Milli mətbuatda Mirzə Cəlal
Yusifzadənin rolu və "Həqiqəti-əfkar"
qəzetinin yeri
(Əvvəli ötən sayımızda)
Mirzə Cəlal Yusifzadə çoxşaxəli fəaliyyət
və yaradıcılıq
istiqamətlərinə malik
idi. Onun növbəti
kitabı - "Qumar, şərab və aidiyyatı sairənin müzərrətlərini göstərən
risaləsi "Nəhyi
münkər" adı ilə Tiflisdə 1905-ci ildə böyük demokrat Mirzə Cəlilin və Ömər Faiqin "Qeyrət" mətbəəsində
nəşr olunur. Tərbiyəvi mövzuda, zərərli
adətlərdən bəhs
edən, Cəlal Yusifzadə imzası ilə işıq üzü görən, 46
səhifəlik bu nəşr "Qeyrət"in
buraxdığı ilk kitablardan
idi. Müəllif
risaləsinin yığcam
girişində yazırdı:
"Bu müxtəsər risalədə
qumar, şərab və sair aidiyyatın
fəsad və zərərlərindən sadə
türk dilində söyləyəcək istədiyimizdən
bəzi ayati şərifə (şərəfli
ayələr - A.R.) və
əxbari səhihənin
ərəbi əl-ləfz
və əl-ebare zikrindən sərf-nəzər
edib, fəqət məzmunlarını türkcə
yazmağa iktifa edirik (kifayətlənirik).
Niyyətimiz isə türk dilinə və üslubuna aşina olanları tənbih (oyatmaq) etməkdən ibarət olub, bəlkə də gənc uşaqlarımıza
təlimi səhl olub, qumar və
şərab və sair aidiyyati müzərrənin məfsədələrinə
alim olmağı mələkə (vərdiş-A.R.)
həddinə yetişdirməkdir"
(Cəlal Yusifzadə. "Nəhyi
münkər", Tiflis, "Qeyrət" mətbəəsi,
1905, s. 2).
Müəllif məramnaməsində vurğuladığı
kimi kitabın yazılmasında və nəşrində niyyəti
türk gənclərini
mənəvi saflığa,
sağlam həyat tərzinə dəvət
etmək, zərərli
vərdişlərdən uzaqlaşdırmaqdır. Üç
fəsildən ibarət
olan "Nəhyi münkər" kitabında
da Mirzə Cəlal Yusifzadə maarifçilik məsləkinə
sadiq qalırdı.
Onun "Rəşəhati-Nəbəviyyə"
(Fəxri-Kainat, xatəmül-ənbiya)
kitabı isə (Bakı, Orucov qardaşları mətbəəsi,
1910, I cild, 88 səh.)
dini mövzuda yazılmış, ərəb
dilindən tərcüməsidir.
Dahi bəstəkarımız
Üzeyir Hacıbəyovdan
sonra Mirzə Cəlal Yusifzadə opera librettosu yazan ikinci tanınmış sənətkardır. Onun Şeyx Nizami
Gəncəvinin "İsgəndərnamə"sinə
müraciət edərək
"Fərhad və Şirin" (Bakı, Orucov qardaşları mətbəəsi, 1911, 32 səh.)
adlı əsər yazması zəmanəsinin
böyük hadisəsinə
çevrildi. Mirzə
Cəlal Yusifzadənin
"Fərhad və Şirin" librettosu əsasında tarçalan
Mirzə Zeynalla hazırladığı opera haqqında
hələ 1910-cu ilin
oktyabr ayında "Kaspi", "Zakavkazskoye obozreniye" qəzetlərində
məlumatlar dərc olunmuşdur. "Yeni həqiqət" qəzetinin
21 fevral 1911-ci il sayında verilən məlumata əsasən Cəlal Yusifzadənin "Fərhad
və Şirin" operası "Martın
6-da oynanılacaq və
musiqişünaslar həmin
opera üçün Asiya
nəğmələrindən ibarət musiqi yazmışlar"/
"Yeni həqiqət"in digər sayında isə "Fərhad və Şirin" operasının ilk dəfə
1911-ci il 6 mart tarixində
Nikitin qardaşlarının
sirkində tamaşaya
qoyulması, Fərhad
rolunu Cabbar Qaryağdıoğlunun, Şirin
rolunu isə Cəmil Nəcəfovun ifa etməsi xəbəri verilmişdir.
