Başlanğıca qayıdış -
Daşkəsəndə bir gün
Təsəvvüf fəlsəfəsindən yazanda
tez-tez idrak prosesinin bir çevrə olduğunu təkrar edirəm
- insan öz mən-inin fövqünə qalxıb ilahi aləmə
yüksəlir, vəhdət anı yaşayır və yenidən
geri - öz mən-inə dönür. Çevrə
tamamlanır və insan yeni bir çevrə ilə yoluna davam
edir - daha böyük çevrə, daha yüksək vəhdət
yaşamaq üçün. Özündən
uzaqlaşıb, yenidən öz başlanğıcına
dönmələr. Bəli, bunu çox
yazmışam, amma doğrusu, əyani şəkildə ilk dəfə
indi yaşadım - illər sonra Daşkəsənə
qayıdanda.
Müstəqillik
yolunun Daşkəsən başlanğıcı
Ailəmiz Daşkəsənə köçəndə
hamımız uşaq idik - Ülvi 4-də, Şövqi 2-də
oxuyurdu, mən isə 5 yaşında. Bu uca dağlar bizdə
hansı assosiasiyalar yaratmırdı - gah düşmənlərin
əleyhinə dağlara çəkilən partizan olurduq, gah
qartal olub zirvələrdə uçurduq, gah da dərələrdə
sel kimi çağlayırdıq. Bir
sözlə Daşkəsən xəyallarımızın
başlanğıc nöqtəsi idi. Və
bu elə zəngin nöqtə idi ki, açıldıqca
açılırdı. Bu kiçik şəhərdə
həm musiqi təhsili verilirdi, həm şeir məclisləri
təşkil olunurdu, həm şahmat yarışları
keçirilirdi, həm uşaqlar olimpiadalarda yüksək yer
tuturdu. Bizim ailəmizin üzvləri
bütün bu proseslərin içində idi. Bir sözlə, biz bu dağların, sərt
qayaların bir parçası idik. Axı Ülvi 13
yaşında təsadüfən yazmamışdı:
Döyüşlərdə
yoğrulmuşuq,
Gələcəyə
qaranquşuq,
Həyat
üçün doğulmuşuq,
Vətən üçün ölməliyik.
Ancaq Daşkəsən təkcə xəyallarımızı
bulaq suyu kimi durultmadı, pərvazlandırmadı, həm də
bu dağların dolanbac yollarını yaşatdı bizə.
Azərbaycanda müstəqillik
uğrunda hərəkatlar başlayanda Ülvi uzaq Sibir
çöllərində əsgərlik xidmətini çəkirdi,
Şövqi Bakıda tələbə idi. Mən isə hələ də Daşkəsəndə
şagird idim - kommunizmə keçməyi gözləyən
Sovet pioneri. Hər
şeyi tam dərk eləməsək də, hadisələrin
ciddi, bəzən təhlükəli olduğunu
görürdük.
Əvvəlcə Göyçədən qohumlarımız
yurd-yuvalarını tərk etdilər. Bir neçə
müddət bizdə də qaldılar və Bakıya
köçdülər. Sonra Bakıda
başlayan etiraz nümayişlərinin dalğası Daşkəsəni
də silkələdi. Şəhərin
kiçik meydanında əhali toplaşıb nə isə
qışqırırdı, biz müəllimlərimizin
sözünə baxmayıb səs-küylə nümayişə
qaçırdıq, qapıbir erməni
qonşularımızın köçüb getməsini
susqun-susqun izləyirdik. Amma yenə hadisələrin
məqsədi, insanların etirazlarının səbəbi
qaranlıq qalırdı, müəllimlərimiz də
çaşqınlıq içində idi. Sonra müstəqilliyin qiymətini Ülvi öz həyatı
hesabına mənə "izah elədi" və mən birdən-birə
böyüdüm. O qədər böyüdüm ki,
yaşıdlarım uşaq göründü gözümə,
içimdəki hisslər bu balaca şəhərə
sığmadı, Bakı-Daşkəsən yolları dar
çığıra oxşadı. Hətta ətrafdakı
uca dağlar belə gözümdə təpəyə
döndü. Gözümə görünən
uzun bir yol və yolun üstündə məni gözləyən
dağlardan da uca bir Ülvi var idi. Bu,
müstəqillik yolu idi, Ülvi də mənim bələdçim.
Beləcə yolumuza düzəldik - qorxusuz,
hürküsüz, ta bu günə, sabaha kimi.
