Zahid Oruc: "Azərbaycana qeyri-sabitlik
ixracı mümkün olmayacaq"
Milli Məclisin (MM)
deputatı Zahid Orucun "525"ə müsahibəsi
- Zahid
müəllim, yenicə qədəm qoymuş 2015-ci il ölkəmizdə daha çox hansı hadisələrlə
yadda qala bilər və qalacaq? Təbii ki, bu il
ölkəmizdə keçiriləcək ilk Avropa Olimpiya
Oyunları və 5-ci çağırış parlament
seçkiləri daha önəmli hadisələrin
sırasında dayanır və dayanacaq. Bəs digər
hansı hadisələr, xüsusilə, gözlənilməz
hadisələr yaşana, önəmliliyi ilə seçilə bilər?
-
Ümumiyyətlə, dünya 2015-ci ildə mühüm
geopolitik proseslərin inkişafının müəyyən
bir mərhələsinə daxil olub. Çoxlu
yarımçıq qalmış konfliktlər var və
dünyanın sanki yenidən arxitekturalanması prosesi getməkdədir.
Açıq şəkildə görünən
budur ki, əvvəlki dövrdə qurulmuş anqlo-saks sistemi
müəyyən mənada dəyişikliklərə
uğrayır. Keçmişdə nə qədər
çalışmışdılar ki, hər hansı bir
dövlət təkbaşına qaydada Avroatlantik sistemə
qarşı özünün başqa bir fərqli hərbi-
siyasi formatını qura bilməsin, amma açıq şəkildə
duyulan odur ki, Avropanın
özündən - baxmayaraq ki, elə həmin qeyd etdiyimiz
sistemdə onlar zamanında və indinin özündə də
yaxşı iştirak ediblər - etiraz səsləri var.
Rusiya açıq şəkildə Ukraynanın onun təsir
dairəsindən çıxarılmasına qarşı
mövqeyini ortalığa qoyub və bu savaş davam etməkdədir.
Yaxın Şərqin demokratikləşməsi
prosesi lazım olan istiqamətdə getmədi və faktiki
olaraq İslam dünyasının xaos içərisində
qalması Qərbin bütün maraqlarına heç də
cavab vermir. Çünki onların həmin
bölgəni öz mənafeləri istiqamətində yenidən
təşkili uğurla sonuclanmadı.
Əfqanıstandan çıxarılan qoşunların
fonunda taliblərin təzədən hakimiyyətə
qayıdacağı və əfqan torpağında uzun illər
ərzində yaşanmış problemlərin davam edəcəyi
gözlənilir. Beləliklə, bu cür geopolitik qüvvələr
nisbəti fonunda Azərbaycan fəal şəkildə öz maraqlarını,
mənafelərini beynəlxalq aləmdə qorumaqdadır.
Gözlənilməzlik nələrdən baş verə
bilər? Şübhəsiz ki, post-sovet məkanındakı
hadisələrin hansı istiqamətdə inkişafı
çox önəmlidir. Rusiya Ukraynada hakimiyyət dəyişikliyinə
nail ola biləcəkmi? Şərqi
Ukraynadakı prosesləri dərinləşdirməklə bu hərbi
qüvvələri Kiyevə qədər yerləşdirmək
reallaşarsa, açıq şəkildə Qərb
Ukraynanı əldən verməklə razılaşmalı
olacaq. Çünki onsuz da qeyd etdiyimiz kimi, məlum
İslam xilafəti, o cümlədən, Suriyadakı problemlər,
Misirdə generalların hakimiyyəti ələ almasına baxmayaraq, hələ də orada sabitliyin əldə
oluna bilməməsi, "Müsəlman
qardaşları"nın cəmiyyətdə təkrar-əvvəlki
"yerlərinə" qaytarılması ilə
razılaşmamaları və
sair fonunda Avropa çox ciddi
problemlər içərisindədir. Bu dövrdə Fələstin
muxtariyyətinin geniş şəkildə
tanıdılması istiqamətində addımlar belə Qərb
ölkələrinin Ərəb dünyası ilə
münasibətlərini tam da yaxşılaşdırmayacaq. Ona görə deməliyik ki, Azərbaycan
üçün daxili ictimai-siyasi həyat öz dinamizmi ilə
davam edəcək. Amma bu, xarici hadisələrə
xeyli dərəcədə indekslənmiş şəkildə
özünü göstərməlidir. Yəni, Rusiya
Ukraynada, sadə dildə desək,
qələbə qazansa, bu avtomatik o anlama gətirəcək
ki, iqtisadi izolyasiya müəyyən nəticələr versə
də, dünya dövlətləri Rusiyanı siyasi cəhətdən
tərksilah edə bilmədilər, onu tam təcridə məruz
qoymağı bacarmadılar.
