"Azərbaycanın uğurlarını
bir sıra dairələr qısqanclıqla
qarşılayır"
Müsahibimiz Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin üzvü Sahibə Qafarovadır.
- Sahibə
xanım, artıq arxada qalan 2014-cü ili Azərbaycanın
beynəlxalq mövqelərinin möhkəmlənməsi
prizmasından necə qiymətləndirmək olar?
-
Müasir beynəlxalq münasibətlər sisteminin suveren
aktoru olan Azərbaycan Respublikası son illərdə çox
mühüm və güclü regional amilə çevrilib. Burada ən önəmli faktorlardan biri ölkəmizdə
hökm sürən sabitlik və vətəndaş həmrəyliyi
amilidir. Güclü dayaqlara malik sabitliyin bərqərar
olması isə əlbəttə ki, ölkənin iqtisadi
inkişafını şərtləndirir və son illərin
göstəriciləri Azərbaycanın yüksək iqtisadi
inkişafının konturlarını müəyyən edir.
İnkişaf edən Azərbaycanın beynəlxalq
aləmdəki nüfuzu və mövqeyi də ildən - ilə
möhkəmlənir, Azərbaycanın regional liderliyi
dünya tərəfindən açıqca etiraf olunur. Bu da nəticə etibarilə ölkəmizin siyasi,
iqtisadi və mədəni cəhətdən nəinki regional,
hətta qlobal dialoq məkanına çevrilməsini də
şərtləndirir.
Ölkədə
hər il bir neçə mötəbər
beynəlxalq siyasi, iqtisadi, yaxud mədəni-humanitar tədbirlər
keçirilir.
Müxtəlif ölkələrdən çoxlu sayda
nüfuzlu dövlət və din xadimlərinin, elm
adamlarının qatıldığı bu cür tədbirlər
Azərbaycanın dünyada tanıdılması, həmçinin
müsbət imicinin formalaşdırılması
baxımından çox böyük önəm kəsb edir. Azərbaycana
gələn qonaqlar ölkəmizdəki tolerant mühitin, eləcə
də, inkişafın, sosial sabitliyin şahidi olurlar. Azərbaycan bu gün dünyaya istər
tolerantlıq, istərsə də iqtisadi inkişaf
baxımından yeni model bəxş edib. Məlum
olduğu kimi, hazırda, dünyanın bir sıra inkişaf
etmiş və inkişaf etməkdə olan ölkələrində
fərqli mədəniyyətlərin toqquşması nəticəsində
xoşagəlməz tendensiyalar meydana çıxır.
İslamofobiya, irqçilik, ksenofobiya kimi təhlükəli
meyillərin bəzən süni şəkildə
alovlandırılması bu cür toqquşmaları daha da dərinləşdirir,
nəticədə, insan haqlarının pozulması halları
artır, sosial sabitlik pozulur.
Azərbaycanda isə bu proseslərin tamamilə əksini
müşahidə etmək mümkündür.
Təəssüf ki, Azərbaycanın əldə etdiyi
bu uğurlar bir sıra dairələr tərəfindən
qısqanclıqla qarşılanır. Xüsusən,
erməni lobbisinin təsiri altında fəaliyyət göstərən,
həmçinin, islamafob, bəzi hallarda isə bölgədə
maraqları olan imperialist dairələr Azərbaycana
qarşı bu və ya başqa şəkildə təzyiq
göstərməyə çalışırlar.
Azərbaycanla bağlı həqiqəti əks etdirməyən,
qərəzli hesabatların dərc olunmasını, ölkəmizin
ünvanına reallıqdan uzaq fikirlərin səsləndirilməsini
bunun göstəricisi hesab edirəm. Əlbəttə, Azərbaycan
müstəqillik qazandıqdan sonra Avropaya, Qərb dəyərlərinə
inteqrasiyanı özünün başlıca prioriteti elan
edib. Bu, Ümummilli lider Heydər
Əliyevin müəyyənləşdirdiyi Azərbaycanın
demokratik inkişaf yolunun bir tərkib hissəsidir və
ölkəmizin inkişafına yardım edir. Atılan addımlar nəticəsində Azərbaycan
Avropaya daha sıx inteqrasiya edən və daha açıq olan
ölkəyə çevrilib. Amma buna
baxmayaraq, bəzi hallarda ikili standartların, ədalətsiz
mövqeyin şahidi oluruq. Bunun səbəbləri
isə həm milli etnik məsələlər, həm də
bu gün ölkəmizin sahib olduğu qüdrət və
müstəqil siyasət aparması ilə bağlıdır.
