Qardaşlıq - infaq
(sənədli
hekayə)
İnfaq - İslamda nəyisə paylaşmaq mədəniyyətidir. İnfaqın ən ali səviyyəsi isə özünün nəyəsə
bərk ehtiyacı olduğu halda, öz ehtiyacından
başqasının xeyrinə imtina etməkdir.
I
Səhabələrdən biri meydanda ölən və
yaralananların arasında əmisioğlu İkriməni
axtarırdı. Dualar oxuya-oxuya, zikr edə-edə
gözü yerə sərilmiş döyüşçülərdəydi,
çox ümid edirdi ki, İkrimə yaralı olar. Qan itirən yaralıların ağız-boğaz
qurudan səhrada susuzluqdan necə əzab çəkdiyini
yaxşı bilirdi deyə, özüylə saxsı bardaqda su
da götürmüşdü.
İnildəyib "Suu, suu" deyən yaralılara bir
qurtumluq su vermək üçün bardağı
ağızlarına əyib tökür, tez də
qaldırırdı, qorxurdu ki, birdən İkriməyə su
çatmaz.
Fikrində tutmuşdu ki, əmisioğlunun
yanğısını söndürəndən sonra
bardaqdakı sudan lap az qalsa,
qaça-qaça gedib o biri yaralılar üçün
quyudan yenə su gətirər. Bir-iki qurtumluq suyla
susuzluğu sönməyən səhabələr
buna görə Allaha şükr edirdi, daha qayıdıb
"Yenə ver" demirdilər, bilirdilər ki, onlardan
aralıda yerə uzanmış yaralılar da su həsrətindədi.
Səhabə
baxıb gördü ki, su yarıya yaxınlaşır, istədi
elə həmin an qaçıb quyudan
bardağı ağzınacan doldursun və əmisioğlunu
tapanacan heç kimə su verməsin. Ağlına gələn
bu fikirdən belə günah işlətdiyini
düşündü:"Allah, bağışla bəndəni".
Elə bir-iki addım atmışdı ki,
İkrimənin iniltisini eşidib, tez ona tərəf getdi.
Başından qılınc yarası
almışdı, üz-gözü qan içindəydi.
Gün dodağına süzülən qanı
qurutmuşdu. Diz üstə çökən əmisioğlu
soruşdu:
- Atam-anam
sənə qurban, sən sağsan ki. Şükür
sənə, İlahi. Ağrıların
çoxdumu?
- Həə,
- İkrimə inildədi, bardağı görüb,- Mənə su ver, - dedi.
Səhabə
tez İkrimənin başını qaldırıb dizinin
üstünə qoydu, bardağı ağzına
yaxınlaşdırmışdı ki,onlardan
altı-yeddi metr aralıda yerə uzanmış səhabə
Süheylin iniltiləri eşidildi: "Su, su istəyirəm".
İkrimə başıyla işarə etdi ki, suyu ona versin.
Əmisioğlu ayağa durdu, uzanıqlı vəziyyətdə
güclə dirsəklənib, su içməyə hazır
olan Süheylə yaxınlaşdı. Ona uzadılmış
bardağı götürən yaralı "Bismillah"
deyib suyu içmək istəyirdi ki, dörd-beş metr
aralıda uzanmış Hişamın "Sonra mənə də
su ver" iniltisi eşidildi. Böyrünə
iki ox batmışdı, yaralarından axan qan yerdə balaca
gölməçə əmələ gətirmişdi.
Süheyl sifətinə güclə təbəssüm verib,
bardaqdakı sudan bir qurtum almadan İkrimənin
əmisioğluna uzadıb: "Ən ağır
yaralımız odur, ona ver," - dedi.
Səhabə bardağı götürüb, tələsik
yerdə uzanmış Hişama yaxınlaşanda, artıq
iniltisi kəsilmişdi, dodaqları bir-birindən azca aralanmışdı. Sağ
qalıb-qalmamasını yoxlamaq üçün bardaqdakı
sudan azca dodaqlarının arasına
tökdü. Udqunmamağından, sinəsinin qalxıb-enməməsindən
bildi ki, Hişam keçinib, ürəyində Süheylə
yaxınlaşmadığına görə "Allah əfv
et məni" deyib, əlindəki bardaqla əmisioğlunun
yanına qaçdı. İkrimə də keçinmişdi,
sifətində bir təbəssüm vardı.(Yeri
gəlmişkən, İkrimə həmin gün bir əlində
bayraq, o biri əlində qılınc yüz iyirmi minlik Bizans
ordusuna qalib gələn iyirmi yeddi minlik ordunun ilk
döyüşə atılıb, öz silahdaşlarına
ruh verərək onları irəli aparan bir mücahidi idi.)
