəkarlar İttifaqının
sədri Firəngiz Əlizadə və Azərbaycan Milli Konservatoriyasının rektoru
Siyavuş Kərimi çıxış edərək
bayram münasibətilə
musiqisevərləri təbrik
edib, festivalın əhəmiyyətindən, bu
tədbirin ölkəmizin
dünyada həm də musiqi diyarı kimi tanınmasındakı rolundan
danışıblar.
Çıxış edənlər, həmçinin
dahi bəstəkarın
zəngin həyat və yaradıcılığından
söhbət açıb,
milli Azərbaycan musiqisinin inkişafında
Üzeyir Hacıbəyli
məktəbinin rolunu
xüsusilə vurğulayıb
və musiqiçilərə
bu ənənələrə
sadiq qalmağı tövsiyə ediblər.
Üzeyir Musiqi Günündə Müdafiə Nazirliyinin nümunəvi hərbi orkestrinin və Azərbaycan Dövlət xor kapellasının ifasında klassik musiqi nümunələri təqdim olunub.
Dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyi münasibətilə Azərbaycanın
Macarıstandakı səfirliyinin
təşəbbüsü ilə sənətşünaslıq
doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir
üzvü Zemfira Səfərovanın “Üzeyir
Hacıbəyli və
davamçıları” kitabı
Budapeştdə macar dilində nəşr edilib. Əsərin tərcüməçisi indiyə qədər Azərbaycan ədəbiyyatından
bir sıra nümunələri tərcümə
edən Tamaş Varhegidir.
Azərbaycanın Macarıstandakı səfiri
Vilayət Quliyev kitaba “Dahi bəstəkar. Böyük vətəndaş”
adlı geniş müqəddimə yazıb.
Əsərin “Əlavələr” bölməsində
Azərbaycan musiqi alətləri və Azərbaycan xalq musiqisinin əsas janrları haqqında məlumatlar yerləşdirilib. Kitab təmənnasız
şəkildə Ferens
List Musiqi Akademiyasına,
habelə musiqi məktəblərinin kitabxanalarına
hədiyyə edilir.
Üzeyir Hacıbəylinin anadan olmasının 130 illiyi ilə bağlı Budapeştdə başqa bir mühüm tədbir də hazırlanır. Bu da
“Dunay” simfonik orkestrinin ifasında Azərbaycan bəstəkarının
əsərlərindən ibarət
konsertdir. Dekabrın
ilk ongünlüyündə keçiriləcək konsertin
dirijoru Azərbaycanın
Xalq artisti, professor Yalçın Adıgözəlov olacaq.
Qeyd edək
ki, Üzeyir Hacıbəylinin 130 illik yubileyi ilə əlaqədar ABŞ-da xüsusi poçt markası buraxılıb. Markaların buraxılması
Azərbaycanın Los-Ancelesdəki
baş konsulluğunun
təşəbbüsü və dəstəyi ilə baş tutub.
ABŞ-n
Federal Poçt Xidməti
tərəfindən təsdiq
olunmuş və bütün ölkə ərazisində istifadə
gücünə malik
poçt markalarının
üzərində hər
iki musiqi xadiminin şəkillərinin
müşayiəti İlə
“Üzeyir Hacıbəyli
(1885-1948): Azərbaycan klassik
musiqisinin banisi, 130 il”
yazılıb, Üzeyir
Hacıbəyliyə həsr
olunmuş markanın üzərində dahi bəstəkarın “Koroğlu”
operasından notlar yerləşdirilib.
Sentyabrın 19-da əfsanəvi “Arşın
mal alan” filminin Hollivudda premyerası keçiriləcək.
Film, Hollivudun ən qədim kinoteatrlarından olan, tarixə ilk avtomatlaşdırılmış
kinoteatr kimi düşmüş “Ricardo Montalban”
kinoteatrında nümayiş
olunacaq.
Həmçinin, Kaliforniya ştatının
tanınmış şəhərlərindən
olan Santa-Monika şəhəri
bəyannamə qəbul
edərək, sentyabrın
18-nin şəhərdə Üzeyir Hacıbəyli Günü kimi qeyd olunacağını təsdiqləyib.
Üzeyir Hacıbəylinin ev-muzeyində
də bəstəkarın
anadan olmasının
130 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Ev-muzeyinin direktoru, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov bəstəkarın yubileyi
münasibətilə ölkəmizdə
silsilə tədbirlərin
keçirildiyini deyib. Mədəniyyət
və turizm nazirinin müavini Sevda Məmmədəliyeva
Ü.Hacıbəyli irsini
təkcə Azərbaycanın
deyil, bütün dünyanın nadir incisi olduğunu bildirib, Üzeyir Hacıbəyli yaradıcılığını Azərbaycan xalqının
milli mənəvi sərvəti adlandırıb.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 19 sentyabr.-
S.11.