İslam bəy Qəbulzadə - Azərbaycanın
maarif çırağı və istiqlal şəhidi
(Əvvəli ötən sayımızda)
Qaxdan söz açan Hacı Səlim yazır: "İslam bəy əslən buralıdır. Bu münasibətlə
beş gün
burada dayandıq. İslam bəyin burada bir nəfər qardaşı vardır, adı Hacı Mahmuddur. Çox dindar və
əhli-mərifət adamlardandır.
Sonra buranın
raportlarını imza
edib, camaatın tövsiyənaməsini alıb,
dübarə Cara tərəf
hərəkət elədik. Carda yenə
də ermənilər
kilsəsinə İslam
bəy ilə bərabər gedib bütün Zaqatalanın ermənilərini cəm və onların asayişini dürüst edib, Tiflisə müraciət etməyə
(qayıtmağa) hazırlaşdıq.
Bu zamanlarda xəbər
yetişdi ki, Türkdən gələn
əsgər və Nuru paşa ilə gürcü hökumətinin araları
bərk pozğunlaşıb,
hətta Seymdə böyük danışıqlara
bais olub və hər tərəfdə gürcülər
müsəlmanları görürlərsə
dərhal həbsə
alırlar. Bu xəbərlər
məni bərk vəhşətə salıb,
Siqnaqzeno tərəfindən
Tiflisə getməyi özüm üçün
məsləhət bilməyib,
İslam bəydən
ayrılmaq məcburiyyətində
qaldım. İslam
bəyə izhar elədim: sənin libasın tamamən xristian libası və özün də rus dilini
məndən yaxşı
danışırsan, ona
binaən sən gedə bilərsən. Amma məni gürcülər
bu halda görsələr dərhal
tutub həbsə alarlar. Buna binaən
İslam bəy razı olub, mən Şəkiyə getməyə hazırlaşdım.
İslam
bəy dürüşkəyə
(faytona) minib məndən xudafizləşdi
və Tiflis tərəfinə
yollandı".
"10 gündən sonra
İslam bəydən
cavab allam bu cür ki,
mən Zinov stansiyasına varid [olub], oradan vaqona
minib üç stansiya hərəkət etmişdik. Gürcü hökumətinin ajanı
(polisi) məni tövqif edib (tutub) məhəlli hökumət idarəsinə
apardılar. Məndən başqa 2 nəfər
oranın müsəlman
rəislərindən mənlə
bərabər var idilər. O məhəllin
naçalniki mənə
xitabən deyir ki, Siz müsəlman
tərəfindən Seymdə
vəkillərsiniz. Bu ətrafda gürcüləri
soyub qarət ediblər. Qəti surətdə lazımdır
ki, mənlə bərabər qarət olan yerlərə hazır olub axirül-əmr cavabdəhəndə
olasan. ...4 nəfər
dürüşkəyə süvar olub cəngə və dərənin bir tərəfinə hərəkət
elədik. Birdən nagəhani olaraq 4 nəfər süvari zahir olub dürüşkəni
dayanmağa məcbur edib, sonra bir
ayrı dərəyə
aparıb bütün
paltar, saatlarımızı
və pullarımızı
alıb, var yüklərimizi qarət edib, hər kəsə bir dənə köynək və tuman verdilər.
Bizə söylədilər ki, sabahacan buradan hərəkət etməyəsiniz.
Sabah gəlib sizi başqa yerə aparacağıq.
Nədənsə, gecə olduğundan
və qorxudan hərəkət mümkün
olmayıb, gecənin ayaz soyuğu bizim üryan bədənimizə dəyib,
sübh vaxtı hamımız qulunc dərdinə mübtəla
olduq. Faytonçu qorxusundan dayanmaq
istədisə bizlər
onu məcbur elədik ki, müraciət elədi (geri qayıtdı). Həmin hərəkət etdiyimiz stansiyada dübarə vaqona minib naçalnikdən
müstəhzanə xudahafiz
etdik.
İndi bir həftədir Carda zatülcəm (sətəlcəm) və qulunca mübtəla [olaraq] kəndimə müalicə edirəm. Xoşa
sənin səadət və
ağlına ki, bu xüsusda mənlə yoldaşlıq
etməyib bu nagəhani bəladan xilas oldun. Bütün raportları
Tiflisə göndərmişəm.
