“Fəxri adlar dövlətimizin
sənət adamlarına verdiyi yüksək
qiymətdir”
ƏMƏKDAR ARTİST İLKİN ƏHMƏDOV: “ÖZÜMƏ QARŞI HEÇ VAXT HEÇ KİMDƏN PAXILLIQ, QISQANCLIQ GÖRMƏMİŞƏM”
- İlkin bəy, öncə sizi bir neçə gün əvvəl “Əməkdar artist” fəxri adına layiq görülməniz münasibəti ilə təbrik edir, sənət, yaradıcılıq uğurları arzulayırıq. Fəxri ada layiq görülməniz sizin gözlənilməz olmadı ki? Əvvəlcədən xəbəriniz vardımı, yoxsa, sərəncam çıxandan sonra bu haqda xəbər tutdunuz?
- Düzünü deyim ki, gözləyirdim. Yəni, illərdir fəxri ada layiq görüləcəyimi gözləyirdim. Artıq 11-ci ildir ki, mən professional səhnədəyəm, sənətdəyəm. Azərbaycan milli musiqisinə və milli musiqisinin ən aparıcı bir janrı - muğam janrına xidmət edirəm. Neçə illərdir ki, artıq 6-7-ci ilə keçir ki, Azərbaycan Opera və Balet Teatrında solistəm. Baş rolların ifaçısıyam. Neçə illərdir ki, Azərbaycan Milli Konservatoriyasında müəllim kimi fəaliyyət göstərirəm.
Neçə ildir ki, Bakı Humanitar Kollecində pedaqoji fəaliyyətlə məşğulam, müəllim kimi fəaliyyət göstərirəm.
Bu nöqteyi-nəzərdən ümidvar idim ki, inşallah, bizim çox hörmətli ölkə başçımız tərəfindən təltif alacağam. Amma onun hansı vaxtda, hansı müəyyən edilmiş zamanda olacağını nəinki mən, heç bir sənətçi, heç bir sənətkar bilə bilməz. Əlbəttə ki, münasib bildiyi vaxtı hörmətli cənab prezidentimiz, ölkə başçımız sərəncam verir, nazirliyimiz - çox hörmətli Əbülfəs müəllim münasib bilir. Yəni, o, onların işidir, o bizim işimiz deyil, biz o işlərə heç cür qarışa bilmərik. Odur ki, mənim də necə deyərlər bir məlumatım, yəni, bu məsələnin bu gün-sabah olacağı haqda bir məlumatım yox idi. Ancaq həmin gün-”Əməkdar artist” adına layiq görüldüyüm gün mənim üçün çox böyük, sevindirici, şərəfverici bir gün oldu... Bizə yaxın insanların el məclisindəydim. Çox yüksək səviyyəli bir məclisdəydim. Bu xəbəri eşidəndə elə bildim mənimlə zarafat edirlər və sonra gördüm, yox, bu, zarafat deyil, ciddi bir məsələdir. Artıq elan olunub, hörmətli cənab prezidentin sərəncamı çıxıb. Mənim üçün o gün çox böyük bir möhtəşəm bir gün oldu... Mən cənab prezidentə öz təşəkkürümü bildirirəm. Allah ona cansağlığı versin ki, hər zaman, hər an sənətçilərə, idmançılara, fəaliyyəti güclü olan Azərbaycanınhər bir vətəndaşına, yaxşı ali təhsil, yaxşı savad alan tələbələrimizə - hər bir kəsə öz diqqətini, qayğısını əsirgəmir. Bu, mənim üçün həm də bir məsuliyyətdir.
Bir məsuliyyətim vardısa, artıq indi ikiqat, üçqat məsuliyyətim var. Mən bundan sonra daha ciddi səylə, şövqlə öz sənətimi inşallah davam etdirəcəyəm. Operada rollarım var. Konsert proqramlarımız var, dövlət səfərlərimiz var, dəfələrlə xarici qastrol səfərlərində konsert proqramlarında çıxış etmişik, bundan sonra daha da məsuliyyətlə, daha da ciddi səylə inşallah o konsert proqramlarında özümüzü göstərməyə çalışacağıq...
- Sənət dostlarınızdan Sizi təbrik edənlər oldumu? Bu sualı heç də təsadüfən vermirəm, çünki sənət adamlarının bir çoxunda öz həmkarlarına qarşı güclü həsəd, qısqanclıq, hətta, paxıllıq hissi olur...
