İslam bəy Qəbulzadə-Azərbaycanın
maarif çırağı və istiqlal şəhidi
(Əvvəli ötən
sayımızda)
Zaqatalalılar Dairənin valisi (qubernatoru) vəzifəsində
özlərindən olan birini görmək istəyirdilər. Onların
namizədləri içərisində, əlbəttə, ilk
yerdə iki ay öncə bu vəzifədə bulunmuş
indiki müəllim İslam bəy dururdu. Bunu
dairənin ayrı-ayrı kəndlərindən əhalinin
Cümhuriyyət Parlamanına və hökumətinə
ünvanladığı teleqramlar da təsdiqləyir. Məsələn,
Zaqatalanın Əliabad sahəsindən (bu kəndin sakinləri
əsasən gürcücə danışan müsəlman
yengiloylardı) vəkil edilmiş Təmraz Qaraked oğlu, Muxa
Yüzbaşov, Qazı Ömər oğlu, Molla Zahid Murad
oğlu surətləri baş nazir [Fətəli] xan Xoyskiyə
və Parlaman üzvü [Bayramniyazi] Kiçikxanova olmaqla
Parlaman sədrinə teleqram göndəriblər ki, əhali
Zaqatala valiliyi vəzifəsinin müvəqqəti olaraq
İslam bəy Qəbulova verilməsini ürəkdən xahiş
edir. Doğrudur, arxivdə teleqramın əsli deyil, surəti
saxlandığına görə üstündə göndərilmə
günü və ayı göstərilməyib, yalnız
1918-ci il tarixi qeyd olunub, ancaq bizcə,
Əliabad sakinlərinin müraciəti 1918-in mayından
sonraya, daha doğrusu, Azərbaycan Cümhuriyyəti dönəminə
aiddir.
Bəllidir
ki, Seymin Müsəlman fraksiyasının və az sonra Azərbaycan
Milli Şurasını üzvü olmuş 44 nəfər həmin
ilin dekabrında təşkil edilmiş Azərbaycan
Parlamanına birbaşa deputat seçilmişdi, ancaq o zaman
İslam bəy artıq Seymdə və Milli Şurada
bulunmadığına görə Parlamana düşə bilməmişdi.
O, Zaqatalada müəllimlik etməklə yanaşı, əqidəli
bir müsavatçı kimi xalq içərisində
Cümhuriyyət ideyalarını təbliğ edir, eyni zamanda
doğma camaatın cari problemlərinin həllinə də əlindən
gələn yardımı göstərirdi. Düzlüyü
və ədaləti sayəsində xalqın rəğbətini
qazanmış Qəbulzadəni yerliləri özlərinin
başçısı görməkdə israrlı idilər.
Tala
camaatının nümayəndələri 27 fevral 1919-cu ildə
Parlaman sədrinə və Parlaman üzvü Aslan bəy
Qardaşova (o, Zaqataladan deputat və "Əhrar"
fraksiyasının sədri idi) Zaqataladan bu məzmunda teleqram
yollayıblar: "Son zamanlar müxtəlif xalq müvəkkiləri
və vəzifəli şəxslər xeyli pullar yeyiblər. Hakimiyyət bütün bunlara adi şey kimi
baxır və uyğun qərarlar qəbul etmir. Bununla yanaşı, bu hadisələr hər gün
artmaqdadır. Xalqın yeganə müdafiəçisi
xalq məktəbləri müfəttişi İslam bəy Qəbulovdur.
O, Dairə komissarı olan zaman müxtəlif cinayətlərin
qarşısını alaraq özü haqqında gözəl
rəy yaradıb. Buna görə də İslam
bəy Qəbulovun Zaqatala valisi təyin edilməsini xahiş
edirik, çünki bununla həqiqi müqəssirlər
üzə çıxarılar və
biabırçılıqlara birdəfəlik son qoyular. Umudumuz yalnız onadır və əminik ki, o,
Parlamentin də etimadını doğruldacaq".
Zaqatala Dairəsi türk əhalisinin həlledici qismi
İslam bəyin vali seçilməsinə tərəfdardı,
ancaq bəzi qeyri-türklər haqqında bunu demək olmaz. Məsələn,
Balakənin Qabaqçöl kəndinin avar kökənli bir
sıra sakinləri 21 mart 1919-cu ildə Parlaman sədrinə
teleqram göndərərək İ.Qəbulzadənin həmin
vəzifəyə qoyulmasına etiraz ediblər.
