"2015-ci il beynəlxalq münasibətlər
baxımından Azərbaycan üçün daha əlverişli
olacaq"
Milli Məclisin
beynəlxalq münasibətlər və parlamentlərarası
əlaqələr komitəsinin sədri, Azərbaycanın
Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə
heyətinin rəhbəri Səməd Seyidov AzərTAc-a məxsusi müsahibə verib. Müsahibəni
təqdim edirik.
-
Yanvarın sonlarında Avropa Şurası Parlament
Assambleyasının qış sessiyası keçiriləcək.
Azərbaycan nümayəndə heyətinin
müzakirələrdə ölkəmizlə bağlı
hansısa məsələni qaldırması
planlaşdırılırmı?
-
AŞPA-nın hər bir sessiyası kimi, bu ayın
sonlarında keçiriləcək qış sessiyası da
bizim üçün əhəmiyyətlidir. Əhəmiyyətlidir
ona görə ki, Avropa çox mürəkkəb
dövrünü yaşayır. Yunanıstandakı
mövcud vəziyyət, İrlandiyanın Avropa
İttifaqı ilə bağlı mövqeyi, Ukraynada baş
verən hadisələr, Rusiyaya qarşı sanksiyalar və s.
Bu proseslərin təhlili hər hansı formada
AŞPA-da müzakirə olunacaq və biz nümayəndə
heyəti olaraq bu müzakirələrdə iştirak edəcəyik. Lakin
prioritetimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini
AŞPA-nın gündəliyinə çıxarmaqdır.
Dəfələrlə bildirmişik ki, bu məsələ
Avropa Şurasının gündəmində olmalıdır və
biz quruma məhz bu məsələni beynəlxalq ictimaiyyətə
çatdırmaq üçün daxil olmuşuq. Azərbaycan Avropa Şurasının üzvü
seçilərkən biz dünya ictimaiyyətinə
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı həqiqətlərin
çatdırılmasını qarşımıza əsas hədəf
qoymuşduq. İndi də belədir.
Ona görə də hər bir sessiyada olduğu kimi,
AŞPA-nın bu sessiyasında, eləcə də komitə
iclaslarında, siyasi partiyaların toplantılarında biz Azərbaycanın
ən ağrılı problemi olan Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı məsələni bir
daha gündəmə gətirəcəyik. Bu,
bizim üçün çox vacib və prioritet məsələdir.
- Artıq AŞPA-nın qış sessiyasının
gündəliyi açıqlanıb. Gündəlikdə
duran məsələlərdən biri də ukraynalı
qaçqın və məcburi köçkünlərin vəziyyəti
ilə bağlıdır. Azərbaycanın
da bu problemdən əziyyət çəkdiyini nəzərə
alsaq, ölkəmizdəki 1 milyondan artıq məcburi
köçkünün hüquqlarının bərpası ilə
bağlı məsələnin müzakirəyə
çıxarılması mümkündürmü?
-
Qış sessiyasında bir çox məsələlərin
müzakirəsi nəzərdə tutulub. Əlbəttə,
gündəliklə bağlı biz öz münasibətimizi
bildirəcəyik.
Azərbaycanlı məcburi köçkünlərin
problemləri, işğal olunmuş ərazilərin ekoloji vəziyyəti
ilə bağlı məsələləri biz "Dağlıq
Qarabağ" adı altında Avropa Şurasına təqdim
edirik. Yəni, biz Avropa Şurasında bütün aspektlər
üzrə, o cümlədən məcburi köçkünlərlə
əlaqəli məsələləri qaldırırıq.
Əvvəlcədən deyə bilərəm
ki, Azərbaycan nümayəndə heyəti bu məsələyə
dair mövqeyini də mütləq bildirəcək.
-
2014-cü ildə Azərbaycanın beynəlxalq təşkilatlardakı
fəaliyyətini necə dəyərləndirərdiniz?
-
Ümumiyyətlə, 2014-cü il Azərbaycan
üçün Avropa Şurasında çox mühüm və
tarixi bir il oldu. Çünki 2014-cü ildə
Azərbaycan Avropa Şurasına sədrlik etdi. Prezident İlham Əliyev Avropa Şurasında Azərbaycanı
yeni bir zirvədə, tamamilə yeni bir mərhələdə
dünyaya təqdim etdi. Mən 2001-ci ildən
Avropa Şurasında fəaliyyət göstərirəm.
