Üzeyir Hacıbəyli adına VII Beynəlxalq
Musiqi Festivalı davam
edir
Bəstəkarlar İttifaqında Üzeyir
Hacıbəyli adına VII Beynəlxalq
Musiqi Festivalı çərçivəsində görkəmli bəstəkarın
130 illiyinə həsr
edilmiş elmi konfrans keçirilib.
Azərbaycan Bəstəkarlar İttifaqının
sədri, Xalq artisti Firəngiz Əlizadə qonaqları salamlayaraq festival çərçivəsində
keçirilən və
görkəmli bəstəkara
həsr edilmiş tədbirlərin əhəmiyyətindən
danışıb.
Xalq artisti bəstəkarın yubileyinin
qeyd olunması, onun xatirəsinə həsr olunmuş mərasimlərin, konsertlərin
və festivalların keçirilməsini respublikamızın
musiqi həyatında əlamətdar hadisə kimi qiymətləndirib.
Bəstəkarın həyat yolu və yaradıcılığından
söz açan Firəngiz Əlizadə diqqətə çatdırıb
ki, ustad sənətkarlarımızın xatirəsi Bəstəkarlar
İttifaqında daim anılır və müxtəlif xarakterli tədbirlər, konsertlər,
konfranslar və anım mərasimləri ilə qeyd olunur.
Elmi konfransda Azərbaycan Bəstəkarlar İttifaqının
katibi, əməkdar incəsənət xadimi,
professor Zemfira Qafarova
"Üzeyir Hacıbəyli
və Azərbaycan Bəstəkarlar İttifaqı"
mövzusunda məruzə
ilə çıxış
edib. Zemfira Qafarova görkəmli
bəstəkarın Bəstəkarlar
İttifaqındakı böyük
fəaliyyətindən, dünya
konservatoriya praktikasında
ilk dəfə olaraq şərq kafedrasının
banisi olmasından və ilk dəfə olaraq notlu orkestr
yaratmasından söz
açıb.
Daha sonra professorlar Rəna Məmmədova, Cəmilə Həsənova,
sənətşünaslıq üzrə fəlsəfə
doktoru, dosent Ülkər Talıbzadə
və bəstəkar-musiqişünas
Nərgiz Şəfiyeva
Üzeyir Hacıbəyliyə
həsr olunmuş müxtəlif məruzələrlə
çıxış ediblər.
Tədbirdə, həmçinin AMEA-nın müxbir üzvi, sənətşünaslıq
elmləri doktoru,
professor Zemfira Səfərovanın
müəllifi olduğu
və macar dilində nəşr edilən "Üzeyir Hacıbəyli və onun görkəmli sələfləri" kitabının
təqdimatı olub.
Tədbirlərdən biri də Beynəlxalq
Muğam Mərkəzində
Rusiya Akademik Böyük Teatrın
Brass-kvintetinin konsert proqramıdır.
Konsertdə qonaqlar Bakıda ilk dəfə olduqlarını
bildirib və şəhərimiz haqqında
xoş təəssüratlarını
bölüşüblər. Kollektiv ötən
əsrin 80-ci illərində
yaranıb. Moskva
Böyük Teatr Orkestrinin tərkibində fəaliyyət göstərən
qrupa Aleksey Kornilyev (truba, flüqelqorn), Yevgeni Quryev (truba), Aleksandr Jbanov (turba), Aleksey Rayev (valtorna) və Erkin Yusupov
(trombo) daxildir. Kollektiv son dövrlərdə bir çox konsert və festivalların iştirakçısı olublar.
Görkəmli qərb bəstəkarlarının
əsərlərinin səsləndiyi
konsert maraqla qarşılanıb.
Q.Qarayev
adına Mərkəzi
İncəsənət Məktəbində
də VII Beynəlxalq
Musiqi Festivalı çərçivəsində Avropa Musiqi Akademiyasının
prezidenti Paolo Petrorelli,
Estoniyanın tanınmış
skripka ustası Mina Yarvi və İtaliyan
pianoçu Mikele Kampanellanın iştirakı
ilə "ustad dərsi" və "açıq dərs" keçirilib. VII Beynəlxalq
Musiqi Festivalı çərçivəsində reallaşan tədbirdə
mədəniyyətin ölkələr
arasında sülhə
xidmət etdiyini söyləyən xarici qonaqlar Bakıda ilk dəfə olduqlarını
bildirib və şəhərimiz haqqında
xoş təəssüratlarını
bölüşüblər.
Sonda Q.Qarayev adına
Mərkəzi İncəsənət
Məktəbinin və
T.Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbinin şagirdlərinin ifasında
skripka və pianoda ifaları dinlənilib. Konsertdə Baxın, Mendelsonun, Paqanininin və digər qərb bəstəkarlarının əsərləri
səsləndirilib.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 23 sentyabr.-
S.7.