Milli mətbuatda Mirzə Cəlal Yusifzadənin rolu və "Həqiqəti-əfkar" qəzetinin yeri

 

 

 

Azərbaycanın milli mətbuatının yaranmasında təşəkkülündə Həsən bəy Zərdabi, Səid, Cəlal Kamal Ünsizadə qardaşları, Əlimərdan bəy Topçubaşov, Məhəmməd ağa Şahtaxtlı, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov, Haşım bəy Vəzirov, Əliabbas Müznib b. işıqlı ziyalılar, mütəfəkkir qələm sahibləri ilə çiyin-çiyinə xidmət göstərən, iz qoyan, həyat yaradıcılığı təəssüf ki, yetərincə araşdırılmayan, çağdaş oxucu auditoriyası üçün mübhəm görünən milli düşüncə sahiblərimizdən biri şair, publisist, mütərcim Mirzə Cəlal Yusifzadədir.

 

Onun babası, soyadının qaynaqlandığı Mirzə ağa Yusif Qarabağda, İbrahim xanın sarayında müdrik şəxsiyyət, alim şair kimi rəğbət qazanmışdır. Atası Axund Hacı Mirzə Ələkbər ağa Yusif oğlu Şuşada milli ruhlu maarifpərvər, yüksək təhsilə malik, ərəb, fars türk dillərini mükəmməl bilən xeyirxah ziyalı nüfuzlu şəxsiyyət kimi tanınırdı. Qarabağın əsilli-nəcabətli soylarının birindən pərvəriş tapan Mirzə Cəlal Yusifzadə haqqında ilk dəfə yığcam səhih məlumata Azərbaycan ədəbiyyatında mədəniyyətində şair, təzkirəçi musiqişünas-alim kimi yer alan Mir Möhsün Nəvvabın 1892-ci ildə (hicri 1310) hazırladığı "Təzkireyi-Nəvvab" kitabında rast gəlirik. Onun doğum tarixi, məşğuliyyəti xarakteri haqqında M.M.Nəvvab yazırdı: "Cənab Axund Mirzə Cəlal Axund Hacı Mirzə Ələkbər oğlu Qarabağ vilayətinin əhalisindəndir. 1277-ci ildə anadan olmuş, hal-hazırda 33 yaşı var. Xoşqamət, xoşxasiyyət xoştəbiət bir cavandır. Özünəməxsus gözəl xasiyyəti var. Qarabağ üləmalarındandır. Kermanda cənab Hacı Məhəmməd xan bin Hacı Kərim xan bin Zəhir əd-dövlət İbrahim xan Qacarın hüzurunda on il elmləri təhsil etmişdir. Bəzən türkcə farsca şeirlər yazır. Şeirləri, pərakəndədir, divanı yoxdur. Aşağıda yazılmış şeirlər o cənabın təbindəndir. 1310-cu ilin rəbbi-ül-əvvəl ayında öz dəsti-xətti ilə yazmışdır" (M.M.Nəvvab. "Təzkireyi Nəvvab", Azərbaycan nəş., 1998, s.367).

 

Bu yığcam məlumatda Mir Möhsün Nəvvab bir neçə məqama tam aydınlıq gətirib. Bəzi müəlliflər (tədqiqatçı-jurnalist Fazil Rəhmanzadə, musiqişünas Firidun Şuşinski, filologiya elmləri doktoru, professor Nazif Qəhrəmanlı, tanınmış tacik tarixçisi Numoncan Qafarov, tacik jurnalisti Əlfiyyə Bəşirova b.) Mirzə Cəlal Yusifzadənin doğum tarixini 1861 ya 1862-ci il göstərsələr Nəvvab təzkirəsində birmənalı olaraq hicri-qəməri tarixi ilə 1277, yəni miladi ilə 1859-cu il yazmışdır. Başqa sözlə Mirzə Cəlalın 1892-ci ildə 33 yaşı olduğu təzkirədə qeyd edilmişdir. Bu qaynaq bizə məlum olan mənbələrdən birincisi ən mötəbəridir.

 

Digər xatırlatma M.C.Yusifzadənin təhsili ilə bağlıdır. Ədibin oğlu Alim Yusifzadənin xatirələrində atasının "İran İraqda 7 il təhsil görərək Şuşaya axund kimi qayıtdığı" vurğulasa da Mir Möhsün Nəvvabın məlumatı - İranın Kerman şəhərində "...İbrahim xan Qacarın hüzurunda on il elmləri təhsil et"məsi daha səhih inandırıcıdır.

 