Odur ki, istər Şanxay birliyi, istərsə də digər
formatlarda bu ölkə anti-Amerika alyansı adında bir qurumu
formalaşdırmaq imkanı qazanacaq və bu, avtomatik olaraq Cənubi
Qafqazdakı proseslərə təsir göstərə bilər. Mən tamamilə əminəm
ki, hazırkı
şəraitdə Azərbaycanın daxil olduğu bu coğrafi-siyasi qurşaqda gedən
proseslər qeyd etdiyimiz hadisələrə daha
çox dərəcədə bağlıdır...
- Bir
çox dairələr hesab edirlər ki, Rusiyaya zərbənin
ən böyüyünü Qafqazlardan vurmaq
mümkündür...
-Bəli,
belə fikirlər də mütəmadi ortalıqdadır,
dövriyyədədir. Belə demək mümkünsə,
onsuz da İran da, Pakistan da, hətta Əfqanıstan da,
baxmayaraq ki, Amerika bazası orada qalır, Rusiyanın təsir
dairəsinə düşəcəksə və onun gələcəkdə
qurduğu birliklərdə iştirak edəcəklərsə,
avtomatik olaraq Qafqaz təzədən müharibə
ocağına çevrilməlidir.
Ona görə çox arzulayıram ki, qeyd etdiyimiz
böyük tədbirlər fonunda - istər parlament
seçkiləri, istərsə də Avropa Olimpiya
Oyunlarının keçirildiyi bir şəraitdə ilk
növbədə Azərbaycanda təhlükəsizlik qorunsun. Soçi
olimpiadasından öncə məlum terror olayları
hamımızı düşündürdü ki,
görünür sabit Rusiya bir çoxlarına sərfəli
deyi və bu qeyri-sabitlik mənbələrinin daha geniş ərazilərə
ixracı mümkündür. Təsadüfi
deyil ki, bu, elə bu cür də adlanır - xaos ixracı,
müharibələrin ixracı. Bu üzdən
Azərbaycan daha artıq dərəcədə təhlükəsizliyini
qoruyub saxlamağa çalışacaq. Çünki
ən böyük sərvət hazırkı dövrdə budur.
Yəni, müxtəlif ölkələrin həyatında,
hətta, əldə olunmuş iqtisadi inkişaf fonunda siyasi
qeyri-sabitlik həmin xalqların gələcək həyatını
təhdid edir. Bü gün isə belə
bir qeyri-sabit dünyada Azərbaycan özünün mənafelərini
qoruyub saxlayırsa, bu, təbii ki, Azərbaycan dövlət rəhbərinin
yürütdüyü siyasətin hesabınadır.
Amma daxili təhdidlər müxtəlif qüvvələrin
əli ilə hərəkətə gətirilə bilər. Baxın bir
radio üzərindən Amerika-Azərbaycan münasibətlərinin
korlanması üçün bütün maksimal cəhdlər
göstərilir. Bu isə
"üçüncü qüvvələr"in işinə
yarıyacaq. Belə şəraitdən maksimum dərəcədə
faydalanmaq istəyən regional dövlətlər də var.
Ona görə hesab edirəm ki, biz 2015-ci ilə böyük geopolitik proseslərlə
birgə daxil olmuşuq, amma il dünya üçün
ağır olacaq. Bunu söyləyərkən də
necə deyərlər, siyasi peyğəmbərliyə ehtiyac
yoxdur, yəni, bu, gözlə görüləcək səviyyədədir.
-Qeyd
etdiniz ki, geopolitik hadisələr, proseslər fonunda ən
vacib məsələ Azərbaycanın təhlükəsizliyinin
təmin edilməsi məsələsidir. O da var ki, Azərbaycanda
milli həmrəylik əldə olunsa da, siyasi həmrəylik
hələ də əldə olunmayıb. Bu
baxımdan, ölkədə siyasi həmrəyliyin əldə
olunması və bununla da ölkənin təhlükəsizliyini
təhdid edə biləcək məqamların aradan
qaldırılması üçün nələr edilməlidir?