Amma nə olursa olsun, Azərbaycan öz bildiyi
yoldan, öz həqiqətlərindən geri çəkilməyəcək.
Çünki Azərbaycan müstəqil,
xalqımızın maraqlarına söykənən siyasət
həyata keçirir.
- Siz həm
də Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə
heyətinin üzvüsünüz. Bu istiqamətdə
fəaliyyət göstərdiyiniz illər ərzində
qurumun Azərbaycan həqiqətlərinə, Azərbaycana
münasibətilə bağlı hansı qənaətə
maliksiniz?
-
Ümumiyyətlə, Azərbaycanın beynəlxalq təşkilatlarda
mövqeyinin möhkəmləndirilməsi, rolunun
artırılması, həmin təşkilatların
tribunasından səmərəli istifadə edilməsi ölkəmizin
xarici siyasət doktrinasında ən önəmli istiqamətlərdən
biridir. Uzun illər ərzində
formalaşdırılmış bu münasibətlər
artıq konkret, praktik nəticələrə gətirib
çıxarır. Azərbaycan dünyanın siyasi
taleyini həll edən və bu kontekstdə çox vacib paya
sahib olan qurumlarda ölkəmizin taleyüklü məsələlərinin
qaldırılmasına və onun həllinə nail olmaq
üçün ciddi ideoloji iş aparır.
Avropa Şurası ilə münasibətlərə gəlincə,
bu qurumla əməkdaşlıq ölkəmizdə demokratik
islahatların daha da dərinləşməsi, demokratik təsisatların
inkişaf etdirilməsi, Avropa dəyərlərinin möhkəmlənməsi,
insan hüquqlarının daha effektiv şəkildə
qorunması prosesinə yardım edib. Azərbaycan
Respublikası bu gün Avropa Şurası ilə ən
müxtəlif sahələrdə
qarşılıqlı-faydalı münasibətlər quraraq
səmərəli əməkdaşlıq həyata
keçirir. Təşkilata üzv dövlətlərlə
əlaqələrin genişləndirilməsi ölkələrimizin
bir-birinə daha da yaxınlaşmasına və qarşıya
çıxa biləcək problemlərin aradan qaldırılmasına
əlverişli zəmin yaradır. Avropa
Şurası Azərbaycanın problemlərinin həllinə həssas
yanaşır, ölkəmizin əsas problemi olan Dağlıq
Qarabağ münaqişəsini mütəmadi olaraq gündəmdə
saxlayır. Azərbaycan bu quruma üzv olan
digər ölkələrlə də əməkdaşlığın
daha geniş spektrlərini əhatə etməsi, genişlənməsi
üçün əməli addımlar atır. Eyni zamanda, Azərbaycan da öz tarixi, mədəni dəyərləri
ilə, Avropa ailəsinin zənginləşməsinə
öz töhfəsini verməkdədir. 2014-cü il AŞPA-Azərbaycan münasibətlərində
müsbət tendensiyaların davam etməsi ilə xarakterizə
olunur. AŞPA daimi komitəsinin iclasının bu il paytaxtımızda keçirilməsi və
orada bir çox məsələlərin müzakirəsi
xüsusi əhəmiyyətli məsələlərdən
biri oldu.
Həmçinin,
AŞPA-nın Vyana, London, Paris, Strasburq, Roma və digər
şəhərlərdə keçirilən tədbirlərində
nümayəndə heyətimizin üzvləri fəal
iştirak edərək Azərbaycanın bir sıra məsələlərlə
bağlı mövqeyini, ölkəmizlə bağlı həqiqətləri,
Dağlıq Qarabağ münaqişəsi, Ermənistan
dövlətinin təxribatları haqqında məlumatlar
verdilər. Bu ilin yanvar ayında mən
AŞPA-nın Gender bərabərliyi alt komitəsinin sədri
seçildim. Bundan əvvəl iki il
müddətində qurumun Rasizm və Ksenofobiya alt komitəsinin
sədri olmuşdum. Hesab edirəm ki, Azərbaycan
nümayəndə heyətinin üzvünün AŞPA kimi
mötəbər bir təşkilatın Alt komitəsinə rəhbərlik
etməsi bir neçə cəhətdən bizim
üçün əhəmiyyətlidir. Əvvəla,
bu onu göstərir ki, Azərbaycanda bu sahədə çox
uğurlu siyasət həyata keçirilir və bu siyasət
beynəlxalq miqyasda qiymətləndirilir. Digər
tərəfdən, bu onun göstəricisidir ki, Azərbaycan
nümayəndə heyəti bu qurumda kifayət qədər
effektiv fəaliyyət göstərir və onlara bu qurumun
strukturlarına rəhbərlik etmək etimadı göstərilir.
