Hekayədə bədii struktur: Mübariz
Örən təcrübəsi
Mübariz Örən ədəbi gündəmdə
marağa səbəb olan, həm yazarlar, həm tənqidçilər
tərəfindən birmənalı şəkildə tədqir
edilən yazıçılardandır. Bir
çoxları onun hekayələrinin, təhkiyəsinin fərqliliyini,
ideya yazıçısı (S.Sahil) olduğunu
vurğulayır, Kortasarla (C. Yusifli), Heminqueylə (F.
Hüseyn) müqayisə edirlər.
Nuranə
Nur, müəllifin ("Şirəli dildə
yazılmış hekayələr") postmodern ədəbiyyata
iddialı biri olduğunu qeyd edərək yazır: "...
postmodern ədəbiyyat özündə "texniki
post-modern" deyilən xüsusiyyət daşıyır ki,
bu da əsərin strukturasında klassik əsər yazma ənənəsinin
dekonstruksiyasıdır. Bu qənaəti isə
dildən və dialektdən uğurla istifadə olunması
yaradır". Zənnimizcə, M.Önərin
yaradıcılığını postmodernizimlə deyil,
realizmin modifikasiyaları ilə bağlamaq daha düzgün
olardı.
Müəllifin fərqli strukturu, zaman məkan münasibətləri,
koloritli dili, obrazları, detalların dəqiqliyi,
müşahidə itiliyi ilə seçilən hekayələrində
təfərrüatın təsviri üstələməsi
baş vermir.
Belə ki, bəzi hekayələrdə ("Skayp",
"B"da başlayan iş" ) konflikt üzdən təsvir
edilirsə, digər əsərlərində ("Ağ
yel", "Oğru", "Balıq
gülüşü") təhkiyə forması dəyişir.
Süjet xəttinin dinamikası itir, konflikt
daxildə cərəyan edilir. Diqqətin
insanın hisslərinə, həyəcanlarına, psixoloji məqamlara
yönəldiyi əsərlərin sonunda hadisələrin
çözülməsi baş vermir. Çünki
bu əsərlərdə sonluq deyil, bədii detallar vasitəsilə
canlandırılan təsvir əsasdır. Bu detallar hekayələrin
başlığında da yer alır: "Ağ yel",
"Oğru", "Balıq gülüşü".
Bir -birindən fərqli olan bu hekayələrdə xiffət,
tənhalıq, yadlıq, nisgil, işıq, başqa həyata
adlamaq istəyi canlandırılır. Təhkiyənin mürəkkəbliyi,
əlavə hekayətlərin (əsasən uşaqlıq ilə
bağlı xatirələrin) əsas xətdə yer
alması, dəqiqliyi ilə verilmiş portret təsvirlər
("Ölü yerində elə ciddi oturublar ... Üzləri
tüklü, başlarında qara dimdikli papaq... Sərçə
simə düzülüb elə bil") vasitəsilə bir kəndin
toyu, yası, insanları ilə yanaşı
ab-havasının da yer aldığı hekayələr əsasən
müəyyən bir situasiya üzərində qurulur:
"B"-da başlayan iş"də şəhərdən
gələn qonaqlar üçün təşkil edilən məclis,
"Oğru"da inəyin ölməsi, "Balıq
gülüşündə" uşağın vaxtsız
yuxulaması. Lakin burada hekayələrə xas
epizodiklik yer almır. Müəllif bir
situasiyadan çıxış edərək bir insan
ömrünü, bəzən bütöv bir nəslin,
obanın təsvirini yarada bilir, hər bir fraqment, bloklar
özü özlüyündə əsərin bərabərhüquqlu
hissələri kimi diqqəti cəlb edir. Obrazın
öz semantik məzmunu aşması, metaforik, arxetipik anlam kəsb
etməsi, təhkiyə strukturunun mürəkkəbləşməsi
baş verir.
Kababçı
Nərman bütün gecəni yata bilmir ("B"- da
başlayan iş"). "Eynən o uzaq qış gecəsi kimi. Atası "Moskviç"i qapıya ilk dəfə
gətirəndə də gecə səhərəcən
yatmamışdı. Maşını
qaranlığa etibar eləməmişdi". Nərmanın sevincinə səbəb
başçının onun kababxanasına qonaqlar
yollamasıdır. Yuxarıda verilən
parçada onun vəziyyəti dəqiqliklə ifadə olunur.
