Qar
hekayə)
Əbdürrəhimbəy Haqverdiyevin xatirəsinə
Qış qurtardı,
yaz gəldi, qar yenə yağmadı ki, yağmadı.
Həsən əmi
qışdan bəri elə hey deyinib durmuşdu:
– Qar
hökmən yağmalıdı. Adamın
gözü qar görməlidi. Yoxsa olmaz.
– Həsən
əmi, ay Həsən əmi, qar yağacaq? – Həyətdə
gözlərindən cin çıxan qonşu uşaqlar
yaşı ötmüş, dizləri taqətini, gözləri
itiliyini itirmiş bu qoca kişinin arxasınca gülüşə-gülüşə
qaçaraq həmişəki suallarını
yağdırdılar.
–
Yağacaq, hökmən yağacaq... Keçən il də yağmadı. Bu il
hökmən yağacaq.
Dodaqaltı, öz-özü ilə
danışa-danışa Həsən əmi həyəti
keçib küçəyə çıxdı, dalına
düşüb qaçışan uşaqları o dəqiqə
unudaraq, üz tutdu yaxınlıqdakı məhlə
bazarının içindəki balaca, rahat, söz-söhbətli
çayxanaya.
Bu çayxana ona ikinci evi kimiydi.
Yolboyu
rast gəldiyi adamlar, tanıdı, tanımadı, saxlayıb
eyni sualı Həsən əmiyə verir, eyni arxayın və
ümidli cavabı da ondan alırdı:
– Qar yağacaq, Həsən əmi?
–
Yağacaq, mütləq yağacaq, get, xətircəm
ol...
Eyni sual və eyni cavab artıq nə zamandan bəri hər
gün, hər saat beləcə təkrar olurdu. Amma bu, Həsən
əmini qətiyyən hövsələdən
çıxarmır və Həsən əminin təmkinini zərrəcə
pozmurdu. Hər dəfə cavab verməzdən
əvvəl Həsən əmi gözucu da olsa,
üzüyuxarı – göyə tərəf diqqətli bir
baxış atır, bununla verdiyi cavabın
doğru-dürüstlüyünü sanki isbat etmiş olurdu.
Çayxanada Həsən əminin öz məxsusi yeri
var idi. Keçib asta-asta öz yerinə əyləşər,
armudu stəkanda qabağına gələn çayın
isti-soyuqluğunu dodağı ilə yoxlayandan sonra nəlbəkiyə
qaytarıb qoyar, bundan sonra başını qaldırıb ətrafına
nəzər salardı.
– Salam, Həsən
əmi.
– Həsən
əmi, necəsən?
– Qar
yağacaq, Həsən əmi?
Həsən əmi ordan-burdan ona ünvanlanan bu “qar
yağacaq?” sualından qətiyyən inciməzdi. Eyni sualı
ona dörd tərəfdən yağdıranlar, bəlkə
bunu bilmirdilər ki, gün ərzində Həsən əmi
artıq yüz dəfə, min dəfə bu suala eyni
cavabı verib. Bunu bilmədiyindən hər
soruşan sualını təzə sual kimi soruşurdu. Qarın yağıb-yağmayacağı məsələsi
Həsən əminin gözə görükməsilə, demək
olar ki, eyni vaxtda adamların beyninə girir, onları
düşündürməyə başlayırdı. Başqa bir vaxt “qar” söhbəti heç kimi
maraqlandırmırdı. Uzun illər bu
belə olmuşdu, bu gün də beləydi.
Onu da demək
lazımdır ki, bu şəhərə artıq beş il olardı ki, qar yağmaq bilmirdi. Soyuq, şaxta düşürdü, tufan qopurdu, hətta
ağacları kökündən qoparan küləklər əsirdi,
amma qar... qar yağmırdı. Həsən
əminin “yağacaq, qar hökmən yağacaq” sözlərinin
hər biri kompasını itirib okeanda azmış gəmilər
kimi öz sahilini axtara-axtara qalmış və vurnuxurdu.
Bu sözlər qarı yağmayan qışdan
üstü-başı tərtəmiz çıxıb isti
yay günlərinədək gəlib özünü
çatdırırdı. Adamlar öz həmişəki
suallarını artıq təkcə qışda yox, yayda da
verməyə başlamışdılar. Onları,
bəlkə də başa düşmək olardı.
Beş il qar üzü görməmək
asan məsələ deyildi. Bu adamlar elə bil
çox vacib nəyisə salıb qeyb eləmişdilər.
