Şeirlə yazılmış türk
tarixi – “Səyavuş”
Şeirlə
yazılmış türk tarixi – “Səyavuş” Gülşən
ƏLİYEVA-KƏNGƏRLİ 1934-cü ildə
keçmiş SSRİ-də iki böyük ədəbi hadisə
baş verdi: dünyada yazıçıların ən
böyük forumu – SSRİ yazıçılarının
birinci qurultayı keçirildi və dünya ədəbiyyatının
dahisi Əbülqasım Firdovsinin anadan olmasının 1000
illiyi qeyd olundu.
Sovetlər
İttifaqına daxil olan Azərbaycan da bu təntənələrdən
kənarda qalmadı: filosof və tənqidçi Məmmədkazım
Ələkbərli Sovet yazıçılarının I
qurultayında qədim və zəngin Azərbaycan ədəbiyyatı
haqqında məruzə etdi; Bakıda Ə.Firdovsinin möhtəşəm
“Şahnamə” poemasının əsas hissələri dilimizə
tərcümə edildi, görkəmli tənqidçi və ədəbiyyatşünasların
bu dahi sənətkar haqqında məqalə və
kitabları çap olundu. Şərqin böyük dahisinin əzəmətli
yubileyini XX əsrin mütəfəkkiri Hüseyn Cavid 1932-ci
ildə yazmağa başladığı “Səyavuş” faciəsi
ilə qarşıladı. “Səyavuş”
1934-cü ildə Azərnəşrdə tam şəkildə,
kitab halında çap olundu. Faciənin ilk səhifəsində
bu sözlər yazılıb: “Şərqin böyük dahilərindən
Firdovsinin min illiyinə ithaf”. Mənbələrdə verilən
məlumata görə H.Cavid əsərə belə bir epiqraf
yazıbmış: “Başda həkim Firdovsi olaraq şu vaqieyi
təsvir edənlər az deyil. Müəllif də
yorğun duyğularını dinləmək üzrə
şu mevzuya doqundu və “Şahnamə”yə yaqlaşmaq istərkən
uzaqlaşmış bulundu”. (s.247) A.Turan “Cavidnamə” əsərində
məsələnin mahiyyətinə daha geniş yanaşaraq
yazır: “Məncə Cavidin “Səyavuş”unu Firdovsinin 1000
illiyinə dramaturqun töhfəsi kimi dəyərləndirmək
onun tarixi vəzninə (çəkisinə – G.Ə-K)
yüngüllük gətirərdi... “Şahnamə”
mövzusu ona türk tarixinin və cəmiyyətinin daha qədim
dövrünə müraciət etmək imkanı
vermişdi”. (s.249) “Səyavuş” əsərində
Cavid milli yaddaşı oyatmaq, türkün şanlı tarixinə
dönüş etmək – Alp Ər Tonqa (Əfrasiyab) və
Keykavus münasibətlərini çözməklə Türk-Turan
tarixinə türkçülüyə qənim kəsilmiş
bir cəmiyyətdə ustalıqla gündəmə gətirir.
Heç də təsadüfi deyil ki, “Səyavuş” əsəri
türk şeirinin ana vəznində – heca vəznində
yazılmışdır. Ona görə də
“Şahnamə” yə yaqlaşmaq istərkən
uzaqlaşmış bulundu” sözlərini yazmışdı. A.Turan “Hüseyn Cavid hadisələri
miladdan əvvəlki 624-cü ilə çəkib aparmaqla “Səyavuş”
faciəsinin timsalında özünün ən qədim
türk tarixindən bəhs edən əsərini yaradır”
(s. 248) qənaətinə gəlir.
Bu təxminən türkün zəfər
kitabları – Orxon Yenisey abidələrinin
yazıldığı dövr idi. Hər halda əsl həqiqəti
beş pərdəli faciənin mətni
daha yaxşı əks etdirməkdədir. Fəqət əsərin
başlıca ideyasını doğru müəyyən etmək
üçün əsas obrazların tarixi şəcərəsinə
nəzər salmalıyıq. Mənbələrdə yer
alan təxmini məlumata görə əsərin
əsas qəhrəmanlarından Turan hökmdarı
Əfrasiyab, əfsanəvi bir şəxsiyyət, Turun nəvəsidir.
