BDU müəllimləri Türkiyədə
- I HİSSƏ
"Diqqət:
Əziz həmkarlar, hamınızı salamlayıram. Bildiyiniz kimi, 17-27 avqust tarixlərində Türkiyəyə
səfərimiz planlaşdırılıb. Sabah, 14 avqust
2015-ci il tarixində, saat 12:00-da
TİKA-nın ofisində Mustafa bəylə
görüşümüz nəzərdə tutulub. Saat 11:45-də
"Sahil" bağında yığışırıq.
Aynur Kərimova".
Bakı Dövlət Universitetinin Televiziya və radio
jurnalistikası kafedrasının müdiri, dosent Aynur Kərimova
WhatsApp-da yaratdığı "Turkey Team" qrupunda ilk
ismarıcına belə başlamışdı. Bəli, bu,
başlanğıc idi... Uğurlu, yaddaqalan,
unudulmaz, sonun ən isti başlanğıcı.
Deyilən tarix və saat. TİKA-nın ofisi.
Komandanın 15 nəfərlik üzvünın
hamısı görüşə hazırdır. Rəsmi
görüşün başlanmasına lap az
qalır. Proqramla tanış oluruq, gedəcəyimiz
ünvanları dəqiqləşdiririk, plan qururuq, təklif
veririk, irəli sürülən təklifləri dəyərləndiririk.
Və nəhayət
komandanın rəhbəri Aynur Kərimova: "Əziz müəllimlər,
hamınızı xoş gördük. Buraya
yığışmağımızın məqsədi
TİKA-nın xətti ilə gerçəkləşən
görüş öncəsi bəzi məsələləri
müzakirə etmək, Türk Əməkdaşlıq və
Koordinasiya Agentliyi Bakı Proqram Koordinasiya ofisinin koordinatoru
Mustafa Haşim Polatın xeyir-duasını almaqdır", -
deyərək rəsmi söhbətin girişini edir. Nümayəndə heyəti təqdim olunur.
Mustafa bəy BDU-TİKA əlaqələrindən, rektor Abel Məhərrəmovla
18 mart 2014-cü il tarixində keçirdikləri görüşün
nəticəsi olaraq Jurnalistika fakültəsində
telestudiyanın yenidən qurulması istiqamətində
görülən işlərdən, bu ilin fevral ayında bir
qrup tələbənin Türkiyəyə göndərilməsindən
və nəhayət 15 nəfərlik nümayəndə heyətinin
səfərindən danışaraq, onun uğurlu
olacağına əminliyini ifadə edir.
Rəsmi görüş yüksək əhval-ruhiyyədə
başa çatır. Çay süfrəsi müzakirələri
də pis getmir. Hər şey ürəkaçıcıdır,
cəlbedicidir, diqqətçəkəndir. Diqqət
çəkən həm də sağollaşıb
çıxmaq istəyərkən Turac Teyyubqızının
nəzərlərimizi çəkən qeydləridir:
"Əziz müəllimlər, həm
özünüzün, həm də kafedra üzrə tədris
olunan bütün fənlərin proqramlarını çap və
elektron formada götürməyi unutmayın. Nəzərə
alın ki, səfərimizin əsas məqsədi tədris
proqramlarını müzakirə etmək, fənlər
arasındakı uyğunluğu nəzərdən keçirmək,
Türkiyə modelini öyrənməkdir".
Bəs videokamera və fotoaparat?
Ramin Rzayevin ideyası hamının ürəyincə
olur. "Ağıllı telefon"larımız nə
qədər sözəbaxan və işəyarayan olsalar da,
Cabir Məmmədlinin sayəsində fotoaparat, Nəmənd
Rüstəmovun sayəsində isə videokamera işlərimiz
qaydasına düşür. Şəkillər öz
yerində, bu mükəmməl səfəri film etməmək
ən azından günahdır axı! Niyə də
dəyərləndirilməsin. Türkiyənin ən
köklü 3 dövlət və yeni qurulsa da, istər
maddi-texniki bazası, istərsə də kadr potensialı və
bütün təminatı ilə nüfuz qazanmış 4
özəl ali məktəbində olmaq niyə
lentə alınmasın? Axı, bu səfər təkcə 15
nəfərlik komanda üçün yox, fakültə, tələbələrimiz
və perspektiv üçün də maraqlı və
faydalı ola bilər!
