Kamançanın dəfni
Vaxtı ilə Ələsgər Abdullayev adlı belə
bir müğənni olub. Deyilənlərə
görə, "Rahab" muğamını onun kimi ifa edən
olmayıb. O, dünyasını dəyişəndə
deyiblər ki, biz şəkili Ələsgəri dəfn
etmirik, "Rahab"ı dəfn edirik. Çünki
güman etmirik ki, "Rahab"ı bir daha onun kimi oxuyan olsun.
Bu həqiqətən də belə oldu. "Rahab" muğamını Ələsgər
Abdullayev kimi oxuyan olmadı. Doğrudur,
"Rahab" muğamını oxuyanlar var, amma Ələsgər
Abdullayev səviyyəsinə qalxan yoxdur.
Dəfn
olunan Habil Əliyev deyildi ki... Yox, əlbəttə
yox. Ölən, dəfn edilən
kamança idi. Və biz həmin gün, yəni
sentyabr ayının 9-da, göz yaşları içində
kamançanın dəfn mərasiminə
yığışmışdıq. Kamançanı
dəfn edirdik. Kamança ilə
vidalaşırdıq. Ölən təkcə elə
insanlar olmur ki... Əşyalar da ölür.
Ölə bilir. Məsələn,
qələm də ölür, fırça da ölür.
Hətta adi insan səsi də ölür,
batır. Başqa əşyalar da ölür... Amma o gün ölən, dəfn edilən
kamança idi. Biz kamançanı dəfn
edirdik. Kamança ilə əbədi
olaraq vidalaşırdıq. Habil Əliyev
isə dünyasını dəyişirdi. O
ölmürdü. Sadəcə olaraq bu
dünyadan köçüb haqq dünyasına qovuşurdu,
Allahın dərgahına yetişirdi. Əlbəttə,
Habil Əliyev yaşayacaq. Özü də
çox yaşayacaq. Lap çox
yaşayacaq. Hansı dünyada olursa olsun,
fərqi yoxdur. O, uzun illər yaşayacaq. Ürəklərdə,
beyinlərdə, illər ötdükcə saralıb solan
xatirələrdə, get-gedə xırıltılı səsli
kino lentlərində, tarixdə, ən başlıcası isə
musiqidə, daha nə bilim nələrdə və haralarda
yaşayacaq. Hökmən yaşayacaq.
Kamança isə yox... Çünki o
ölmüşdür. Kamança o
gün öldü və dəfn olundu. Kamança
yoxdur artıq.
Habil
Əliyev hər dəfə əlinə kamançanı
götürüb dilləndirəndə bizə od qoyardı. Bizi
yandırıb-yaxardı. Lap belə
cızdağımızı çıxardardı. Musiqi
aləti haqqında ilk dəfə bu sözləri hər kim deyibsə, çox gözəl deyib - məhz
dilləndirəndə. Bu çox qəribə
bir sözdür, musiqi alətini dilləndirəndə.
"Dilləndirmək" - hər adam
çaldığı musiqi alətini
danışdırıb, dilləndirə bilmir. Onunla
söhbət edə bilmir. Habil isə, həqiqətən
kamançanı dilləndirərdi. Kamança
danışardı. Kamança dərd deyərdi.
Kamançadan sanki insan səsi
çıxardı.
Kamança elə bil dil deyərdi, mələyərdi. Nalə
çəkərdi. Habil isə,
kamançasını danışdıra-danışdıra,
dilləndirə-dilləndirə hər dəfə
başını yırğaladıqca sanki kamançanın
bu haqsız dünyadan gördüklərinə cavab verərdi.
Onun naləsini təsdiqləyərdi. O
kamançasını, kamança da onun dərdlərinə
şərik çıxardı.
Hər dəfə
Habilə qulaq asanda, daha doğrusu kamançasının naləsini
dinləyəndə istər-istəməz ölməz
şairimiz Hüseyn Arifin bu misraları yadıma
düşürdü:
Yaxşı
ki, həsrətin tüstüsü yoxdur,
Göz-gözü görməzdi duman içində.
Mən də
öz-özümə düşünərdim ki, yaxşı
ki Habil kamançasını dilləndirəndə - məhz
dilləndirəndə - yaxşı ki, kamança od tutub alovlanıb yanmır. Yoxsa
ətraf oda-alova bürünərdi. "Göz-gözü
görməzdi alov içində".
... İndi isə Habil yoxdur bu dünyada. Dünyasını dəyişib. O indi
başqa bir dünyadadır. Amma yad dünyada da
deyil. Çünki bütün
doğmalarının, əzizlərinin,
qohum-qardaşlarının, dostlarının əhatəsindədir.
