Ədəbiyyatşünaslığın və ədəbi tənqidin sinxron təzahürü

 

 

 

Bədii söz sənəti yarandığı, çeşidli formatlara düşməyə başladığı ilkin çağlardan bəri özünün həm araşdırıcılarını, həm də ədəbiyyata qiymət vermək missiyasını çiyninə götürən tənqidçilərini yetişdirmək öhdəliyini də unutmamışdır.

 

Doğrudur, bu fikirdə səslənən "araşdırıcı" və "tənqid" leksemləri qədim dövrə aid ediləndə xeyli qəribə görünə bilər, lakin mən bu anda həmin ifadələrin önünə "sözün bəsit mənasında kimi" bir anlamın da işlədilməsinə ürək eləmədim. Çünki ən qədim bayatılarımızda və klassik ədəbiyyatımızda, bir çox hallarda elə bədii sözün özü ədəbiyyatın çeşidli məqamlarının elmi-nəzəri məsələlərini də ortaya qoymaqla ədəbiyyatşünaslığın, nəzəriyyənin praktik göstəricilərinə verdiyi poetik qiymətlərlə ədəbi tənqidin bünövrəsini qoymuşdur. Böyük Nizaminin, Füzulinin söz sənəti haqqında fikirlərini xatırlamaq, M.F.Axundovun nəzəri görüşlərini yada salmaq kifayətdir. Zaman keçdi və XIX-XX əsr Azərbaycan ədəbiyyatı, sözün indiki mənasında, özünün ədəbiyyatşünas-nəzəriyyəçilərini və tənqidçilərini yetişdirdi. Sırf elmi dəyərləri ilə bütöv bir məktəb yaradan M.F.Axundovun nəzəri görüşləri özündən sonrakı davamçılarının və hətta, yeni-yeni məktəblərin formalaşmasına zəmin oldu. Firudin bəy Köçərlidən M.Ə.Rəsulzadəyə,  Ə.Nəzmidən C.Xəndana, Mehdi Hüseyndən Yaşar Qarayevə və nəhayət, müasirimiz İsa Həbibbəylidən Vaqif Yusifliyə kimi böyük bir ədəbi qüvvə elmi-nəzəri tədqiqatı ədəbi tənqidlə birləşdirmək kimi vacib bir keyfiyyəti ortaya qoydu. Bu gün Azərbaycan ədəbiyyatının  inkişaf səviyyəsi ədəbiyyatşünaslığın və ədəbi tənqidin sinxron   göstəricilərinə də xeyli bağlıdır. Bu missiyanı öz yaradıcılığı üçün vacib bir keyfiyyət kimi qəbul edən alimlərimiz sırasında filologiya elmləri üzrə elmlər doktoru, professor Təyyar Salamoğlu (Cavadov) xüsusi yer tutur. Mənim gəldiyim nəticəyə görə bu "xüsusi" sözünü onun yaradıcılığının iki istiqaməti şərtləndirir: birincisi, Təyyar Salamoğlu milli ədəbiyyatımızın bütün sahələrinə məsuliyyətli elmi diqqəti ilə, ikincisi, müasir bədii sözün taleyinə elmi-tənqidi yanaşma prinsipləri ilə.

 

Mən çox inanıram ki, Azərbaycan ictimai mühitində nəinki ədəbi-elmi dairə, habelə bədii söz sənətinə az-çox meyli olan hər kəs T.Salamoğlu yaradıcılığına yaxşı bələddir. Ona görə ki, Təyyar müəllim məhsuldar alimdir, həm də bu məhsulu müxtəlif mətbuat orqanlarına çıxarmağı vacib sayan publisistdir. Mənim bu fikirlərimi T.Salamoğlu yaradıcılığının mühüm bir hissəsini özündə əks etdirən "Azərbaycan ədəbiyatının müasir problemləri" kitabı daha dəqiq faktlarla sübut edir. Onu da qeyd edim ki, mən T.Salamoğlunu nahaqdan "məhsuldar alim" kimi qiymətləndirmədim. Onun indiyədək çap olunan kitablarının və elmi məqalələrinin sayı bu fikrimdə də haqlı olduğumu sübut edir. T.Salamoğlu ədəbiyyatımızın çox ciddi problemlərinin elmi təhlilini verən 7 monoqrafiyanın, 2 dərs vəsaitinin və 150-dən çox məqalənin müəllifidir. Onun monoqrafiyalarından bəzilərinin adlarını çəkməkdən vaz keçə bilmədim: "Faciəli talelər (Azərbaycan repressiya və mühacirət şeirinə dair portret oçerklər"), "Müasir Azərbaycan romanının poetikası", "Tarixi və çağdaş ədəbi prosesə dair araşdırmalar" və s. Göründüyü kimi, bütün bunlar ədəbiyyatımızın inkişafına xidmət edən və edəcək kitablardır. Məsələn, poetika problemi öz mürəkkəb komponentləri ilə heç də hər kəsin girişdiyi sahə deyil. AMEA-nın müxbir üzvü, mənim də müəllimim Təhsin Mütəllimov və Təyyar Salamoğlu kimi alimlər filologiyamızda bu problemi uğurla qoymuş və elmi həllini vermişlər.