- Şükürlər olsun ki, içimdə heç vaxt heç kəsə qarşı paxıllıq olmayıb, heç kəsin paxıllığını çəkməmişəm. Ona görə də mənim paxıllığımı çəkə bilmirlər. Hələ mən indiyənə kimi heç bir nə sənətçi dostumdan, nə də qeyri- birindən, yəni, sənətə dəxli olmayan insanlardan özümə qarşı heç vaxt paxıllıq, qısqanclıq hissi görməmişəm. Hər kəsə səmimi olduğum üçün hər kəs də məni səmimi qəbul edib. Ona görə də hamıdan, demək olar ki, eyni səviyyədə eyni bir istəklə, eyni bir halla təbrikləri qəbul etmişəm, edirəm. Çox sağ olsunlar. Bütün sənət dostlarımı, mənimlə bir yerdə və məndən öncə də fəxri ad almış sənət dostlarımı təbrik edirəm. Onların hər birisinə uğurlar diləyirəm və növbədə olan həmkarlarıma da, dostlarıma da bu günü arzu edirəm. Arzu edirəm ki, tezliklə mənim dostlarım, mənim həmkarlarım, mənim yaxınlarım, öz sənətlərində həmişə ciddi olan, məsuliyyətlə işləyən sənət dostlarım fəxri adlarla təltif olunsunlar. Yəqin ki, olacaqlar, zaman-zaman, mərhələ-mərhələ bunlar öz yerini alacaq inşallah.
- İlkin bəy, son illər ciddi sənət adamları arasında olmasa da, istəsək də, istəməsək də, həyatımıza daxil olmuş şou-biznes aləmində intriqalar, qarşılıqlı, heç bir hədd, əndazə gözləməyən təhqirlər baş alıb getməkdədir. Təəssüf ki, bu intriqalara qoşulanlar arasında “Xalq” və “Əməkdar” artist adlarını daşıyanlar da var...Onlar nə bu adlara hörmət qoyur, nə onun məsuliyyətini başa düşür, nə də...
- Əvvəla ad məsələsi, əlbəttə ki, Azərbaycanımız , vətənimiz, torpağımız, Azərbaycanın vətəndaşları üçün bütün səy və bacarığı ilə çalışan ölkə başçımızın bizə qoyduğu, verdiyi diqqətdir, hörmətdir. Böyük diqqət, hörmətdir ki, ölkə Prezidenti sənətə, sənətçilərə vaxt, xüsusi diqqət ayırır. Ona görə hər zaman bu ada hörmət qoymaq lazımdır və belə deyək, bir az da daha çox hörmət qoymaq gərəkdir. Mən bunu bu cür qəbul edirəm. Bu, bizim üçün böyük bir fəxrdir, bundan o tərəfəsi yoxdur. Amma qaldı ki o məsələlərə-dava edənlərə, qırğın edənlərə, səmimi, açıq deyirəm, mən bunların çoxundan, demək olar ki, məlumatsız oluram. Çünki mənim o qədər işim olur, həftənin elə olur ki, çox vaxtını burada olmuram, qastrol səfərlərində oluram, dövlət səfərlərində oluram. Və burada olan vaxtı da ancaq işimlə-gücümlə məşğul oluram, internetə, saytlara, pis başa düşməyin, dönə-dönə üzr istəyirəm, girməyə mənim imkanım olmur. Hansısa bir sosial şəbəkədə, nə bilim “instaqram” deyirlər, nə bilim filan şey, heç onlarda da yoxam. Vaxtım, zamanım çox məhduddur.Yenə deyirəm, Opera kimi böyük bir məbədgahda, musiqi ocağında işləyirəm, çalışıram, məşqlərimiz olur mütəmadi olaraq. Azərbaycan Milli Konservatoriyasında pedaqoji fəaliyyətlə məşğulam, Bakı Humanitar Kollecində pedaqoji fəaliyyətlə məşğulam. Yəni, o vaxtımın qalan hissəsini də lent yazılarına, ondan sonra mahnılar, muğamlar yazmağa ayırıram. Ona görə də mən vallah bilmirəm ki, onlar harada dalaşırlar, harada hansı söz-söhbətlər olur... Onlardan məlumatsızam və belə bir şeylər də varsa, yəqin ki, özləri zaman gələndə bir-biriləri ilə yola getməyi bacaracaqlar, dil tapmağı bacaracaqlar. Mənim işim deyil ki, onların işinə qarışmaq, onlara nəsə yol göstərmək. Bizdən böyüklərimiz var, bizdən sayılıb-seçilən sənətkarlarımız var, ustadlarımız var ki, onlar hamısı özlüyündə, ayrılıqda bir nəhəngdir. Yəni, biz qarışa bilmərik bu işlərə...