Bir-birlərinin yanındadırlar. Lakin indi onun bu dünyadakı yoxluğu bizi əvvəlkindən
də artıq yandırıb yaxacaq. Külə
çevirəcək. Çünki...
Deyirlər,
əvəz olunmayan adam yoxdur bu dünyada. Kimsə kimisə əvəz edir, edə bilər və
edir də. Bu təbii bir haldır. Bəs
onda görəsən nə zamansa, Habili kim
əvəz edəcək? Əvəz edə biləcəkmi?
Hm... Qoy digər kamança ustaları məndən
inciməsinlər. Mən heç kimin əhəmiyyətini
azaltmıram, azaltmaq istəmirəm. Mənim
özümün də musiqi təhsilim var. Vaxtı ilə
musiqi məktəbini bitirmişəm. Tar məktəbinə
getmişəm. İndi az-çox musiqidən
başım çıxır. Amma
güman etmirəm ki, yaxın 100-150 ildə kimsə Habili əvəz
etsin, edə bilsin. Yox... Nəinki əvəz
etsin, Habili əvəz etməyə cəhd göstərsin.
Onun qədər bizə gəmin kəsilib, bizi
yandırıb yaxsın, bizi külə çevirsin.
lll
Hə... Habil Əliyev, atamın ən yaxın dostlarından
idi. Mən hər dəfə atamgilə gələndə,
onun telefonla kiminləsə danışıb, gülməkdən
uğunub, qəh-qəh çəkməyini eşidəndə,
onda bilirdim ki, atam Habil Əliyevlə danışır. Habil yenə nəsə qəribə bir əhvalat
danışır.
Atam həmişə deyərdi ki, ay Habil, bu nə illətdirsə,
sən kamançanı əlinə alıb onu dilləndirəndə,
bizi alovlandırırsan. Yandırıb yaxırsan. Lap belə anamızı ağladırsan. Elə ki kamançanı yerinə qoyub,
ağzını açıb söz deyirsən, onda da bizi
gülməkdən qırırsan. Hər
ikisində də gözümüzdən yaş sel kimi
axır. Bu qədər yanğını,
bu qədər kədəri və bu qədər yumoru,
gülüşü sən nə təhər özündə
sığışdırırsan? Bütün
bu ziddiyyət nə təhər səndə yerləşir?
- Hə...
Bəxtiyar az qalıb. Bir
gün partlayıb hər ikisini özümdən çıxardacağam.
Olacağam filankəsin tayı (mən o filankəsin
adını qəsdən çəkmirəm. O filankəs
dediyim, olduğça zəif musiqiçi, həm də
olduğça yumor hissindən məhrum bir adam
idi.) Adi bir adam olacağam. Onda
da hamınız məndən qaçacaqsınız. Siz
bir az da dözün, - deyərdi.
Həqiqətən
Habil Əliyevin son dərəcə sərrast, qəribə,
birbaşa öz hədəfinə dəyən iti yumoru var idi. Adam
var ki, danışılan yumoru dərhal alır. Elə havadaca da tutur. Amma
aldığını, başa düşdüyünü
olduğu kimi verə bilmir. Danışa
bilmir. Tərəfi-müqabilə
çatdıra bilmir. Adam da var ki,
danışılan yumoru alır. Həm
alır, həm də duzlu-məzəli şəkildə onu
danışır. Çatdırır... Habil
Əliyev isə, nəinki, danışılan yumoru alır,
danışır, çatdırır və
güldürürdü. Hətta baş
verən hadisələri istədiyi səmtə, istədiyi
şəklə yönəldib, həmin hadisənin
iştirakçısına çevrilirdi.
Atam dünyasını dəyişəndə - mən o
zaman Moldovada diplomatik xidmətdə idim - bu müdhiş xəbəri
eşidəndən düz 9 saat sonra Bakıda idim. Bu barədə
yazmışdım da... "Dünyanın ən
uzun yolu". Həqiqətən də bu
yol bir əsrdən də uzun yol idi. Bu yolun uzunluğunu
hər adam başa düşə bilməz.
Yol boyu hiss edib göynəyə bilməz, yana
bilməz. Bu anların, saatların
acısını, yalnız qürbətdə yaşayıb, əzizlərinin,
ən yaxın adamlarının ölüm xəbərini
eşidənlər, başa düşə bilər. Və başa düşüb bilərlər ki, bu
ağır yolun hər saatı, hər dəqiqəsi bir əsrdən
də uzundur, çətindir (Aman Allah, mən bu saatları
necə yaşadım!).
Mən həmin gün səhər saat 5-də artıq
Bakıda idim.
