Azərbaycan mədəniyyətinin təbliğinə
dəyərli töhfə - "Doxsan imza"
Bu yaxınlarda yazıçı,
publisist Təranə Vahidin "Doxsan imza (Mədəniyyət yazıları silsiləsi)
kitabı işıq üzü görüb. Kitabda son illərdə
"Mədəniyyət" qəzetində çap olunmuş mədəniyyətimizin
müxtəlif sahələrini
əks etdirən maraqlı müsahibələr,
reportajlar, araşdırma
yazıları toplanıb.
Telli Pənahqızı qələmə
aldığı önsözdə
kitabın əhəmiyyətini
vurğulayıb: "...Bu kitabın
gələcək nəsillər
üçün bir sorğu, məlumat mənbəyi olacağını
əvvəldə də
qeyd etdiyimdən təkrar-təkrar bu fikri qabardaraq söyləyirəm ki, bizdən sonra gələnlər bir vaxt Azərbaycan mədəniyyətinin inkişafını
öz töhfələrini
vermiş insanları tanımaq istəyəndə
uzağa getməyəcəklər,
bu kitaba toplanmış məqalələr
öz dolğunluğu
və fakt bolluğu ilə onların gözü qarşısında XX əsrin
əvvəllərində bünövrəsi
dahi Üzeyir bəy Hacıbəyli tərəfindən qoyulan
professional musiqi mədəniyyətimizin
inkişafında və
təkamül tarixində
xidməti olan bir sıra sənətkarlar
barədə məlumatları
sərgiləyəcək, Azərbaycan
milli teatr sənətinin fədailərinin
bir qismi ilə tanışlıq imkanı yaradacaq, aşıq-ozan sənətimizin
beşiyi başında
dayanmış azman saz və söz
xiridarlarımızın ömür
yolunu vərəqləyəcəklər".
Kitabdakı materiallar "Musiqinin
işığı", "Teatr və kino",
"İncəsənətin rəngləri", "Əbədi
uçuş" və
"Ruhumuzun memarları"
bölümlərində təqdim
edilib.
"Şərq musiqisinin peyğəmbəri" yazısında
görkəmli xanəndə
Cabbar Qaryağdıoğlunun
həyat yoluna nəzər salınıb,
sənətkarla bağlı
əfsanələşən xatirələr qələmə
alınıb: "XX əsrin
əvvəlinədək Azərbaycan
xanəndələri farsdilli
şeirlərlə muğam
melodiyalarını ifa
etmək ənənəsinə
riayət edirdilər.
Bu ənənəyə görkəmli Azərbaycan
xanəndəsi Cabbar Qaryağdıoğlu son qoydu.
Muğamların Azərbaycan
dilində ifası bütün Güney Qafqazda ənənəyə
çevrildi... Onun 30-dan çox
mahnısı Üzeyir
Hacıbəyli, Müslüm
Maqomayev tərəfindən
nota salınıb. Opera
və operetta yazan bəstəkarlarımıza Cabbar
Qaryağdıoğlu yaxından
kömək göstərib.
Cabbar Qaryağdıoğlu təkcə
elə tarzən Qurban Pirimovun müşayiəti ilə
300-ə qədər mahnı
və təsnif oxuyub".
"Tanıdığımız qədər
tanımadığımız maestro" yazısında dünya şöhrətli dirijor Niyazinin həyat və yaradıcılıq
yolundan söz açılıb: "Dahilər
sona kimi dərk olunmur. Sağlığında olduğu kimi,
elə ölümündən
sonra da çətin ki, kimsə maestro Niyazini sona qədər anlayacaq. Ancaq onun sənəti qarşısında baş
əyənlər həmişə
olacaq..."
"Adil İsgəndərov
teatrı xalqa sevdirə bildi. Tamaşaçı
onun simasında sənət və sənətkarların əlçatmaz
olduğunu hiss etdi. Adil İsgəndərov aktyoru
adilikdən qeyri-adiliyə
kimi yüksəldə
bildi. Bütün bu uğurların
arxasında isə Adil İsgəndərov şəxsiyyəti dayanırdı.