Bu müddətdə AŞPA tribunasında
ümummilli lider Heydər Əliyev də, Prezident İlham
Əliyev də çıxış etmişdi. Ötən
il Azərbaycanın sədrliyi müddətində
də Prezident İlham Əliyev Avropa Şurasında bir daha
çıxış etdi. Bu
çıxışları təhlil edərkən niyyətlərdən,
hədəflərdən konkret işlərə, nəticələrə
gedən yolu görürük. Belə ki,
Ümummilli Lider ilk çıxışında Azərbaycanın
dünya dövlətləri arasında layiqli yer
tutacağına, qüdrətinin artacağına əminliyini
bildirmişdi. 2014-cü ildə Prezident
İlham Əliyev isə tarixi çıxışında
artıq konkret nəticələrdən, həmçinin
perspektivlərdən danışdı. Bu
çıxış həm də Azərbaycanın
imkanları ilə yanaşı, azərbaycançılıq
ideyasının təntənəsini göstərdi. Azərbaycana dünya dövlətləri arasında
mövqeyini möhkəmləndirməyə şərait
yaratdı, ölkəmizin gücünü, potensialını
artırdı və perspektivlərini müəyyənləşdirdi.
Bu tarixi çıxış Avropa
Şurasında, o cümlədən üzv ölkələrdə
yüksək qiymətləndirildi. Məhz buna görə
də düşünürəm ki, Azərbaycan maraqlarının müdafiəsi
baxımından dövlətimizin
başçısının bu çıxışı
2014-cü ildə Azərbaycan-Avropa Şurası münasibətlərinin
zirvəsi oldu.
Xarici
işlər naziri Elmar Məmmədyarov da keçən il AŞPA-da iki dəfə
çıxış edərək, Azərbaycanın haqq səsini
diqqətə çatdırıb. Eyni zamanda, Azərbaycan
Avropa Şurası ilə 2014-2016-cı illəri əhatə
edən fəaliyyət planını imzalayıb. Fəaliyyət planına daxil olan müddəaların
bir qismi artıq həyata keçirilib, digərləri isə
2015-ci və 2016-cı illərdə icra olunacaq.
2014-cü il Azərbaycan
nümayəndə heyəti tərəfindən həm erməni
lobbisinə, həm də ölkəmizi istəməyən
qüvvələrə qarşı məqsədyönlü
iş aparılıb. Nümayəndə heyətimiz
tərəfindən hazırlanmış xeyli sənədlər
Avropa Şurasında qəbul olunub. Dağlıq
Qarabağla, Sərsəng su anbarı ilə bağlı məruzəçilərin,
Azərbaycan nümayəndə heyətindən alt komitə sədrlərinin
təyin olunması, məruzəçilərin seçilməsi
2014-cü ildə əldə olunmuş uğurlardandır.
Ötən il həm də ilk dəfə
olaraq Azərbaycan nümayəndə heyətindən başqa
bir ölkənin monitorinqinin aparılması üçün
xüsusi statusa malik məruzəçi seçilib. Bütün bunlar 2014-cü ildə baş versə də,
uzunmüddətli fəaliyyət nəticəsində
mümkün olub. Həm Avropa
Şurasının baş katibi Torbyorn Yaqland, həm də
Avropa Şurası Parlament Assambleyasının sədri Ann
Brasör Azərbaycanın Avropa Şurasına sədrliyini
yüksək qiymətləndiriblər. Azərbaycanı
gözü götürməyən qüvvələr bu
nailiyyətlərə kölgə salmaq istəyirlər.
Belə əsassız iddialar səslənir ki,
guya Azərbaycanda insan haqları ilə bağlı hansısa
pozuntular baş verib. Əslində isə,
məhz 2014-cü ildə Azərbaycan vətəndaş cəmiyyətinin
və hakimiyyətinin nümayəndələrindən ibarət
insan hüquqları məsələləri üzrə birgə
işçi qrupu Prezident İlham Əliyevin və baş
katib Turbyorn Yaqlandın təşəbbüsü ilə fəaliyyətini
bərpa edib. 2014-cü ildə Azərbaycan Milli Məclisində
Avropa Şurasının daimi komitəsi və bürosunun,
ATƏT Parlament Assambleyasının 23-cü illik
sessiyasının, NATO Parlament Assambleyasının Rouz-Rout
seminarının, Qara dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatı Parlament Məclisinin, TÜRKPA-nın
iclaslarının keçirilməsi ölkəmizin həmin
ildə beynəlxalq təşkilatlardakı uğurlu fəaliyyətinin
göstəricisidir.
-
Vaxtaşırı erməni silahlı qüvvələri
qoşunların təmas xəttində müxtəlif təxribatlar
törədirlər. Son günlərdə də
cəbhəboyu yaşayış məntəqələrimiz
intensiv atəşə tutulub. Siz bunu nə
ilə izah edərdiniz?
