“Nu
poqodi” və “Çeburaşka”nın məşhur
səsi
Onun səsini “Çeburaşka”,
“Nu poqodi” (Dovşan),
“Körpə və Karlson”, “Balaca Yenot”, “Rikki-Tikki-Tavi” kimi məşhur cizgi filmlərindən tanıyırıq. Söhbət bu yaxınlarda 85 yaşı tamam olan mərhum rusiyalı aktrisa Klara Rumyanovadan gedir.
Taleyin hökmü
“Uşaqlığımızın səsi” metaforası ilə tanınan Klara Rumyanova 1929-cu ildə Leninqradda anadan olub. RSFSR-in multiplikasiya
üzrə “Əməkdar
artist” adına layiq görülmüş
ilk və yeganə aktrisası olan Klaranın kinoya həvəsi aktrisa Lyubov Orlovanın filmini gördükdən sonra yaranır. O qərara alır ki, özünü kino sahəsində sınamalıdır. Bu səbəbdən Ümumrusiya
Dövlət Kinematoqrafiya
İnstitutuna daxil olmaqdan ötrü
1940-cı ildə Leninqraddan
Moskvaya yola düşür. Paytaxta
yenicə gələn
gənc qız burada ilk çətinliklərlə
qarşılaşır: onun
pulunu oğurlayırlar
və gələcək
aktrisa uzun müddət ac qalmalı olur. Hətta rejissor Sergey Gerasimovun
rəhbərliyi ilə
aparılan imtahan zamanı Klaranın auditoriya qarşısında
acından ürəyi
gedir. Məhz S.Gerasimovun göstərişi
ilə K.Rumyanovaya yemək verilir və o, bu peşədə
gələcək aktrisanın
ilk müəllimi olur.
Bir dəfə
Klaranın ciddi xəstəliyindən sonra
səsi tamamilə batır. Bu zaman da onun köməyinə
rejissor gəlir.
Sergey Gerasimov xatirələrində
yazır: “Bilmirəm qızcığaz bu xəstəlikdən sonra necə oxuyacaq. O hətta normal danışa
da bilmir”.
Həkimlər aktrisaya ciddi xəbərdarlıq edirlər:
bundan sonra hər hansı bir mahnını ifa etməkdən söhbət belə gedə bilməz. Rejissor özü də düz yarım il
Klaraya danışmağı,
hətta pıçıldamağı
qadağan edir. K.Rumyanova bir il S.Gerasimovla
yazılı şəkildə
ünsiyyət qurur. Lakin qəribədir ki, bu hadisədən sonra sağalan aktrisanın səs tembri daha da
güclənir.
Karyerasına mane olan rejissor
K.Rumyanova kinoya ilk dəfə birinci kursda oxuyarkən çəkilir. O, ilk təcrübəsini
isə S.Gerasimovun “Kənd həkimi” filmində keçir. Çəkiliş zamanı
belə bir hadisə yaşanır: ssenariyə əsasən, filmdə körpə qışqıraraq ağlamalı
idi. Lakin bütün heyət
nə qədər çalışsa da, “balaca aktrisa” rejissorun tələbini yerinə yetirmir. Bu zaman körpənin
yerinə Klara Rumyanova “ağlayır” və bununla da məşhur səs kəşf edilir.
Klara karyerasına epizodik rollarda çəkilməklə
başlayır: Leonid Qaydayın
“O dünyadan adaxlı”
komediyasında, Mixail Şveytserin “Dirilmə” filmində kiçik rolda oynayır. Bundan başqa, “Onlar birinci idi”,
“Dörd nəfər”,
“Əvvəlcə həyat”,
“Vaxt, irəli!”, “12 stul” filmlərində də müxtəlif obrazlar yaradır.
Klara Rumyanova
hər nə qədər epizodik rollarda oynasa da, bir qədər
sonra onu şöhrətə aparacaq
təklifdən könüllü
şəkildə imtina
edir. Belə ki, aktrisa “Mosfilm”in direktoru İvan Pıryevin 1953-cü ildə “Sədaqətin
sınağı” filminə
çəkilmək təklifini
rədd edir. Ən “dəhşətlisi”
isə Klaranın direktora verdiyi cavab olur: “Nə
təklif etdiyiniz rol, nə də
ssenariniz xoşuma gəlir. Bu film uğursuz
olacaq”. Təbii ki, bir “azyaşlı”nın İ.Pıryevə
dediyi bu sözlər tanınmış
rejissorun xoşuna gəlmir və onu otağından qovur: “Sən heç bilirsən, nə danışırsan?!
Otağımdan rədd
ol! Sənin ayağın bir
daha “Mosfilm”ə dəyməyəcək. Mən
sənə kinoda çəkilməyi qadağan
edirəm!”. Bununla da aktrisanın “Mosfilm”ə gedən yolu bağlanır. Bundan sonra K.Rumyanova
heç vaxt ikinci Lyubov Orlova
ola bilmir.
Həmin filmdə isə Klaranın yerinə sonralar möhkəm dost olacağı
aktrisa Marina Ladınina
çəkilir. Marinanın
ölümündən sonra
K.Rumyanova xatırlayır:
“Biz onunla bir-birimizə
çox oxşayırdıq.
Hər ikimiz tənha və yazıq insanlar idik. O, həyatdan getdi və mən indi başa düşürəm ki, artıq heç kimə lazım deyiləm”.
Aktrisanın rəfiqəsi Nina Qolubevanın
sözlərinə görə,
İvan Pıryev ölümündən bir
neçə gün əvvəl Klaraya zəng vuraraq etdiklərinə görə
ondan üzr istəyib: “Bağışla
məni. Sən düz deyirdin,
film çox uğursuz
oldu”.
