Ənənəvi musiqi-folklor irsimiz: bərpa,
təbliğat və inkişaf
"AZƏRBAYCANIN XALQ YARADICILIĞI PAYTAXTLARI" PROQRAMI UĞURLU NƏTİCƏLƏRLƏ YEKUNLAŞIB
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən
həyata keçirilən
"2010-2014-cü illərdə Azərbaycan Xalq Yaradıcılığı Paytaxtları"
Proqramı artıq başa çatıb. Proqram ötən beş
il ərzində respublikamızın ayrı-ayrı
bölgələrində konkret
məqsəd və tədbirlərlə həyata
keçirilib. Əsas məqsədlərdən
biri Azərbaycanın
bölgələrində turizm
potensialını aşkara
çıxarmaq, regionlarda
xarici turizmi, o cümlədən, turizmin
aparıcı sahələrindən
olan etnoturizmi inkişaf etdirməkdir.
Daha bir önəmli məqsəd Azərbaycanın
qeyri-maddi mədəniyyət
irsinin və ənənələrinin bərpası,
qorunması, tanıdılması,
təbliği, inkişafı
və gələcək
nəsillərə ötürülməsidir.
Azərbaycan xalqının qədim,
zəngin və rəngarəng qeyri-maddi mədəniyyət irsinə
daxildə və beynəlxalq miqyasda maraq yaratmaq, onu layiq olduğu
səviyyədə tanıtmaq
və təbliğ etmək, bölgələrdəki
qeyri-maddi mədəniyyət
subyektlərini aşkara
çıxarmaq, onlara
hərtərəfli fəaliyyət
və yaradıcılıq
imkanları vermək,
qeyri-maddi mədəni
irs vahidlərinin dövlət reyestrini həyata keçirmək və s. bu kimi
yüksək məramlar
Proqramın kompleks tədbirlər proqramında
öz real əksini tapıb. Nazirliyin məlumatlarını nəzərə alsaq, Proqram vasitəsilə Azərbaycanın qeyri-maddi
mədəniyyətinə dair
siyasətdə yeni islahatlara və dövlət proqramlarına
start verilib.
Demokratik
ölkələrin mədəniyyət
siyasəti təcrübəsinə
əsaslanan Proqram üç nominasiyada həyata keçirilib: folklor, xalq sənəti,
diyarşünaslıq. Müvafiq
olaraq, Proqrama aşağıdakı "paytaxt"lar daxil edilib: 1. Azərbaycanın
Folklor Paytaxtı; 2. Azərbaycanın Sənətkarlıq
Paytaxtı; 3. Azərbaycanın
Əfsanələr Paytaxtı.
Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən aşağıdakı
rayonlar 2010-2014-cü illərdə
üç nominasiya üzrə "Azərbaycanın
Xalq Yaradıcılığı
Paytaxtları" elan
olunub:
1. 2010-cu il: Qazax
- Folklor paytaxtı; Şəki - Sənətkarlıq
paytaxtı; Gəncə
- Əfsanələr paytaxtı.
2. 2011-ci il: Lənkəran
- Folklor paytaxtı; İsmayıllı - Sənətkarlıq
paytaxtı; Şabran
- Əfsanələr paytaxtı.
3. 2012-ci il: Masallı
- Folklor paytaxtı; Quba - Sənətkarlıq
paytaxtı; Gədəbəy
- Əfsanələr paytaxtı;
4.
2013-cü il. Zaqatala - Folklor paytaxtı; Göygöl - Sənətkarlıq
paytaxtı; Xanlar - Əfsanələr paytaxtı.
5.
2014-cü il: Balakən - Folklor paytaxtı; Abşeron - Sənətkarlıq paytaxtı;
Qəbələ - Əfsanələr
paytaxtı.
Proqram çərçivəsində bu bölgələrdə
ən müxtəlif tədbirlər - xalq yaradıcılığı, xalq
musiqisi, xalq sənətkarlığı və
folklor irsi üzrə rayon, respublika və beynəlxalq miqyaslı festivallar, konsertlər, meydan tamaşaları, baxış-müsabiqələr,
infoturlar, elmi-praktik konfranslar, sərgilər, görüşlər, "dəyirmi
masa"lar təşkil olunub. Bu tədbirlərdə rayonların folklor, bədii özfəaliyyət,
xalq teatrı kollektivləri, xalq musiqiçiləri və sənətkarları, yaradıcı
ziyalılar yaxından
iştirak ediblər.
Proqramın uğurla həyata keçməsində
müvafiq rayon və şəhərlərdəki mədəniyyət
və turizm idarələrinin, mədəniyyət,
diyarşünaslıq və
etnoqrafiya müəssisələrinin,
mədəniyyət evləri
və klublarının,
muzeylərin, ziyalıların
və yaradıcı şəxslərin, habelə,
folklor, mədəniyyət,
etnoqrafiya sahəsində
təcrübəli mütəxəssislərin,
AMEA tədqiqatçılarının fəal rolunu qeyd etmək vacibdir.
