İkinci atəş
(hekayə)
Avtobusda rahatca oturub pəncərədən su kimi
axıb arxada qalan mənzərələri seyr edə-edə
yol getməyin də özünün bir gözəlliyi,
romantikası var. Hərdən gözlərini yumursan, xəyalın
cilovsuz at kimi baş alıb ucsuz-bucaqsız səhralara
doğru çapdıqca çapır. Bir azca da
kövrəlirsən, nostalji hisslərə qapılırsan.
Belə duyğulu vaxtlarımızda iç
dünyamızın açıq qalmış
qapısından astaca içəri keçir, günbəgün,
saatbasaat yaşadığımız ömrün günlərini
kitab kimi vərəqləyib, gah ötən illərə
qayıdır, gah da qabağa sıçrayaraq gələcək
həyatımızı gözlərimiz önündə
canlandırırıq. Budur, mən də bu
gözəl anları yaşaya-yaşaya, asfalt yolda
şütüyən avtobusun pəncərəsindən ətrafı
seyr edə-edə ölkənin paytaxtına tələsirəm.
Bakıya tərəf uzanan bu yolların hər
qarışına bələdəm. Çünki
neçə illərdir yollardayam, get-gəldəyəm.
Şəxsi işlərimin arxasınca ora-bura
qaçmaqdan yoruluram. Amma bu dəfə şəhərə
gedişim tamam başqa bir iş üçündür. Yəqin ki, oxucuların da heç bundan xəbəri
yoxdur. Özü də əvvəlki illərdən
fərqli olaraq, indi hərbi formadayam.
Ermənilər torpaqlarımıza hücum edən
vaxtdan şəhərdəki iş-gücümü atıb,
el-obamı yağılardan qorumaq üçün
könüllülər taboruna üz tutdum. O vaxtdan yerim barıt və
ölüm qoxuyan, od püskürən səngərlər
oldu. Neçə illər əvvəldən
yola çıxmış ömür qatarım birdən-birə
relsindən çıxıb səmtini dəyişdi, həyatımın
od-alova bürünmüş günləri başlandı.
Qanlı döyüşlərdə iştirak
etdim, qorxmadan vuruşdum. İndi məni
Bakıya zabitlik kursunda oxumağa göndərirlər. Əvvəllər də komandir bunu mənə təklif
etmişdi, amma onda razılaşmamışdım. Fikirləşmişdim ki, müharibə bu
gün-sabah başa çatar, formanı əynimdən
çıxarıb geriyə - neçə illərdən bəri
işlədiyim zavoda - isinişdiyim kollektivə qayıdaram.
Elə
ilk günlərdən hiss olunurdu ki, yeni yaranan ordumuzda zabitlər
çatışmır, xüsusilə ixtisaslı kadrlara
böyük ehtiyac var idi. Bunu nəzərə alan
komandanlıq bilikli, ali təhsilli, qorxmaz və diribaş əsgərləri
zabitlik kursuna göndərirdi. Bu çətin
günlərdə zabitlərə ehtiyac duyulduğunu görəndən
sonra kursa getməkdən imtina etmədim. Budur,
indi mən əmri yerinə yetirmək üçün həvəslə,
ürəyimdə min bir arzu çələngi, hərb sənətini
öyrənmək marağı ilə şəhərə
üz tutmuşam.
Zabitlik kursuna xeyli əsgər cəlb olunmuşdu. Qısa
müddət ərzində burada hərbi bilikləri öyrənib
xidmət etdiyimiz hərbi hissəyə
qayıtmalıydıq. Mən mühəndis-istehkamçı
olmaq istəyirdim. "Olmaq istəyirdim"
deyəndə ki, elə istehkamçı idim. Amma biliyim, təcrübəm çox deyildi. Əməliyyatlar zamanı minaları basdıranda və
ya zərərsizləşdirəndə yaman əziyyət
çəkirdim, bəzənsə lap çaşıb
qalırdım. Son günlər hiss edirdim ki, bilmədiyim
şeylər bildiyimdən çoxdur. Kursa gələndə
qarşıma məqsəd qoymuşdum ki, hərbi peşəni
dərindən öyrənəcəm. Kursun
rəisi polkovnik Niçenkonu görən kimi tanıdım.
