Məhəmməd Hadi
irsinə təkrar qayıdış ehtiyacı
VƏ YA BÖYÜK ƏDİBİN KİTABLARINDA YER ALMAYAN İKİ YARADICILIQ NÜMUNƏSİNƏ DİQQƏT
İyirminci əsr Azərbaycan
ədəbiyyatının məşhur
nümayəndələrindən Məhəmməd Hadinin
(1879-1920) ədəbi irsinin
nəşri və tədqiqi sahəsində çoxsaylı işlər
görülsə də,
qarşıda duran vəzifələr də az deyil. Xüsusən
mütəfəkkir ədibin
nəsrlə yazdığı
əsərlərin, çoxsaylı
ədəbi-tənqidi və
publisist məqalələrinin
toplanılıb çap
edilərək müasir
oxuculara çatdırılmasına
ehtiyac var.
Ayrıca
vurğulamaq gərəkdir
ki, M. Hadi novator bir sənətkar
olaraq ədəbiyyatımızda
mənsur şeir janrının təşəkkülündə
böyük xidmətlər
göstərib. Onun
1908-ci ildə Bakıda
"Kaspi" mətbəəsində
çap etdirdiyi "Firdovsi-ilhamat" kitabında
"Düşündüklərim" başlığı altında
verilmiş mənsur şeirləri ədəbiyyatımızda
bu janrın ilk uğurlu nümunələridir.
Həmin mənsur şeirləri biz 2005-ci ildə
"Azərbaycan" jurnalının
4-cü sayında ilk dəfə
çağdaş oxuculara
çatdırmış, bir
il sonra "Azərbaycan mənsur şeirinin təşəkkülü"
monoqrafiyamızın "Əlavələr"
bölümündə də
dərc etdirmişik.
Faktlar göstərir ki, Məhəmməd Hadinin mənsur şeirləri bunlarla məhdudlaşmır.
Bakıda çıxan
"Tərəqqi" qəzetinin
1 aprel 1909-cu il tarixli sayında romantik ədibin "Aydınlıq gecə"
adlı daha bir mənsur şeirinə rast gəlirik. Bu mənsur şeirdə təbiət
başlıca qayənin
təcəssümündə bir bədii fon rolunu oynayır.
Müəllif səmada
Ayın (Qəmərin)
parlaq işıq saçmasından, sonra isə batmasından söz açır, lakin buna təəssüflənmir.
"Çünki müvəqqəti
parlayıb sönən
həqiqət şayani-məhəbbət
deyildir". Romantik ədib azadlığın
ötəri yox, əbədi nur saçan Ayına məftunluğunu, sevgisini
izhar etməklə hürriyyətpərvər mövqeyini
bir daha ortaya qoyur.
M. Hadinin Bakıda çıxan "Səda"
qəzetinin 21 yanvar
1910-cu il tarixli sayında "Düşünmüşdüm"
rubrikasında dərc
etdirdiyi "Duman süpürgəsi" adlı
əsəri də dərin ictimai mündəricəsi və
bədii-emosional gücü
ilə seçilir. M.Hadi irsinin tanınmış tədqiqatçısı
İslam Qəriblinin də vurğuladığı
kimi, bu əsəri "məqalədən
çox mənsur şeir adlandırmaq doğru olardı".
"Duman süpürgəsi"
əsəri maraqlı
bir detal üzərində qurulub. Müəllif yazır ki, Türkiyə qəzetlərinin birində
bir ingilis ixtiraçısının gəmilərin
hərəkətinə mane olan dumanı dağıtmaq üçün
"Duman süpürgəsi"
adlı alət icad etdiyini oxuyub.
Şərq "ixtiraçılarının"
isə ancaq xalqı avamlıqda saxlayan vasitələr icad etdiklərini kədərlə sadalayan azadlıqsevər ədib bu düşüncələrin
sonunda arzu edir ki, kaş
Şərqin cəhalət,
xurafat dumanını aradan qaldıra biləcək belə bir alət də
ixtira olunaydı...
Göründüyü kimi, hər iki əsərdə
müəllifin hürriyyət,
istiqlal və tərəqqi barədə
romantik arzuları öz bədii ifadəsini tapıb.
Təvəllüdünün 135 illiyi arxada qalan görkəmli
sənətkarımız Məhəmməd
Hadinin həmin əsərləri sonralar onun kitablarına daxil olunmayıb. Bunu nəzərə alıb onları hörmətli oxuculara təqdim edirik.
