“Azərbaycanın, ümumən Şərqin
çox böyük və zəngin ədəbi irsi var”
PROFESSOR ƏMİRXAN XƏLİLOV: “YEDDİ CİLDLİK “DÜNYA ƏDƏBİYYATI”NI TAMAMLADIQDAN SONRA DA BELƏ DÜŞÜNÜRƏM Kİ, HƏLƏ ÇOX AZ İŞ GÖRMÜŞƏM”
Azərbaycanın
nüfuzlu ədəbiyyatşünaslarından biri, Bakı
Dövlət Universitetinin professoru Əmirxan Xəlilov insan
kimi də, alim və pedaqoq kimi də nümunəvi
ömür yolu keçib. Səksən yaşın
astanasında olan Əmirxan müəllim deyir ki, onu ailədə
gördüyü tərbiyə, mühit, aşıqlardan, sənətkarlardan
aldığı dərs ədəbiyyata meylləndirib. Bu barədə
danışarkən professor əslən Borçalı
mahalından olduğunu xüsusi vurğulayır.
–
Borçalı camaatının aşıq sənətinə,
sözə çox yüksək qiymət verdiyi hər kəsə
məlumdur. Ailəmiz – atam, anam, qardaşlarım klassik ədəbiyyata,
şeirə, sənətə bağlı olublar. Biz ustad
aşıqlardan Əmrah Gülməmmədovu, Hüseyn
Saraclını, Kamandarı, şair Nəbini
görmüş, bu kimi böyük sənətkarların
sözünün, ifasının sehrinə
düşmüşük. Bu da bizim
dünyagörüşümüzə, təhsilə
münasibətimizə, sözə rəğbətimizə
müsbət təsir göstərib. Ənənə məndən
sonrakı nəsillərdə də davam edir. Dörd
övladım, doqquz nəvəm var. Qızım Şəlalə
filologiya üzrə fəlsəfə elmləri doktorudur,
oğlum Vüsal ərəbşünas, dissertantdır, digər
iki qızım Təravət və Aliyə jurnalistika sahəsindədirlər.
Nəvəmin biri Pərvanə Almaniyada, digər nəvəm
Nəriman İtaliyada magistr təhsili alır.
50 ilə
yaxın Bakı Dövlət Universitetində
– Ədəbiyyata,
aşıq sənətinə olan məhəbbətim məni
1963-cü ildə Filologiya fakültəsinə gətirdi.
1968-ci ildə artıq aspiranturanı bitirdim, “Cəfər
Cabbarlının elmi-tənqidi görüşləri”
mövzusunda dissertasiya müdafiə etdim. 1969-cu ildən bəri
Bakı Dövlət Universitetində dərs deyirəm.
Filologiya fakültəsinin o vaxtkı dekanı Ağamusa
Axundovun məsləhətilə Azərbaycan Milli Elmlər
Akademiyasındakı (AMEA) elmi işçi vəzifəsindən
istefa verib, Bakı Dövlət Universitetində müəllim
kimi işə başladım. Ağamusa müəllim məndə
dərs deməyə, pedaqogikaya həvəs oyatdı, beləcə,
müəllimliyi seçdim. 25 il Jurnalistika fakültəsində
rus ədəbiyyatını tədris etmişəm. 1987-ci ildən
dünya ədəbiyyatından dərs deyirəm. Hazırda Qərbi
Avropa ədəbiyyatını tədris edirəm, öz
işimdən də çox məmnunam.
Yeddi yox,
yetmiş yeddi cild də yazılsa...
–
2011-2014-cü illər ərzində yeddi cilddən ibarət
“Dünya ədəbiyyatı” dərs vəsaitim işıq
üzü görüb. Vəsait barəsində “Azərbaycan”,
“Respublika” qəzetlərində Nizami Cəfərovun, Flora Xəlilzadənin,
“525-ci qəzet”də Vaqif Yusiflinin, “Azərbaycan müəllimi”
qəzetində Cəlil
Nağıyevin, “Ədəbiyyat” qəzetində Aqil
Hacıyevin məqalələri çap olunub. Təxminən əlli
il bundan əvvəl eyni mövzunu professor Əli Sultanlı
işləyib. Bundan sonra bu mövzuya qayıdan olmayıb. 5 il
əvvəl materiallar toplamağa başladım və
2011-2014-cü illərdə yeddi cilddən ibarət dərs vəsaiti
ərsəyə gəldi. İndiki dövrdə dünya
“kiçilib”. Texnologiya dünyanın hər yerini əlçatan
edib. İstənilən məlumatı əldə etmək,
öyrənmək daha asandır. Bu işi bir az da
asanlaşdırmaq üçün dərs vəsaiti
yazmağı qərara aldım. Əvvəlki vəsaitdən
əsas fərqi ondadır ki, Siseronun müəllimlər, mədəniyyət
və incəsənət haqqında yazdığı
traktatlarından hissələr əlavə etmişəm.