- Bu günlərdə tanınmış iki sənət adamının “davasına” münasibət bildirən Azərbaycan tanınmış ziyalılarından, yazıçılarından biri baş verənlərin fonunda fəxri adların ümumiyyətlə, ləğv olunması təklifi ilə çıxış edib...Sizin bu məsələyə münasibətiniz necədir: fəxri adlar qalmalı, yoxsa, ləğv edilməlidir?
- Yenə deyirəm, insanların işinə qarışmağı özümə rəva bilmirəm. Kimsənin işinə qarışmağı heç vaxt xoşlamamışam və heç vaxt da istəməmişəm ki, kimsə mənim işimə qarışsın. Əlbəttə ki, səhvsiz insan yoxdur. Mənim də səhvlərim olur, nöqsanlarım olur. O kiçik qüsurlara, nöqsanlara görə mənə yol göstərənlərə də öz təşəkkürümü bildirirəm. Amma ciddi şəkildə kiminsə işinə qarışmaq mənim işim deyil. Bizdən böyüklər - həm sənətdə, həm şəxsiyyətdə, həm yaşda - çox böyük, nəhəng ustadlarımız var. Onlar nəsə deyə bilər, əgər yeri gəlsə, əgər rəva bilinərsə, onlar deyə bilər o məsələlər haqqında. Bizim hələ o yaşımız deyil, o həddə gəlib çıxmamışıq ki, biz kimisə tənqid edək, biz kiməsə yol göstərək, kiməsə nəsə göstəriş verək, bu, bizlik deyil. Müəyyən yaş həddindən, hansısa bir məsuliyyət verildikdən sonra biz rəyimizi bildirə bilərik ki, bu şeyi etmə, bu şey yasaqdır, bu şeyə getmək olmaz. Eynilə də bizim fəxri adlar məsələsinə qarışmağa qəti ixtiyarımız yoxdur. O şeylərə nəinki qarışmaq, o şeylər barəsində biz sənətçilərin kəlmə kəsmək ixtiyarımız yoxdur. Bu, bizim dövlətimizin işidir. Bu, bizim ölkə başçımızın işidir. Yəni, bu, bu cür qurulub, bu cür məsləhət olunub. Bizim işimiz ancaq odur ki, bizə göstərilən etimada qarşı biz də öz hörmətimizi sənətimizlə, atdığımız addımlarla, şəxsiyyətimizlə göstərək, bizə olan etimadı doğruldaq. Yəni, bizim işimiz deyil ki, biz rəy verək, hansısa bir söz deyək, olmaz.
- Son olaraq, yaradıcılıqla, sənətlə bağlı yenilikləriniz, yeni layihələriniz varmı? Hansı obrazlar üzərində işləyirsiniz?
-İşlərimiz, planlarımız çoxdur. Bir sıra ölkələrdə bizim növbəti konsertlərimiz gözlənilir. Misal üçün Fransada, Türkiyədə, Yaponiyada, Amerikada - Los-Anceles şəhərində, Kaliforniyada konsertlərimiz gözlənilir. Yəni, bu cür layihələrimiz var ki, onları gerçəkləşdirəcəyik. Eyni zamanda, Opera və Balet Teatrında Allahın köməyi ilə üç böyük rolun öhdəsindən şükürlər olsun ki, gələ bilmişəm, həm Məcnun rolunda, həm Kərəm rolunu, həm Qərib rolunu oynamışam. İnşallah yenə də istəklərim var, planlarım var. Elə yeri gəlmişkən qoy qeyd edim, reklam kimi də çıxmasın, mənim istəyimdir ki, “Koroğlu” operasında, “Şah İsmayıl” operasında da özümü göstərim. Həmçinin, bizim gözəl dəstgahlarımız var, Allah qoysa, Azərbaycan muğam dəstgahlarını lentə aldırmağı planlaşdırıram. Bunlar böyük layihələrdir. Bir dəstgahı oturub bütövlükdə ifa etmək bizə ən aşağı bir aya başa gəlir. Bundan böyük nə layihə ola bilər?!
Kamil HƏMZƏOĞLU
525-ci qəzet.-
2015.- 19 sentyabr.- S.10.