Və səhabə yaşamağına son ümid etdiyi
Süheylin də günəşə sakitcə baxan gözlərindən
anladı ki, Allahın əmri artıq verilib. Hönkür-hönkür
ağlamağa başladı və birdən yadına
düşdü ki, əmisioğlunu tapana qədər
döyüş meydanında ilk olaraq dodaqlarını
islatmış, bir qurtumluq su vermiş iki yaralı hələ
də qızmar günəşin altında susuzluqdan qovrulur.
Su yerə tökülməsin deyə, əliylə
bardağın ağzını tutub, həmin yaralılara tərəf
qaça-qaça: "Allah onlara ömür ver, Allah onlara
ömür ver," -yalvarmağa başladı.
II
Vüqarla Fikrət Sovetin vaxtında xidmət elədikləri
desant qoşunlarında dostlaşmışdılar. Qonşu
alayın, batalyonun əsgərləriylə
dalaşmışdılar, bir yerdə
döyüb-döyülmüşdülər, altı-bazar
bir yerdə diskotekaya getmişdilər. Qonşu batalyonda
xidmət edən cavan əsgərləri döyüb
şil-küt etdiklərinə görə, batalyon komandirləri
hər ikisini üç günlüyə qubbağa salanda
(haupvaxta: qısa müddətli həbs cəzası) Fikrət
Vüqara demişdi: "Həə, Vüqar, ölmədik bu
günü də gördük".
Əsgərlik bitdi, Vüqar doğulub, boya-başa
çatdığı Cəbrayıla, Fikrətsə Nəvahiyə
qayıtdı.
Sonra ermənilər Moskvadan Dağlıq
Qarabağı tələb eləməyə başladı.
Mitinqlər, ilk toqquşmalar, ilk qurbanlar oldu.
Vüqar könüllü dəstələrdən
birinə qoşulub, ov tüfəngiylə vətəni
qorumağa başladı. Həm o tərəfdə,
həm bu tərəfdə döyüşənlər tüfəngdən
avtomata, pulemyota, "Alazan"dan "Qrad"a, zirehli
döyüş maşınlarından tanklara keçəndə,
aydın oldu ki, artıq əsl müharibə gedir.
Vüqar artıq xüsusitəyinatlı Gəncə
batalyonunda vuruşurdu. Bu batalyon səhər saat dörddə-beşdə
qəfildən ermənilərin postlarına hücum edir,
oranı alır, mövqeləri möhkəmləndirir, sonra
postu bizim əsgərlərə təhvil verirdi. Yeri gəlmişkən, bu batalyon Ağdərənin
alınmasında iştirak etmişdi.
Günlərin bir günü mövqe tutduqları
meşədə dostu Fikrət gəlib onu tapdı. Qucaqlaşdılar,
öpüşdülər, kövrəldilər. "Sən hara, bura hara?" - deyən
Vüqar hələ də gözlərinə inanmırdı.
Oturdular, ümumi hal-əhvaldan sonra əsgərlikdə
dalaşmaqlarından tutmuş diskotekada qızlarla tanış olmalarına qədər
başlarına gələn macəralardan
danışdılar. Ocaqda bişmiş kələpur
yedilər.Yeməyi yeyib-qurtarana yaxın uzaqdan atışma səsləri
gəlməyə başladı.
- Hə,
Fikrət, sən dur, yavaş-yavaş get
burdan. Çox sağ ol ki, gəldin məni
tapdın, mən də səni gördüm çox sevindim.
Hesab elə ki, ömrümü uzatdın, - Vüqar dostuna
dedi.
- Lap
yaxşı ki, ömrünü uzatdım, ay dost. Amma burdan getmək söhbətini unut. Mən gəlmişəm sənlə bir yerdə
vuruşmağa. Təkcə səni
görməyə gəlməmişəm ki. Nə də kələpur yeməyə gəlmişəm,
- Fikrət gülə-gülə sönmüş ocaqdan
asılmış qazanı göstərdi.
- Sən
deyəsən, mənlə məzələnirsən. Vuruşmaq nədi? Çıx get evinə, dədən-anan
evdə səni gözlüyür.
- Məzələnmək
nədi, gəlmişəm vuruşmağa. Zarafat-zad
eləmirəm mən.Vuruşa bilməsəm, deyərdim, sən
düzsən. Amma əsgərlikdə
avtomat atmağımı da görmüsən, tank sürməyimi
də.
- Ay Fikrət,
sən ölənlərinin goru, tərslik eləmə.
Çıx get deyirəm sənə. Mən sənin
yerinə vuruşuram.
- Mən
də sənə deyirəm ki, öz yerimə vuruşmağa
gəlmişəm, sənin yerinə yox...