 

Təyyar müəllimin indi mənim yazı masamın üstündə olan və oxuyub başa çatdırdığım "Azərbaycan ədəbiyyatının müasir problemləri" kitabı da bədii söz sənətinə ədəbiyyatşünas və ədəbi tənqid prizmasından nəzər salan bir alimin qiymətli əsəridir. Doğrusu, bu kitaba filologiya üzrə elmlər doktoru Seyfəddin Rzasoyun tamamilə qeyri - standart bir ön sözü məni də özünə çəkdi. Bu ön sözdə Seyfəddin Rzasoyun Təyyar Salamoğluna elmi qiyməti təkcə bu kitab fonunda deyil, habelə onun bir insan və bir alim kimi xarakterini, yaradıcılıq manerasını açmaq baxımından da çox maraqlıdır. "Ön söz, yaxud yaradıcı subyekt milli ədəbi məkanın intellektual paradiqması" adlanan bu yazı müəllifinin  qənaətincə T.Salamoğlunun kitabı müasir Azərbaycan ədəbi düşüncəsinin strukturunun, ədəbi düşüncənin yeni metodologiyasının, müasir ədəbi düşüncənin yeni ədəbi tənqidinin, yeni ədəbi tənqid tarixinin paradiqmalarını və s. istiqamətlərini təhlilə çəkən geniş miqyaslı tədqiqat əsəridir. Məncə, Seyfəddin Rzasoyun bu nəticələri tamamilə doğrudur. Çünki əsəri oxuduqca, T.Salamoğlunun ədəbi düşüncələrinin polifonik keyfiyyəti bu fikirlərə  əsas verir. Bununla bağlı kitabın strukturuna, bu strukturdan doğan bölmələrinə diqqət edək: Birinci bölmədə ədəbiyyat tarixi, ikinci bölmədə ədəbiyyatşünaslıq, üçüncü bölmədə çağdaş ədəbi proses, dördüncü bölmədə ədəbi tənqid tarixi, beşinci bölmədə türk xalqları ədəbiyyatı kimi elmi-tədqiqatları, ədəbi-tənqidi görüşləri və nəhayət, altıncı bölmədə müəllifin publisistikası özünə yer tapmışdır.

 

T.Salamoğlunun tədqiqatçılıq manerasını və klassikaya elmi yanaşmasını özündə əks etdirən birinci bölmə "Sabirin milli intibah idealı" məqaləsi ilə başlayır. Bu məqalə iki mühüm istiqaməti ilə maraq doğurur. Birincisi, Sabir yaradıcılığına yeni yanaşma tərzi, ikincisi, bu yanaşma fonunda Sabirşünaslığa dair elmi məqalələrə polemik münasibətilə.

 

Bu məqalədə müəllif bir obyekt fonunda klassik ədəbi fenomenlərə vaxtilə özünü göstərən ideoloji yanaşma tələblərinin əsl elmi nəticələrə ciddi ziyan vurduğunu bir daha xatırlamaqla yeni konseptual baxış bucağı irəli sürür.

