Dərddaşım dağlar

 

 

Poeziyamızın inkişaf yolunda məsafə daşlarından olan şair Məmməd Aslan haqq dünyaya köçdü.

 

İllərdən bəri "525"də davamlı yer verilən, şeirləri, yazıları ilə qəzetimizdə tez-tez çıxış edən usta qələm sahiblərindən olub Məmməd Aslan.

 

Hər zaman redaksiyanın qapısını ona çox yaraşan ərklə, ağayanalıqla açar, özünəməxsus koloriti, isti-işıqlı aurasıyla qonağımız olardı. Vəfatı xəbərini dərin kədərlə qarşıladıq, qiymətli söz adamlarımızdan, ədəbiyyat cəfakeşlərimizdən daha birini itirməyin hədsiz hüznünü yaşadıq.

 

Şairin zəngin poetik yaradıcılığından bu nümunələri yenidən işığa çıxarmaqla onun böyük irsinə və ruhuna sonsuz ehtiramımızı bir daha ifadə edir, Tanrıdan Məmməd Aslana qəni-qəni rəhmət diləyirik. 

 

 

Sizsiz yaşamağım - zindan əzabı;

Əgər yaşadığım yaşamaqdısa...

Fələklə könlümün qəmxarlığı var,

Göylərin gözündən yaşım axdısa.

 

Çiçək açmalıydı daşda diləyim;

Çiynimə qonmamış uçdu mələyim.

Hansı mərtəbədən, məqamdan deyim,

Təmələ hördüyüm daşım axdısa...        

 

Mənimlə danışdı dağın hər daşı;

Sirr tutan dağların Məmməd - sirdaşı.

Bir kömək ummadan dərdini daşı,

Məqsədin dağ yükü daşımaqdısa.

 

Ürəyə ismarıc

 

Cənnət Dəlidağda böyütdüm səni:

Çeşmələr başında, güllər içində.

Ulular ruhundan fışqırıb gələn

Bayatı mayalı dillər içində.

 

Çəmini tez qurdum ərşi-fələklə;

Pərvazın uyuşdu göydə mələklə;

Köksünə sığmayan bir dağ ürəklə

Necə bəxtəvərdim ellər içində.

 

Mənim dolub-daşan nəfəsim idin;

Ləşkərlər pozmağa sən bəsim idin!

Dünyam batar olsa, qəvvasım idin;

Naçar qoyma məni yollar içində...

 

Sözün xətrinə

 

Üçəm nida ilə bitirdim sözü,

Ölgün deyilən söz sədasız qalar.

Ədalı işlərdə çəki-düzən var,

Mitillər, məğmunlar ədasız qalar.

 

Sözü söz kimi de, hədəfə çatsın.

Arif kimsələrin döşünə yatsın!

İldırım çaxırsa, bir daş qopartsın,

Təsirsiz deyilən nidasız qalar.

 

Ömrüm bir gündən kəm olur-olsun!

Nakəslər qəsdimə cəm olur-olsun!

Kimsəyə baş əyməm, kim olur-olsun!

Gedərəm, imanım xətasız qalar!

 

Yerində

 

Eldən aldığımı geri qaytarsam,

Görəsən, qalar sözün yerində?!

Gözün giləsini çalsalar əgər,

İşartı tapılmaz gözün yerində.

 

Xalqdan aldığımız göz işığıdı!

Zülmətin bağrına bir söz şığıdı!

Hər təşbih kəlamın yaraşığıdı! -

Bir şüa görər yüzün yerində.

 

Aldığımız kəlmə əgər vacibdi,

Min-min ağlın süzgəcindən keçibdi!

İncədi, zərifdi, demək: nəcibdi,

Özdən öz tapılmaz özün yerində!

Gərək götürdüyün halalın olsun:

Yerinə düşməsə, ha ləlin olsun!..

Bir sancaq taxarsan, hal əlin olsun;

Yoxsa kül taparsan közün yerində.

 

yaman bozartdın üzünü, qafil;

Azarsan, yolunu, izini, qafil!

Sən qurda tapşırdın quzunu, qafil:

Quzun yoxa çıxıb; küzün yerində.

 

Əməl, sahibinə aynadı elə:

Sarsıldı təməllər, oynadı elə...

Dünya, Nuh gördüyü dünyadı elə:

Əyrini fırladar düzün yerində.

 

İlham da, əslində, bir zirək quşdu:

Pərvaz öyrətdinsə, zirvəyə tuşdu!

Kiminsə suçundan iqlim qarışdı:

Qış tüğyan elədi yazın yerində.

 

Məmməd Aslan, yenə bu, gileydi?!

Yetmişində hələ bostanın göydü:

Hansı kəlmə qəfil qəlbinə dəydi:

Kövrəldin qoşmanın həzin yerində...

 

Rübailər

 

Düşünmə: səninlə ta bitdi dünya;

İnsansız xaraba tabutdu dünya.

Cındırlı pir gördüm yol kənarında;

Qoynu-qoltuğuyla yaqutdu dünya!

 

lll

 

Bu dağların o üzündən yaz gəlməz;

O yaza qoşulub ötkəm saz gəlməz.

vaxtadək ərş üzündən baxacaq?!

Laçınqaya çimçəşməsə, səs gəlməz!..

 

 

Məmməd Aslan

525-ci qəzet.- 2015.- 24 sentyabr.-S.8