Aeroportdan elə birbaşa atamgilə gəldim. Atamgilin yaşadığı həyətə daxil
olanda hava alatoranlıqdı, səhərin
açılhaaçılı idi. Sərt,
soyuq, acı küləkli bir havanın olmasına baxmayaraq, həyət
adamla dolmuşdu. Deyirdilər ki, bu qara xəbəri
televizor elan edər-etməz, ilk gələnlərdən biri də
Habil Əliyev idi. Xəstə,
yaşlı olmasına baxmayaraq, Habil ağlaya- ağlaya
atamgilə gəlmişdi. Habilin göz
yaşları qurumurdu. Heç
özündə deyildi. Elə hey deyirdi: "Ay Bəxtiyar,
axı biz səninlə qardaşdan da artıq olmuşuq. Niyə mənə belə naxələf
çıxdın. Məni tək qoyub
getdin. Sən axı mənə söz
vermişdin ki, məni tək qoymayacaqsan. Adam
da dostunu tək qoyar?!" Deyirlər ki,
Habili ovutmaq mümkün deyildi. O yaşda kişi
elə hey "Bəxtiyar" deyib ağlayırdı...
1995-ci ildə atam xəstəxanada yatırdı. Habil
Əliyev, demək olar, hər gün atamı görməyə
gələrdi. Hər gəlişində də, elə
palataya girər-girməz:
- Bax... Bəxtiyar,
məni tək qoymayasan ha...
- Ay Habil,
hara tək qoyuram səni. Hələ bu dünyada görüləsi
çox işlərimiz var. Gedəndə də sənə xəbər
edəcəyəm, bir yerdə gedərik...
Sonra da oturub cavanlıq günlərindən, birgə
gördükləri işlərdən danışıb,
ötən günləri xatırlayıb gülüşərdilər. "Ay Habil,
yadındadı...?" "Bəs, ay Bəxtiyar,
yadındadı...?" Uğunub gedərdilər.
Ertəsi
gün atam cərrahiyyə əməliyyatı olunmalı
idi... Habil atamla xudahafizləşib getdi. Heç aradan bir dəqiqə keçməmiş
yenidən qayıtdı. Bir az kədərli,
dalğın idi. Buna baxmayaraq, özünəməxsus yumorla,
daha doğrusu, səsindəki kədər çalarlı bir
yumorla:
- Bax, Bəxtiyar,
əgər məni tək qoyub getsən, başın
üçün o dünyada heç üzünə də
baxmaram. Heç salamını da almaram.
Bax, mən öz sözümü dedim...
Sonra atama yaxınlaşdı, onu qucaqlayıb
bağrına basdı. Habilin gözləri dolmuşdu. Hər ikisi güldü.
Əlbəttə, bu çox qəribə bir söz idi. Necə yəni məni tək
qoyub getsən... Amma bu sözlər Habilin
sözləri idi. Habil Əliyevin ürəkdən,
içindən gələn sözlər idi.
Mən Habil Əliyevin ölüm xəbərini
Belorusiyada eşitdim. Televizorda, Bakı kanallarından
hansınasa baxırdım. Birdən...
Atamla
Habilin arasındakı ölüm məsafəsi 6 il yarım oldu. Atam 2009-cu ildə
vəfat etdi. Və bu illər çərçivəsində,
ən yaxın adamlarımı, qohum-qardaşlarımı,
dostlarımı, tanışlarımı itirdim. Bəzilərinə gəlib çata bilmişdim, bəzilərinə
isə imkan edə bilməmişdim. Kədərlənmişdim.
Çox kədərlənmişdim. Sıralarımızın boşalmasına kədərlənmişdim.
Yarpaq tökümümüzə kədərlənmişdim.
Amma ağlamamışdım. Düşünürdüm ki, yəqin
yaşlaşıram, artıq göz yaşlarım quruyub.
Gözlərimdə yaş qalmayıb.
Çünki bu, gəlimli-gedimli, son ucu ölümlü
dünyada o qədər ölüm-itim görmüşəm
ki, o qədər yaxınlarımı itirmişəm ki...
Amma Habil Əliyevin dünyasını dəyişməsi
xəbərini televizorda eşidəndə özümü
saxlaya bilməyib, ağladım. Özü də
çox ağladım. Ürəkdən -
içdən ağladım. Hönkür
- hönkür ağladım. Gözlərim
televizorda, qulağım isə televizorda həzin-həzin səslənən
kamançada idi. İstər-istəməz gözlərimin
qarşısına düz 33 il bundan əvvələ,
çox şirin və hər adamın həyatında ən
unudulmaz olan bir günə aid xatirə düşdü. Kino lenti kimi gözlərim önündən gəlib-keçməyə
başladı. Səs-küylü, təmtəraqlı
bir məclis, həzin bir meh kimi yaddaşıma qayıtdı.
Gözlərim önündən ilıq bir meh
kimi əsdi.