Yaddaşımın dərinliyindən əsən
küləklər bir anın içində ötüb
keçənləri vərəqlədi, xatirələr
çözələnib qarşımda səhifələndi.
Polkovnik ötən il xüsusi
tapşırıqla taborumuza gəlmişdi, birlikdə əməliyyata
getmişdik...
Dərsin ilk dəqiqələrində dəhlizdə səs-küy
qalxdı.
Öyrəndik ki, kursun rəisi gələcəyin zabitləri
ilə tanış olmaq üçün tədris
otaqlarını gəzir. Bu dəqiqələrdə
fikirləşdim ki, görəsən, o məni tanıyıb
xatırlayacaqmı? Çox keçmədi
ki, polkovnik Niçenko bizim də sinfin qapısını
açdı. Bir-bir hamı ilə
görüşüb, hansı hərbi hissədən gəldiyimizlə
maraqlandı. Gözləmədiyim halda
polkovnik mənimlə köhnə tanışı kimi
görüşdü, bizim bölgədə gedən
döyüşlərlə maraqlandı. Sonra
hamımıza məsləhət gördü ki,
ixtisasımızı yaxşı öyrənək,
bacarıqlı zabit olaq, döyüşlərdə qorxmadan
vuruşaq. Niçenko başqa millətdən
olsa da, ürəyi, qəlbi ilə bizə bağlı idi.
İstəyirdi ki, ordumuz güclü, qüdrətli
olsun, tez bir zamanda erməniləri məhv etsin. Onun dediyi sözlər bizi daha da
ruhlandırırdı. Aradan xeyli müddət
ötsə də, polkovnik heç dəyişilməmişdi;
həmişəki kimi şux görsənirdi. Hərbçi həyatı onu çox gümrah
saxlamışdı. Kurs müddətində
onunla tez-tez görüşürdük. Polkovniklə
təhlükəli bir tapşırığı yerinə
yetirdiyimiz günü, anı tez-tez xatırlayırdım.
Heç vaxt unutmayacağım həmin əməliyyat
zamanı biz həm düşmənə ağır zərbə
vurduq, həm də rayon camaatının canını
artilleriya atəşindən, ölüm gətirən
odlu-alovlu mərmilərdən qurtardıq. Bir anlıq o
günləri xatırladım...
Ermənilər
Edilli kəndinin üstündəki yüksəklikdən
Füzuli rayonunun mərkəzini top atəşinə
tuturdular. Atılan mərmilər evləri
dağıdır, sakinləri öldürürdü. Hər gün neçə-neçə
günahsız insan faciəli surətdə
dünyasını dəyişirdi. Məhlələrdən
ağlaşma, çığır-bağır səsləri
gəlirdi. Gün ərzində rayon mərkəzinə
yüzdən çox mərmi düşürdü.
Sağ qalanlar isə yavaş-yavaş evlərini tərk
edirdilər. Düşmənin artilleriya
qurğusunu məhv etmək, atəş nöqtəsini
susdurmaq üçün bir neçə dəfə cəhd
olunsa da, uğursuz alınmışdı. Bu yolda üç əsgər şəhid olmuş,
dördü isə ağır yaralanmışdı.
Quldurların topu vaxtında sıradan
çıxarılsaydı, mərmilər bu qədər can almazdı.
Günlərin birində xəbər verdilər ki, bu
istiqamətdə əməliyyat keçirmək
üçün nazirlikdən yüksək rütbəli
peşəkar zabit göndərilib. Gələn bu mütəxəssis
indi kursun rəisi olan polkovnik Niçenko idi. Onun komandanlığı altında düşmənin
topunu məhv etmək üçün yeddi nəfər əsgərlə
əməliyyata yollandıq. Bu
mühüm işə ən bacarıqlı və qorxmaz
döyüşçülər cəlb olunmuşdu. Hər şeydən əvvəl polkovnik artilleriya
qurğusunun yerləşdiyi ərazini dəqiqləşdirib
arada olan məsafəyə uyğun mövqe seçmək istəyirdi.