Nəfəsləri kəsilə-kəsilə
qalmış, ciyər dolusu havanı içlərinə
çəkə bilmirdilər. Gözləri
yorğun və mənadan xali baxışların qəbiristanlığına
dönmüşdü. Səbəbsiz-filan
hamı kəmfürsət olmuşdu, boş-boşuna
darıxır, boş-boşuna hövsələdən
çıxır, bircə anın içində sir-sifətlər
qapqara qaralır, adamlar bir-birini acılayır, heç nədən
bir-birini günahlandırırdılar.
... Çayxana isti yaz günləri adətən necə
olurdusa, indi də eləydi – tünlükdən və tər
iyindən baş gicəllənirdi.
Tər tökə-tökə qaynar çayını
püfləyib içən Qəddar ləqəbli Malik Həsən
əminin çayxanaya daxil olduğunu görüb nifrətini,
kinini qətiyyən gizlətmədi. Bir qədər əvvəlki
söhbəti bir daha təzələdi:
– Bax,
budu, özü də gəldi. Düz demirəmmi,
ay camaat, nə qədər olar bu milləti aldatmaq? “Qar
yağacaq, qar yağacaq” deyib illərlə hamıya ümid verdi, uşaq kimi baş aldatdı. Beş ildi, beş ildi, qar üzünə həsrət
qalmışıq, a kişilər...
–
Keçən il də ha dedi, yağacaq,
yağmadı. Mən isə ona
inanmışdım. – Qəddar Malikin
ittihamına Cin Şamil də qoşuldu. Elə
bil ağız bahəm eləmişdilər.
– Bu il də yağmadı... Amma vəd
eləmişdi. – Bu isə artıq Mirzə Kamranın qəmgin
səsi idi.
– Ələ
salıb bu adam bizi... – Bu sözləri dodaqaltı
Həsən əminin yaxını sayılan Hacı Həmdulla
dedi, amma elə dedi ki, heç kim eşitmədi, bircə Həsən
əmidən başqa. Bu sözləri eşitcək
Həsən əminin qəddi əyildi.
Həsən əmi elə bu cür qəddi əyilmiş
keçib öz yerinə əyləşdi. Yan-yörəsindəki
adamların belə donquldanması, əlbəttə ki, əhvalını
pozmuşdu. Amma halını biruzə vermədi.
Əli ilə işarə edib
çayını istədi. Çay gəldi.
Həsən əmi çaydan bir qurtum ancaq ala
bildı. Qəddar Malikin səsi yenə qəzəblə
guruldadı:
–
Yağacaq bu andıra qalmış qar, ya ki, yağmayacaq? Bunu
bizə bir adam, nəhayət, doğru-dürüst deyə
biləcək, ya yox?.. Biz nə vaxta qədər
yalançı münəccimlərə inanıb
qalacağıq?..– Qəddar Malik heç cür
sakitləşmək istəmirdi.
–
Oğul, Malik, qar qışda yağar, yayda qar yağmaz... –
Molla Güləli ki, Həsən əminin yavuqluğunda o da
öz yerində oturub çayını içirdi, işə
müdaxilə etmək istədi. İstədi,
adamların hirsini yumşaltsın, onun üçün dediklərini
mümkün qədərincə yumşaq səslə, vird
edirmiş kimi deməyə başladı. – Bu sualları
indi verməzlər. Fəsil bahar, yaz fəslidir,
oğul. Çiçəklər
açan, quşlar cəh-cəh vuran, ağaclar meyvələnən
fəsildir. İnşallah, qış gələr,
o zaman bu barədə danışarıq. Xudavəndi-aləm
əgər istərsə, qar yağacaqdır, əgər istəməzsə...
o zaman daha nə etmək olar – kim nə
deyir, desin, qar yağmayacaq.
Molla
Güləli Həsən əmiyə ötəri bir nəzər
salıb başı ilə işarə elədi, yəni,
“işin yoxdu, deyib-deyib sakitləşəcəklər, yetər
ki, sən danışma...”
Həsən əmi Molla Güləlinin bu işarətini
nəzərə almadı. Elə bil, inada
düşmüşdü:
–
Yağacaq, mütləq qar yağacaq, – dedi. – Adamın
gözü gərəkdir ki, qarı görsün.
Həsən əminin sakit bir tövrlə dediyi bu
sözlər çayxanadakıları lap hövsələdən
çıxartdı.