Homerin epiqramlarını tərcümə edərək vəsaitə
daxil etmişəm, çalışmışam ki, daha ətraflı
məlumat verim. Daha sonra Dantedən, Petrarkadan bəzi tərcümələr
var. Hötenin “Qərb-Şərq” divanından 12 tərcümə,
o cümlədən Nizami Gəncəvi barədə
yazdığı şeiri, Şərqin, müsəlman aləminin
müqəddəs qadınları haqqında
yazdığı şeirləri dilimizə tərcümə
edib, dərs vəsaitinə salmışam. Ümumiyyətlə,
dünya ədəbiyyatı böyük bir nəhrdir. Lap qəvvas
olub üzsən də, sahilinə varmaq olmaz. Yeddi cild yox,
yetmiş yeddi cild də yazılsa, tam əhatə etmək
mümkün deyil. Amma alim olan kəs ömrünün yetdiyi,
gücünün çatdığı qədər öyrənməli,
yazmalı, yaratmalıdır. Müəllimin də, tədqiqatçının
da gücü onun qələmindədir, gələcəyə,
oxuculara, tələbələrinə yadigar qoyduğu elmi əsərlərdədir.
Çox şadam ki, əlimdən gələn qədər
yazmışam, tələbələrimə nələrisə
əxz etməkdə yardımçı olmuşam.
Dünya ədəbiyyatını
öyrənəndə öz ədəbiyyatımız
unudulmamalıdır
–
Dünya ədəbiyyatı tədris ediləndə elə
metoddan istifadə edilməlidir ki, bütün bu proses bütövlükdə
Azərbaycan ədəbiyyatını daha yaxşı öyrənməyə
xidmət etsin. Qarşılıqlı şəkildə
müqayisələr, təhlillər aparılsın. Amma bu
gün tələbələr öz ədəbiyyatımıza
diqqət yetirmirlər, Nizamidən, Fizulidən, Vidadidən,
Vaqifdən, Səməd Vurğundan və digər Azərbaycan
ədəbiyyatı nümayəndələrindən verilən
elementar suallara cavab verməkdə çətinlik çəkirlər.
Dünya ədəbiyyatını öyrənəndə
öz ədəbiyyatımız unudulmamalıdır. Azərbaycan
ədəbiyyatının işığında dünya ədəbiyyatını
öyrənmək lazımdır.
Müəllimdən
də, şagirddən də, adi bir insandan da nəsə
öyrənmək olar
– Bu
gün ölkəmin bir çox sahədə aparıcı
yeri və rolu olan insanları var ki, mən vaxtilə onlara dərs
demişəm. Xalq şairi Zəlimxan Yaqub, böyük
alimimiz Nizami Cəfərov, yazıçı, millət vəkili
Aqil Abbas, yazıçı-publisist İradə Tuncay, “Azərbaycan”
qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar
Sadıqov, Azərbaycan Respublikası Nazirlər Kabineti
yanında Tərcümə Mərkəzinin direktoru,
yazıçı Afaq Məsud, akademik Teymur Kərimli,
professor Nizaməddin Şəmsizadə, görkəmli alim və
diplomat Vilayət Quliyev, filosof Niyazi Mehdi, Azərbaycan
Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş
redaktoru, yazıçı və publisist Rəşad Məcid,
şair və tərcüməçi Səlim Babullaoğlu –
bunlar hamısı mənim tələbələrim olublar. Mərhum
telejurnalist, Milli Qəhrəmanımız Alı Mustafayevə
də dərs demişəm. Adlarını çəkdiyim bu
tələbələrim indi məndən – öz müəllimlərindən
də yüksək mövqe tutublar. Müəllim
üçün bundan gözəl heç nə ola bilməz.
Böyük Çin filosofu Konfutsi deyir ki, mən elmimə,
biliyimə görə müəllimlərimdən daha
çox, şagirdlərimə borcluyam. Yəni öyrənmək
ömrün axırına qədər davam edən bir
prosesdir. Müəllimdən də, şagirddən də, adi
bir insandan da nəsə öyrənmək olar. Əksinə
olsa, insan həyatla ayaqlaşa bilməz.
Birtərəfli
inkişaf mümkün deyil
– Şərq
ədəbiyyatı Avropa ədəbiyyatına təsir
göstərdiyi kimi, Qərb ədəbiyyatı da,
şübhəsiz, Şərq ədəbiyyatına təsir
göstərir. Bu, ədəbi əlaqələrə təkan
verir. Öyrənmək, inkişaf etmək
qarşılıqlı olmalıdır, birtərəfli
inkişaf mümkün deyil. Azərbaycanın, ümumən
Şərqin çox böyük və zəngin ədəbi
irsi var. Necə ki, Qərb müəllifləri Nizamidən,
Firdovsidən, Ömər Xəyyamdan, Hafizdən, Şirazidən
çox şey əxz ediblər, biz də eləcə Dantedən,
Petrarkadan, Şekspirdən, Miltondan nələrsə öyrənməliyik.