 

Məqalədə Sovet ideologiyasının cəmiyyətə sırıdığı bir sıra məqamlara-məsələn, "ictimai aşağılar" və "ictimai yuxarılar" anlayışlarına yeni münasibət alimin elmi dərketmə və bu dərketməni əsaslandırma bacarığını üzə çıxarır. Filoloq alim M.Ə.Sabir yaradıcılığına Sovet ideoloji bucağından  yanaşan bir sıra elmi təhlillər ətrafında polemika mədəniyyəti ilə mübahisəyə girir və özünün yeni müddəalarına bizi inandıra bilir. Məsələn, məqalə müəllifinin aşağıdakı müddəası özünün tamamilə yeni və həm də obyektiv yanaşma istiqamətilə ədəbiyyatşünaslığımızın zənginləşməsinə xidmət edir: "20-30-cu illər tənqidində və Azərbaycan ədəbiyyatşünaslığının sonrakı inkişaf mərhələlərində "Molla Nəsrəddin"çi sənətin "ictimai yuxarılara" tənqidi,  "ictimai aşağılar"a rəğbətli münasibəti öz estetik mənasından uzaqlaşdırılaraq sinfi ziddiyyətlərin inikası zəminində təsvir edilmiş, məhz bu mənada Mirzə Cəlil, Sabir sənətində proletar ədəbiyyatına "estetik dayaqlar" tapılmışdır. Realist sənət nümayəndələrinin milli oyanış, milli özünüdərk və vətəndaşlıq dəyərlərindən güc alan estetik konsepsiyalarına "sinfilik" donu geyindirilmişdir". Doğrusu, bu sətirlər mənim yadıma çox keçmişdə qalan- mənim tələbəlik illərimdə orta məktəblərin 9-su sinifləri üçün hazırlanmış və uzun müddət dövriyyədə olan "Azərbaycan ədəbiyyatı" dərsliyindən bir misalı saldı. Yaradıcılığını lirikaya bağlayan Aşıq Ələsgərin "Düşdü" rədifli qoşmasındakı:

 

Dedi nişanlıyam, özgə malıyam, Sındı qol-qanadım yanıma düşdü - sətirlərindəki Azərbaycan qızının dilindən xalqa məxsus son dərəcə duyğulu "özgə malıyam"-yəni başqasınınam ifadəsinə dərslik o dövrdə qadının mal - yəni heyvan hesab edildyi kimi bir interpretasiya vermişdi. Təyyar Salamoğlu ədəbiyyatımızın estetik ideallarını saxtalaşdıran sovet ideologiyasının anti-elmi mahiyyətini tədqiqatçı ustalığı ilə açıb göstərmişdir. Həm də bu fikirlərini çox maraqlı misallarla zənginləşdirmişdir.

 

Əlbəttə, Sovet ideologiyasının sərt tələbindən doğan həmin tədqiqatlara sərt münasibət ədalətsizlik olardı. Lakin elə Təyyar Salamoğlunun etik və obyektiv yanaşma tərzi də vacibdir və həmin əsərlər mütləq yenidən qiymətləndirilməlidir.

 

T.Salamoğlu ədəbiyyatımızın çoxçeşidli sahələrinə dair əsərlərə, tədqiqatlara diqqət yetirən və bu əsərlərə dərhal reaksiya verən alimlərimizdəndir. Elmi ictimaiyyətə, habelə müasir oxucuya maraqlı olan bir çox əsərə Təyyar müəllimin mətbuatda reaksiyası həmin tədqiqatların təbliğində çox mühüm rol oynayır. Alimin əlimizdəki  "Azərbaycan ədəbiyyatının müasir problemləri" kitabında bədii söz sənətimizin tədqiqində, təhlilində mühüm işlər görmüş, bütövlükdə öz yaradıcılıq irsi ilə yaddaşlarda  qalmış Mir Cəlal, Əhəd Hüseynov, Abdulla Şaiq, Əhməd Cavad və onun tədqiqatçıları, Səməd Mənsur, İlyas Əfəndiyev, İsa Hüseynov kimi ustad sənət adamlarının elmi və bədii dünyası təhlil edilir, onların fəaliyyəti yeni rakursdan araşdırılır.