Ən nəhayət, bu bir millət vəkili
olaraq, fərd olaraq, mənim üçün də çox əhəmiyyətlidir.
- Sahibə
xanım, ölkəmizdə qadın hüquqlarının
qorunması dövlətin daim diqqət mərkəzindədir.
Fikrinizcə, bu sahədə daha hansı tədbirlərin
həyata keçirilməsinə ehtiyac duyulur?
-
Ümumiyyətlə, bu gün əsas beynəlxalq sənədlərdə
cinslər arasında bərabərlik insanın başlıca
hüquqlarından biri kimi təsbit edilir. Beynəlxalq
hüquqda haqlı olaraq, qadınlar xüsusi subyekt kimi dəyərləndirilir,
onlara hüquqlarının həyata keçirilməsi
üçün geniş təminatlar müəyyən olunur.
Milli dövlətlər isə bu təminatların
reallaşdırılması, nəzəri cəhətdən
mövcud olan yüksək dəyərlərin praktikada tətbiq
olunması üçün səylərini ildən-ilə
daha da gücləndirməlidir. Nəzərə
almaq lazımdır ki, qadınlar üçün bəyan
edilən bərabər hüquqlar real bərabər
imkanların olmaması üzündən çox vaxt
gerçəkləşə bilmir. Ona görə də,
müasir dövrdə qadınların ictimai həyata daha
çox inteqrasiya olunduğu bir zamanda zərif cinsin nümayəndələrinə
daha geniş hüquqların verilməsi, onların
bütün sahələrdə təmsilçiliklərinin
artırılması, fəaliyyət sferalarını təhsil,
səhiyyə kimi ənənəvi istiqamətlərdən
daha da genişləndirilməsi, iqtisadi, sosial sferalarda
qadınların potensialdan səmərəli faydalanması
kimi tədbirlər bu gün daha böyük nailiyyətlərin
əldə olunmasına şərait yarada bilər. Hər halda Azərbaycan dövlətinin bu istiqamətdə
atdığı addımlar və əldə olunmuş nailiyyətlər
bu fikri daha da qüvvətləndirir.
Bu gün
iqtisadi qüdrəti, geostrateji çəkisi ilə Cənubi
Qafqaz regionunun ən güclü dövləti olan Azərbaycan
Respublikası insan hüquq və azadlıqlarının
mühüm tərkib hissəsi olan qadın
hüquqlarının qorunması, düzgün gender siyasətinin
həyata keçirilməsi baxımından da örnək təşkil
edir. Hazırda ölkəmizdə
qadınların hüquqlarının ən yüksək səviyyədə
qorunması, onların cəmiyyətin həyatında fəal
rol oynaması üçün yetərincə siyasi iradə və
mükəmməl, hüquqi baza mövcuddur. Azərbaycan Respublikasında milli qanunvericilik
qadınların hüquq bərabərliyini təmin edərək,
hər cür ayrı-seçkiliyin qarşısını
almağa imkan verir, bu istiqamətdə atılan addımlar
qadınların bərabər imkanlarının gerçəkləşdirilməsinə
yönəlib. Ölkəmizdə cinsindən
asılı olmayaraq, hər bir vətəndaşımızın
cəmiyyətin həyatında fəal iştirakına
yaradılan əlverişli şərait nəticə etibarilə
həm də dövlətimizin inkişafına müsbət təsir
göstərməkdədir.
Amma əldə olunan nailiyyətlərlə
kifayətlənmək düzgün olmazdı. Cənab Prezidentin də vurğuladığı
kimi, bu sahədə hələ görüləcək işlər
var.
Qeyd olunduğu kimi, dövlət yetəri iradəni
ortaya qoyub. Burada digər mühüm vəzifələr qeyri -
dövlət təşkilatlarının, siyasi partiyaların,
digər vətəndaş cəmiyyəti
institutlarının üzərinə düşür. Həmin
təsisatlar gender məsələlərinə diqqəti daha
da artırmalı, qadınların cəmiyyət həyatında
rolunun artırılmasına yönəlmiş siyasətə
daha artıq dəstək verməlidir. Bu mənada Yeni Azərbaycan
Partiyasının fəaliyyəti digər təşkilatlar
üçün də örnək ola bilər.
