Ustad jurnalistin mənəvi
kredosu - Ələkbər Abbasov-75
Kim nə
deyir desin, jurnalistika çox ağır sahədir.
Təkcə ona görə yox ki, çox zəhmət
çəkmək, xeyli yazıb-pozmaq, hansısa faktı dəqiqləşdirmək
üçün əlləşmək, həqiqəti
araşdırmaq üçün nə qədər şeyi ələk-vələk
etmək, istədiyin yaxşı bir yazını ərsəyə
gətirməkdən ötrü yuxusuz gecələr
keçirmək lazımdır. Həm də ona
görə ki, bu peşənin daşıyıcısı
çox çevik, intellektual, mütaliəli və
bütün bunlarla yanaşı, həm də ləyaqətli
insan olmalıdır. Bax bu,
axırıncı keyfiyyət, yəni ləyaqət söhbəti
olmasaydı, bəlkə də qələm və söz sahiblərini
bir-birindən fərqləndirmək xeyli çətinləşərdi.
Təəssüf ki, jurnalistikada bütün
peşə bacarıqları ilə yanaşı, həm də
bu bacarıqlara işıq salan, insana dolğun bir mahiyyət
verən ləyaqət heç də hamıda olmur. Bu gün Azərbaycan jurnalistikasında adı hər
yerdə və həmişə hörmətlə çəkilən
belə ləyaqətli və peşəkar qələm sahiblərindən
biri Ələkbər Abbasovdur.
lll
Mən
çox az jurnalist tanıyıram ki,
Ələkbər Abbasov qədər həm yazılı mətbuatda,
həm də televiziya və radio sahəsində eyni dərəcədə
samballı uğurlar qazanmış olsun. Jurnalistikanın
hər iki boyunda vicdanla külüng çalmış
Ə.Abbasov publisistika tariximizdə iz qoymuş məqalələrin,
maraqlı reportajların, aktual yazıların,
araşdırma materiallarının, verilişlərin, sənədli
filmlərin və ciddi maraq doğuran kitabların müəllifidir.
Çoxlarının hafizəsində
Ə.Abbasov xoş aurası olan bir televiziya
aparıcısı və istedadlı şərhçi kimi hələ
də qalmaqdadır.
Onunla üzbəüz tanışlığım tələbə
vaxtımdan başlayıb. Dördüncü
kursda oxuyanda bizi Azərbaycan Televiziyasının
"Günün ekranı" xəbərlər proqramına
istehsalat təcrübəsinə göndərmişdilər.
Əvvəlcə baş redaktor Ənvər
Qafarlı bizi xoş əhvalla qarşılayıb televiziyada
xəbər işinin ağırlıqlarından, bəzi
özəlliklərdən və jurnalist məsuliyyətindən
danışdı. Sonra da həmin gün
proqram üçün məsul olan şəxsi - baş
redaktorun müavini Tofiq Axundovu çağırıb bizlərə
diqqət göstərməsini tapşırdı. Ertəsi gün hərəmizə bir
tapşırıq verib çəkilişə göndərdilər.
Tələbə adamıydıq, hərəmiz öz
bacarığımıza uyğun səviyyədə bir
süjet hazırlayıb təqdim etdik. O vaxt qayda belə idi ki, əvvəlcə
mətni yazıb redaktora göstərməli, onun icazəsindən
sonra montaj etməli idin. Mənim mətnimi Tofiq
Axundov çox diqqətlə oxuyur və arada bəzi şeyləri
dəqiqləşdirmək üçün suallar verirdi.
Bir məqamda balaca mübahisə yarandı və mən
"tələbə də bir şey bilir" məntiqi ilə
özümü müdafiə etməyə çalışdım, deyəsən
bir az da böyük danışdım. Təbiətcə
mülayim və zarafatcıl adam olan Tofiq
müəllim mənim dirəniş göstərdiyimə
işarə vuraraq "sən lap bizim Ələkbər Abbasov
kimi danışırsan" deyə ürəkdən
güldü. Təbii ki, ad mənə
maraqlı göründüyündən onun kimliyini
soruşdum. Tofiq müəllim "darıxma, ezamiyyətdədir,
birinci gün gələr, görərsən" dedi.
