"Yuğ"
Teatrında yeni mövsüm "Sonuncu"dan başlanıb
Azərbaycan Dövlət "Yuğ" Teatrı yeni, 26-cı teatr mövsümünü açıq elan edib. Teatrın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, mövsümə "Sonuncu" tamaşasının premyerası ilə başlayıb.
Pərvinin pyesi əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru və səhnə tərtibatçısı Xalq Artisti Ramiz Həsənoğludur. Tamaşanın geyim üzrə rəssamı Nana-Burxan, musiqi tərtibatçısı Əlibala Qasımovdur. Qrafika işləri Əhməd Məcidov və Nazim Sadıqova məxsusdur.
Əməkdar Artist Fərhad İsrafilov, aktyorlar Hikmət Rəhimov və Könül Cəfərzadənin rol aldığı tamaşa böyük maraqla qarşılanıb.
Dahi A.P.Çexovun yaradıcılığından bəhrələnərək yazılmış pyesdə hadisələr müasir dövrə uyğunlaşdırılıb. Müəlliflər sənətkar taleyi məsələsinə müasirlik baxımından yanaşmağa çalışıblar.
Tamaşada qocaman aktyor Əlisöhbət Qələndərlinin timsalında sənət adamlarının taleyi, yaşantıları və düşüncələri ifadə olunub. Burada ömrünü sənətə həsr etmiş və yaşının ixtiyar çağında bəzi səhvlərini başa düşmüş insanın faciəsi qabardılır.
Qeyd edək ki,
bu il "Yuğ" Teatrının aktyoru,
Əməkdar Artist Fərhad İsrafilovun 60 yaşı tamam
olub. "Sonuncu"
tamaşası, həm də Fərhad İsrafilovun
benefisi kimi
hazırlanıb.
A.Abdullayeva
525-ci qəzet.- 2015.- 22 sentyabr.- S7.