"Bu,
universitet və fakültə tarixində yenilikdir"
Rektor,
akademik Abel Məhərrəmovun bu tarixi sözlərinə təkcə
biz yox, həm də ali təhsil
ocaqlarımızın flaqmanı olan Bakı Dövlət
Universiteti şahidlik edir. Rektor təcrübə mübadiləsi
baxımından faydalı hesab etdiyi səfərin tam
detallarını öyrənir, İstanbul, Ankara, Qazi,
Bahçaşəhər, Kadır Has, Yeditəpə, Başkənd
universitetlərinin Jurnalistika fakültələrində iş
və tədris prosesi ilə əyani
tanışlıqların, əldə olanan nəticələrin
fakültənin inkişafına təsirsiz ötüşməyəcəyinə
əminliyini ifadə edir, müəyyən tapşırıq
və tövsiyələr verir.
Nümayəndə heyətinin rəhbəri Aynur Kərimovanın
səfərin reallaşması üçün
yaratdığı şəraitə, verdiyi dəstəyə
görə rektora təşəkküründən sonra xatirə
fotosu çəkilir. Elə bu məqamdaca Abel müəllim bir daha tək-tək
hamıya yaxşı yol, xətasız səfər
arzulayır, "öyrənin və gəlin tətbiq
edin", - deyərək sağollaşır. BDU və
TİKA-nın əməkdaşlığı sayəsində
baş tutan, hər iki qurumun rəhbərinin xeyir-duası ilə
başlanğıcı qoyulan səfər öncəsi
növbəti informasiyanı alırıq:
"VACİB
İNFO: Bakı-İstanbul uçuş proqramında dəyişiklik
olub. Bu baxımdan hava limanında 1 saat gec, yəni 19:00-da
olmalıyıq. Dönüş isə
olduğu kimi qalır. Aynur Kərimova".
Təsdiqlər, razılıqlar, bir daha təşəkkürlər
öz yerində, ölkəmiz və universitetimizlə
bağlı hazırladığımız hədiyyələr,
kitab, buklet və digər bu kimi nüanslar bir daha dəqiqləşdirilir.
Vaxta, ismarıclara çox dəqiqliklə əməl
edilir. Deyilən
saat və hamı Heydər Əliyev adına
Hava Limanında. Qeydiyyata başlayırıq.
Ramin, Samir, Mübariz, Nəmənd, Mehriban, Aytən... Aynur
xanım koordinasiya edir və növbə 10 il
Jurnalistika fakültəsinin dekanı işləmiş,
hamımızın müəllimi, dosent Akif Rüstəmova
çatır. Adına bilet olmadığı
deyilir. Söz yox, bu, əhval-ruhiyyəmizə
təsir edir. Özü isə kefini də pozmur:
"Canınız sağ olsun, nə problem var. Uzaq
başı mənsiz gedəcəksiniz. Narahat
olmayın". Narahatçılığımıza
operativlik imkan vermir, Akif müəllim başda olmaqla, təyyarəyə
minik başlayır. Nəmənd kamerasının, Cabir
müəllim fotoaparatının, Turac və Mehriban hədiyyələrimizin,
Sevil və Sevinc xanım ac olub-olmamağımızın,
Əli müəllim əhval-ruhiyyəmizin, Aynur xanım isə
bütünlüklə hamımızın və hər
şeyin qayğısına qalır: "Hamı
burdadırmı, əyləşdinizmi,
narahatçılığınız yoxdur ki, soyuq deyil
ki?". Hər şey qaydasındadır.
Türk Hava Yollarının xidməti də, uçuş da,
münasibət də...
Gecəsi
də, gündüzü də gözəl, İstanbul!
"Dedik
axı, onu çox qoruma, gördün, qorxduğun
başına gəldi", - bütün nəzərlər Nəməndə
tərəf yönəlir. Komanda zarafat edir, o isə ciddiyə
alırdı: "Gərək ştativi baqaja verməyəydik.