Zaqatala
Dairəsindən deputat və bir müddət Parlamanın
katibi olmuş Bayramniyazi Kiçikxanovun 1919-cu ilin aprelində
"Azərbaycan" qəzetində "Zaqatalada
gürcülərin propağandası" adlı çox
maraqlı məqaləsi çıxıb. İslam
bəyin də adı çəkilən həmin yazı indi
də öz önəmini saxladığına görə onu
bütünlüklə oxucuların mühakiməsinə
veririk.
"20 martda Bakıdan hərəkət edib 24-də
Zaqatalaya vasil oldum. Bura əhalisini payızda qoyub getdiyim halda bulmayıb,
başqa bir halda gördüm: əhali artıq istiqlaliyyət,
cümhuriyyət, millət və milliyyət nədən ibarət
olduğunu düşünmüşdür. Dost
ilə düşməni fərq etməyə əksəriyyətlə
istedad kəsb etmişdir. Bu əhvalı, Zaqatala[nın]
Azərbaycanın ayrılmaz bir cüzü (parçası)
olduğunu pək doğru və pək haqlı iddiada bulunan həmfikir
arkadaşlarıma təbşir etməyimi
(muştuluqlamağımı) vəzifeyi-milliyyə ədd
ediyorum (milli vəzifə sayıram). Fəqət zahirən
bizimlə hüsni-münasibatda bulunan gürcü hökuməti
bu vilayət əhalisinin meyl və arzusunu nəzəri-etibara
almayaraq, yaxud almaq istəməyərək 15-16-cı əsr
tarixinə, üç cüt bir tək yengiloların
mövcud olmalarına istinadən Zaqatala vilayətini yədi-təsərrüflərinə
keçirmək üçün hər dürlü nalayiq hərəkətlər
və həyasız rəftarlar irtikab etməkdən (törətməkdən)
çəkinməyirlər.
25 martda
arkadaşlarım: vilayət Milli Komitəsi və
Hilali-Əhmər Cəmiyyətinin (Qırmızı Aypara Cəmiyyətinin)
sədri və məhkəmeyi-şəriyyə əzası
(şəriət məhkəməsinin üzvü) Nurullah əfəndi
Qazızadə, xalq məkatəb müfəttişi İslam
bəy Qəbulov və məhkəmeyi-şəriyyə
kargüzarı İbrahim bəy Qəbulov cənablarıyla...
Faldar kəndinə gedərkən Əliabad
nahiyəsinin mərkəzi olan Əliabad kəndində 1-2
saat istirahət niyyəti ilə əyləşdik. Bu əsnada
xoşamədiyə gəlmiş Əliabad əyan və əşrafı
bir az müsahibədən sonra
Gürcüstandan bir neçə zabitin propağanda
üçün gəldiklərini söyləyib, qayət
mütəəssir olduqlarını bəyan etdilər. Lisanları gürcü lisanı olan Əliabad kəndi
əyanının səlabəti-diniyyələrini (dində
möhkəmliklərini) görüb, Zaqatala vilayətində
Gürcüstana qoşulmaq istəyən heç bir fərd olmayacağına
qəti surətdə hökm edərək, propağanda
haqqında məlumat toplamağa girişdim.
Martın əvvəllərində Tiflisdən rəsmi
surətdə Zaqatalanın sövqülceyş (hərbi
manevr) nöqteyi-nəzərindən qolay yollarını bilmək
üçün hərbi topoğraf Pavliyev Zaqatalaya göndərilir. Pavliyev Laqodağa (indiki
Laqodexiyə) yetişdikdə Zaqatalaya keçmək
üçün bir çox yollar aradıqdan sonra əslən
Zaqatalanın Qax kəndindən olub da Gürcüstanın
Telav qəzasında məntəqə komandanı olan
Tartaraşvilini və yenə haman Qax kəndindən olub da
Gürcüstana hicrət etmiş Xutsiyevi Laqodağa dəvət
etdirib, Laqodağ məntəqə komandanı Nadirov və 4 nəfər
jandarma ilə Qax qəzasına qonaqlıq bəhanəsilə
21 martda Laqodağdan Zaqatala vilayətinə gəlmək
üzərə hərəkət edirlər. Zaqatala
şəhərinə yetişdikdə ziyalılarımızdan
bir çoku bunlardan şübhələnib məhəlli məmurlara,
sonki günü vali Haşımbəyova müraciət edib.
Bu çağırılmayıb gələn
qonaqların Qax və başqa istədikləri kəndlərə
heç olmasa nəzarət altında göndərilməsinin
lazım olduğunu təklif etsələr də, nədənsə,
sözləri eşidilməmişdir və bu qonaqlar da nəzarətsiz
olaraq kəndi müsəlləh jandarmalarıyla vilayət
daxilinə sərbəst burakılır.