Tur İranın Pasdadian sülaləsinin
beşinci hökmdarı Firidunun ortancıl oğludur. Firidun ölümündən əvvəl
Türküstan ərazilərini Tura
bağışlamış və Turan adı da buradan əmələ
gəlmişdir. Tur iranlıların və
türklərin ulu babası sayılır. Firidun isə İranın əfsanəvi şahı
Cəmşidin nəvəsidr. Atasını
Zöhhak öldürmüş, inək südü ilə
böyümüş 16 yaşlı Firidun Yavə
üsyanına qoşulub Zöhhakı öldürmüş
və şahlığa keçmişdir. Əfsanələrə
görə Cəmşid İranın ən qədim
padşahı olub. Onun taxtını divlər gəzdirirmiş
və s. “Şahnamə”də Keykavusun oğlu Səyavuş
İrandan Turana qaçaraq Əfrasiyabın yanına
getmiş, Əfrasiyab qızı Firəngizi ona ərə
vermiş, bu izdivacdan Keyxosrov dünyaya gəlmiş,
Əfrasiyab Keyxosrov tərəfindən
öldürülmüşdür. Səyavuş
iftira ilə Əfrasiyab tərəfindən
öldürüldükdən sonra İran-Turan müharibələri
başlamışdır. “Səyavuş”
faciəsində Əfrasiyab Səyavuşun dayısı olaraq
göstərilir. Vəziri Piran Əfrasiyaba deyir: “Bəncə
qızın Firəngiz Səyavuşla birləşsə // Birləşər
iki ölkə...”1 (1Hüseyn Cavid əsərləri, beş
cillddə, IV c. Bakı, Elm. 2007, s. 227) “Səyavuş”dan
sitatlar bu cilddən veriləcək – G.Ə-K). Faciədə
birinci pərdədən öncə bir “Başlanğıc”
verilir.
Burada Rüstəm Zal və Səyavuş dəliqanlılıqla
təlim keçirlər. Rüstəm Səyavuşun da
müəllimidir: Səyavuş:
Bən səndən öyrəndim qəhrəmanlığı, Yenilsəm də
yoqdur peşimanlığı. (s.141) Atası məktub
yazaraq Səyavuşu saraya dəvət edir. O, çətinlikə
də olsa köydən – xalqdan ayrılır. Sarayda
bu qüdrətli qəhrəman çıxılmaz vəziyyətə
düşür. Səyavuşun atası,
Kəyan taxt-tacının sahibi Keyxosrovun ikinci arvadı Suriya
şahzadəsi gənc və olduqca gözəl Südabə
öz yaşıdı olan oğulluğuna, gənc və igid
Səyavuşa vurulur. Əsərin faciəvi
konflikti və hadisələrin təkamülü buradan
başlanır. Südabənin Səyavuşa münasibəti
ötəri bir həvəs, ötəri hiss deyil. Onun əsasında müəyyən bir fəlsəfə
dayanır. Südabə: Gücsüz tanrıdansa,
güclü qəhrəman Səcdəyə, hürmətə
layiq hər zaman. Südabə
“Qəlbim çırpınıyor dodaqlarımda” – deyərək
Səyavuşu öpür. Fəqət Səyavuş
onu “ikinci annəsin, isindim sana” deyə ana kimi qəbul edir. Belə olanda Suriya kralının vəhşi
ehtiraslar alovunda qıvrılan gözəl qızı
açıq mətnlə danışır: “Çəlik
qollar istərəm ki // Məni didsin, parçalasın”. H.Cavid Səyavuşu
tarixdə olduğu kimi mərd, qüvvətli, qeyrətli qəhrəman
kimi təsvir edib. Fəqət, Səyavuş
İranlaTuran arasındadır. Vəzir Keykavusa
yanlış (böhtan!) bir xəbər verir: Vəzir:
Türk ordusu Keçmiş bizim hüdudu Atılaraq irəli Talamışlar köyləri (IV c.