İbtidai təhsilini Şuşada atası Axund Hacı Mirzə Ələkbərdən alan onun sayəsində ərəb fars dillərini mükəmməl mənimsəyən Mirzə Cəlal Kermandan qayıtdıqdan sonra pedaqoji fəaliyyətlə, məktəbdarlıq işləri ilə məşğul olmağa başlayır. O dini elmlərə dərindən yiyələnsə , daha çox dünyəvi elmləri tədris təbliğ edirdi. Anadilli dərsliklərin olmadığı bir zamanda bu boşluğu doldurmaq üçün səy göstərirdi. Qori Müəllimlər Seminariyasının müfəttişi, görkəmli pedaqoq, maarifçi Aleksey Osipoviç Çerniyayevskinin Tiflisdə, 1881-ci ildə Ünsizadə qardaşlarının mətbəəsində nəşr etdirdiyi "Vətən dili" (28 səh.) istisna olunarsa  Mirzə Cəlal Yusifzadənin üç il sonra eyni ünvanda çap etdirdiyi "Hesab" (Axund Cəlal. "Hesab", Tiflis, "Kəşkül" idarəxanası, 1884, I hissə, 28 səh.) adlı kitabı ilk milli dərsliyimiz sayıla bilər. Qafqaz Canişinliyinin senzura idarəsi "Hesab"ın nəşrinə 14 yanvar 1884-cü ildə icazə vermişdir. Kitabın üz qabığında yazılmışdır: "Hesab. Əsəri Axund Cəlal. Qisme-əvvəl. Bu risalə qəvaidi-ərbəəi-hesabiyyəyə (hesabın dörd qaydasına - A.R.) şamil olub mübtədi (ibtidai-A.R.) müsəlman şagirdlərinə məxsusdur. "Kəşkül" idarəxanəsi təb və nəşr etmişdir. Tiflis - 1301".

 

Müəllif ibtidai məktəblər üçün hazırladığı dərsliyi zəruri məlumat və müqəddimə ilə təhciz etmişdir. O, "Cəlal" imzası ilə dərsliyin başlanğıcında yazırdı: "Bizim müsəlman məktəblərində fənni hesab təlim olunmuyor. Onun səbəbi dilimizdə mübtədilərə (başlayanlara, ibtidailərə - A.R.) məxsus bir kitab olmamağıdır. Elmi hesabə olan ehtiyacımızı gizlətmək olmaz. Çünki bizim övladımız məktəbdən çıxıb ticarət ilə məşğul olurlar ki, ticarədə hesabı bilmək zəruridir.

 

Biz bu işkalı (çətinliyi) Şeyx Bəhaəddin Əliyye Rəhmənin ərəbi dilində təlif eylədiyi "Xülaseyi əl-hesab" ilə rəf edə bilmərik. O kitabı bizim tələbələrdən  müntəhiləri hezar məşəqqət ilə kitab yüzünə ögrəniyorlar. Onların elmindən dəxi bizə nə faidə? ... Ərəbcə yazılmış olan bir kitabı türkcəyə - öz madərzadi (anadangəlmə, doğma - A.R.) dilimizə nəql eyləmək müşkülmüdür? Fənni hesabı ərəblər öz dillərinə götürdükləri kimi biz də götürə bilərik. Bu mühüm əmrə şüru olunmaq bizim millət məktəblərinə nəzarət edən Baş Ruhani dairələrinin borcu isə də, biz onlara kömək vermək niyyətilə və millətimiz ətfalının nəfini mülahizə eyləməklə işə şüru edib bir neçə şərq və ərəb asarından xülasə bir "Risaleyi-Hesabiyyə" dilimizə nəql eylədik. Bu niyyət və zəhmətim əbnai-millətə (millət oğullarına - A.R.) faidəli olacağına əminəm".

 

Dərsliyin müqəddiməsində verilmiş bir neçə cümlə Mirzə Cəlalın millətsevər ziyalı, təəssübkeş maarif xadimi olması barədə dolğun təəssürat yaradır. Mətndə "kitabı türkcəyə - öz madərzadi (anadan-gəlmə, doğma - A.R.) dilimizə nəql eyləmək" ifadəsi xalqımıza "müsəlman", "tatar",  "tuzem" deyildiyi bir dövrdə doğma dilimizin türkcə olduğunu vurğulamaq böyük hünər və cəsarət tələb edirdi. Müqəddimənin sonunda "axund" titulundan imtina edərək yalnız "Cəlal" yazması, dərsliklərin hazırlanmasında "millət məktəblərinə nəzarət edən Baş Ruhani dairələrinin borcu" olduğunu xatırlatması, bu zəhmətin millətin övladları üçün faydalı olacağına əminliyini bildirməsi müəllifin mütərəqqi, maarifpərvər, milli ruhlu ziyalı olduğunu təsdiqləyən arqumentlərdir. Kitabın cildinə əvvəlinci hissə yazılsa da, dərsliyin növbəti hissələrinin nəşrinə təsadüf etmirik.

 

Müəllifin həmyerlisi Firidun Şuşinski yazırdı ki, M.C.Yusifzadə "...ərəb və fars dillərini mükəmməl öyrənmiş, 40 ilə yaxın müəllimlik etmişdir. Bundan əlavə Mirzə Cəlal ədəbi yaradıcılıq və musiqi ilə məşğul olmuşdur. ...Şeirlər, pyeslər yazmış, həm də tərcüməçiliklə məşğul olmuşdur. Mirzə Cəlal məşhur Saşa Oqanezaşvilinin "Fərhad və Şirin" operasının librettosunu yazmış, ...Mir Möhsün Nəvvabın musiqi məclislərində yaxından iştirak etmişdir (F.Şuşinski. "Şuşa", Bakı, Gənclik nəş. 1998, səh.255-256).

 

Göründüyü kimi, Mirzə Cəlal Yusifzadə çoxşaxəli fəaliyyət və yaradıcılıq istiqamətlərinə malik idi.

 

(Ardı var)

Asif Rüstəmli

 

525-ci qəzet.- 2015.- 29 sentyabr.- S.6.