Məhəmməd HADİ
AYDINLIQ GECƏ
(mənsur şeir)
Qəmər, şu fanusi-səmavi
Şərqin üfüqündən,
təzə düşmüş
mələkəyi-hürriyyət kimi parlaq, dilrüba,
nəzərfirib xəndeyi-ənvarı
yağdırıyordu. Getdikcə
səmanın o fəzayi-heyrətəfzası
kainatın qəlbinə
doğru irəliliyor,
irəlilədikcə parlıyor,
gözəlləşirdi. Kitab
təbiətin ayeyi-nuru
təfsir edən bu lövheyi-beyza füsahət və tilaqətli bir lisan ilə gecənin guşi-sükunnümasına
qarşı qələmin
ifadə edəməyəcəyi
lahuti nəşidələr,
şeirlər oxuyordu.
Həqiqəti söyləməyə həsud olmayan könlüm, o əşari-bədieyi-qəməriyyəni
şeirsevən əhbaba
təqdim edəmədiyindən
naşi pək məhcub oldu. Elə bir qüdrəti-qələmiyyəyə
malik olsaydım ki, hər gördüyüm
mənaziri-təbiiyyəni vərəqlər üzərində
təsvir edə bilsəydim. Fəqət!
Əvət, könlüm utandı.
Doğrusu, könlüm
deyil, fikrimi, hissimi tutan şəbrəngi
utansın ki, məni, məkəsi-ənvar
olan könlümü
qaranlıq tərbiyələr
içində bəsləmiş,
böyütmüşdür.Odur ki, tərbiyəmizdən daha qaranlıq bulunan əndami-siyəhfam
sərairi-ayineyi-idrakımızda təcəlli etməyə
tənəzzül etmiyor.
lll
Qüvveyi-firuzərəng fəzanın mavi və layətənahi
qucağında oynayan
ümidlər, əməllər
kimi qərbə tərəf enmiş, batmaq istəyirdi. Bir an ol məğruri-nuri-camalı
olan kimi sönük, sararmış,
fərsiz çöhrəsilə
guya ki, son vidasını ərzə
fırladırdı. Daha
bir az sonra
o fərifteyi-hüsn və
ani bulunan qəmər bizim göydən çəkilmiş,
saheyi-qərbin məzari-şəşədarına
düşmüş. Artıq
görünməyirdi.
Necə
oldu? Öldümü?
Bunların nuru müvəqqəti
olduğunu bildiyimdən
qəmərin üfuluna
çox da təəssüf etməmişdim.
Çünki müvəqqəti
parlayıb sönən
həqiqət şayani-məhəbbət
deyildir. Mənim sevdiyim, layiqi-pərəstiş
gördüyüm bir
dilbər gündən-günə
təzyidi-nur edərək
qocaldıqca cavanlaşmalıdır,
işlədikcə kəskin
olmalıdır.
O nədir? Bilirmisiniz?
Hürriyyətin parlaq qəməri!
Ey qəməri-hürriyyət!
Mən səni istərəm, sevirəm. Sən nə göy qəmərləri kimi məhkumi-zaval və nə də yer qəmərləri məsəlli məsturül-camalsan.
Sən həm açıq və həm də baqisən.
Yaşa
ey liqayi-məksufi-bəqa!
"Tərəqqi"
qəzeti, 1 aprel 1909, ¹ 67, səh. 2
DUMAN
SÜPÜRGƏSİ
Hala
xatırlayıram. Dörd-beş il bundan irəli Türkiyə
mətbuatında belə bir söz gözümə
ilişmişdi. İngilis müxtərelərindən bir zat qəribə
bir alət ixtira etməyə müvəffəq olmuşdur.
Məlum
olduğu üzrə, dumanlı günlərdə gəmilərin
sürət hərəkəti nöqteyi-məqsuduna doğru
irəliləməsi bir çox müşkilata düçar
oluyor. Və bəzən də təhlükələrə məruz
qalırlar. Gəminin önü və ətrafı dumanlarla
örtüldükdən ahəstə-ahəstə və son dərəcə
ehtiyatkaranə təhriki-çərx etməyə məcburdur.
Məzkur müxtərenin aləmi-mədəniyyətə
yadigar buraxdığı bu aləti-növ icadısa, istər
gəmi, istər gəmiçiləri bir müşkilati-əzimədən
xilas etmək xidmətini görə biləcəkdir.
Nasıl?
Aləti-müxtəriə dumanlı günlərdə, sisli
havalarda gəminin ön tərəfinə nəsb ediləcək,
nəşri-ziya etməklə, pişgahi-əməldə
duran dumanları süpürəcəkdir. Dəryanın səthi-lacivərdisini
üç-dörd kilometro aydınladaraq yol göstərəcək.