Yenidən
dağlar qoynunda
Bilik Fondunun təşəbbüsü ilə Bilik
günündə mühazirə oxumaq üçün məhz
Daşkəsəni seçdim - mənim o dağlara
ehtiyacım var idi. İşlərimlə bağlı
neçə ölkəyə getsəm də, Avropada Alp
dağlarına, Türkiyədə Uludağa qalxsam da, mənim
məhz Daşkəsən dağlarına ehtiyacım var idi.
Artıq yola hazırlaşanda anladım ki, bu,
başlanğıcıma dönüş istəyidir. Qəribədir, illərdir duyduqlarımı və
yazdıqlarımı indi bilavasitə yaşamalıydım.
Mən Daşkəsəni SSRİ yenicə
dağılan bir vaxtda tərk eləmişdim, hələ
heç müstəqillik aktımız qəbul edilməmişdi. İndi
müstəqilliyimizin pik nöqtəsində yenidən ora
dönürdüm. Yeniliklər olsa da, hər
şey yerində idi, hətta bir vaxtlar yanıb kül olan
balaca televiziya təmiri köşkü də. Sadəcə
hər şeyin təyinatı dəyişmişdi: həmin
kiçik köşk onu yandıranların acığına
indi kosmetika satırdı. Çörək
zavodu, univermaq - şadlıq sarayına çevrilmişdi,
universam - beynəlxalq bank, klub - Heydər Əliyev Mərkəzi
olmuşdu. Amma tək bir şey
artıqlıq edirmiş bu balaca şəhərə, sanki təkcə
o, şəhərin mənzərəsini pozurmuş, müstəqil
Daşkəsənin azadlığına xələl gətirirmiş
- kiçik kitab dükanı. Kitablarının ətrini
indi belə unutmadığım, sonralar hər dəfə
Axundov adına Kitabxanaya gedəndə xəyalımda
canlanan o balaca, kitablarla dolu, 15 kv.m-lik dükan yox idi,
sökmüşdülər. Hamının yiyəsi
tapılmışdı, kitabların yox. O qədər
çaşdım ki, boşluğa baxa-baxa qaldım. Əcəba, müstəqilləşəndə
kitabı kökündən sökmək lazım imiş?
İlk
getdiyim Ülvinin oxuduğu məktəb oldu - Nəsimi adına orta məktəb. Uşaqlara
müqəddəslik duyğusu aşılayan mötəbər
müəllimlərdən yalnız aşağı siniflərdə
Ülvinin sinif rəhbəri olmuş Nərminə müəlliməni
gördüm. Amma nə ədəbi
duyğuları ilhamla çatdıran Zaman müəllim, nə
rəqəmlərin sirrini sakit bir təmkinlə açan Səmayə
müəllimə yox idi.
Yerişimizdən
tanıyır o bizi,
Gözlərimizdən duyur qəlbimizi.
Nəsihətdir,
öyüddür hər kəlməsi, -
Anama bənzəyən anam var mənim.
Bəli, Ülvinin anasına bənzəyən Səmayə
müəlliməsini görə bilmədim - Gəncəyə
köçmüşdü. Ülvinin hər
inşasını xüsusi fenomen kimi ədəbi məclisdə
müzakirəyə qoyan Zaman müəllim isə Haqq
dünyasında idi. Amma məktəbdə
Ülvinin guşəsi var idi. Məktəbin direktoru
Üfət xanımın dediyinə görə, hər il orda bir yeniyetmə Ülviyə
çevrilirmiş, onun kimi geyinib onun Andını deyirmiş.
Məktəb öz Ülvisinə sahib
çıxmışdı.
Qəribədir,
ancaq mən Nəsimi adına məktəbə
ilk dəfə idi gəlirdim, çünki başqa məktəbdə
oxumuşdum. Amma onun həyətində dayananda daha bir şeyi
anladım: düz qarşımda uca dağların möhtəşəm
mənzərəsi açılırdı və adama elə
gəlirdi ki, elə bil bu dağlarla eyni boydasan. Bunu məndən
qabaq, həm də daha yüksək bir ilhamla Ülvi
duyurmuş!
Bu
dağlardan, dərələrdən,
İlham aldım əzəl gündən.
Yaşamaqçün
sevmirəm mən,
Sevmək üçün yaşayıram.
Sonra
yadıma Ülvinin dağlara yazdığı başqa
misralar düşdü, anladım ki, dağlar məndən
Ülvinin sorağını gözləyir:
Bir bahar
bir ömür onu tərk etdi,
Hayandan gəlmişdi, hayana getdi.