- Azərbaycan
gücləndikcə, beynəlxalq miqyasda mövqelərini
möhkəmləndirdikcə erməni lobbisi, ölkəmizi
istəməyən qüvvələr təxribatlara əl
atırlar. Cəbhə xəttində müəyyən
gərginlik müşahidə olunur və bu da təsadüfi
deyil. Ermənilər görürlər ki,
danışıqlar masası arxasına oturanda uduzurlar.
Onlar çox
çalışırlar ki, Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı məsələni
gündəlikdən çıxarsınlar, amma buna nail ola
bilmirlər. Biz AŞPA-nın yanvarda
keçiriləcək sessiyasında da bu məsələləri
yenə qaldıracağıq. Biz bu istiqamətdə
fəal şəkildə işləyirik. Ermənilər
də görəndə ki, diplomatik, sivil cəbhədə,
beynəlxalq hüquq çərçivəsində nəyəsə
nail ola bilmirlər, digər yollardan istifadə
etməyə - cəbhədə vəziyyəti gərginləşdirməyə,
Azərbaycana qarşı böhtan xarakterli məqalələr
dərc etdirməyə başlayırlar. Yəni,
qarşı tərəfin bütün bu narahatlıqlarının
səbəbi Azərbaycanın sürətlə inkişaf etməsi,
öz sözünü demək iqtidarında olması,
güclü, regionda lider dövlətə çevrilməsidir.
- Bəzi
beynəlxalq dairələr ölkəmizə qarşı qərəzli,
ikili standartlar siyasəti yürütməkdə davam edirlər.
Son vaxtlar bu, daha intensiv xarakter alıb. Sizcə bütün bunlar nədən qaynaqlanır?
- Azərbaycanın müstəqil siyasəti bəzi qüvvələr tərəfindən qəbul edilmir. Biz coğrafi nöqteyi-nəzərdən çox da böyük dövlət deyilik. Ancaq apardığımız müstəqil siyasət, qazandığımız uğurlar, xüsusilə iqtisadi nailiyyətlərimiz bizi çox güclü dövlətə çevirib. Bu güclü dövlət regionda başqalarının marağını deyil, yalnız özünün, Azərbaycan xalqının maraqlarını təmin edir. Məhz bu siyasət bəzi dairələrin mənafelərinə uyğun gəlmir. Azərbaycana göstərilən təzyiqlər, qərəzli mövqe, ilk növbədə, bundan qaynaqlanır. Beynəlxalq sistemdə nadir dövlətlər var ki, o qədər də böyük deyil, ancaq güclü təsir imkanlarına malikdir. O qədər də böyük olmayan ölkənin öz maraqları çərçivəsində siyasət yürütməsi, ümumiyyətlə, çox nadir hallarda mümkündür. Bəzi dövlətlər var ki, ərazi baxımından o qədər də böyük deyil, güclü iqtisadiyyata malikdir, amma öz maraqlarını kənara qoyaraq böyük dövlətlərin maraqlarını həyata keçirilər. Elə dövlət də var ki, kiçikdir, iqtisadi gücü də yoxdur və başqa ölkənin marağını həyata keçirir. Buna misal kimi qonşumuz Ermənistanı göstərmək olar. Ümumiyyətlə, Ermənistanı müstəqil ölkə adlandırmaq düzgün deyil. Ermənistan müstəqilliyini itirmiş bir ölkədir, sadəcə olaraq forpostdur.
Azərbaycanın bugünkü inkişafı, dünya dövlətləri arasındakı mövqeyi ona dəlalət edir ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət düzgün siyasətdir. Ətrafa baxsaq görərik ki, dünyanın müxtəlif bölgələrində müharibələr gedir, xaos və böhran hökm sürür. Bu cür çox çətin bir geosiyasi vəziyyətdə Azərbaycan müstəqil siyasət yeridir, inkişaf edir, ölkəmiz mədəniyyətin, idmanın tərəqqisi haqqında düşünür. Bu gün dünya iqtisadiyyatı çox çətin vəziyyətdədir, neftin qiyməti aşağı düşür. Azərbaycan Prezidentinin apardığı siyasət olmasaydı, Azərbaycan iqtisadiyyatı xüsusi iqtisadi prinsiplər əsasında qurulmasaydı, bu gün çox çətin bir vəziyyətə düşə bilərdik. Hazırda dünyada olan iqtisadi böhran Azərbaycanda hiss olunmur.