Səhv etdik". Rəşad: "Müəllim,
o, sınmasın deyə daha rahat yerə veriblər. Bir az səbr edin. İtməsi
mümkünsüzdür". Bu
müzakirələrimiz də uzun sürmür. Ştativ də gəlir, 10 gün boyunca bizə
ayrılan avtobus da. Bələdçimiz Tural Əfəndiyevin
müşayiəti ilə Ayasofya, Top Qapı, Qapalı
Çarşı, Sultanahmət Camisi, Gülhanə parkı
kimi tarixi və turistik məkanda yerləşən Askoç
otelə üz tuturuq. İstanbul gözəl
şəhərdir. Bu gözəlliyi tərənnüm
edən o qədər məqamlar var ki, onun haqqında nə isə
yeni bir söz deməyin çətin olduğunu bilirik.
Sadəcə bir məqamı xatırlatmaq istərdik ki,
Türkiyənin ən böyük şəhəri, dəniz
portu, ölkənin sənaye-ticarət və mədəniyyət
mərkəzi olan İstanbul Bosfor boğazının sahillərində
və əfsanələrə görə yeddi təpə
üzərində qurulub, Roma,
Bizans və Osmanlı İmperiyalarının paytaxtı
olub. Şəhər iqtisadi böyüklük
baxımından dünyada 34, əhali baxımından bələdiyyə
sərhədləri nəzərə alınaraq edilən
sıralamaya görə Avropada, Moskvadan sonra, ikinci sırada gəlir.
Bu sıxlıq Atatürk Hava Limanından
başlayaraq Askoç otelə və orada olduğumuz, baş
çəkdiyimiz bütün məkan və yerlərdə
özünü göstərir. Lakin insan
çoxluğu və bəzən bu çoxluqdan irəli gələn
səliqəsizlik, İstanbulun gözəlliyinə, qədimliyinə,
rəngarəngliyinə xələl gətirə bilmir, əksinə,
ona sevgi hissini bir qədər də artırır.
"Xahiş edirəm, bayrağımızı düzəldin!"
18 avqust 2015. Proqrama uyğun olaraq, Bahçaşəhər
universitetinə getməliyik. Otelin
önünə yığışırıq. Burada dalğalanan bayraqlar arasında möhtəşəmliyi
ilə könül oxşayan, dünyanın ən gözəl
üç rəngli bayrağı - Azərbaycan
bayrağı da var. Xoş, təsirli və qürurverici səhnədir.
İstanbulun xarakterinə uyğun olaraq,
axşam yağış yağıb, külək də
öz yerində. "Bunlar təbii proseslərdir,
başa düşürük, külək edən səhvi
düzəltmək bizə qalır, xahiş edirəm, bayrağımızı
düzəldin", - deyir Əli müəllim. Otel qeydiyyatçıları dərhal reaksiya verir və
onsuz da gözəl olan bayrağımız ətrafı bir qədər
də gözəlləşdirir.
Yolumuz
Bahçaşəhərə...
"Hamınızı salamlayıram. Mənim
adım Bilgi Narin. Qazi Universitetinin
iletişim (Türkiyədə Jurnalistika fakültəsi belə
adlanır - P.İ.) fakültəsinin araşdırma görəvlisiyəm.
Proqrama uyğun olaraq, 10 gün müddətində
İstanbul və Ankarada sizə bələdçilik edəcəyəm".
Azərbaycanda olmasa da, ölkəmizi və
insanlarımızı çox sevir Bilgi xanım. Ayrıca İstanbul və Ankaranı çox gözəl
tanıyır. Keçdiyimiz bütün məkanlar
və olduğumuz bütün yerlər haqqında müfəssəl
məlumat verir. Tatsızlıq yaşamayaq
deyə, çantalarımıza və əşyalarımıza
daha diqqətli olmağımızı isə xüsusilə
tövsiyə edir. Onun maraqlı söhbətləri
və tanıtımları ilə Bahçaşəhər
Universitetinin İletişim fakültəsinə
çatırıq. Bizdən fərqli
olaraq Türkiyədə universitetlərin demək olar ki, hər
bir fakültəsi ayrıca binada, binalar isə şəhərin
müxtəlif və bir-birinə çox da yaxın olmayan
ünvanlarında yerləşir. Sinema və Televiziya,
Reklamçılık, İctimaiyyətlə Əlaqələr, Kommunikasiya Dizaynı, Foto və
Video, Yeni Media adlı 5 bölüm, 1800 tələbə ilə
fəaliyyət göstərən fakültə 8 mərtəbədən,
ibarətdir. Hər bölüm, o cümlədən
laboratoriya, studiya, akt zalları, dekanlıq və pedaqoji heyət
üçün nəzərdə tutulmuş otaqlar ayrıca
mərtəbələrdə yerləşir. Bahçaşəhər tələbəsinin
öyrəndiyi nəzəri bilikləri bu universitetdən kənara
çıxmadan belə özünün TV, Radio, Foto, Sinema
studiyalarında tətbiq etmək kimi böyük imkanı
var.
