Ömrün fəsilləri
Təbiət gözəldir hər donda,
insan gözəldir hər yaşda
Baharı çox sevirəm - coşqu, həvəs, bir təzəlik var onda...
Yaşıl yamacda muncuqlar,
Ağaclarda tumurcuqlar
cücərər, yarpaqlanar, allanar
insan kimi,
Baharı çox sevirəm uşaq kimi saf, təmizdi,
Baharı çox sevirəm uşaqlığımla əkizdi.
Yayı sevirəm.
Bir hərarət, istilik var onda
Gənclik kimi qaynayar qan da,
Yayı
sevirəm dənizi sevdiyim qədər,
Günəşin şəfəqləri dalğalarla
sevişər hər səhər.
Torpaq su istər
Sevgiyə susamış titrəyən
ürəklər qədər...
Payızı sevirəm kədər,
həsrət, bir ümid də var onda
Təbiət qızılı donda,
Xəzanların üstündə yeridikcə
ötən gəncliyinin
xatirəsi,
əsən küləklərdə
sevgi nəğməsi
səslənər,
Yağışlar altında göz
yaşların gizlənər,
ürəyin həsrətlənər...
Ağacda
yellənən son yarpaq
kimi ümid ölməz,
Hər çağıyla barışar
insan,
Yazı, yayı illərin fərqinə varmazdı, amma payızda zamanla yarışar insan.
Qışı sevirəm, çünki
bəyaz saçlar kimi qarı sevirəm
Ömrün qışıdı qocalıq,
çünki uşaqları
sevdiyimtək qocaları
sevirəm
Qışı sevirəm, ondan
sonra bahar gələr
Qış bitdimi, ömür
bitər -
Bitərmi?
Yaşa
Vücudda canı yaşa
Hər dəmi,
anı yaşa.
Yaşa,
zamanı yaşa
Bircə zaman bizimdir.
Bu meşə, bu dağ qalar,
Bu çəmən, bu bağ qalar,
Bu ev, bu otaq qalar,
Bircə zaman bizimdir.
Nəyimiz var özgənin
Nə sənindir, nə mənim
Tanrının tənim, tənin
Bircə zaman bizimdir.
Ürəyimə çəkilmişəm
Ən isti, ən sıcaq
yerə,
Ruhumu tutacaq yerə
Ürəyimə çəkilmişəm.
Xəyalımın nəşəsinə,
Səssizcə bir köşəsinə
Ürəyimə çəkilmişəm.
Danışsam duyan yox məni,
Burdan görmürəm
kimsəni.
Ötərək dumanı, çəni
Ürəyimə çəkilmişəm.
Özüm-özümlə baş-başa
Qəmim
sevincimlə qoşa
Qaçıb dünyadan birbaşa
Ürəyimə çəkilmişəm.
Sevdim Səni...
Çəmənlərin çiçəyində,
Çiçəklərin ləçəyində,
Xallı-xallı böcəyində.
Yaşıl otların şehində,
saçlarımı darayan səhər mehində sevdim Səni...
Bulaqların göz yaşında,
Qarlı
dağların başında,
Çayların çınqıl daşında...
Təbiətin firçasında,
boyasında sevdim Səni.
Səhərlərin şəfəqində,
Gecələrin qarasında,
iki dünya arasında sevdim Səni!
Vicdanımın fəryadında,
harayında...
Ürəyimin atəşində, istisində
Bu dünyanın sevgisində
sevdim Səni!
Sevdim Səni,
körpələrin məsun
-məsun baxışında,
mışıl-mışıl yuxusunda,
bələyinin qoxusunda...
sevdim Səni!
Verdiyində, aldığında,
xəyallara daldığımda,
Öz-özümlə qaldığımda həyan
oldun.
Duymayanda kimsə məni duyan oldun.
Dodağımda bir müqəddəs
duam oldun.
Dualarda sevdim Səni!
Öncə İncildən, Qurandan...
Özümü tanıdığımdan sevdim
Səni.
Mənim
eşqim təmənnasız!
Mənim eşqim ağlımdadır.
Duyğumdadır,
Ruhumdadır...
Sevmədim ki, minnət üçün,
Sevmədim ki, cənnət üçün.
Bir ömür də yetər mənə Səni candan sevmək üçün!
Sən yaşamaq istəmirsən
Sən yaşamaq istəmirsən,
Yaşaya bilmək haqqını istəyirsən.
Sən ağlamaq
istəmirsən.
Ağlayıb gülmək haqqını
istəyirsən.
Sən tüstülü obaları,
Qalanmamış sobaları,
Biçilməmiş zəmiləri,
Yapılmamış təndirləri,
Yəhərini çəkmədiyin kəndirləri.
Ot qoxuyan çəmənlərdə çapmadığın,
Yalmanına yatmadığın atları...
Qapanmış gözlər içində
yox!
Sən görmək, görmək
haqqını istəyirsən!
Asılıb əqrəblərdən,
Durdurub saatları
Geriyə
dönmək,
Sən dönmək, dönmək haqqını
istəyirsən!
İncidilən ruhları duyan kimi,
Üşüyən məzarlara həyan kimi
Torpağında gömülməkçün
Vətəndə ölmək haqqını
istəyirsən.
Ölüm olmasa əgər
Həyat
bu qədər şirin, həyat bu qədər dadlı,
Arzular quş qanadlı
Olardımı dünyada ölüm olmasa əgər?
Vaxt qədrini bilməzdik,
Ömür zəncirimizin "qurtarmaz
halqaları"
Deyib yola salardıq, boş, mənasız ayları
Əslində cəsəd ikən yaşayardıq ölməzdik.
İnsan
əyrini-düzü
Gülən-ağlayan gözü,
Nə deməkdi qanmazdı,
Alışmazdı, yanmazdı
Yoxluğun atəşində...
Nə yaxşı ki, belədir, nə yaxşı ki, ölüm var
Uzun sürərdi
onda zalımların zülmü.
Göylərə səs salardı çarəsizlərin ünü.
Mənimsərdi dünyanı "mənim-mənim"
deyənlər
Yemə
dönərdi onda
Yaşamaqçün yeyənlər.
Şərin bataqlığında çürüyərdi
fəzilət.
Can versə də yaşayır,
Ölüm olmasa əgər, yalanın əllərində
boğulardı həqiqət.
Və
nəhayət:
ölüm qoy gəlsin, amma fidanı soldurmasın.
Qönçəni dondurmasın.
Beşik
yelləyən əllər
oxşamasın tabutu
ölüm qoy gəlsin,
amma öncə hər kəsə möhlət...
Leyla RƏŞİD
525-ci qəzet.-
2015.- 9 yanvar.- S.7.