Bir neçə gündən sonra Ələkbər
Abbasov işə çıxdı. O, “Xəbərlər” redaksiyasında
baş redaktorun iki müavinindən biri idi. İlk
müşahidə etdiyim o oldu ki, bu adamın gəlişi ilə
otaqda canlanma yarandı, böyüklü-kiçikli hamı
özünü yığışdırdı. Sən deyən,
elə bir zəhmi və inzibatçı
davranışı yox idi, amma hamı ondan bir az çəkinir,
amma çox hörmətlə yanaşırdı, redaktorlar
da, operatorlar da, diktorlar da. Kim nəyi bilmirdisə, Ələkbər
müəllimdən soruşurdu, o da təmkinlə, rahat-rahat
hamının suallarına cavab verirdi...
Sonra onu ekranlarda gördüm, verilişlərini,
süjetlərini izləməyə başladım, olduqca
maraqlı mövzular seçir, xeyli cazibədar ifadə tərzləri
və təqdimat üsulları tapır, haqqında
danışdığı məsələni anlatmaq
üçün çox oynaq formalardan istifadə edirdi. O, bir-birindən maraqlı
süjetləri ilə
hamını, o cümlədən də biz tələbələri
heyrətləndirməyi bacarırdı. Bir dəfə
onun "Şənbə reportajında" ovçulardan bəhs
edən bir süjetinə baxdım, çəkilişlər
çox qeyri-adi idi, Ələkbər müəllimin öz səsi
ilə oxuduğu mətn də adamı ovsunlayırdı.
Televiziya yaradıcılığına hələ az bələd olan bir adam kimi onun gölün
ortasında etdiyi stəndapı necə çəkməsi
üzərində xeyli baş sındırası oldum. Düzünü deyim ki, o vaxt bu səviyyədə
bir jurnalisti görəndən sonra özümün də nə
vaxtsa babat bir reportyor olacağıma xeyli şübhələrim
yaranmışdı. Yaxşı ki, Ələkbər
müəllim bizi ruhlandırır, maraqlı süjetlər
hazırlamağa həvəsləndirirdi, "daim axtarın,
müşahidəniz iti olsun, hər şeydə nəsə
bir qeyri-adilik tapın, onda tamaşaçı sizin materiala
baxacaq" deyirdi. Onun xəbərə
yanaşması da mənim üçün maraqlı idi.
Hələ Sovet dövründə belə bir
fikri tez-tez vurğulayırdı ki, informasiya bizə xoş gəlmirsə,
deməli, bu təbliğatdır. Sonralar - 90-cı illərin
əvvəllərində dediyi bir aforizm də yadımdan
çıxmır: jurnalistika siyasətə xacəlik etməli
deyil.
lll
Ələkbər Abbasov telejurnalistika tariximizdə parlaq
iz qoymuş, danılması mümkün olmayan xidmətlər
göstərmiş ustad jurnalistlərdəndir. Ötən əsrin
60-80-cı illərində telepublisistikamızın
formalaşması və inkişafı, xüsusən Azərbaycan
Televiziyasında reportyorluq peşəsinin formalaşması məhz
onun adı ilə bağlıdır. Mənim
üçün o, televiziyamızın ilk peşəkar
reportyorudur. Saysız-hesabsız analitik verilişlərin, sənədli
publisistik proqramların, ciddi araşdırmaların, problem
mövzulara həsr olunmuş söhbətlərin, tənqidi süjetlərin, sənədli filmlərin
müəllifidir.
Televiziyaya gəldiyi ilk gündən onun istedadı
hamının diqqətini cəlb edib. Yeni düşüncə
tərzi, intellektual səviyyəsi,
işgüzarlığı, böhran anında dəqiq qərar
vermək qabiliyyəti onu başqalarından fərqləndirib.
Buna görə də, 24 yaşında
Ə.Abbasovu televiziya işinin ürəyi sayılan “Proqram”
redaksiyasına baş redaktor təyin ediblər. Elə
bu yaşından başlayaraq o, Valid Sənani, Sabutay Quliyev
kimi peşəkarlarla yanaşı canlı futbol reportajları da
aparmağa başlayıb. Onun həm futbolu, həm
də dilin incəliklərini gözəl bilməsi, üstəlik
ürəyəyatımlı səsi və diksiyası o vaxt
tamaşaçılarda başqa bir ovqat yaradırdı.