 

Yuxarıda qeyd etdiyimiz kimi, T.Salamoğlu geniş diapozonlu, polifonik yaradıcılıq istiqamətinə sahib olan ədəbiyyatşünas-tədqiqatçıdır. Haqqında bəhs etdiyimiz kitabın bölmələri fikrimizi sübut edən bir faktdır. Əsərə bu istiqamətdən yanaşdıqda görürük ki, əgər müəllif əsərin I bölməsində ədəbiyyatımızın klassik nümunələri ətrafındakı tədqiqatları önə çəkirsə, "Ədəbiyyatşünaslıq" adlanan II bölmədə Sovet dövrü Azərbaycan ədəbiyyatının elmi-nəzəri və metodoloji istiqamətlərini təhlilə cəlb edir. Bu sırada T.Salamoğlu yenidən görkəmli ədəbiyyatşünas və tənqidçi Əhəd Hüseynovun tədqiqatlarında Mir Cəlal nəsri,M.Ə.Sabir yaradıcılığına milli ədəbi tənqidin münasibəti, Bəkir Çobanzadənin ədəbiyyatşünaslıq görüşləri, ədəbiyyatşünaslıqda indiyədək mübahisəli görünən bəzi məsələlərə öz elmi münasibətini bildirmişdir. Mən bu məqamda T.Salamoğlunun Əhəd Hüseynov haqda bir fikrini təqdim etmək istərdim. "Mir Cəlalın nəsri Əhəd Hüseynovun tədqiqatlarında" sərlövhəli fundamental bir məqaləsində T.Salamoğlu yazır: "Ədəbiyyatımızın tarixi dövr və mərhələləri haqqında aydın elmi biliyə malik olması, realist nəsrin təkamül yolunu dürüst təsəvvür etməsi Ə.Hüseynova XX əsr tənqidi realizmi (eləcə də maarifçi realizmi) ilə Sovet dövrü nəsri arasındakı bağlılığı bütün detallarına qədər görmək imkanı verirdi". Mən cəsarətlə deyərdim ki, T.Salamoğlunun Ə.Hüseynov haqqındakı bu fikrini onun özünə də aid etmək olar. Çünki elə təkcə Ə.Hüseynovun tədqiqatlarında Mir Cəlal yaradıcılığı mövzusu ətrafındakı mülahizələri, geniş diapozonlu bilgi faktları mənim bu qənaətimə də haqq qazandıra bilər. Bəlkə elə Azərbaycan ədəbiyyatının inkişaf dövrləri və inkişaf tendensiyaları haqqında mükəmməl bilgiyə malik olmasındandır ki, onun kitabdakı ayrı-ayrı bölmələrdə verdiyi əsərlərin böyük əksəriyyətində ədəbiyyatımızın inkişaf mərhələlərinin sinxronluq elementləri vardır. Bu sıradan kitabın III bölməsi daha səciyyəvidir. Əslində çağdaş ədəbi prosesi hədəf kimi götürən bu bölmə tarix, ənənə və müasirliyi özündə birləşdirməsi ilə maraq doğurur.

 

Kitaba bələd olmuş və olacaq oxucular yəqin belə bir cəhəti hiss etmiş və edəcəklər ki, burada təqdim olunan əsərlərin çoxu müxtəlif yaradıcılıq yolu olan ayrı-ayrı alimlərin tədqiqatlarına qiymət və onları təhlil mahiyyəti daşıyır. Lakin bu məqamların hamısında həmin tədqiqatlara müəllifin öz münasibəti var və bu münasibətdə təqdim olunan təhlillər ədəbiyyatımıza yeni baxış kimi qiymətləndirilə bilər. Bu mənada alimin "XX əsr Azərbaycan ədəbiyyatı yeni elmi-nəzəri düşüncə müstəvisində" adlı məqaləsi misal kimi ayrıca təhlil edilə bilər. Bu məqalə, özlüyündə professor Tahirə Məmmədin "XIX əsr Azərbaycan ədəbiyyatı (I hissə)" dərsliyi haqqındadır. İlk baxışda belə zənn etmək olar ki, məqalədə söhbət yalnız dərsliyin keyfiyyətindən gedəcək. Lakin məqaləni diqqətlə nəzərdən keçirdikdə görürsən ki, "XIX əsr Azərbaycan ədəbiyyatı..." dərsliyi müəllifə bütövlükdə ədəbiyyat haqqında, dövrün ədəbi cərəyanları və bu cərəyanlar barədə söz demək üçün vasitə rolu oynayır. T.Məmmədin dərsliyini müsbət qiymətləndirən məqalədə tədqiqatçının daha çox bəyəndiyi məsələ dərslik müəllifinin XIX əsr ədəbiyyatına Sovet dövrü ədəbiyyatşünaslarının ideoloji yanaşma hallarına yeni baxışıdır. Bununla belə, T.Salamoğlu məqaləni öyrəşdiyimiz tənqid və biblioqrafiya formatında deyil, öz mühakimə və düşüncələrini qatdığı sırf elmi-nəzəri formatda qələmə almışdır. Bölmədəki digər məqalələrin əksəriyyəti haqqında da bu fikirləri söyləmək olar.