Bu faktlar təsdiqləyir
ki, "Fərhad və Şirin" operasını milli musiqiyə dərindən bələd olan Mirzə Cəlal hələ 1910-cu ildə tarçalan Mirzə Zeynalla hazırlamış,
F.Şuşinskinin Saşa
Oqanezaşvilini operaya
şərik etməsi
həddindən artıq
şişirdilmiş məlumatdır.
M.Ə.Rəsulzadə "Fərhad və Şirin" operası haqqında "İqbal"
qəzetində çap
etdirdiyi resenziyasında
(1914, 20 yanvar) Mirzə
Cəlal Yusifzadəni
"münəvvər bir
alim və vaseh məlumata sahib bir şərqşünas"
adlandırırdı.
M.C.Yusifzadənin sonuncu çap kitabı 1912-ci ildə Mirbabayevin "Zarya" mətbəəsində nəşr
etdirdiyi "Ata - baba nəsihətləri" (16 səh)
adlı, uşaq və gənclər üçün tərbiyəvi
mövzuda qələmə
aldığı əsəridir.
Tədqiqatçı-jurnalist Fazil Rəhmanzadənin
"Buxaroyi-şərif"in redaktoru" məqaləsində
(Bax: "Adın yadigar qalsın", Baki, "İşıq"
nəş., 1986, səh.
38-45) Ağababa Yusifzadənin
1912-ci ildə çap
olunmuş "Həyatın
qəhri altında, yaxud xainin sonu"
(Həyati həqiqətdən
götürülmüş aşiqanə bir romandır) adlı kitabının Mirzə Cəlal Yusifzadəyə
aid etməsi adi məntiqə, real faktlara söykənmir və mülahizə tamamilə əsassızdır.
Bu sətirlərin müəllifinin
ədibin nəvəsi,
texnika üzrə fəlsəfə doktoru, Azərbaycan Neft Akademiyasının dosenti Alina xanım Yusifzadə ilə söhbətlərindən məlum
oldu ki, Mirzə Cəlalın bu günədək çap olunmayan zəngin ədəbi irsi ailə arxivində mühafizə
olunmaqdadır. XIX əsrin sonu, XX yüzilliyin əvvəllərində
yazıldığı güman
edilən, həcmi bir neçə ümumi dəftərdən
ibarət olan, əsasən qəzəl janrında yazılmış
klassik bədii nümunələr qədim
və zəngin ənənələrə malik
ədəbiyyat tariximiz
üçün müstəsna
əhəmiyyət kəsb
edir.
Etiraf olunmalıdır
ki, Mirzə Cəlal Yusifzadənin ədəbi, bədii və ictimai fəaliyyəti, mətbuat
sahəsindəki xidmətləri,
bədii-publisistik yaradıcılığı
ayrıca tədqiqata möhtacdır. Onun "Həyat", "İrşad",
"Tazə həyat",
"İttifaq", "Hilal",
"Asari-həqiqət", "Sədayi-həqq" və
b. qəzetlərdə C.C.Y, Cəlal Qarabaği, Cəlal Yusifi, Mirzə Cəlal Yusifzadə və digər imzalarla çıxış etməsi
məlumdur. Mirzə Cəlalın 1911-1912-ci illərdə Bakıda ana dilində nəşr etdiyi "Həqiqəti-əfkar" (Fikirlərin
həqiqəti - A.R.) qəzetini
onun mətbuat sahəsindəki fəaliyyətinin
ən yüksək məqamı kimi dəyərləndirmək olar.