Sənin
xüsusunda təmam-kəmal
məlumat vermişəm.
Para gələrsə sizə təqdim edərəm, vəssalam".
Hacı Səlimin bu dəyərli xatirələri
İslam bəy Qəbulzadənin Seym üzvü kimi fəaliyyətinə yetərincə
işıq salır. Özəlliklə onun deputatlıqdan istefa verməsinin gerçək səbəbini
də buradan öyrənirik.
İslam
bəy 8 aprel 1918-ci ildə Zaqafqaziya Seyminin sədri N.Çxeidzeyə bu məzmunda bir ərizə göndərib:
"Dairədə əhali
qrupları arasında
yaranmış anlaşılmazlıqları
aradan qaldırmaqdan ötrü Zaqafqaziya hökuməti hakimiyyətinin
təsdiqi ilə (Müsəlman fraksiyası
və daxili işlər naziri vət. Ramişvilinin 21/III 918 tarixli 5334 saylı ezamiyyəsi üzrə) Seym üzvü Axundzadə ilə birgə Zaqatala Dairəsinə göndərilmişəm. Yoldaş Axundzadə bərk xəstələnib və
mənim də Seymə gəlmək imkanım yoxdur. Buna görə də
Seym üzvü kimi səlahiyyətlərimi
üzərimdən götürürəm".
Doğrudur, burada İslam
bəy istefasının
əsl səbəbini
açmayıb, ancaq
biz həmin səbəbi
artıq bilirik.
Bu sənəd Seymin
iclasında səsləndirilib
və Qəbulzadə
10 aprel 1918-ci ildən
Seymi tərk etmiş sayılıb.
MART
QIRĞININDAN O DA ZƏRƏR ÇƏKMİŞDİ
Bakı valiliyində (quberniyasında)
hakimiyyəti tam ələ
keçirmək üçün
Moskvadan Leninin qısqırtdığı ermənilər
ruslarla birləşərək
1918-ci ilin martında bu geniş ərazidə
yerli müsəlman əhalini ucdantutma qırmağa başladı. Mərkəz
Bakıda da minlərcə dinc müsəlman əhali qoca, körpə, qadın demədən güllələndi, qılıncdan
keçirildi, evləri
yandırıldı və
tayı-bərabəri görünməmiş
bir qətliam baş verdi.
Ermənilərin törətdiyi vəhşilik
heç bir ölçüyə sığmırdı.
Bu vaxt Zaqatalada
olan müəllim İslam bəy Qəbulzadə erməni təcavüzünə şəxsən
tuş gəlməsə
də maddi və mənəvi zərər çəkmişdi.
Azərbaycan Cümhuriyyəti hökumətinin yaratdığı Fövqəladə İstintaq Komissiyası 3 dekabr 1918-ci ildə onu da zərərçəkən kimi dindirib. Dindirmə protokolunda (214 saylı sənəd) oxuyuruq: "İslam bəy Qəbulov, 38 yaş, Zaqatala şəhərində yaşayıram. Ermənilərin törətdiyi mart talanları zamanı mən Zaqatalada olarkən Bakıda Suraxana küçəsindəki (indi bu küçə Dilarə Əliyeva və Çingiz Mustafayev adına 2 küçədən ibarətdir) 189 saylı evdəki mənzilimə erməni əsgərləri girərək sahibəni ölümlə hədələyib, ondan müsəlman mənzillərini göstərməyi tələb ediblər. Onun göstərməsi ilə mənzilimin qapısından asılmış 2 qıfılı sındıraraq içəri girib mənim əşyalarımı qarət ediblər. Mənim 12.976 manat 85 qəpiklik əşyalarım itib. Əşyaların siyahısını təqdim edirəm. Siyahıda sadalanan əşyaların bir qismi qardaşım oğlu Həsən bəy Qəbulovun idi. Evimizə soxulan ermənilər guya sahibənin gizlətdiyi müsəlmanları da onlara göstərməyi tələb ediblər".
CÜMHURİYYƏT DÖNƏMİNİN MÜƏLLİMİ
İslam bəy, artıq bəlli olduğu kimi, 10 aprel 1918-ci ildən Seym üzvlüyündən çıxdıqdan sonra əslində rəsmi dövlət vəzifəsində deyildi. Bu tarixdən sonra onu Zaqatalada müəllim (məktəblər müfəttişi) işləyən görürük.