Yoxsa, proseslərin başqa, arzuolunmayan məcrada
inkişafı daha çox gözləniləndir?
- Əlbəttə, Azərbaycanın ümumi daxili vəziyyətini
təhlil edəndə hansı məqamlar ümumi
maraqlarımızı təhlükə qarşısında
qoyur, onları təyin etmək o qədər də çətin
deyil. Heç şübhəsiz ki, birinci məsələ
Qarabağdan gələn təhlükələrdir. Ermənilər
də artıq bunu zəminliklə il
başlayan kimi formalaşdırıblar, deməli, cəhbədə
vəziyyət kifayət qədər gərgin keçəcək.
Bu isə avtomatik olaraq
ölkənin ictimai-siyasi vəziyyətinə təsir
göstərir, Qarabağda demokratikləşmənin,
quruculuğun, sabitliyin, həmçinin, beynəlxalq əlaqələrin
müəyyən mənada qarşısını alır. Eyni zamanda, daim militaristləşdirmə ruhunu
qüvvədə saxlayır, böyük neft pullarının
silaha getməsinə şərait yaradır. Başqa yandan bu, şübhəsiz ki, ölkədə
müxtəlif istiqamətdə islahatlara da, bu və ya digər
formada mənfi təsirini göstərir, Azərbaycanın
beynəlxalq əlaqələrində mühüm amil olaraq
qalır. Halbuki açıq söyləmək
lazımdır, Qarabağ problem olmasaydı, yəni, torpaq
bütünlüyü problemimiz olmasaydı, Qarabağ məsələsini
xarici siyasətdə
ön yerdə
qoymağımıza da
ehtiyacımız qalmazdı. Başqa məsələ,
dörd qüvvənin bu və ya digər formada Azərbaycanda qeyri-
sabitliyə doğru təhrik edilməsidir.
Onlardan biri şübhəsiz ki, islami və dini qüvvələrdir. Bu, müxtəlif ölkələrdə
özünü göstərən terror qruplarının bir
uzantısı şəklində də ola
bilər, hansısa başqa xarakterli ekstremist təmayüllər
formasında da üzə çıxa bilər, o cümlədən,
regional dövlətlərin öz dini modelini Azərbaycana
yeritməsi formasında da gerçəkləşə bilər.
Hakimiyyət
bunu həssaslıqla izləyir və hesab edirəm ki, Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsinə siyasi bir yetkilinin təyin
olunmağında da əsas niyyət ondan ibarətdir ki, bu
sferada pozuculuq təməllərinin qarşısı
alınsın və qeyd edək ki,
iqtidar bu prosesə də maksimum dərəcədə
qanunlar çərçivəsində nəzarət etməyə
çalışır. Başqa bir qüvvə heç
şübhəsiz ki, siyasi radikallığı az qala silah verilsə, hərbi müxalifət səviyyəsinə
geçirəcək qüvvələrdir. Onlar bu illər ərzində
belə demək mümkündürsə, lümpen proletariata
çevrilib. Həqiqətən də vətəndə
onların xarici maliyyə mənbələri kəsilib, daxili
QHT sektoru vasitəsilə maliyyələşmə
imkanları da xeyli azalıb və tükənmək üzrədir.
Həmçinin, daxildən onlara investisiya
yatıranlar da yoxdur. Belə olan təqdirdə,
müxalifəti iki perspektiv gözləyir...
-Söhbət
hansı perspektivdən gedir?
-Birincisi,
Müsavat və onun çevrəsində olan qüvvələrin
hakimiyyətlə dialoqa, normal əməkdaşlığa gedəcəyi
təqdirdə Cəbhə (AXCP) təmayüllü qüvvələrin
tamamilə ayrılması və az qala "Müsəlman
qardaşları" modelində, belə deyək, siyasi islam
formatında fəaliyyətə yuvarlanmaqlarıdır. O
cümlədən,
ikinci cinah- Müsavat
da əgər təzədən parçalanarsa, bu, İsa Qəmbərin
yenidən müəyyən
şərtlər əsasında gələcək işbirlikləri
mənafeyi naminə Əli Kərimli ilə birliyə
qayıtması demək olardı. Belə olan təqdirdə,
şübhəsiz ki, 2015-ci ildə yenə də müxtəlif
xarakterli ittihamların,
bir-birini tanımamağının və sərtliyin
şahidi olacağıq.