Bazara üz tutması, burdakı "çoxsəslilik",
məclisə hazırlıq və nəhayət həmin məqam
yetişir. Daha sonra onun
narahatlığı və qonaqlardan məmnunluğu yer
alır. Bir sözlə hadisələr
öz axarınca davam edir. Qonaqların keflənməsi və
"bu vaxt kafenin girəcəyində elə bir qəribə
şəxs peyda olur ki...". Əsərin
ümumi ahənginə əks olan bu şəxsin
("Yaxası boğazınacan düyməli olan bu qəribə
adamın bir əlində yekə bir çamadan vardı; o saat
bilinirdi ki, bu adam bura adamı deyil, hardansa
çox uzaq, soyuq yerdən gəlib") bığı
xüsusi qabardılır. "Təzə
qonağın ağzının üstünə sanki iki ədəd
iri, qapqara kök taxmışdın. Bığ cox azman,
eyni zamanda illərdi bəslənmiş kimi
görünürdü". Mühitlə
uyuşmayan detal getdikcə pozulan düzəndə (Nərmanın
qonaqları razı salmaq istəyi, aranın
qarışacağından ehtiyatlanaraq yoldaşını tez
evə yollaması) Nərmanın əzilməsinə imkan
vermir. Onun gücsüzlüyü ("Nərman
yaxınlaşıb "xoş gəldin" elədisə də,
ürək eliyib əllə görüşmədi, elə
bildi Xaliq gözüylə ona "məsafə saxla"
deyir. Lakin qonaq Mərdana əl uzadıb
boyuna yaraşmayan nazik səslə "Xoş gördük,
ağsaqqal!" deyəndə Xaliq də şəstlə
görüşdü"), cəsarət, mərdlik kimi
keyfiyyətlərin məcmusu olaraq bığla
qarşılaşdırılır. Bu
mühitə yadlığı qabardılan qonaq, kefli
insanların istehzasını cavabsız qoymır. "-
Mamoğlu!- Vəssalam. Nərmanın ən
çox qorxduğu şey baş verdi. Bircə bu təzə qonaq tez getsəydi. Deyəsən
indi o özü də gəlməyinə
peşmandı.-Mamoğlu!- pota irişə-irişə
üzünü qonağa tutub bir də
çağırdı. - Çamadanında satdıq
bığın olar? ". "Hər şey elə sürətlə
baş verdi ki. Qonaq
kötüyün yanında oturmuşdu və Nərmanın qəməltisi
kötüyə sancılı idi. O, qəməltini
götürməyiynən onu Xaliqin sinəsinə
saplamağı bir oldu . "B"-da
başlayan iş artıq "ğ"-da bitmişdi". Müəllif detal vasitəsi ilə kişiliyin,
"bığ"ın mütiliyini insandan
uzaqlaşdırmağa çalışır.
"Oğru" hekayəsi vahiməli yuxu ilə
başlayaraq, reallıqda da eyni pərişanlıqla davam edir. İnəyin
ölümü, gəncin boğulub öləcəyi qorxusu -
təhkiyə bu hadisə üzərində qurulur. Savalanın uşaqlığı, ailəsi
haqqında xatırlamaları ilə hadisələr sanki
inkişaf etmir, bir-birinin içinə gömülür.
Yuxu, gözünə görünən
ölmüş babası ilə bağlı hissələr
onun bu məkana münasibətini ortaya qoyur. Bu
"yulğunluq" heç kim
üçün Vətən ola bilmir. Özü
də daim buranı tərk etmək istəyi ilə
yaşayır, lakin ailənin lənəti ondan da yan
keçmir. Doğma elindən aralı düşüb Məcid
babasına qoşulub bu məkanlara gəlib çıxan Vilma
nənənin hekayəti, babası Məcidin əsir həyatının
nəqli, atasının ölümü - nəslin
üç nümayəndəsinin taleyi təsvir
edilir.Onları birləşdirən məqam bu məkanı tərk
edə bilməmələridir. Səbəblər
müxtəlifdir, lakin nəticə eynidir. Babası burada torpağa basdırılıb, Vilma da
özünə onun yanında yer saxladır, özü də
həmən məkanda torpağa qovuşur.
Hekayədə
faciəvi dramatik vəziyyətlə yanaşı komik
situasiya da yer alır: "Vaxt olub ki, özü də
gülüb içində atasına, - ar
-ağrından". Zaman keçdikcə həmin
situasiya onun özü və artıq həyatı dərk edən
ətrafı tərəfindən traqik məqama çevrilir.
"Göyərçinlərin
qarğışı tutub bu nəsli, deyirdilər,
hamısının boynu qırılıb ölür".
