Məni şair yetişdirib zəmanə...

 

ƏVƏZ QURBANLININ YARADICILIĞI HAQDA DÜŞÜNCƏLƏR

 

 

 

Əvəz Qurbanlının əruz vəznində yazdığı  şeirlər məni həmişə  heyrətləndirib. Bu qədər əruza bələdlilik, vəznin enerjisini  hiss eləmək bacarığı məni çox düşündürüb. Hələ o, qədər  şairlərə əruzu asan bir yolla  mənimsədib. İndi onlar  Əvəzi öz ustadları hesab edirlər.

 

Əvəz əruzu kimdənsə öyrənməyib, onun qanındadır.  Bəs əruz vəzni  Əvəzin beyninə, düşüncəsinə haradan gəlib? Çünki onun doğulduğu məkan əruz şeir ənənəsindən xeyli uzaqdı. Bəs necə olur ki, Muğan torpağında  doğulub boya-başa çatan Əvəz əsasən Şamaxı satirik ədəbi məktəbinin davamçısı kimi əruzda satirik şeirlər ya qəzəllər yazır? Özü gözəl yazır.

İstedadın irsi keçməsi amilini önə çəksək, deyə bilərik ki, Əvəzin qanındakı şeiriyyat, ona babasının vətəni olan şairlər ariflər alimlər məskəni Ərdəbil mahalından süzülüb gəlib. Lakin hər bir halda, Əvəz Qurbanlı Muğan torpağındadır, Saatlı rayonunda doğulub. Bu yerlərin  abı-havası Saatlı ilə kürək-kürəyə verən İmişli rayonunun yetirməsi kimi mənə çox doğmadı.

 

Mən Muğan  torpağını  çiçək-çiçək, turac-turac, meh-meh oxumağa başladım, qalın bir kitab kimi. Xüsusən səhərlər, səhərin açılmasına  az vaxt qalanda üzümü havaya tutub qəribə bir səhra uğultusunu  dinlədim. Elə bildim  bu çöldən uzun  bir  dəvə karvanı keçir əsən sərin meh həmin karvanın ləngəri, əruz vəzninin  həzəc bəhridir. Yadıma Xalq şairi Məmməd Rahimin "Leninqrad göylərində" poemasının proloqundan aşağıdakı misralar düşdü.

 

Ağarır dan yeri, ötür qumrovlar,

Min kərvan gələrək min kərvan gedir.

Arxayın-arxayın ötmə ətərsiz,

Deməsinlər halı pərişan gedir.

 

Bax, Muğan torpağının həm səhərində, həm axşamının ala-toranında   Əvəz Qurbanlının dünyasını  kəşf elədim.  Min illərdir Muğana Şirvan tərəfdən  əsən sirli möcüzəli  mehin ritmi əruzdur.  Çobanın avazı əruzdur, hüzür yerlərində arvadların ediləməsinin ritmində əruz var. Atların qaçışı, ceyranların uçuşu, torağayların səkməsi, Muğanı əkib-becərən insanların -suçuların suyu əkinə müəyyən ritmlə verməsi balaca ot tayalarını müəyyən ritmlə yabalara taxıb qaldırması, ağır tayları 3 dəfə yelləyərək bir, iki, üç deyərək  maşınlara, atlara yükləmələrinin  ritmində əruz elementləri çoxdur. Başa düşdüm ki, Əvəz Qurvanlı şeirinin bələyi elə bu yerlərdə biçilib.

 

Əvəzin əruzu başqalarından seçilir, deyək ki, Bakıda, Şamaxıda Lənkəranda yazıb-yaradan şairlərin əruz şeirlərindən  tamamilə fərqlidir. Məncə, bu ritm daha çox Qarabağın klassik ədəbi məktəbindən su içir ordan qanad açır. Amma  Əvəzin ən çox öyrəndiyi yer  Şamaxı ədəbi məktəbidir, S.Ə.Şirvaninin, M. Ə Sabirin, Təbrizdən M.Ə. Möcüzün Baba Pünhanın  şeir məktəbinə yaxın olan Əvəzin  şeirləri  Muğan çöllərinin ətrinə bürünərək yeni bir rəng alır. Əvəzin satirik şeirlərinin əsasında satirik ruhlu əruz şeirləri dayanır.  Hətta o lirik qəzəl, şeir yazanda belə, satira ovqatında olur. Çünki Əvəzin əvvəldən köklənmiş şeir ritmu bunu tələb edir.

 

Bu dünyaya açan zaman gözümü,

Şair təbli hiss etmişəm özümü.

Əqidəmi, ürəyimi, sözümü,

Bir-birilə tutuşdurub zəmanə -

Məni şair yetişdirib zəmanə!

Mən güləndə dərd üzünü göstərib,

Qılıncdan da sərt üzünü göstərib.

Zərbəsinin bəzisini göstərib,

Bəzisini ötüşdürüb zəmanə -

Məni şair yetişdirib zəmanə!

                     ("Məni şair yetişdirib zəmanə")

 

Əslində bu şeir satirik şeir deyildir. Bəs niyə oxunuşu satiranı xatırladır. Adam  oxuduqca hiss  edir ki, növbəti bəndlərdə  məsələ daha da kəskinləşəcək.  Çünki  satira  həmişə zəmanə ilə bağlı olduğundan  artıq oxucu fikri başqa istiqamətə yönəlir.  

 

Əvəz  Qurbanlı haqlı olaraq deyir ki, məni  şair yetişdirib zəmanə. Çünki Əvəzin şairlik istedadında dominatlığı həmişə satira oynayır əsas obraz zamanənin özüdür.