Dostunu öz evinə göndərmək istəyən
Vüqar tək onu yox, ata-anasını da
düşünürdü, - fikirləşirdi ki, birdən
Fikrətin valideynləri elə bilər oğullarının
cəbhədə qalmağının səbəbkarı o
olub. Ona nəysə olsaydı, sonra valideynlərinin
üzünə necə baxacağını fikirləşirdi.
Qısası, Vüqar dostunu fikrindən döndərə
bilmədi və Fikrəti Gəncə batalyonuna
götürdülər. Beləcə,
dostlar çiyin-çiyinə ermənilərə
qarşı vuruşmağa başladı.
Hər dəfə ermənilər onlara tərəf
Qraddan, minaatanlardan mərmi atanda, hər snayper gülləsi
başlarının üstündən vıyıltıyla
uçub gedəndə, Vüqar tez özünü dostunun
qabağına verirdi. Bir dəfə Fikrət əliylə alnına vurub
gülə-gülə demişdi: "Eh, ay qardaş,
alnıma yazılıbsa, o güllə, ya Qrad snaryadı (mərmisi)
gəlib elə mənim bu alnıma dəyəcək. Ona görə özünü həlak eliyib
qabağıma keçmə". Bu
sözlərdən sonra Vüqar lap xoflanmışdı, ona
elə gəlmişdi ki, dostu artıq öz
ölümünü hiss elədiyinə görə belə
deyir. Hər axşam Allaha yalvarırdı
ki, Fikrətə yox, ona dəysin güllə, ya da heç
olmasa, qəlpə, ya güllə onun sümüyünə dəyməsin,
eləcə ətini zədələsin. Fikirləşirdi
ki, Fikrət yüngül yara alsa, bu dəfə onu
inandırıb, elə xəstəxanadanca Nəvahiyə evlərinə
yollayacaq.
1992-ci ilin 12 iyununda Azərbaycan ordusu irimiqyaslı
hücuma keçdi, Cəbrayıldakı əsgərlərin
Hadrutun kəndlərini erməni döyüşçülərindən
azad eləmək üçün həyata keçirdikləri
Ağyol əməliyyatında Fikrət çiynindən
yaralandı. Yara elə də ağır deyildi, - qabaq tərəfdən
dəyən güllə çiyin sümüyünə
toxunmadan arxa tərəfdən çıxmışdı.
Dostunu xəstəxanaya çatdıran Vüqar həkimin ona:
"Qorxulu bir şey yoxdu, narahat olma", - deməsindən
sonra həm rahatlandı, həm də bir az
sevindi. Nəhayət ki, bu dəfə dostunu
öz evlərinə göndərməyə razı sala biləcəyinə
bərk ümidliydi. Fikrət xəstəxanada
olanda, onların vuruşduğu batalyonu Qubadlıya
atmışdılar.Vüqara elə gəlmişdi ki,
yarası sağalandan sonra dostu onu Cəbrayılda axtarıb,
tapammayıb nəhayət ki, Nəvahiyə gedəcək.
Fikrət sağaldı, ayağa durdu və
axtarıb-arayıb dostunu Qubadlının Güləbird kəndində
tapdı. Yenə mübahisələr, qışqırıq,
əsəbi tonda bir-birinə ağır sözlər dedilər.
Yenə Fikrət öz dediyindən əl çəkmək
istəmədi, dedi ki, burdan gedən deyiləm, qalıb səninlə
burda vuruşacam. "Ay dost, axı sən məni
ata-ananın qarşısında pis vəziyyətdə
qoyursan. Elə şey var, adam deyə bilmir, gərək
özün başa düşəsən məni, balaca
uşaq deyilsən axı", - Vüqarın
yalvarışlı sözlərinin xeyri olmadı.
Yenə bir neçə ay çiyin-çiyinə
vuruşdular, kəndlər aldılar, irəli getdilər,
sonra ermənilər əks-hücuma keçdi, bizimkilər bəzi
postları itirdi və dostlar yenə Cəbrayıla
qayıtdı.
Günlərin birində Cəbrayılın Süleymanlı
kəndində Xırmanlıq deyilən yerdə iki dost ermənilərin
qəfil mühasirəsinə düşdü. Avtomatdan
atılan güllələrdən biri Fikrətin zirehli jiletini
deşib qarnına girdi. Bundan xəbər tutan
Vüqar ondan soruşdu ki, yeriyə bilirsənmi? "Hə"
cavabını alan kimi Vüqar "Oldu,
onda sən düş dərəyə", - dedi və
başladı avtomatla ermənilərə tərəf
aramsız atəş açmağa.Vəziyyətdən istifadə
edən Fikrət əyilə-əyilə dərə tərəfə
qaçmağa başladı. Az sonra ermənilərin
qumbaraatandan atdığı atəş nəticəsində
Vüqar hər iki ayağından yaralandı.