Söylədiyiniz kimi, həqiqətən də milli həmrəylik
hökm sürdüyü halda siyasi toqquşmalar,
razılaşmamaq, inkarçılıq özünü
hansısa formada nümayiş etdirəcək. Amma
düşünürəm ki, hakimiyyət bütün bu
prosesləri təhlil edərək 2014-cü ildə daha ciddi
addımlar atdı ki, ona gələn təhlükələri
önləsin.
Mətbuata açıqlamamda da qeyd etdiyim kimi, bu, "5-ci kolon"un fəaliyyətinin neytrallaşması idi ki, bu vasitə ilə xarici təsir minimuma endirilsin və ölkənin siyasi həyatına mənfi təsir göstərən maliyyələrin qarşısı alınsın və sair. Yəni, iqtidar hakimiyyəti tanıyan, onunla danışıqların səmərəsini görən və yaxud gözləyən qüvvələri sərt düşmənçilik siyasəti yürüdənlərdən ayırmaq istədi. Zənn edirəm ki, gələcəkdə Müsavat da bu prosesə qoşulacaq. Yeri gəlmişkən, həmin partiyanın Azərbaycanda islami inqilab, bu ölkəni tamamilə yadelli işğalçılara vermək istəmədiyinə və bu kimi amillərə görə Cəbhə təmayüllü qüvvələrdən tam ayırmaq lazımdır. Bu baxımdan, mən bütövlükdə Müsavat Partiyasının dağılmasının və siyasi sistemindən çıxmasının tamamilə əleyhinəyəm. Bu, dediyimiz kimi, başqa xarakterli, yəni, az qala "Taliban" təfəkkürlü qüvvələrin tam qələbə qazanmasına şərait yarada bilər. Beləliklə, bu fonda Azərbaycandaxili qüvvələrin tam konsalidasiyası üçün iqtidar müəyyən addımlar atsa da, onun böyük bir hissəsindən parlament seçkilərinə qədər və ondan sonrakı dövrdə siyasi razılaşma mühitini bərqərar etmək mümkün olacaq. Amma yerdə qalan başqa təhdidlər də var.
Bu da əhalinin müəyyən siniflərdən narazı hissəsinin hansı qüvvələrin əlində vasitə ola biləcəyidir. Etiraf etmək lazımdır ki, aparılan torpaq özəlləşdirilməsi, mülkiyyət və əmlakın hüquqiləşdirilməsi və onun sahiblərinin tanıdılması, o cümlədən, iş yerləri və sair məsələlər üzərində mənafeyi həll edən sona qədər uzlaşmayan, problemləri tam çözülməyən insanlar var. Bunların sayını-əhali seqmentində dayandıqları yeri müəyyənləşdirmək o qədər də çətin deyil. Zamanında Azərbaycanın silahlı qüvvələrində bu narazılıq daha ciddi şəkildə özünü göstərməkdəydi. Hakimiyyət bunu 2013-cü ildə Prezident seçkilərindən sonra müəyyən mənada aradan qaldırdı, yəni, bütövlükdə ordu sistemi, iqtidarın ən yaxın mütəffiq qurumu kimi çıxış etməkdə davam edir. Media strukturları, xarici dairələr, o cümlədən, düşmən qüvvələr də Azərbaycan ordusundan narazı qüvvələri öz tərəflərinə çəkərək onları dövlət əleyhinə yönəldə bilmirlər.
Ona görə də zənn edirəm ki, 2015-ci ilin ümumi həyatında əsas məsələ əhali ilə daha fəal işləri öndə saxlamaqdır. Həmçinin, məlum hökumət fəaliyyətindən qaynaqlanan problemləri minimuma endirməkdir, eləcə də1, siyasi qüvvələrlə fəal danışıqlara və müxtəlif məsələlər ərtafında konsensus tapmağa çalışmaqdır. Belə olacağı təqdirdə hesab edirəm ki, Azərbaycanın hər hansı bir qeyri-sabitliyin ixracı mümkün olmayacaq.
Kamil
HƏMZƏOĞLU
525-ci qəzet.-
2015.- 9 yanvar.- S.4.