S. 151) Sonradan məlum olacaq ki,
bunlar həyatdan, şahlardan, xaqanlardan narazı
üsyançılardır. H.Cavid cəngavərlərin dili
ilə Səyavuşu belə xarakterizə edir: “Səyavuş
bu yurdun fəxri şanıdır”// “Kəyanın
sarsılmaz qəhrəmanıdır”.
Sarayda hər
şeyi güdən Pişxidmət Keykavusa daha bir
sarsıdıcı xəbər verir: “Südabəni
gördüm bən // Səyavuşu öpərkən”. O, Səyavuşun türklərlə
qovğaya getməsinə mane olmaq, onu yanında saxlamaq
üçün ağıllı və hiyləgər bir
gediş edir. Keykavus soruşanda ki, niyə
türklərlə döyüşə Səyavuş getməsin?
Südabə deyir:
Çünki əqrəba!
Dönüklük etməzmi ya? Anasıdır
turanlı. Səyavuşdan
rədd cavabı alan Südabə
böhtana əl atır, yaxasını cırıb sinəsini
çölə çıxarır və bunu Səyavuşun
ona təcavüzü kimi qələmə verir.
Belə
olanda ağıllı və hiyləgər Keykavus münəccimi
çağırıb
məsləhət istəyir. Burada
H.Cavid atəşpərəstlikdən istifadə edir. Münəccim təklif edir ki, atəş
çatılsın, hər ikisi atəşdən keçsin,
günahkar yanacaq, günahsız qalacaq. Belə
olduqda Südabənin fitnəsi açılır. Keykavus onun edamına sərəncam verir, fəqət
humanist və xeyirxah Səyavuş atasından onu zindana
salmağı xahiş edir.
Səyavuş İran ordusunun şanlı
pəhləvanları Zal oğlu Rüstəm, Tus və Bəhramla
döyüşə yollanır. Atası Keykavus Səyavuşa
ürəkdən inanır: Səyavuş!
Qalmadı bir şübhəm sana Vuruldum səndəki parlaq
vicdana, Bir ləkə
var bəlkə ayda, günəşdə. İncə
bir iz belə yox Səyavuşda. (IV c. S 174)
Keykavus çox sevdiyi Südabəni
zindandan azad edir, Südabə tükənməz bir inadla Səyavuşu
sevdiyini, zindanda da bunu düşündüyünü söyləyir.
İranın türklərə qarşı
türkün əbədi düşməni Çinlə birləşməsini
H.Cavid ustalıqla əsərə gətirir. Keykavus
Çin elçisindən “Əfrasiyab haqqında fikriniz nə?”
– deyə sorduqda Elçi: O bir təhlükədir
İranla, Çinə Gündən günə aşıb
durur həddini Həm sizə, həm
bizə qarşı var kini – deyə cavab verir. (IV c. s. 205) Türklərə
qarşı kinlə coşub-daşan Keykavus nahaq qan
tökülməsin deyə Əfrasiyabın ağıllı
vəziri Piranla sülh bağlayan Səyavuşu xəyanətkar
adlandırır.
İştə hər ikiniz qorqaq və miskin Səyavuş da xain, Rüstəm
də xain. (IV c. s. 210) Rüstəm bu təhqirə dözmür. Keykavusu “başda ölüm xülyası gəzdirən
canavar” adlandırır. Öz yurdu Zabilistana getməyə
qərar verir, igid Bəhrəma deyir:
Uzaqlaşın bu ölkədən, Gedirsiniz sən də,
o da.
Əfrasiyab
hüzuruna
Dayısıdır, hiç olmazsa Orda qıyan olmaz ona. (IV c. s. 212) Turana gedərkən
Firəngizin özündən əvvəl ceyrana
atdığı ox Səyavuşu yaralayır. Əfrasiyabın müdrik vəziri Piranın
(adın özü də mənalıdır, Pir kimi deməkdir
– G.Ə-K) məsləhəti ilə Firəngizlə Səyavuş
nişanlanırlar. Fəqət Əfrasiyabın qardaşı, Səyavuşun
kiçik dayısı, Firəngizin əmisi Gərşivəz
üçün Firəngizi itirmək, həm də hakimiyyəti
itirmək deməkdir. Buna görə də Gərşivəz
hər cür cinayətə əl atır: “Bir siyasət
olmasa atmaz baba yurdunu” – deyə Səyavuşa qarşı
şübhə toxumunu əkməyə başlayır. Hüseyn Cavid Səyavuşu
hər cür riyadan, siyasətdən, hakimiyyət və sərvət
təmənnasından uzaq bir qəhrəman və etibarlı
aşiq kimi yaradır.