Dünyanın ən yaxşı
səsi
Klara Rumyanova
30 ildən çox yaradıcılıq fəaliyyətində
300-dən artıq Sovet
cizgi filmini səsləndirib. O, “Soyuzmultfilm”də
1963-2003-cü illərdə çalışıb. Bundan
başqa Klara dünya müsabiqəsində
“Yer üzündə animasiya üzrə tanınmış ən yaxşı səsin sahibi” adına
layiq görülüb.
K.Rumyanovanın ifasında səslənən
bütün mahnıları
o dövrün uşaqları
əzbər bilirdilər:
“Buludlar- ağyallı
atlar”, “De, Qar qız haradadır”, “Təbəssüm”, “Yat, əzizim, yat”, “Əsl dost” və s.
1983-cü ildə Klaranın
ifa etdiyi müxtəlif mahnılardan
ibarət “Dünyada çox nağıl var” adlı plastinka buraxılır. Aktrisa bir çox radiotamaşada, poeziya gecəsində, teatr oyununda da çıxış
edib.
Uğursuz sevgi həyatı. Ana ola bilməyən tənha qadın
Şəxsi həyat Klara üçün hər zaman ikinci planda
olub. K.Rumyanovanın qrup
yoldaşları Nikolay
Rıbnıkov, Alla Larionova, Nina Menşikova və Vadim Zaxarçenko
xatirələrində yazırlar
ki, Klara tələbəlik illərində
çox oğlanın
xoşuna gəlirmiş.
O, iri gözləri ilə bütün oğlanların diqqətini
cəlb edibmiş. Hətta N.Rıbnıkov aktrisadan ötrü dəli-divanə
olur. Bir dəfə Nikolay
bütün pulunu xərcləyərək Klara
üçün qızıl
saat alır. Lakin Nikolayın sevgi təkidlərindən təngə
gələn aktisa ona şillə vurur və bir
daha onu narahat etməməyi söyləyir. Bərk əsəbləşən
N.Rıbnıkov qızıl
saatı pəncərəyə
çırparaq sındırır.
Daha sonra rejissor Yuri Çulyukin məhz bu epizoddan “Qızlar”
filmində istifadə
edir.
N.Rıbnıkov daha sonra Klaranın
evinə gedərək
ondan üzr istəyir və 1957-ci ildə digər qrup yoldaşı Alla Larionova ilə ailə qurur.
Klaranın ilk evliliyi 16 yaşında gənc pianoçu ilə olur. Lakin bu nikah cəmi 3 ay davam edir. Buna səbəb isə
aktrisanın həyat yoldaşının onun qarşısında “ya mən, ya kino”
şərtini qoyması
olur. Aktrisa ərindən ayrılmaq qərarı verdikdən sonra iki aylıq
hamiləliyini də sonlandırır və bundan sonra bir
daha ana ola bilmir.
K.Rumyanova
1975-ci ildə “Çar
Pyotrun ərəblə
evlənməsi nağılı”nın çəkilişləri
zamanı Vladimir Vısoçko
ilə tanış olur. Lakin cütlüyün sevgi hekayəsi axıradək baş tutmur.
K.Rumyanovanın ikinci həyat yoldaşı aktyor Anatoli Çemodurov olur. Lakin aktrisa bu ərindən də ayrılır. Səbəb isə
A.Çemodurovun içki
içməsi olur.
Yavaş-yavaş kinodan uzaqlaşan
Anatoli evə gəlmir və gününün çoxu
polis idarələrində keçir.
Aktyor hətta içki almaq üçün evinin əşyalarını
da satmaqdan belə çəkinmir.
Klara və Anatoli 1973-cü ildə rəsmi şəkildə boşanırlar.
K.Rumyanovanın üçüncü nikahı 5 il
davam edir. Lakin aktrisanın budəfəki
əri onu öz qısqanclığı
ilə bezdirir. Klara özü bu barədə deyir: “Mən çox tanınmış
kişinin xoşuna gəlirdim – Çkalovun, Sliçenkonun, Maqomayevin, Vısotçkonun – amma indi təkəm. Uşaqlarım yoxdur, hamilə
qala bilmərəm.
Amma bütün bu olanlara görə təəssüf etmirəm”.
Qürub
edən ömür
Artıq 1990-cı illərdə “Soyuzmultfilm”də
yeni cizgi filmlərinin çəkilməməsi
səbəbindən Klara
işsiz qalır. Hər zaman dramatik rollarda çəkilmək
istəyən aktrisa özü bu barədə deyirdi: “Cizgi filmləri artıq yoxdur, mənimlə birlikdə onları səsləndirən
həmkarlarım – Papanov,
Ranevskoy, Vitsina da yoxdur. Onlarsız mən
tək qalmışam
və yalnız ümidlərlə yaşayıram”.
Klara Rumyanova
bu durğunluq zamanı bir müddət arxivlərdə
çalışır. O, Rusiya
tarixində tanınmış
qadınlardan bəhs edən, “Mənim adım Qadındır” adı altında çap olunmuş 11 tarixi pyes hazırlasa
da, həmin əsərləri işıq
üzü görmür.
Bu isə aktrisanı
ruhdan salır.
Klara Sovet kinosunun süqutu dövrünü çox çətinliklə yaşadı. O hətta ömrünün son illərində küçəyə belə çıxmırdı. Klara Rumyanova 2004-cü ildə xərçəng xəstəliyindən dünyasını dəyişir...
Nuranə ABBASOVA
hazırladı.
525-ci qəzet.-
2015.- 10 yanvar.- S.28.