 

Ədəbiyyat tarixini, ədəbiyyatşünaslığı və ədəbi tənqid tarixini-yəni bütöv ədəbiyyat sistemini özündə birləşdrən "Azərbaycan ədəbiyyatının müasir problemləri" kitabının şəxsən mənim üçün çox maraqlı bölmələrindən biri "Ədəbi tənqid tarixi"dir. Bu bölmədə Azərbaycan filoloji mühitinin görkəmli tənqidçiləri-M.C.Cəfərov, Ə.Hüseynov, Məmməd Arif, Mehdi Hüseyn kimi klassik şəxsiyyətlərinin yaradıcılıq dünyası təhlil edilir. Maraqlı bir də orasındadır ki, yuxarıda dediyimiz kimi, T.Salamoğlu bir çox məqalələrində hər hansı bir tədqiqat əsərini fon kimi götürür və öz düşüncələrini bu "fon"da təqdim edir. "Ədəbi tənqid tarixi" bölməsi isə birbaşa müəllifin öz düşüncələridir. Bu mənada müəllifin "M.C.Cəfərov tənqidi: Zamanın parametrləri, sənətin həqiqətləri" məqaləsi öz orijinal formatı və elmi təqdimatı ilə diqqəti xüsusi cəlb edir.

 

Məncə, Azərbaycan elmi-filoloji fikir mühitində Məmməd Cəfər Cəfərov həm öz dövründə, həm də indiki nəslin yaddaşında mükəmməl ədəbiyyatşünas-tənqidçi kimi, həyat fəaliyyətindəki humanist xarakteri ilə, xalqdan gələn "alim olmaq asandır, insan olmaq çətin" postulatını qırması ilə örnək olan Məmməd Cəfər müəllim haqqında nə qədər yazılsa da azdır. Təyyar Salamoğlu xatırlatdığımız məqaləsində bu böyük İNSAN-ALİMİN bioqrafiyasından tutmuş, polifonik yaradıcılıq aləminə qədər bir çox cəhətlərinin aydın şəklini cızmışdır. Ayrı-ayrı bölmələrdə təqdim olunan M.C.Cəfərovun ədəbiyyata gəlişi, ədəbiyyat tariximizə dair xidmətləri, onun teatrımıza, nəsrimizə, poeziyamıza dair əsərləri, bir tənqidçi kimi estetik idealları, fundamental problemlərlə bağlı əsərləri ətrafında müəllif maraqlı tədqiqatlar aparır.

 

Tədqiqatçı T.Salamoğlu Azərbaycan ədəbiyyatşünaslığı və tənqidi sahəsində vaxtilə ölçüyəgəlməz xidmətləri ilə böyük işlər görmüş, lakin çox təəssüf ki, bu gün bəzən unudulmaqda olan Məmməd Arif, Mehdi Hüseyn kimi ədəbiyyat fədailərini yenidən xatırlamaq və onları müasirlərimizə tanıtmaq baxımından çox xeyirxah bir öhdəliyi də yerinə yetirir.

 

Təyyar Salamoğlunun "Azərbaycan ədəbiyyatının müasir problemləri" kitabı bədii söz sənətinin tarixi, nəzəri-estetik problemləri, müasir ədəbiyyatımızın keçdiyi və keçəcəyi yollar barədə geniş miqyaslı tədqiqatları ilə təkcə ədəbiyyat mütəxəssisləri üçün deyil, həm də ədəbiyyatı sevən hər kəs üçün maraqlı bir mənbədir. Çünki kitabın annotasiyasında da dəqiq qeyd edildiyi kimi, "bu araşdırmalarda tarixi və çağdaş ədəbi prosesin müasir problemləri elmi-nəzəri və metodoloji istiqamətdə tədqiq edilmişdir".

 

Cahangir MƏMMƏDLİ

525-ci qəzet.- 2015.- 23 sentyabr.- S.7.