Bundan naşi seyri-səfain (səfinələr) bir növ
müşkilatdan qurtarmış olacaqdır. Hal və
istiqbalın simayi-safını bürümək mötadı
bulunan dumanlara mübarizə edən bu alət rahnümayi-bəhriyyun
üzünü güldürmüş, məzhəri-təqdir
olmuşdu.
İştə
"Duman süpürgəsi" dediyimiz aləti-qəribənin
xasiyyətini öyrəndik.
Mən bu
həvadisi oxuyarkən belə düşünərək
ümman xəyala batmışdım.
Qərbdə
həqiqiyyun hər vaxt belə xariqə, belə növ icad aləti-nafiə
meydana qoyaraq cəmiyyəti-bəşəriyyəyə
böyük-böyük xidmətlər göstərir.
İnsaniyyəti özlərinə minnətdar edirlər.
Tarixi-aləmin ən şanlı səhifələrində, ən
parlaq sətirlərində (xadimi-bəşəriyyət-böyük
insan) ünvanı ilə adlarını insali-müstəqbələyə
yadigar buraxıb gediyorlar. Bundan artıq
böyüklüyün bundan artıq mübcəl nə fəziləti
ola bilər?
Şərqimizdə
dumanlı, qaranlıq, Şərqimizdə isə "Xəyaliyyun",
"İlhamiyyun", "Ustadlar" nə ixtira etmiş və
ediyorlar? Gündə min xürafat, gündə min xüliya
"icad" edə gəldikləri xərrafələr
dafeyi-zülmət deyil, calibi-zülmətdir. İxtira edə
gəldikləri xüliyalar əzhanı təğlit, əfkarı
təsmim etməkdə ingilis həkiminin aləti-münəvvərəsindən
daha artıq məzhəri-mövqeiyyət olur.Hər bir
xürafeyi-növ icadları qaranlıq əhali tərəfindən
daha parlaq alqışlanır. Ümman həyatın, dəryayi-məişətin
istiqbalını açdığına daha da dumanladır.
Daha zülmətlərə qərq edirlər.
Fikirlərindən
qalxan işlər, sislər, dumanlar, qaranlıqlar Şərqimizin
ətrafını, önünü elə dəhşətlə
bürüyür ki, səthi-şölədari-istiqbalını
görmək imkan xaricində qalır. Bu səbəbdən səfineyi-həyatımız
istiqaməti-əsliyyəsini itirir, nerəyə gedəcəyini
bilməyir. Üfüqi-tutqun nöqteyi-məqsud napeyda bədbəxt
gəmiçilərin, imdadsız sərnişinlərin
dodaqları bu nəşideyi-yəsəngiz ilə mütərənnim:
Qaranlıq
bir gecə, müdhiş ləpə, qorxunc bir dərya,
Qarada kəndi
yüngül yük bizim əhvalı bilməz, ya.
İştə
"Xəyaliyyun" bu rəhbərani-xüsran icad etdikləri
qaranlıq xərafələrlə Şərqililərin səfineyi-həyatını
bu dumanlar ilə, bu qaranlıqlarla nerəyə sürükləyir,
nerəyə gətirirlər,əcəba? Nerəyə gətirəcəklər?
Limani-ədəmə, cəzireyi-inqiraza! Şərq müxtərelərinin
zülamı ancaq-ancaq belə yol göstərə bilər.
İnqiraz isə izmihlalə dəlil olmağa bütün mənası
ilə müstəiddirlər. Bu da istedaddır. Ya!
Düşünürdüm
ki:
"Duman
süpürgəsi" icad etməklə bəhriyyunu (dənizçiləri)
şad edən bir ustad çıxsa da, bir alət icad etsə,
fəqət nasıl alət?
Öylə
bir alət ki, Şərqilərin afaqi-idrakını
dumanlatmış o xürafələri, o xüliya sislərini
birdən-birə süpürsəydi, biz də istiqbalı
görsəydik, səfineyi-həyatımızı
sahili-salamata çıxarmağa müvəffəq
olardıq. O böyük müxtəre də aləmi-insaniyyətə
böyük bir xidmət etmiş olurdu. Böylə bir aləti-xüliyanın
icadını Şərqilərin idrak siyahisi
üçün bütün mövcudiyyətim ilə təmənna
edirəm.
Bu kimi alətin
icadı daireyi-imkandamıdır? İştə məsələ!
Mən
böylə düşünmüşdüm. Siz də
başqasını düşününüz!
"Səda"
qəzeti, 21 yanvar 1910, ¹ 17, səh. 3
Hüseyn HƏŞİMLİ
Filologiya üzrə elmlər doktoru, Əməkdar elm xadimi
525-ci qəzet.-
2015.- 6 yanvar.- S.6.