Bilmədi,
bilmədi, o ömür bitdi,
Yollara boylanıb darıxdı dağlar.
Darıxan dağlara nə deyəydim?! Sadəcə
susdum, amma daha başımı qaldırıb bir də
dağların üzünə baxmadım.
Getdim öz oxuduğum orta məktəbə. O vaxtlar məktəb rus
şairi Aleksandr Puşkinin adına idi. Yolda ilk rastıma çıxan rus dili və ədəbiyyatı
müəlliməm Şamama müəlliməm oldu və elə
ilk baxışdan tanıdı məni. İllər sonra
neçə şagird yola salan müəllimin səni
tanımasından gözəl nə ola bilər!
İllərin daha da gözəlləşdirdiyi
bu xanım məni tək qoymadı, məktəbə geri
döndü və... bir an olsun gözünü üzümdən
çəkmədi. Sonda dözmədi, səbəbini
dedi: "Sənə baxsam da, gözümün
qabağındakı Ülvidi". Yəqin
bilmirdi ki, ancaq o deyil, hamı, hətta dağlar-daşlar da mənə
baxıb Ülvini görür. Ona görə
yox ki, oxşayırıq, sadəcə, sanki onlar Ülvinin
yolunu gözləyirdilər. Mən gəlişimlə
onlara bu acı reallığı bir daha xatırlatmış
oldum.
Sonra başqa müəllimlərimə də xəbər
düşdü. Hər kəs toplaşdı: Duman müəllliməm,
Hamaya müəlliməm, Solmaz müəlliməm - artıq əməkdar
müəllim olan bu müdrik xanımların sadəcə
varlığı belə adama enerji, ruh yüksəkliyi
verirdi. Arada maraqla məndən soruşdular ki,
rus məktəbi bitirdiyin halda, niyə Azərbaycan dilində
yazırsan? "Ruhumun dilində yazıram", - dedim. "Müəllimin güclü olub," - Azərbaycan
dilindən mənə dərs demiş Duman müəlliməm
zarafat elədi. Onları dinləyə-dinləyə
birdən ürəkdən elə sevindim, elə fərəhləndim
ki, nə yaxşı ki, mənə məhz belə gözəl
insanlar dərs deyib. Onların sevinci o qədər
səmimi, o qədər ürəkdən, o qədər
çox idi ki, məktəbin direktoru Aybəniz xanım mənə
təklif elədi ki, tez-tez gəlim, axı doğma məktəbini
unutmağa haqqın yoxdur. Düz deyir də,
özüm yazıram ki, insan hər yeni yol başlamaq
üçün yenidən başlanğıcına
qayıtmalıdır.
Yeni
çevrəmin başlanğıcında
Bəli, Daşkəsən elə həmin Daşkəsən
idi, mən başqa idim. Maraqlıdır, elə bil bu hissləri də Ülvi
17 yaşında artıq yaşamışdı:
İndi mənim
qarşımda
Durur
başqa bir qaya,
Durur başqa bir zirvə.
Bu zirvə də, qaya da,
Yaranıb Nizamilər,
Nəsimilər, Puşkinlər,
Vurğunların əliylə...
İllər əvvəl getdiyim yola bir daha
düzəldim - Daşkəsən-Bakı. O vaxtlar bilmirdim məni nə gözləyir,
indi də bilmirdim. Xatırlayıram ki, ancaq bu
dolanbac yolların tez bitməsini gözləyirdim. İndi də eyni hissləri keçirirdim - bircə
bu dolama yollar bitib düz yola çıxsaydım. Bəli, başlanğıc eynidir, sadəcə yeni
çevrəm daha geniş olacaq, yeni vəhdətim daha
yüksək olacaq. Axı yenə Ülvi
bələdçimdir, yanımdadır və yenə də
qorxusuz, hürküsüz çıxmışıq yola.
Yollar
saysız,
Yollar
sonsuz,
Yollar
ötür,
Dünənimdən,
bu günümdən,
sabahımdan
ötür
keçir.
Mən
qorxmuram uzaq yola çıxmaqdan,
Çünki,
dünyadakı
bütün yollar,
Anamın
təndir evinin qabağından
ötür
keçir.
Doğrudan da, bu yollar məni Ülvinin anasının
yanına aparırdı. Axı indi evdə oturub anam da məndən
soraq gözləyirdi - Daşkəsəndəki Ülvinin
sorağını.
Könül Bünyadzadə
fəlsəfə elmləri doktoru
525-ci qəzet.-
2015.- 23 sentyabr.- S.8.