– Necə
yağacaq? Nə zaman yağacaq? Günəş
adamın, az qalır, beynini əritsin. Sən bizi, əlbəttə ki, ələ
salmısan.
Həsən əminin rəngi mizin üstündəki
süfrə kimi tamamən ağarmışdı. Ürəyinin
səsini qulaqlarında eşidirdi. Amma yenə
özünü o yerə qoymadı, təmkinini pozmamağa
çalışdı:
– Yağacaq.
Mütləqa yağacaq. İnan
buna. – Titrək səsi dodaqlarının ucuna güclə
gəlib çatdı.
– Nə
zaman? Zamanını söylə! Bu saat söyləyəcəksən!
Adamlar yerlərindən qalxıb Həsən əminin
oturduğu mizi dövrəyə aldılar. Hamısının
üz-gözündən yuxulu hiddət tökülürdü.
–
Yağacaq...
– Bax,
deyirəm, sabah qar yağmasa, sən bir də
buralara gəlmə. Eşitdin? Yoxsa... yoxsa səni doğulmağına peşman edərəm,
bəlli bil. Eşitdin, nə dedim mən? –
Qəddar Malikin üzü-gözü nifrətdən əyildi.
Əl atıb Həsən əminin
hülqumundan yapışmaq istədi, çəkdilər
apardılar bir tərəfə.
–
Eşitdim...– Həsən əmi başını
aşağı dikib xeyli yavaşdan və titrək bir səslə
cavab verdi.
Həsən əmi ürəyi əsə-əsə
evinə sarı gedirdi. Kişi həqqən bərk qorxmuşdu.
Bayaq çayxanada bu qədər adamın ona bu
cürə kin-küdurət yağdırması, hələ
Qəddar Malikin ona əl qaldırması, boğazlamağa
çalışması Həsən əmini əməlli-başlı
çaşdırmışdı. Gedə-gedə
hərdənbir başını qaldırıb
ucsuz-bucaqsız, müdhiş rənglərə boyanmaqda olan
göy üzünə nəzər salır, bu zaman
dodaqaltı öz-özünə nə isə
mızıldanır, elə bil dua edirdi.
Həyət uşaqları hələ də
qışqırışa-qışqırışa ora-bura
qaçmaqdaydılar. Onun gəlişindən xəbər tutmadılar, yoxsa
soruşacaqdılar:
– Həsən
əmi, Həsən əmi, qar yağacaq?
Həsən
əmi də gündən qaralmış boynunun tərini dəsmalla
silə-silə cavab verəcəkdi:
–
Yağacaq. Hökmən yağacaq.
Həsən əminin halı heç yaxşı
deyildi. Evə keçib birtəhər özünü
yorğan-döşəyə saldı. Tir-tir
titrədir, sonra da tərləyirdi. Daxmasının
yeganə pəncərəsindən günəş
işığı yavaş-yavaş çəkilib getməkdə
idi. Həsən əminin
baxışları sonuncu günəş şüasına
ilişib ondan bərk-bərk yapışdı.
... Yaz
günəşinin son şüasının pəncərədən
çəkilməyilə yekə-yekə, ağappaq qar
lopalarının şəhərə yağmağı, demək
olar ki, eyni vaxtda baş verdi. Qar lopaları, elə bil, çətir açıb
torpağa doğru ahəstə-ahəstə
uçuşurdular. Havada asudəlik,
azadlıq, dinclik və əmin-amanlıq qoxusu var idi. Az bir zaman içində qar hər tərəfi
dümağ rəngə bürüdü. Şəhər
əməlli-başlı qaldı qarın altında.
Üç gündən
sonra çayxanada rəng-rufları sapsağlam, əhvalları
şad-xürrəm oturub çay içənlərdən
kimsə birdən xatırladı ki, qar yağdığı
gündən Həsən əminin ayağı bura dəyməyib.
Beş-altı kişi, başda Molla
Güləli, durub getdilər Həsən əminin evinin
qabağına. Həyətdə qartopu oynayan
uşaqlar şəhərə qar yağandan bəri Həsən
əmini görmədiklərini bunlara söylədi.
Bu adamlar üstünü yarısınacan qar
basmış taxta qapını bir xeyli döydülərsə
də, içəridən səs-soraq gəlmədi. Bunlar
qapını döydükcə Qəddar Malik qapının
kandarına çöküb hönkür-hönkür
ağladı.
Kamal Abdulla
525-ci qəzet.-
2015.- 10 yanvar.- S.23.