- Məllim,
ağrıdan hiss elədim ki, qranatamyotun mərmisi
sümüklərimə dəyib. Başa
düşdüm ki, ancaq sürünə-sürünə
ordan aralana bilərəm. Başladım
avtomatla güllə ata-ata sürünməyə. Başımın üstündən güllələr
vıyıldayır, mən də sürünürəm
qayaya tərəf. Eyni vaxtda da fikirləşirəm ki,
ay Allah, görən, Fikrət gedib bizimkilərin postuna
çıxa bildimi, - Vüqar iyirmi iki il
sonra o döyüşdə başına gələnləri mənə
danışırdı...
Vüqar
qayaya yaxınlaşanda Allahın möcüzəsi baş
verir: saçları "rastyajka" deyilən piyada əleyhinə
minanın ağacın gövdəsinə bağlanmış
simlərinə ilişir və adətən, partlamağa
"həssas" olan mina partlamır. Ehmalca
minanın simlərini saçlarından aralayır,
sürünərək gəlib qayanın başına
çıxır. Hardasa üç metrlik
hündürlükdən yerə hoppanır, onsuz da mərmidən
yara almış ayaqları bu dəfə yenə bir neçə
yerdən sınır. Sonra bizim postda olan
döyüşçülər hər ikisini QAZ-53-ün
yük yerində başqa yaralılarla bir yerdə Cəbrayıl
mərkəzi xəstəxanasına gətirirlər.
Tibb bacıları palataya daxil olub Vüqarı əməliyyat
otağına aparmaq istəyəndə, Vüqar onu əməliyyat
edəcək Təyyar həkimlə qohum olduğunu etiraf edib
deyir ki, siz yaxşısı budu həkimi bura
çağırın. Tibb bacılarından biri deyəndə ki, bu
mümkün deyil, bizə səni birinci əməliyyat
otağına aparmaq tapşırılıb, mübahisə
başlayır. Ağrıdan tərləyib
qızarmış Vüqar yerindən tərpənməyəcəyini
deyir və iki dəqiqəlik də olsa, həkimin palataya gəlməsini
israrla xahiş edir.
Əlacsız
qalan tibb bacılarından biri palatadan çıxır, az sonra həkimlə palataya qayıdır. Palataya girən kimi Təyyar həkim əsəbi-əsəbi
qohumunun üstünə çəmkirir ki, niyə
"sestraların" (tibb bacıları) sözünə qulaq
asmırsan, mübahisə eliyirsən. Vüqar
başıyla qonşu çarpayıda uzanan Fikrəti
göstərib deyir ki, qadan alım, ay doxtur, sən əvvəlcə
dostuma bax, mənimlə sonra məşğul olarsan. Əlavə edir ki, eybi yox, mən ağrılara
dözərəm. "Bir də ki, bu adam
lap deyək heç dostum deyil, Nəvahidən durub gəlib
burda Cəbrayılda vuruşur. İnsafdan olmaz
axı, o ağır yaralı ola-ola məni apirasiya eliyəsiz".
Fikrət isə deyir ki, həkim, o qələt eliyir, dözməyə
qalsa, mən dözməliyəm, mən bir yerimdən
yaralanmışam, o beş yerdən. "Bir də, o məni xilas eliyib, erməninin
mühasirəsindən çıxarıb, ona görə
birinci ona baxın". Həkim gah öz qohumuna
baxır, gah da dostuna, heç nə demir,
baxışlarıyla tibb bacılarına göstəriş
verir ki, Fikrəti xərəyə qoysunlar.
Həmin
gün əvvəlcə əməliyyat masasında Fikrətin
zirehli jiletini deşib qarnının çox da dərinliyinə
getməyən, dərisini dəlib bir-iki santimetr içəri
irəliləyən mərmi qəlpəsini çətinlik
çəkmədən, - bu dəfə də Allah
Vüqarın duasını eşitmişdi, güllə
sümüyünə dəyməmişdi, - tapıb
çıxartmışdılar. Sonra isə
Vüqarın hər iki ayağının baldır hissəsində
sınmış sümüklərini, dağılmış
daban-topuqlarını birləşdirib, hər iki
ayağını gipsə salmışdılar.
Sonrakı
günlər dostlar əsgərlik vaxtlarını
xatırlayanda, çalışırdılar başlarına
gələn gülməli hadisələrdən
danışmasınlar, - onda biri qarnında, o biri isə dəmir
asılqandan asılmış gipslənmiş ayaqlarında
ağrı hiss edirdi.
Sentyabr-oktyabr, 2014
525-ci qəzet.- 2015.- 8 yanvar.- S.7.