Dünyadan köçmüş babasının,
özünün ölmüş halda gözünə
görünməsi və sonda qarabasmanın gerçəkləşməsi
baş verir. Uzaqda közərən mistik bir işıq belə,
"dərk edib qavraya bilmədiyi bir işıq, səs
aparırdı onu..." köməyinə çatmır.
Bu qapalı dairədən çıxmaq ona nəsib
olmur, lənətdən qurtula bilmir. Günahsız
qurbana çevrilərək, özünün deyil,
atasının günahlarının
ağırlığı altında yaşamaq və ölmək
nəsibi olur.
"Skayp" hekayəsində isə nasosun yoxluğu səbəbindən
yerindən yurdundan olan kənd camaatının həyatında
yeni texnikanın inkişafı ilə baş verən dəyişikliklər
təsvir edilir. Radioda səslənən "günün
səsi" kəlməsini düzgün eşidə bilməyib
mübahisə edən və ölümü də radionun sınması
ilə bağlı olan İsti baba ilə Səkinə
qarının mübahisəsi refren olaraq təkrarlanır.
"A səni yanasan, gülüm səsi!"
"A kişi, vallah gün hissəsi...".
"O yazıq deyib gülüm səsi", dirəşmisən
ki, "yox, gün hissəsi" .
İlk
olaraq radionun kənddə doğurduğu əhval-ruhiyyə,
nasos stansiyasında "dar basırıq yerdə"
yaşayıb oradan da basdırılmasını istəyən
Eyvaz kişi, skaypdan ayrılmayan bibi, onun ətrafına
yığılan qohumlar... Texnika vasitəsilə eyniləşən
məkan və zaman, hamı tərəfindən qınaq
obyektinə çevrilən Məhi və yenidən hadisələrin
düyünə düşməsinə səbəb olan
"günün səsi və gülüm səsi"
mübahisəsi, bu dəfə də kompyuterin sınmasına
səbəb olur. Yenilənən texnika müstəvisində
dəyişməyən insani münasibətlər yer
alır.
Müəllifin
"Qazanılmış günün siestası, yaxud balıq
gülüşü" hekayəsində isə balaca bir
oğlanın, "yaşını soruşsan, bir əlini
tam açardı, o birinin bir barmağını", həyatında
maraqlı bir metamorfoza baş verir: "Bir günü arada
salıb itirib o, əvəzində özündən gün
qoparıb; bir gündə iki gün yaşayıb, bir gün
artıq yaşayıb. İnnən belə nə
qədər ömür sürə bir gün artıq
yaşayacaq. O, bu günü özü qazanıb, -bu
qazancın anasına heç bir xeyri olmasa da,-özü
tapıb. Bu onun ilk qazancıdı. Deməli
yekəlib o. Böyüyüb!". Balaca yuxudan ayılanda səhər olduğunu zənn
edir. Adətən erkəndən baş verən
olayları xatırlayır, anasının onu
oyatmadığına təəccüblənir. Xəyalən gündəlik yaşadığı
hadisələri, hissləri canlandırır. Anasının əziyyətini azaldaraq ona dayaq olmaq
arzusu ilə yaşayan uşaq yuxudan ayıldıqda mütləq
günəşi tapmalı olduğunu düşünür.
İddillik bir məkan canladırılır: "ağ
çiçəkli akasiya ilə baş-başa vermiş
tutun üstü sığırcınla dolu... "
(sığırçın isə, bəlli olduğu
kimi, yeni xəbər carcısıdır). Hələ
ki, balaca qəhrəman bu dünyanın bir parçası,
günəşi belə "rahatladacaq" biridir. "Əyilib yerdən bir daş götürdü,
sığırçınlara sarı atdı. Hovuzun üstündəki ləyənə güclə
çatdı daş. Danqıltıya
sığırçınlar qopdu tutun başından. Səslərini də götürüb getdilər.
Bir əsim külək qaldı onlardan. Bir də ağacın yamyaşıl, sıx
yarpaqları arasından ona gülümsəyən günəş,
- rahatlandı".
Ananın
dilindən səslənən "Axı sən evin kişisisən...", özünün "heyif ki, yekə
deyildi", "Bircə tez böyüsəydi. Özü işləsəydi,-...." ifadələri
balacanın "böyümək", anasının təkliyinə,
çarəsizliyinə ("Bəxti qurbanın olum,-anası
yalvarıb ləliyir hər gün,-özünüzə su gətirəndə
bizim də qapıya ötür noolar. İstidən
quruyub yanır əkin") son qoymaq istəyini ifadə edir.