Bu yaxınlarda mən Ələkbər müəllimin
"şərhçilər haqqında şərh" məqaləsini
oxuyanda bu ovqatın nədən ibarət olduğunu təxminən
anlaya bildim.
Müəyyən bir müddətdə Ə.Abbasovla eyni
baş redaksiyada çalışmaq fürsətim olub. Onun intellektindən,
adamlarla davranışından, redaktəsindən, veriliş
hazırlama tərzindən çox şey öyrənmişəm.
Redaktə zamanı onun bir sözü dəyişməklə
mətnə necə aydınlıq gətirməsini, mətləbi
daha dəqiq və dolğun ifadə etmək
bacarığını sözlə ifadə etmək
mümkün deyil. Onun hazırladığı bir
çox verilişlər indi də gözümün
qabağındadır: Mingəçevirdən silsilə
reportajlar, Xəzər dənizinin ekoloji problemləri,
"Üç axşam balıq haqqında" silsilə
söhbətləri, istehlak malları niyə tapılmır,
neft sənayesində israfçılıq, qaz itkisi nədən
yaranır və başqa mövzularda apardığı
araşdırmalar, sözün əsl mənasında,
televiziya tariximizdə bir keyfiyyət mərhələsidir. Bu verilişlər həm forma, həm də məzmun
baxımından, ekranda yeni yaradıcılıq ənənəsinin
formalaşmasından xəbər verirdi.
Ə.Abbasov televiziyada çox vəzifələrdə
çalışıb, baş redaktor və sədr müavini
də olub, amma heç bir vəzifə onun xarakterini və
prinsiplərini dəyişməyib. Daxilən dolğun,
özünə inamı olan yetkin və kamil insanları
heç bir vəzifə havası dəyişə bilməz.
Hamı onu mənəviyyat adamı kimi
tanıyıb, heç kimdən və heç nədən təmənnası
olmayıb. Ələkbər müəllim öz ibrətamiz
fəaliyyəti ilə hamıya sübut etdi ki, dürüst adam bütün şəraitlərdə elə
dürüstdür. Hansı şəraitə düşməsindən
asılı olmayaraq Ələkbər müəllim
üçün mənəvi təmizlik bir kredo olub. Televiziya adamı
üçün, ekrana çıxan hər kəs
üçün bu,böyük mənəvi
gücdür.
Ələkbər
müəllim zahirən sakit görünür, amma onun
içində haqsızlığa, ədalətsizliyə
qarşı həmişə bir üsyan var. Dilimizdə
geniş işlənən "qabağından yeməmək"
ifadəsi, sözün həqiqi mənasında Ələkbər
Abbasova aiddir. O, hər vaxt həqiqət hesab etdiyinin müdafiəsinə
qalxıb, heç nədən və heç kimdən
qorxmayıb, sözünü deməkdən çəkinməyib,
"birdən bunu desəm mənə ziyan dəyər"
fikrini özünə yaxın buraxmayib. Əslində
onun şəxsiyyətə çevrilməsində xarakterinin
bu çaları da müəyyən rol oynayıb. Məhz
bu kişi xarakterinə görə də
hamının səmimi hörmətini qazanıb, xüsusən
gənclərin sevimlisi olub, bir çox hallarda ümid yerinə
çevrilib.
lll
Ələkbər
müəllim eyni uğurla da yazılı mətbuatda
çalışıb, bir müddət "Bilik" cəmiyyətinin
"Dalğa" qəzetini buraxıb, daha sonra mətbuat
tariximizdə özəl yeri olan "Günay" qəzetinin
baş redaktoru olub. Sanki elə qəzetçilik
üçün doğulduğunu sübut edib. Zatən, o, elə qəzetdən də
başlamışdı, hələ tələbə ikən
ilk yazısı ölkənin ən nüfuzlu mətbu
orqanı olan "Kommunist" qəzetində çap
olunmuşdu. O vaxtlar çox həyəcanla oxunmuş həmin
yazının adı belə idi: "Ürək
döyüntüləri". Ələkbər
müəllim bu adı sanki özünün jurnalist taleyinin məramı
kimi seçmişdi. Bu gün jurnalistikamızda onun
ürək döyüntüləri çox aydın
eşidilir...
Qulu Məhərrəmli
525-ci qəzet.-
2015.- 22 sentyabr.- S.8.