Əli bəy Məhəmmədov "Azərbaycan" qəzetində 1919-cu ilin avqustunda dərc etdirdiyi yazısında Zaqatala vilayətində maarifin durumunu təsvir edir: "Əski hökumətdən qalmış beş-altı mövqedə ibtidai məktəblərimiz var idisə də, məəttəəssüf, məzkur məktəblərdə dərs verəcək müəllimlərimiz yok idi. Keçən sənədə Zaqatalamızda işbu ehtiyac nöqteyi-nəzərindən Müəllimlər kursu açılaraq igirmi beş-otuz qədər ibtidai məktəblər üçün müəllim hazırlanmış oldu. Nəticəsində Zaqatalamızda igirmi beşə qədər ibtidai məktəbin küşad edildiyini biz böyük feyz və fərəh ilə gördük. Keçən sənənin sentyabrından etibarən əhalimizə maarif işığı tülu etdi. Məzkur vəqtə qədər çöllərdə, meşələrdə qalan məsum çocuqlarımız məktəbə doğru yönələrək artıq cəhalətə dal çevirməyə başladılar. Umudvaram ki, bir neçə sənədən sonra münbit və son dərəcə məhsuldar vilayətimizdə bir çok ziyalı adamlarımız vücud bulacaqdır.
Bu sənə dəxi yenə vilayətimizdə Müəllimlər kursu açılaraq əlli nəfərə qədər müəllimlər müştərəkən dərsə davam etməkdədirlər. Vilayətimiz xeylicə vase (geniş) olub, 150.000 nəfərə qədər əhalisi olduğundan, müəllimlərə olan ehtiyacımız bir qədər rəf olunsa da yenə bir çok ərbabi-kəmala lüzum görüləcəkdir. Bir neçə vəqt şöylə gedər isə bütün ehtiyacatımız tədricən yoluna düşər. Çalışan əfəndilər 1320-dən (miladi tarixlə 1902/03-cü ildən) hal-hazıra kibi şunlardır: İslam bəy Qəbulov, Nurullah əfəndi Əfəndiyev (bizcə, yanlışdır - "Nurullah əfəndi Qazızadə" olmalıdır), Rəcəb əfəndi Əfəndiyev, Bayram əfəndi Kiçi[k]xanov və Baba əfəndi Əfəndiyev (bizcə, sonuncu şəxs "Baba əfəndi Qəbulzadə" olmalıdır. O, Zaqatala məktəbində tarixdən dərs deyirdi). Bu əfəndilər şimdi də Zaqatalada açılmış kurs tələbələrinə dərs okutmakdadırlar. Bu əfəndilər Zaqatala islam qardaşlarımızın həyatına gecələr və gündüzlər uyumayıb çalışmaqdadırlar".
Yeri gəlmişkən, bu yazıda adı keçən Nurullah əfəndinin "Əfəndiyev" deyil, "Qazızadə" olduğunu, birinci soyadın yanlış yazıldığını düşünürük, çünki Zaqatala məktəbində dərs deyən tanınmış Nurullah əfəndi məhz Qazızadədir. Bunu "Zaqatala vilayətinin maarif müfəttişi hüzuri-alilərinə Zaqatala məktəbi-rüşdiyyəsi türk ədəbiyyatı və şəriət müəllimi Nurullah Qazızadə tərəfindən rapor" da təsdiqləyir. 3 fevral 1919-cu il tarixli həmin sənəddə Nurullah əfəndi 13 il sevə-sevə çalışdığı müəllimlik vəzifəsindən xəstələndiyinə görə istefa verdiyini təəssüflə bildirir. Zaqatala vilayətinin maarif müfəttişi İslam bəy Qəbulzadə 6 noyabr 1919-cu ildə Xalq Maarif Nəzarətinə 518 saylı məktub göndərərək N.Qazızadənin Zaqatala ali ibtidai (rüşdiyyə) məktəbində qulluqdan istefasına etiraz etmədiyini bildirib. Həmin sənədin üstündə qoyulmuş dərkənarda Qazızadənin işdən 15 noyabr 1919-cu ildən çıxarılması haqqında göstəriş var.
(Ardı var)
Oğuztoğrul
TAHİRLİ
525-ci qəzet.-
2015.- 22 sentyabr.- S.6.