Azərbaycan arxivlərində
bir nömrəsi də tapılmayan bu mətbuat orqanının tam dəsti
akademik İsa Həbibbəylinin maddi və mənəvi dəstəyi ilə Rusiya Dövlət Arxivinin Sankt-Peterburq Filialından bu sətirlərin müəllifi
tərəfindən gətirilərək
AMEA Nizami adına
Ədəbiyyat İnstitutunun
arxivinə təhvil verilmişdir.
Mirzə Cəlal Yusifzadənin müdirliyi və sahibi imtiyazlığı (redaktorluğu və naşirliyi) ilə "Həqiqəti-əfkar" qəzetinin ilk sayı 1911-ci il 29 oktyabr tarixində, şənbə günü, Bakıda Nikolayevski küçəsində yerləşən Tağıyevin Qız məktəbinin (indiki AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun - A.R.) altında, Orucov qardaşlarının elektrik mətbəəsində o vaxtın leksikonu ilə desək "təb edilmişdir". Qəzet A-2 formatlı, dörd səhifəlik, həftədə bir dəfə işıq üzü görən "siyasi, ədəbi, fənni, ictimai və iqtisadi türkcə" mətbuat orqanı idi. Birinci sayın ilk səhifəsinin əsas bildirişində müdir və sahibi imtiyaz oxucularına üz tutaraq yazırdı: "Həqiqəti-əfkar". Oktyabr ayının 29-dan etibarən həftədə bir dəfə şənbə və müsəlman bayramlarının sabahı günləri "Həqiqəti-əfkar" qəzetəsi nəşr olunacaqdır. Elm və ədəbdən bəhs edən məqalələr üçün qəzetəmizin səhifələri açıqdır" ("Həqiqəti-əfkar" qəz., Bakı, 1911, 29 oktyabr, ¹ 1, səh. 1).
Mirzə Cəlal Yusifzadə qəzetin məram və məqsədini ilk nömrənin baş yazısında belə bəyan etmişdir: "H.Ə" (Həqiqəti-əfkar - A.R.) intişarından əsl məqsədimiz Qafqaz türk həmvətənlərimizə məlumat verməkdir. Siyasi, iqtisadi, ictimai, əxlaqi, ədəbi... hər qism məqalələrə vərəqələrimizdə yer vardır. Şəxsi qərəzdən xali, ədəb dairəsindən xaric olmaqdan ari hər günə məqalələr və əxbar dərc olunacaqdır.
Möhtərəm ədib, mühərrir və alimlərdən rica olunur ki, bizim bu müxtəsər vərəqparəmizin islahına məxsus bəzli-itaət buyursunlar. Bir mətləbdə səhvlərimiz və xətamız olursa göstərmək ilə bizi xoşhal eyləsinlər" ("Həqiqəti-əfkar" qəz., Bakı, 1911, 29 oktyabr, ¹ 1, səh. 1).
Bu bir neçə cümlə qəzetin və onun redaktorunun demokratik dəyərlərə sadiqliyini, cəmiyyətin maariflənməsi yolunda məşəqqətlərə dözümlülüyünü, həqiqətin, doğrunun söylənilməsində inadcıllığını təcəssüm etdirən çox açıq bəyannamədir. Burada xalqına xidmət etmək istəyən jurnalistin, mühərririn yüksək "əfkarı"ı və əxlaqi dəyərləri ön plana çəkilir, şəxsi qərəzlər üçün vərəqparələrdə yer tapılmayacağı bildirilir. "Həqiqəti-əfkar"ın birinci səhifəsində "C" imzası ilə yer alan bu yazı qəzetin tutacağı yolu nişan vermişdi.
(Ardı var)
Asif Rüstəmli
525-ci qəzet.- 2015.- 30 sentyabr.- S.6