"Üç nöqtələr"lə bir-birindən ayrılan fraqmentlərdən ibarət hekayədə balaca oğlanın hissləri, yaşantıları, arzuları yer alır. Məkanı dəyişməklə, köhnə qapıdan keçməklə "Çəpəri aşıb başqa bir dünyaya, vaxta düşmüşdü sanki; nəsə əlahiddə bir şey baş vermişdi. Nə? Özü də bilmirdi. Ətraf hər şey dəyişmişdi, bağ-bağat, çal-çəpər başqa rəng almışdı; boz pərdə çəkmişdin sanki hər tərəfə. Özü də dəyişmişdi. Böyümüşdü!". Bu cümlə "hekayəni iki yerə bölür, mənaları bölür, çoxaldır, işarələr bir-bir yox topayla gəlir"(C.Yusifli). Bu məqamdan sonra birinci məkanda baş verən hadisələrə, günahsızlıqdan fərqli, rasional baxış yer alır. Atasızlıq, çətin həyat tərzi sıxıntısından azad olub sərbəst həyata, böyük istəklə həyatın "o biri üzünə" adlama təsvir olunur. Birinci və ikinci hissələrin qarşılaşdırılması təsvirdə də özünü göstərir. İkinci hissədə idillik yanaşma, uşaqlıq-günahsızlıq kimi arxetipik yanaşma aradan qalxır. "Qarğının dalınca sevincək uçan" yer üzünə ilk təşrifinə, insanla ilk görüşünə sevinən", "imdad diləcəyindən hələ xəbərsiz... körpə uşaq təki" sevinən balığın gülüşü bu ilkinliyin obrazlı tapıntısı olaraq cox uğurludur. "Damağını, ağzını dağıdıb cıran itiuc dəmir qarmağın məhz insanların icad etdiyindən" xəbərsiz balıqla bağlı yaddaşında oyanan hadisə əslində Adəmlə Həvvanın cənnətdən qovulması məqamını ehtiva edir. Günahsızlıqdan, uşaq məsumiyyətindən günah, təəssüf, aldanışla dolu şüurlu həyata keçidin təsvirinə nail olmaq üçün müəllif, dəqiq detallardan istifadə edir. Bu detallar vəziyyətdən vəziyyətə keçərək təhkiyənin tamamlanmasına imkan yaradır. "Qarnı ağ-gümüşü, beli göy- qara, şüşə gözlü xırda qanadcıqlı" balıq və tamamilə fərqli bir passaj, balıqsatan kişinin anasının "balıq bədəninə, ... ağ döşlərinə necə hərisliklə baxdığını "tutdu". "Bircə atası tez gəlsəydi ... İndi ona elə gəlirdi ki, kimsə onun da anasının çeçələ barmağından tutub hansısa daldaya, qalınlığa çəkə bilər". Lakin o qorxularının əlində əsir qalmır: "Əşi, cəhənnəm olsun Bəxti də, onun velsebeti də! Ta o uşaq deyil ki, velsebet oynada. Yekə kişidi!..Heç atası da gəlmir, gəlməsin bunnan sora,- o yekələndən sonra, -neynir atasını...". İkinci hissədə artıq birinci hissədə yer alan detallar mənfi çalarla təkrarlanır. Bir gün qazanan oğlan ömrünün mələk (uşaqlıq) dövründən insan dövrünə adlayır. Ətrafı onun daxilindəki təlatümlərdən uzaq olsa da, böyüdüyünü fiziki hal olaraq anası belə qəbul edir. Daxilən "böyüməsi" isə yalnız özünə aydındır.