1983-cü
il mart ayının 18-i, hətta həftənin
hansı günü olması da yadımdadır. Beşinci gün. “İnturist”
mehmanxanası, ikinci mərtəbə, güzgülü zal.
Mənim toy günüm. Toyun
müğənnisi də Akif İslamzadə idi. Yox,
indiki toylardan deyildi... Yox, qətiyyən yox.
İndiki toylarla heç müqayisə oluna bilməyəcək
bir toy. Səviyyəli toy. Tost deyən tost deyir. Ağız
deyəni qulaq eşidir. Qulaq eşidəni
də baş dərk edib, anlayırdı. Hamı
da deyib-gülürdü. Elə bil ki, burda deyiblər:
"Ağlaram, xatirə gəldikcə
gülüşdüklərimiz". Toyun
tamadası da, tanınmış məşhur vəkil,
atamın yaxın dostu İkram Abdullayev idi. Yoldaşım, yəni gəlin sarışın bir
qız olduğundan, Akif İslamzadə toyu "Sarı gəlin"
mahnısıyla başlamışdı. Habil
Əliyev də toyda iştirak edirdi. Ay aman.... Habil
Əliyev bizim toyda iştirak edəndə mənim indiki
yaşımdan 4-5 yaş cavan idi ki... Mənə
isə o vaxtlar elə gəlirdi ki, Habil Əliyev yaşlı
bir kişidir. Amma o zaman Habil Əliyev bəlkə
də həyatının ən gözəl, pik
vaxtlarını yaşayırdı. O vaxt Habil
Əliyevin cəmi 57 yaşı var idi. Kişi
üçün 57 yaş nədir ki?... Heç nə. Habil Əliyev
toyda qollarını qartal kimi açaraq oynayırdı.
O zaman Habil Əliyev üzünü bizə tutaraq gözəl
bir tost dedi. Dedi ki, ay oğlum, ay qızım, bir-birinizə
arxa olun, bir-birinizə həyan olun, bir-birinizə inanın. İnam bu dünyada ən böyük məsələdir.
Sonra üzünü gəlinə tutaraq:
- Kişi
- kişidir. Kişi çox şey edə bilər.
Kişi haqqında çox sözlər deyərlər.
Sənin yanında oturan oğlan haqqında da
çox sözlər deyəcəklər, çünki o,
atasının oğludur. Sən isə bircə kəlmə
söz de: mən heç nəyə inanmıram, mən bu
sözlərə inanmaram.
Həmin toyda Azərbaycanın sərvəti, səhnəmizin
şöhrəti Şövkət Ələkbərova da
iştirak edirdi. İndi dəqiq yadımda deyil,
Şövkət xanım ya oğlunun elçiliyini edib, ordan
birbaşa bizim toya gəlmişdi, ya da qızının
"hə"sini verib gəlmişdi. Dəqiq
xatırlamıram. Amma bilirəm ki, nəsə evində
xeyir iş var idi. Buna baxmayaraq toya gəlmişdi.
"Heç elə şey olar ki, mən
qardaşım oğlunun toyunda iştirak etməyim?"
Sonra mikrofonu alaraq, Habil Əliyevin sözlərinə
qüvvət kimi, "Mən bu sözlərə inanmaram"
mahnısını oxudu.
Bu xatirə yaddaşımdan gəlib keçdikcə,
gözlərim dolub-boşalırdı. Özümü
saxlaya bilmirdim. Hönkürürdüm.
İndi Habil də bu dünyadan
köçdü. Mən isə bu sözlərə
inanmıram. Yox, Habil Əliyev ölə
bilməz.
Ah...
ölüm haqdır. Əlbəttə, bir
gün gələn bir gün də gedər. İnandım, ya inanmadım. Amma
mənim üçün bir məsələ çox
maraqlıdır. Yaxşı deyək ki, o biri dünya
deyilən bir yer var. Bəlkə də var. Hərçənd...
Və həmin o biri dünya deyilən yerdə, atam Habilin
qarşısına çıxıb: "Ay Habil, sən bizim bu haqq
dünyasına xoş gəlmisən" - deyəndə
Habil, atamın üzünə baxdımı? Atam ona salam verəndə o, atamın salamını
aldımı? Axı atam Habili 7 il tək
qoymuşdu. Axı Habil demişdi ki, əgər
məni bu dünyada tək qoysan, başın
üçün üzünə baxmaram. Bəs
görəsən necə oldu? Nə isə... Bu, bir sirrdir.
Allah Sənə
rəhmət eləsin, Habil! Qəbrin nurla dolsun!
Minsk, 2015-ci
il
İsfəndiyar VAHABZADƏ
525-ci qəzet.-
2015.- 24 senttyabr.- S.7.