Xüsusilə, bölgələrdəki folklor
festivalları, konsertləri
və konfransları qeyri-maddi mədəniyyətin
qədim tarixi qatlarını, mənəvi
yaddaşı, musiqi-şeir-rəqs
kompleksini, eyni zamanda milli özünüdərki
təşkil edən folklor dəyərlərinin
bərpasında, aşkar
olunmasında və həyata qaytarılmasında
böyük əhəmiyyətə
malikdirlər. Daha bir nəticə
rayonlarda folklor və bədii özfəaliyyət işinin
fəallaşması, folklor
ansambllarının müasir
mədəniyyətdə roluna
düzgün qiymət
verilməsidir. O cümlədən,
Masallı, Lənkəran,
Zaqatala rayonlarında təşkil olunan beynəlxalq folklor festivalları, konsertləri
və konfransları müasir dövrdə Azərbaycanın zəngin
folklor ölkəsi kimi tanınması və xalqlararası mədəni əlaqələrin
genişlənməsi istiqamətində
böyük əhəmiyyət
daşıyır. Bu tədbirlərin nəticəsi
kimi Masallı, Lənkəran, Zaqatala və Balakən rayonlarının folklor örnəkləri ayrı-ayrı
toplularla nəşr olunub.
Nazirliyin
beş il ərzində həyata keçirdiyi "Xalq Yaradıcılığı Paytaxtları"nın
nəticələrindən biri də budur
ki, yerlərdə folklor vahidləri, musiqi-folklor janrları, ifaçılıq ənənələri
qorunmasa, rayonlarda bədii özfəaliyyət
ansamblları, onların
konsertləri, festivalları,
yerli folklora əsaslanan repertuarı təşkil olunmasa qeyri-maddi mədəniyyət
irsinin layiqli təbliğindən və
inkişafından söhbət
belə gedə bilməz.
Çoxsaylı tədbirlər göstərdi
ki, respublikamızın
bölgə folklorunun
zənginliyi, hər bir rayonun özünəməxsus
musiqi ənənələri
və folklor janrları, xalq musiqisi üzrə vokal və instrumental ifaçılıq növləri,
mərasimlər və
adətlər musiqişünaslara
və folklor mütəxəssislərinə regional tədqiqatlar üçün
geniş imkanlar verirlər.
Mədəniyyət və Turizm Nazirliyinin sözügedən Proqramı
xalq mahnılarını,
folklor rəqslərini,
ifaçılıq ənənələrini,
aşıq və muğam sənətkarlığını,
musiqi alətlərini
öyrənən musiqişünaslara,
folklor irsini araşdıran folklorşünas
və etnoqraflara, bu baxımdan yetərincə istiqamət
verib, sahəvi ekspedisiya və tədqiqatların aparılması
üçün müasir
dövrdə folklor materiallarının bol olması faktını yenidən gündəmə
gətirib. Sadəcə, tədqiqatçıların tədbirlərə qatılması,
fəal iştirakı,
müşahidələr aparması
çox lazım idi. Təkcə AMEA Folklor İnstitutunun
iştirakı ilə
xalq yaradıcılığına
sistemli və kompleks yanaşılması
tam elmi həllini tapa bilməz. Bununla belə, institut əməkdaşlarının
tədbirlərdə fəal
iştirakı, konfransları
təşkil etməsi,
maraqlı məsələləri
müzakirəyə çıxarması,
öz növbəsində
nazirliyin folklor tədqiqatçıları ilə
məqsədyönlü iş
birliyi bu Proqramın nəticələrinə
müsbət təsir
göstərib.
Lakin
AMEA-nın qədim və orta əsrlər
ədəbiyyatı, etnologiya
mütəxəssislərinin, Memarlıq və İncəsənət İnstitutunun
xalq musiqi və muğam üzrə əməkdaşlarının,
Bəstəkarlar İttifaqının
üzvü olan bəstəkar və musiqişünasların, Bakı
Musiqi Akademiyasının
etnomusiqişünas mütəxəssislərinin,
Milli Konservatoriya ilə ADMİU musiqişünaslarının
da bu tədbirlərdə
məhz elmi maraqlarla iştirakı, şübhəsiz ümumi
işin xeyrinə olar, nəticələri daha hərtərəfli və faydalı edə bilərdi. Elə Mədəniyyət
və Turizm Nazirliyində çalışan
ali musiqi təhsilli kadrların bu Proqramın xalq musiqisi yönümündəki
tədbirlərinə, rayonların
folklor kollektivlərinin
repertuarına, yerlərdə
bədii özfəaliyyət
kollektivlərinin yaradılmasına,
regionlarda xalq sənətkarlarının ifasının
yazıya alınmasına,
xalq musiqisindən ibarət audio-not bukletlərinin
hazırlanmasına cəlb
olunması da müsbət nəticələrin
kəmiyyət və keyfiyyətinə təsirsiz
ötüşməzdi.
(Ardı var)
Ariz ABDULƏLİYEV
Bakı Musiqi Akademiyasının
dosenti, böyük elmi işçi
525-ci qəzet.-
2015.- 8 yanvar.- S.6.