Konkretliyin qeyri-müəyyənliklə, reallığın sonsuzluqla paralel olaraq verilməsi müəllifin "Ağ yel" hekayəsində "ilğım" effekti yaradaraq fərqli formada təqdim olunur. Gəncin yola çıxmaqda məqsədi aydın olsa da, "bura hansısa dördyol idi..." ifadəsi ilə məchulluğa işarə edilir. "Qızılı rəng atın belində saçı günəşdən yanmış qayış bədənli" oğlanın təsviri nağıl qəhrəmanlarını xatırlatsa da, o, real insan olaraq canlanır. "Kəhər atlı kürən" çatan kimi siqaret istəyir. "Biz heyrətlə bir-birimizə baxdıq..." cümləsində təəccübə səbəb reallaşmış nağıl qəhrəmanı deyil, unutmuş olduqları siqaretdir. "İlğım" effekti həm üslubda, həm obrazlarda gözlənilir. Siqaret, kibrit cöpü də ilğım, qığılcımla bağlı obrazlar olaraq verilir, insanın odla ilk rəftarına işarə olaraq canlanır. Şəmşirlə bir-birlərini ilk dəfə siqaret cəkən görmələri daha öncəki xatirələrə dalmalarına səbəb olur, "Ağ yel" detal olaraq hadisələri fərqli çözümə yönləndirir. "Ağ yel! Bu hardan düşdü yadıma? Axı əsməyə başlayan bu xəfif mehin ağ, məhz ağ olması hardan ağlıma gəlmişdi? Sanki əsən yelin şəffaflığından görünən hər şey bir anda dəyişmişdi; dibsiz, nəhayətsiz göy səma altında bərqərar, beli şum görməmiş yararsız, boz, qoynu göytikanlı, yelqovanlı, yovşanlı... yallar, yamaclar indi qəhqəhə çəkib bizə gülürdü, "nahaq bizə belə baxırsan, ey ölümlü, zavallı İnsan, biz varıq, yaşayırıq, rahatıq, əbədiyik" deyirdi. Sanki özündən daha çox tanıdığın, inandığın, insanın gözlərindən ani keçən soyuqluğu... tutursan və o, oğurluq etmiş kimi baxışlarını qaçırmağa çalışır, amma... artıq gecdir. Sanki dünya dediyin bu varlıq sənə qarşı durur, yoğun, yad səslə: "Mənə çox bel bağlama, mən faniyəm"- deyir. Bu hiss çox dəhşətli, tükürpədicidir; ən ağır anlarında özünə mərhəm saydığın adamın sənə boz üz göstərməsi. Üzünə ağ olması... Ağ! Məhz ağ!".
Bir tərəfdən gerçək reallıq, pambıq yığımının başlaması ilə dərs prosesinin pozulması və dərsdən ayrılmaması üçün babasıgilə, ucqar rayona göndərilən gənc, şəraitlə razılaşmayıb öz istəyi ilə hərəkət edən insanı simvolizə edir. Bədii detal gerçəkliyin deformasiyası, hadisələrin lokallıqdan çıxıb irreal müstəviyə yönlənməsini istiqamətləndirir. Obraz konkretlikdən çıxaraq ideya daşıyıcısına çevrilir. Gənc ailəsi, doğma kəndi üçün möhkəm darıxır, öz həmkəndlilərini xatırlayır. Refren olaraq təkrarlanan "Ərzurumun gədiyinə varanda ..." misraları şəraitlə hesablaşmadan "ümid , eyni zamanda qeyri müəyyənliklə dolu " yolun yolçularını düşündürür. Lakin gənc yolu başa vurmaq əzmindədir. Səhvini anlasa da, məğlubiyyətini dərk etmək istəmir. "Dərəli, təpəli bu torpaq "rels" hara aparırdı bizi? Göz işlədikcə uzanan bu "riyazi bərabərlik" nəyi nəyə bərabər edirdi? -torpaq yolla birləşən yollar eyni statuslu olur..." .
Metaforik üslub "yola çıxan qoyun-quzu sapdan dağılan mürvaritək yamaca səpələndi. Dalınca qızılı rəng atın belində saçı günəşdən yanmış qayış bədənli bir oğlan ", "qara kəlağayılı, qara donlu arvadlar əlləri başında, topa-topa qara buluda dönüb içəri axdılar" kimi ifadələr təsvirin canlanmasına səbəb olur. Ağ yel həyatın faniliyini, insanın gücsüzlüyünü ifadə edir.
Göründüyü kimi, hekayələrin təhlili M.Örənin əsərlərinin bədii struktur baxımından fərqliliyini ortaya qoyur. Qısa yaradıcılıq yolu ərzində yazılmış hekayələr, intensiv yaradıcılıq axtarışlarından xəbər verir. Müəllifin əsərlərində mifoloji süjetə keçidlər, yönlənmələr də yer alır. "Qar tanrısı" hekayəsində bu konteks genişləndirilir; mətndə yunan qızı, alma, Arqonavtlar kimi mifdən gəlmə obrazlar da daxil edilir. Klassik və yeni ənənin sintezinə cəhd yazıçının özünəməxsus yaradıcılıq axtarışlarının göstəricisidir.
Lalə HƏSƏNOVA
Filologiya üzrə fəlsəfə doktoru,
dosent
525-ci qəzet.-
2015.- 22 sentyabr.- S.7.