Digər
bir tərəfdən Türkiyənin dövlət universitetlərindən
fərqli olaraq, özəl universitetlərin iletişim
fakültələri nəzəri ağırlıqlı yox,
təcrübi yönümlü dərslərə
üstünlük verir və dərslər əsasən həmin
universitetin özünün radio, televiziya, foto, reklam, dizayn
studiyalarında tədris olunur. Bütün
bunlara rəğmən, Bahçaşəhər universitet-mətbuat
işbirliyinə üstünlük verir, onun təkliflərini
və gələcəkdə necə bir iletişimçi ilə
işləmək istədiklərini nəzərə alaraq
işini qurur. Son məqsədi texnoloji
ünsiyyət mühitinin dinamikasına hakim, yeniliklərə
meyilli, vizyonlarıyla gələcək formalaşdıran
iletişimcilər yetişdirməkdir. “Habertürk”
qəzeti ilə gerçəkləşdirilən layihə də
belə təkliflər nəticəsində reallaşıb və
Türkiyədə ilk universitet-mətbuat projesi kimi tarixə
düşüb. Belə ki, fakültənin
3-cü və 4-cü kurs tələbələri bəzi təcrübi
dərsləri adıçəkilən qəzetdə, bəzilərini
isə qəzet əməkdaşları tərəfindən
universitetdə öyrənməli olurlar. Layihə
gözlənildiyindən daha çox effekt verib və həmin
tələbələrin dərs müddətində
aldıqları tapşırıqlar nəticəsində
hazırladıqları materiallar “Habertürkün” manşetinə
qədər gedib çıxıb.
"Sizinlə
görüşmək xoş və faydalıdır..."
Bahçaşəhər
Universiteti İletişim fakültəsinin dekanı, professor Fatoş Adiloğlu belə deyir. Dekan və
onun müavinləri Hasan Kemal Suher, Tolqa Hepdinçler,
"Kommunikasiya Dizaynı" ixtisasının müəllimi
Tanzer Ercanpolat, "Yeni Medya" ixtisasının müəllimi
Leyla Bektaşın iştirakı ilə kiçikdən-böyüyə
bütün məsələlər müzakirə olunur, təcrübə
mübadiləsi edilir, gələcək əməkdaşlığın
perspektivləri barədə söhbət açılır. Fatoş xanım deyir ki, əlimizdəki
bütün bilgiləri sizinlə paylaşmaq, universitetlərarası
əlaqələrdə körpü rolunu oynamaq istərdik.
Sağ olsunlar, paylaşırlar, bizim üçün yeni olan
istiqamətlər barədə məlumat verir və müvafiq
məlumatlarla təmin də edirlər. Maraqlı, məzmunlu
və son dərəcə faydalı olan görüş
studiyalar, sinema zalları, dizayn və foto otaqları,
auditoriyalarla tanışlıqla və bir də 8-ci mərtəbədə
İstanbulun gözəl görünüşünü
özündə əks etdirən xatirə fotosunun çəkilişi
ilə başa çatır...
"Mənə
Bakının küləyini gətirdiniz"
Hər sonun maraqlı bir başlanğıcı var.