Bunun üçün isə Qoçəhmədli
dağının yüksəkliyinə dırmaşmaq
lazım idi. Çətinliklə irəli
gedib qurğunun uzaqdan da olsa, görsəndiyi bir nöqtəyə
çatdıq. Əraziyə baxış
keçirən polkovnik qısa vaxt ərzində topa
atış məsafəsinə qədər yaxınlaşmaq
üçün keçəcəyimiz ərazini müəyyənləşdirdi.
Onun seçdiyi yol sıldırım
qayalıqlardan keçirdi. Bizim bu yerlərdən
keçməyimizi ermənilər heç
ağıllarına da gətirməzdilər. Yolumuz çətin olsa da, təhlükəsiz idi.
Bu peşəkar zabit bir addım da olsun, bizdən
geri qalmırdı. Niçenkonu öz əhatəmizdə
apararaq onu təhlükələrdən qoruyurduq. Böyük məharətlə düşmən
postlarının yaxınlığından keçdik. Quldurlar bundan duyuq düşmədilər. Hədəfə xeyli
yaxınlaşmışdıq, topu buradan məhv etmək
olardı. Amma polkovnik atəşin dəqiq
olması üçün yenə də qabağa getməyin
vacib olduğunu bildirdi. Bir az da əlverişli
mövqe seçəndən sonra artilleriya qurğusu
dayandığımız yerdən açıq görsəndi.
Quldurlar topun ətrafında ora-bura yaman vurnuxur,
bir yerdə dayanmırdılar. Deyəsən,
atəş açmağa hazırlaşırdılar. Vaxt itirmədən qurğunu məhv etmək
lazım idi. Yoxsa yenə də od
püskürəcəkdi.
Polkovnikə
yaxınlaşıb "Mən bu məsafədən topu vura
bilərəm, icazə verin, atəş açım" -
dedim. Niçenko bir daha gözünü
qıyıb ətrafı diqqətlə nəzərdən
keçirdi, sanki bir anlığa qartal baxışları ilə
topa qədər olan məsafəni ölçdü.
Sakitcə dayanıb bir az fikrə getdi. Qurğuya qədər olan məsafə
atışın tələblərinə cavab verirdi. Döyüşçü yoldaşım Bəxtiyarla
iki mərmi götürüb qabaqdakı iri bir daşın
arxasında mövqe tutduq.
Polkovnikin razılıq işarəsindən sonra
silahı hədəfə tuşladım. Düşmən topun
yan-yörəsini qum kisələri ilə
bağlamışdı. Qumbaraatanı çiynimə qoyub hədəfi
dəqiq nişan alıb qorxmadan tətiyi
çəkdim. Gurultu səsi ətrafı
başına götürdü. Birinci mərmi qum kisələrini dağıdıb yerə
aşırdı. Qurğu lap aydın göründü, onu
vurmaq xeyli asanlaşdı. Vaxt itirmədən
silahı doldurdum. İkinci atəş
mütləq dəqiq olmalı, topun külünü göyə
sovurmalıydı. Tələsmədən hədəfi
dəqiq nişan aldım. Odlu
mərmi bir göz qırpımında, ildırım surəti
ilə havanı yarıb irəli şığıdı.
İkinci mərmi artilleriya qurğusunun düz
ortasından dəydi. Gurultu səsi
dağlarda, dərələrdə güclü əks-səda
verib ətrafı silkələdi. Atəşin zərbindən
ağır top yanı üstdə sevrildi. Mərmidən
qopan qəlpələr qurğunun yanındakı quldurları
da yerə sərdi. Tapşırıq yerinə
yetirilmişdi, burada ləngimək çox təhlükəliydi.
Polkovnikin əmri ilə geri çəkildik.
Üç tərəfdən üstümüzə
odlu güllələr yağdı. Arxadan
və soldan ermənilər, sağ tərəfdən isə əməliyyatdan
xəbərsiz olan Xələfşə postundakı əsgərlərimiz
bizi atəşə tutmuşdular. Amma geri çəkilmək
üçün polkovnikin seçdiyi ərazi əlverişli
olduğundan itki vermədən sağ-salamat tabora
döndük. Əməliyyat uğurla
başa çatdığına görə
hamımızın üzü gülürdü. Sevincdən polkovnikin gözləri
yaşarmışdı. Niçenko
hamımızın alnından öpüb "Uşaqlar
sağ olun, siz heç nədən qorxmadınız. İkinci atəş çox sərrast oldu.