Onun şəxsiyyətinin,
böyüklüyünün sayəsində o dövrdə
Azərbaycan teatrının
bir çox görkəmli aktyorları
repressiya qurbanı olmaqdan xilas ola bildilər".
Bu fikirlər "Bir əsrə sığmayan Adil İsgəndərov" yazısındandır.
"Səhnəmizə gülüş
və təbəssüm
gətirən Sabit Rəhman" başlıqlı
yazıda dramaturqun yaradıcılığı incələnib:
"Onun tamaşaları səhnəmizə
yeni nəfəs, yeni mövzu və sağlam gülüş gətirdi.
Onun komediyalarının dadı,
duzu, istiotu qədərində, ölçüsündə
oldu. O, hər zaman sevildi... 70 ilə yaxındır ki, səhnəmizdə
"Toy" çalınır, "Xoşbəxtlər" "Aydınlığ"a
çıxır, "Nişanlı
qız"ların "Hicran"ına
son qoyulur, Allah bilir, bəlkə neçənci
dəfədir ki,
"Əliqulu evlənir".
Bütün bunlar "Yalan"
deyil. Həqiqət budur ki, Sabit Rəhman olmasaydı, bu ədəbi incilərin heç biri olmayacaqdı. Bütün
bunlarsız Azərbaycan
səhnəsinin nə
qədər kasad olduğunu təsəvvür
etmək isə o qədər də çətin deyil... Bu gün də
Sabit Rəhmanın tamaşaları sevə-sevə
baxılır, Şəki
Dövlət Teatrı
onun adını daşıyır".
"Mənə yarımçıq
azadlıq verincə, bütöv ölüm ver, İlahi" yazısında mərhum şair Eldar Baxışın yaradıcılığı
yada salınıb:
"Eldar Baxış
poeziyamızın həmişəyaşıl
Eldar şamıdır.
Həyatı boyu heç
kimdən, heç nədən zərrəcə
də olsa, qorxub-çəkinmədən yazdı. Duyduqlarını
yazdı, düşündüklərini
yazdı, istədiklərini
yazdı..."
"Xocalı faciəsinin
izləri ədəbiyyatımızda"
araşdırması da
diqqətçəkən yazılardandır. Müəllif mövzu ilə bağlı Nurəngiz Günün "Xocalı
simfoniyası", Qəşəm
Nəcəfzadənin "Xocalı
mövsümü fevral",
Ələmdar Quluzadənin
"Şəhid şəhər",
Ələkbər Salahzadənin
"Xocalı xəcilləri",
Ədalət Əsgəroğlunun
"Dərdimizin qan rəngi" poemalarından,
eləcə də Səriyyə Müslümqızının
"Qar üstünə
qan yağdı", "Ümid olmasa ölərəm" (ingilis
dilində), "Ölümündən
o yandakı Xocalı"
kitabları haqqında
söz açıb.
"Böyük sivilizasiyanın
beşiyi-Qobustan abidələri"
haqqında maraqlı faktlar yazıda öz əksini tapıb: "Dünya tarixçilərinin ümumi
rəyinə görə,
Qobustan petroqliflərinin ən
qədim hissəsi bəşəriyyətin inkişafının
ilkin çağlarında
yaranıb. Sadəliyinə və primitivliyinə
baxmayaraq, bu rəsmlər ibtidai insanın özünüifadə
vasitəsi kimi olduqca qiymətlidir. Bu rəsmlərdə heyvan təsvirləri, balıq ovu, məişət səhnələri,
kollektiv rəqslər,
müxtəlif rəmzlər,
o cümlədən, fəza
cisimləri, Günəş,
bürclər əks olunub".
"Ruhumuzun memarları" bölümündə toplanan
yazılar oxucuları
klassik aşıqlar -Dirili Qurbani, Miskin Abdal, Abbas
Tufarqanlı, Sarı Aşıq, Xəstə Qasım, Ağ Aşıq, Aşıq Alı, Aşıq Ələsgər, Növrəs
İman, Aşıq Hüseyn Bozalqanlı, Aşıq Pəri, Aşıq Hüseyn Şəmkirli, Yəhya bəy Dilqəm, Aşıq Bəsti, Qaracaoğlanın söz dünyasına aparır.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.- 2015.- 24 sentyabr.- S.6.