Amma qərblilərdən fərqli olaraq, daha çox öyrənməyə,
əxz etməyə maraq göstərmirik, geri qalırıq.
Deyirik ki, bizim ədəbiyyat çox möhtəşəm,
cahanşümul ədəbiyyatdır. Halbuki tələbələr
bu böyük ədəbiyyata maraq göstərmir, oxumurlar.
Nizaminin, Füzulinin, Nəsiminin yaradıcılıqlarına
bələd deyillər. İndiki gənclər, tələbələrlə
keçən əsrdəki tələbələr arasında
ciddi fərqlər var. Elmə, biliyə, ədəbiyyata maraq
göstərənlər indi çox azdır. Əksəriyyəti
qiymət üçün oxuyur, dərindən öyrənməyə
həvəs göstərmirlər. Soruşanda ki, Şekspirdən
hansı soneti bilirsən, Dantedən nəyi oxumusan, Petrarkadan
bir şey bilirsənmi, tutulub qalır, cavab verə bilmir.
Doğma
universitetimə vəfa borcumu ödəməyə
çalışıram
– Bakı
Dövlət Universiteti mənə fəal həyat tərzi
verib, öz üzərimdə işləməyi,
oxumağı, öyrənməyi təlqin edib.
Anlamışam ki, mütəmadi olaraq nələrsə
öyrənməsəm, tələbələrdən geri
qalsam, heç vaxt onların ürəyinə yol tapa, əsl
pedaqoq ola bilmərəm. Universitet mənə pedaqoq
olmağı öyrədib. Mən də bunun müqabilində
çalışmışam ki, nələrsə edim, bir
neçə kitabım çap olunub, elmi əsərlərim
işıq üzü görüb. Bildiklərimi tələbələrimlə
həvəslə bölüşmüşəm. Rus şairi
Sergey Yesenin haqqında kitabın, böyük şairimiz Məmməd
Araz haqqında ilk monoqrafiyanın müəllifiyəm. Son
zamanlarda çapdan çıxan, şair Zəlimxan Yaqub barəsində
“Olimpə gedən yolda” kitabında şair ömrünü,
onun yaradıcılığını
işıqlandırmağa çalışmışam.
Bacardığım qədər doğma universitetimə vəfa
borcumu ödəməyə çalışıram.
Universitet elə bir elm ocağıdır ki, heç vaxt dayanmağa,
qələmi yerə qoymağa imkan vermir. Daim oxumalı,
öyrənməli və yazmalısan. Yeddi cildlik “Dünya ədəbiyyatı”nı
tamamladıqdan sonra da belə düşünürəm ki, hələ
çox az iş görmüşəm. Gücüm
çatdığı, ömrüm yetdiyi qədər qələmi
yerə qoymayıb, araşdırmaları davam etdirəcəyəm.
Hazırda ayrı-ayrı Azərbaycan şairləri
haqqında, məsələn, Musa Yaqub, Ramiz Rövşən,
Sabir Sarvan və başqaları, o cümlədən
Sumqayıt ədəbi məclisi barəsində əsərlər
üzərində işləyirəm, araşdırmalar
aparıram.
“Bir tikə
çörəyim olsun, bəsdir” fikriylə yaşamaq olmaz
– Ədəbiyyatımız musiqiyə, incəsənətə nisbətdə xeyli geridədir, mənim fikrimcə. Musiqimiz, incəsənətimiz dünya səviyyəsində uğurla təbliğ olunur, tanınır. Təkcə Əzizə Mustafazadənin yaradıcılığı bu barədə çox şey deyir. Amma ədəbiyyatımızda vəziyyət fərqlidir. Elə bir yazıçı, şairimiz yoxdur ki, dünya səviyyəsində tanınsın, təbliğ olunsun. Əlbəttə, çox istedadlı qələm sahiblərimiz var. Di gəl ki, onları dünya səviyyəsində tanıtmağa çalışmırıq, media vasitələri, televiziyalar, radiolar, onlara lazımınca diqqət ayırmır. Bir məsuliyyət də qələm adamlarımızın öz çiynindədir. Çünki dünyaya çıxmağa çalışmırlar. “Bir tikə çörəyim olsun, bəsdir” fikriylə yaşamaq olmaz. Əksər qələm adamlarımız məsuliyyətdən qaçırlar, tərcüməyə, dünyaya çıxmaq üçün çəkilməli zəhməti yönəldirlər daxili bazara. Mənim fəaliyyət istiqamətimsə başqadır, yazıçılardan, şairlərdən fərqli olaraq, ədəbiyyat tarixini yazıram. Düşünürəm ki, məşğul olduğum sahə bədii ədəbiyyat, şeir, sənət qədər vacib sahədir. Mənim romanlarım da, poemalarım da yazdığım elmi əsərlərdir, tədqiqatlarımdan ibarət cild-cild kitablardır.
Cavid QƏDİR
525-ci qəzet.- 2015.- 10 yanvar.- S.30.