Bax, düşməni həmişə belə məhv
edin" - dedi.
Camaatın
canını top atəşlərindən qurtardıq. Daha nə evlər dağıldı, nə də
kimsə düşmən mərmisinə tuş gəlib
dünyasını dəyişdi. Ev-eşiyindən
çıxanlar geri qayıtmağa başladılar. Ertəsi gün polkovniki minnətdarlıq hissi ilə
şəhərə yola saldıq. O vaxtdan Niçenko
qorxmazlığı və bacarığı ilə
yaddaşımda dərin iz buraxdı. Sonrakı
söhbətlərimiz zamanı öyrəndim ki, polkovnik təkcə
bizim bölgədə deyil, başqa hərbi hissələrdə
də belə xüsusi əməliyyatlara rəhbərlik edib.
Bu cür peşəkar zabitləri
gördükcə hərbi bilikləri mənimsəyib onlar
kimi cəsarətli və bacarıqlı olmaq istəyirdim.
Təcrübəm artdıqca görürdüm
ki, bütün çətinliklər biliyin,
bacarığın qarşısında acizləşir. Bir daha əmin oldum ki, insanın istəyi və
marağı üst-üstdə düşüb bir yerə cəmləşərsə
o, ürəyindən keçən zirvələri
asanlıqla fəth edər. Bacarıq və
təcrübə həmişə insanın yollarına
işıq salır, qaranlıqları
aydınlaşdırıb qələbəni
asanlaşdırır.
Kurs başa çatanda özümü peşəkar,
bacarıqlı bir zabit kimi hiss edirdim. Öyrəndiyim biliklər,
aldığım hərbi təhsil, mənimsədiyim
döyüş vərdişləri yollarıma işıq
saçırdı. Elə bil gözüm
təzəcə açılmışdı, həyata daha
aydın baxışlarla baxırdım, sanki dünyanı
yenicə görürdüm. Bütün
qalan ömrümü orduya həsr edəcəyimi qət
etmişdim, daha zavoda dönməyəcəkdim. Cəbhə bölgəsinə qayıtmağa tələsirdim.
Kursun sonuncu günü polkovnik hamı ilə
görüşüb sağollaşdı, dəyərli məsləhətlər
verdi. Hələ mənə
bir sirr də açdı. Dedi ki, səni zabitlik kursuna
göndərməyi hərbi hissə komandirindən mən
xahiş etmişdim. Əməliyyata birgə gedəndə
gördüm ki, sən çox cəsur və ürəklisən.
Xüsusilə, düşmənin artilleriya
qurğusunu məhv etmək üçün
açdığın ikinci atəş ürəyimcə
olmuşdu. O anlarda sanki cəsur hərəkətlərin
mənə dedi ki, sən mütləq zabit olmalısan. İnanıram ki, ümidləri doğruldacaqsan.
Bundan sonra Niçenkoya rəğbətim daha da
artdı.
Bir neçə gündən sonra hərbi hissəyə
qayıtdım. Artıq çiyinlərimdə zabit
paqonları daşıyırdım. Amansız
və qanlı müharibə yenə də məni öz
ağuşuna aldı. İndi
döyüş əməliyyatları daha da yaxşı təşkil
olunurdu.
Silahlar susmurdu, nərilti, gurultu səslərindən
qulaq tutulurdu.
Çox keçmədi ki, ordumuzun
sıralarına peşəkar zabitlər gəldi. Əməliyyatda uğurlar qazandıq, düşmənləri
işğal etdikləri torpaqlarımızdan qovub
çıxartdıq. Döyüşlər zamanı
çalışırdım ki, güllələrim hədəfə
düz getsin, dəqiq və dağıdıcı olsun,
neçə illər əvvəl xüsusi əməliyyat
zamanı düşmənin artilleriya qurğusuna
açdığım ikinci atəş kimi...
Oktyabr, 2014
Vahid MƏHƏRRƏMOV
525-ci qəzet.-
2015.- 7 yanvar.- S.7.