Unudulmaz sonluqla bitən Bahçaşəhər
görüşü və möhtəşəm
qarşılanma ilə uzun müddət
yaddaşlarımızdan silinməyəcək TRT İstanbul
Radiosundakı başlanğıc kimi. 7 il TRT-nin ölkəmizdəki
təmsilçiliyinə rəhbərlik etmiş, hazırda
TRT İstanbul müdiri kimi fəaliyyət göstərən
Abdulhamit Aşvarın gözlərindəki sevinc,
çöhrəsindəki məmnunluq gizlədilməyəcək
qədər aydın idi. "Azəri türkcəsi
üçün çox darıxmışdım, sizlər mənə
Bakının küləyini gətirdiniz", - deyərək
nümayəndə heyətini qarşılamaqdan son dərəcə
məmnun görünür. Ölkəmizi
tanıdığından, Bakını və bütün
bölgələri yaxşı bildiyindən xatirələri
də çox, sualları da, təmkinlə dinləməyi də...
Tatlı yeyəlim, tatlı konuşalım
Yeməsək belə şirin danışırıq, zatən. Hər kəsə ayrı-ayrılıqda təqdim edilən tatlılar nümayəndə heyətinə olan hörmətin, dəyərin əlaməti idi əslində. Minnətdarlıq hissi təkcə Abdulhamit bəyin simasında yox, komandamızın hər bir üzvünün davranışında, danışıqlarında, mimikalarında idi. Bunu sezmək çox da çətin deyildi. Söhbətimiz o qədər maraqlı idi ki, şirin xatirələrdən nə vaxt ayrılıb TRT haqqında məlumatın içinə düşdüyümüzün fərqində də deyildik. Bir də o vaxt fərqində olduq ki, TRT 1964-cü il 1 may tarixində qəbul edilmiş qanuna əsasən yaradılıb, 1990-cı illərin əvvəllərində ilk özəl televiziya və radio kanalı yayına başlayana qədər Türkiyədə yeganə radio-televiziya teleradiokanalı kimi fəaliyyət göstərib. Türkiyədə mövcud olan televiziya kanalları arasında ən çox xəbərlər və xəbər proqramları yayımlayan televiziya kanalıdır, TRT 1, TRT Çocuk, TRT Arabca, TRT Müzik, TRT World, TRT Avaz, TRT Spor, TRT Haber, TRT Türk, TRT Okul, TRT Bölgəsəl, TRT Kürdi, TRT Diyanet və.s kimi televiziya və 12 radio kanalı var, 31 dildə bütün dünyaya yayılır. Bu qurumun 10 minə yaxın işçisi var ki, onların 2000 nəfəri İstanbulun payına düşür.
Maraq və qabiliyyət!
TRT-nin çoxsaylı projeləri, müsabiqələri var. Bizim üçün ideyası TRT Baş direktorluğu tərəfindən irəli sürülən "Gələcəyin jurnalistləri" müsabiqəsi daha cəlbedici olur... Və öyrənə bilirik ki, 4 bölüm və 16 kateqoriya üzrə keçirilən müsabiqənin qalibinə TRT-də təcrübə üçün şərait yaradılır. Bu qurumun qapıları təcrübəyə gələn bütün iletişimçilər üçün açıqdır. Lakin təklif kimi 2 əsas şərt var: maraq və qabiliyyət. Bu isə TRT-yə yox, təcrübəyə gələn jurnalistlərə daha çox lazımdır. Uğurun açarı burdan başlayır əslində. Abdulhamit bəyin göstərişi ilə studiyalarla tanışlığımız başlayır. Türk Xalq Musiqisinin ifa olunduğu və üzərinə Mustafa Kamal Atatürkün "Bir ulusun yeni dəyişikliyində ölçü, musiqidə dəyişikliyi ala bilməsi, dərk edə bilməsidir" sözləri yazılmış studiyadan başlayan tanışlıq digər bütün studiyaları, o cümlədən, TRT İstanbul Kənd radiosunu əhatə etməklə və canlı efirdən salamlanmaqla başa çatır. Sabahın, yəni 19 avqust 2015-ci ilin ilk gündəliyini də Abdulhamit bəy müəyyənləşdirir. TRT İstanbul Televiziyası...
Pərvanə İbrahimova
Bakı-İstanbul-Ankara-Bakı
525-ci qəzet.- 2015.- 29 sentyabr.- S.4.