Amma Əvəzin həyata baxışı birmənalı deyil. Çox mənalılıq onu daha dəqiq təyin edir. Onun satirik ya başqa şeirlərinin quruluşunda bir dramaturgiya, ssenarilik  cəhətləri özünü göstərir. Əvəz yazırsa, hər şeydən əvvəl, onun səhnə quruluşunu da fikirləşir.

 

Uyquda gördüm ki, taraz yatmışam,

Yüz kərə əhsən mənə, saz yatmışam!

 

Dəysə yüzlərlə təpik, durmaram,

Öylə dəyib bircə qapaz, yatmışam!

 

Uyquda Allah yetirər ruzimi,

Eyləmişəm razü niyaz, yatmışam!

 

Dəstəmazım varsa, ibadətdəyəm,

Xəlq qılan vaxtı namaz, yatmışam!

                                        ("Yatmışam")

 

Özünün etiraf etdiyi kimi, o sevgi şeirinə satira qatır. Bəzən bu, daxilən, hissin davamı kimi gəlir. "Saz" şeirinə fikir verin. Xalq ruhunu ifadə edən saz Əvəzin ifasında əruz təfiləsi ilə tərənnüm olunur.

 

Bu səsdir, hansı qüdrətdən alıb ilham saz?

Kim, onun sehrindən əhvalım qılıb bir cam, saz!

Açmaq olmaz sirrini sazın, əgər imkan ola,

Mümkünatilə çəkər çox müşkilə əncam saz.

                                                            ("Saz")

 

Bütün bunlar onu göstərir ki, Əvəz irfandan tutmuş bu gunün modern şeirinə qədər hazırlıqlı adamdar. Daim öyrənən, müşahidə edən, klassik ədəbiyyata dərindən bələd olan şairdir. Əvəz satirik şeirlərində olduqca müasirdir. Son dövrlərdə, demək olar ki, hər bir şeydə populyarlıqa işlədilən "Dəstək" sözünə şair yeni bir naxış vurub bədii sözün qüdrəti ilə onu  yeni bir aspektdə gündəmə gətirir.

 

Dəstək, düzü, istər ki, bulardan biri qalsın,

Kim razı olar öz rəqibindən geri qalsın?

Qoymaz Rza heç bunlar üçün "əl yeri" qalsın,

Məxmər qapılar üstə görüb "məxməri" dəstək!

Bunlar da gərəkdir tapalar bir iri dəstək!

                                                           ("Dəstək")

 

İxtisasca hüquqşünas olan  Əvəz, elə bil bədii sözdə   bu missiyanı layiqincə yerini yetirir. Klassik şairlərin hüquqlarını ədəbi sözə sədaqəti ilə qoruyur. O daim klassiklərdən ehtiyatla özü şagird kimi öyrənir.

 

ANS-in "Qulp" verilişində satirik şeirləri, bəhri-təbilləri ilə  tamaşaçaları heyrətləndirən Əvəz birdən-birə irfan şeirinin  dərinliklərinə baş vurur, orda da biliyi, savadı, təcrübəsi və  istedadı ilə  könülləri  nurlandırır.

 

Azıb nə küfrə getdin, ey Həqiqət axtaran bəşər,

Azaldı aldığın cavab, çoxaldı verdiyin sual...

 

Əvəz irfana baş vurur  və bəzən görürsən ki, ordan ya nəğmə ilə geri dönür, ya da çox maraqlı bir nəsr əsəri ilə. Onu da qeyd edim ki, heç vaxt irfandan heç bir şair kənarda qala bilməz. Çünki bütün şairlər bu yolda doğulubdur.

 

Əvəz  dövri-mətbuatda  elmi- publisistik məqalələri ilə  müntəzəm çıxış edir. Lirik şeirlərinə mahnılar bəstələnib. "Zastava, silaha!" adlı tammetrajlı bədii film ssenarisi 2010-cu ilin avqust ayında Dövlət Sərhəd Xidməti tərəfindən təşkil edilən müsabiqənin qalibi olub.

 

Əvəzin şeir, qəzəl, satira, roman yazmasının mərkəzində istedad dayanır. Onun "Canlı dirəklər" romanını  bir neçə günə oxudum. Gözlərim önündə başqa bir aləm açıldı. Elə  bil romanın müəllifi  satirik şeirlər yazan Əvəz deyildi. Tamamilə başqa bir dil, təfəkkür, düşüncə sərgilənir bu romanda. Sərhəd həyatı yadda qalan, inandırıcı bir dillə təsvir edilir. Vətənpərvərlik duyğuları və ən əsası bu duyğularda peşəkarlıq məsələləri romanın əsas ideya xəttini təşkil edir. Əsərdə şairin öz obrazı da var: əsgər Qurbanov. Yuxarıda qeyd etdiyim kimi  Əvəzin yaradıcılığında dramaturgiya, ssenarı  elementləri üstünlük təşkil edir. Burda xüsusi vurğulamaq istərdim ki, "Canlı dirəklər" romanından maraqlı bir film çəkmək olar.

 

Əvəz Qurbanlı bu yaxınlarda  ölkə prezidentinin sərəncamı ilə "Tərəqqi" medalına layiq görülüb. Əlbəttə, bu, onun ictimai fəaliyyətinə, ədəbi, publisistik yaradıcılığına verilən əsas qiymətdir.

Mən şair dostuma yeni-yeni yaradıcılıq uğurları arzulayıram. 

 

 

Qəşəm NƏCƏFZADƏ

525-ci qəzet.- 2015.- 29 sentyabr.- S.8.