Əfrasiyab deyir: “Səyavuşa tac və xələt verilsin”. Səyavuş dayısına – türk xaqanı Əfrasiyaba “Sardı məni altun bir zəncir kibi”, “Gözüm yoqdur bənim hiç bir rütbədə” deyir. Onun bu gözütoxluğunu, mərdliyini görəndə Əfrasiyab belə qərar verir: Göndərəyim səni Çin hüduduna Böyük bir vilayət üsyan içində Həp çırpınıb durur al qan içində. ...Yasamızı kimsə almayır saya (IV c. s. 237) Məlum olur ki, başda Altay və Yalçın adlı igidlər olmaqla üsyançılar azğınlaşmış, xalqın təkcə malını yox, həm də qeyrət-namusunu talan edən (O, gəlin köçməzdən bir gün əvvəl qızları öz yatağına salır!) Valiyə və onun qulbeçəsi olan Müşavirə qarşı üsyan qaldırıblar. İgid Səyavuş Valini və Müşaviri həbs edir. XX əsrin mürəkkəb 30-cu illərində – 1937-ci ilin repressiyaları ərəfəsində yazılmış bu əsərdə böyük Hüseyn Cavidin yenilməz cəsarəti gələcəyə işıq salır. Guya Keykavusdan Səyavuşa yazılmış saxta bir məktubla şərlənərək silahsız, ordusuz Səyavuş Gərşivəz tərəfindən aldadılaraq Valinin, Müşavirin, Çin casusu Kösənin zəhəri və zəhərli xəncəri ilə Səyavuş qətlə yetirilir. Əfrasiyab nə Səyavuşun, nə Bəhramın, nə də ağıllı vəziri Piranın sözlərinə məhəl qoymur.
Səyavuş: “Keykavus bir cəllad, sən də bir cəllad!” – deyə canını tapşırır. Yeri gəlmişkən, qeyd edək ki, bir tarixi faciə əsəri kimi, əsərin finalı kifayət qədər əsaslandırılmır. Öz qəhrəmanlığı ilə İranda və Turanda məşhur olan Səyavuş asanlıqla öldürülür, Gərşivəz onu arxadan vurur... “Səyavuş” Hüseyn Cavidin son böyük yaradıcılıq işi idi. O, döyüş meydanlarından çox, saray intriqalarını ön plana çəkir, hakimiyyət ehtiraslarının övlad məhəbbəti, qohum-əqrəba tanımadığını bütün zamanlarda faciələrə səbəb olduğunu əks etdirir. Əsər böyük tarixi şəxsiyyət, qəhrəman və namuslu insan, böyük məhəbbətlə sevən aşiq Səyavuşun faciəli ölümü ilə bitir. Fəqət, tarixdən məlumdur ki, türk xaqanı Əfrasiyab da saray çəkişmələrinin, hakimiyyət ehtiraslarının qurbanı olur. O, öz nəvəsi, Səyavuşun oğlu Keyxosrov tərəfindən öldürülür.
“Səyavuş” siyasi ehtiraslar dramıdır. H.Cavidin rəğbət bəslədiyi böyük Nitsşe deyirdi: “Hakimiyyət həmişə əyri ayaqlar üstündə bərqərar olur”. Bu həqiqət “Səyavuş” faciəsində də təsdiq olunur. Əsər insan gücünün, insan idrakının siyasi xəyanətlər üzərində təntənəsi kimi işıqlı bir romantik, estetik idealı əks etdirir.
Gülşən
ƏLİYEVA-KƏNGƏRLİ
525-ci qəzet.-
2015.- 10 yanvar.- S.26.