Son bələdiyyə seçkilərində
partiyamızın qadın və gənc namizədlərə
üstünlük verməsi, onların seçkilərdən
namizəd kimi irəli sürülməsi, qadınlara və gənclərə
geniş meydan verməsi kifayət qədər əhəmiyyətli
və dövlətin gender və gənclər siyasətinə
əsaslı töhfədir.
- Sahibə
xanım, siz, Bilik Fondunun Himayəçilik
Şurasının üzvü kimi qurumun qarşısında
duran məqsəd və vəzifələrini necə şərh
edərdiniz?
- Təhsil
elə bir sahədir ki, daim inkişafla, yeniliklə
ayaqlaşmalı, innovativ dəyişikliklərə əsaslanmalıdır.
Ona görə də, Azərbaycanın
müasir inkişaf səviyyəsi, sahib olduğu potensial bu
fondun yaradılmasını şərtləndirirdi. Ona görə də, Azərbaycan Prezidenti İlham
Əliyev Fondun yaradılması ilə bağlı Fərman
imzaladı. Əslində, bu Fərmanda
Fondun hansı zərurətdən yaradıldığı
çox aydın şəkildə öz əksini tapıb.
Fərmanda
qeyd olunur ki, bu Fond müasir informasiya cəmiyyətinin və
biliklərə əsaslanan iqtisadiyyatın tələblərini
nəzərə alaraq, elmi-texniki, sosial-iqtisadi, humanitar biliklərin
artırılması, azərbaycançılıq məfkurəsi
zəminində milli-mənəvi, dini dəyərlərin təbliği,
ekoloji təfəkkürün formalaşdırılması,
Azərbaycan dövlətinin daxili və xarici siyasətinin,
ölkədə aparılan sosial-iqtisadi, mədəni quruculuq
proseslərinin mahiyyətinin ictimaiyyətə
çatdırılması məqsədi ilə
yaradılır. Əlbəttə ki, bu fondun fəaliyyətə
başlaması ilk növbədə, Azərbaycanda gənclərin
intellektual inkişafına, ölkəmizdə təhsilin inkişafına,
elmi potensialın artırılmasına xidmət edən
dövlət siyasətinin ardıcıllığını və
səmərəsini ortaya qoyur.
Fondun fəaliyyət istiqamətlərinə gəlincə,
Bilik Fondunun Nizamnaməsində üç əsas fəaliyyət
istiqaməti göstərilib. Bunlar ölkə əhalisinin
daha sistemli və dərindən maarifləndirilməsi, ölkənin
daxili və xarici siyasətinin mahiyyətinin insanlara
çatdırılmasından, xaricdə əldə edilən
elmi nailiyyətlərin ölkəmizə gətirilməsindən
ibarətdir. Bilik Fondu Ümummilli lider Heydər
Əliyevin irsinin öyrənilməsinə, banisi olduğu azərbaycançılıq
məfkurəsinin geniş təbliğinə, dövlət
siyasətinin, ictimai-siyasi və sosial-iqtisadi həyatda baş
verən hadisələrin mahiyyətinin açıqlanması
və əhalinin bütün təbəqələrinə
çatdırılmasına xüsusi önəm verir. Əlbəttə ki, fondun layihələrində
ölkənin ziyalı potensialından, yeniyetmə və gənclərin
gücündən məqsədəuyğun istifadə olunur və
bu ümumi işin effektiv qurulmasını təmin edib.
Bilik
Fondunun məqsəd və vəzifələrindən irəli
gələn məsələlərin həlli
üçün artıq bir sıra layihələrə start
verilib. Bu sırada "Qardaşlaşmış məktəblər",
"Dini abidələrdə tarixin izləri", "Docendo
discimus", "Ustad və şəyird", "Azərbaycan
elmi xaricdə", "Dünya elmi Azərbaycanda",
"Epizod", "Auditoriya+" kimi layihələri göstərmək
olar. Layihələrə belə uğurlu
başlanğıc və bu kimi tədbirlərin ölkə
ictimaiyyəti tərəfindən təqdirlə
qarşılanması Fondun fəaliyyətinin səmərəsindən
xəbər verir və gələcəkdə daha
böyük nailiyyətlər qazanılacağını
söyləməyə əsas verir.
K.HƏMİDOV
525-ci qəzet.-
2015.- 7 yanvar.- S.4.