Qonaqlar ilk əvvəl yengilolar mərkəzini təşkil
edən Qax qəsəbəsinə yetişdikdə
arkadaşları Tartaraşvili vəfat etsə də,
yollandığı işi ifa etmək üçün bəzi
xristian və müsəlman gürcü kəndlərinə də
getmişlərdir. Əzancümlə (o sıradan) Əlibəyli
xristian kəndi, Qorağan, Tasmalı, Əliabad (müsəlman)
kəndlərini dolaşmışlardır. Getdikləri yerdə "Azərbaycandan bir şey
çıkmayacağını, Zaqatala əhalisinin siyasətən
və iqtisadən mənafeyi ancaq Gürcüstan hökumətinə
tabe olmaqda olduğunu və tez bir zaman içində
Zaqatalanı istila üçün gürcü əsgərləri
göndəriləcəyini" də bəyan etmişlərdir.
Bu sözləri, təbii, camaat içində
açıq-açığına deyil, xüsusi etibar etdikləri
və camaat içində etibarı olan adamlara söyləmişlərdir.
Bunların Zaqatalaya gəlmələri ilə
hüdudun üç verstlik məsafəsində olan
Laqodağ və on iki verstliyində olan Haçaqaya qəsəbələrinə
Gürcüstan hökumətinin əsgər
toplamasının qayət sıkı münasibəti vardır.
İştə bu yazdıqlarım şayeat
olmayıb, xüsusi surətdə Laqodağ və
Haçaqaya qəsəbələrinə göndərdiyimiz
mötəbər adamların verdiyi məlumatlardır.
Binaənəleyh gürcü hökuməti Mavərayi-Qafqaz
Cümhuriyyətlərinin hüdud məsələsini həll
edəcək kamisyondan əvvəl, Axıska və Axalkalak
kibi, Zaqatalanı işğal edib hökumətimizi əmri-vaqe
(fakt) qarşısında qoymaq istədiyi
anlaşıldığından, hökumətimizin bu işdə
ciddiyətlə davranmasını arzu edərim.
Bayramniyazi".
Bu yazı İslam bəy Qəbulzadənin Zaqatala Dairəsində
məsul dövlət vəzifələrində ikən daim
gürcü millətçilərinin hücumları şəraitində
çalışdığını söyləməyimizə
də əsas verir.
Zaqatala valiliyi xalq məktəbləri müfəttişi
İslam bəy 1919-cu ildə Zaqatala şəhərində fəxri
sülh hakimliyinə namizəd də göstərilmişdi.
İSTİQLAL
ŞƏHİDİ
İslam bəy Qəbulzadə bütün
varlığını xalqının azadlığı,
müstəqilliyi, maariflənməsi uğrunda mübarizəyə
həsr etmişdi. Qaynaqlar inadla göstərməkdədir
ki, Azərbaycan istiqlalının təminatçısı
olan Qafqaz İslam Ordusu onun şanlı komandanı Nuru paşa
başda olmaqla Qaxa gəldikdə Cümhuriyyət Parlamentinin
üzvü Abdulla əfəndi Qəbulzadə və İslam
bəy burada onu yüksək səviyyədə
qarşılayıblar və Nuru paşa ilə
görüş məhz İslam bəyin evində olub. Əqidəli müsavatçı olan İslam bəy
kommunistlərə nifrət bəsləyirdi, elə bu üzdən
də 1920-ci ilin aprelində Cümhuriyyət hakimiyyəti
devrilən kimi bolşeviklərin cismən məhv etdiyi ilk
aydınlarımızdan biri İslam bəy Qəbulzadə
oldu.
"Odlu Yurt" dərgisində Cümhuriyyəti
devirmiş kommunistlərin milli ziyalıları necə vəhşicəsinə
məhv etmələrindən geniş danışılır. Burada "Qəbulzadə
İslam bəy" başlıqlı kiçik xəbərdə
oxuyuruq: "Qəbulzadə İslam bəy Azərbaycanın
idealist müəllimlərindən, istiqlal fikrindən hərarətli
mücahidi bulunan mərhum, qızıl istila üzərinə
məmləkəti olan Zaqatalada qurşuna dizilmişdir".
Bu gün Qax şəhərində İslam bəy Qəbulzadənin
adını daşıyan küçə var.
Oğuztoğrul TAHİRLİ
525-ci
qəzet.- 2015.- 23 sentyabr.- S.6.