Düşünürəm ki, 2015-ci il bizim üçün çox vacib il olacaq. Ona görə ki, beynəlxalq münasibətlərdə rəmzi mənada desək, kartlar açılıb. Əvvəllər bu münasibətlərdə gözə görünən və görünməyən amillər var idi. Məsələn, Avropa Şurasında əsas bir dəyər kimi insan haqları uğrunda mübarizə təqdim edilirdi. İndi görürük ki, bəzi beynəlxalq təşkilatlarda insan haqları amilindən bir alət kimi istifadə edib ölkələrə təsir göstərirlər. Digər tərəfdən, demokratiyanı bir ölkədən digərinə bir əşya kimi gətirmək mümkün deyil. Demokratik prinsiplər, dəyərlər ölkənin içərisində formalaşmalı, püxtələşməlidir. Buna isə zaman lazımdır. Bir misal çəkim. Avropa Şurasının tövsiyələrini statistik göstəricilərə görə ən çox yerinə yetirən ölkə Ukrayna idi. Hətta Avropa Şurasının Ukrayna Konstitusiyasının dəyişdirilməsi ilə bağlı tövsiyəsi də yerinə yetirildi. Baxmayaraq ki, sonradan köhnə konstitusiyanı bərpa etdilər, ancaq artıq gec idi. Ukraynada baş verənlər göz qabağındadır. Bu gün o tövsiyələri verən Avropa Şurası Ukraynanın gələcəyi ilə bağlı heç bir addım atmır.
Bu baxımdan demək istəyirəm ki, artıq beynəlxalq münasibətlərdə bütün amillər görünməyə başlayır. Avropada qəbul olunmuş dəyərlər məhz ikili standartlar nəticəsində korroziyaya uğrayıb. Azərbaycana insan haqları ilə bağlı təzyiqlər göstərilir. Mən bu təzyiqlərin canlı şahidiyəm. Ancaq qonşu ölkələrdə bu məsələ ilə bağlı vəziyyət bizimkindən qat-qat gərgin olsa da, onlara nəyə görəsə göz yumulur. Bu, həmin dövlətlərdən daha çox Avropa Şurasına mənfi təsir göstərir. Nəticədə bu qurum yavaş-yavaş nüfuzunu itirir. Əgər təşkilat nəyisə dəyişmək istəyirsə, birinci özündən başlamalıdır, ikili standartları aradan qaldırmalıdır. Necə ola bilər ki, digər dövlətlərə sanksiyalar tətbiq olunur, amma Ermənistana yox. Necə olur ki, Azərbaycan ərazilərinin bir hissəsini işğal edən Ermənistana heç bir təzyiq göstərilmir?! Belə hallar nə qədər davam edəcəksə, təşkilat da bir o qədər zəifləyəcək.
Digər bir misal çəkim. Beynəlxalq birlik tərəfindən tanınmamış qondarma "Dağlıq Qarabağ respublikası"nda "məhkəmə" qurulur, öz doğma torpaqlarında girov götürülmüş soydaşlarımız o "məhkəmə"yə cəlb olunur. Ancaq bununla bağlı nə Avropa Şurası, nə də digər təşkilatlar tərəfindən heç bir reaksiya, ya da sanksiya görmürük. Bu, Avropa Şurasının birbaşa ikili standartlarıdır.
Düşünürəm ki, 2015-ci il beynəlxalq münasibətləri daha açıq şəkildə ortaya qoyacaq və bu nöqteyi-nəzərdən Azərbaycan üçün çox əlverişli bir il olacaq. Çünki Azərbaycan beynəlxalq münasibətlərdə heç vaxt heç nəyi gizlətməyib. Ermənistan isə gizlədib, Avropa Şurası bizə ikili standartlarla yanaşıb. Biz isə həmişə demişik ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesində tam şəkildə açıqdır. Biz münaqişənin həllini istənilən səviyyədə müzakirə etməyə hazırıq - istər ATƏT, istər Avropa Şurası, istərsə də NATO Parlament Assambleyası səviyyəsində. Ermənilər isə deyirlər ki, Minsk qrupunda müzakirə edək, amma Avropa Şurasında yox. Niyə? Deməli, rəsmi Yerevan nədənsə çəkinir, məsələnin qabardılmasını istəmir. Lakin ermənilər tərəfindən nə qədər cəhdlər göstərilsə də, əminəm ki, haqq-ədalət öz yerini tutacaq. 2015-ci ildə beynəlxalq münasibətlərdəki vəziyyət bunun üçün əlverişli şərait yaradır.
525-ci qəzet.- 2015.- 8 yanvar.- S.5.