“Söz özü bizi seçir...”

 

ŞAİR ÇİNGİZ ƏLİOĞLU İLƏ DAHA BİR GÖRÜŞ

 

 

 

“Metro kraterinin yenə də axın-axın insan lavası püskürdüyü, yanan avtobus ciyərlərinin işlənmiş qaz borusundan buğum-buğum tüstü öskürdüyü” Bakının qaynayan bir küçəsinin yolu məni yenə görkəmli şair Çingiz Əlioğluya sarı istiqamətləndirib. Hələ ilk qarın nübarını dadmayan şəhərin yanvar ayı üçün xarakterik olmayan isti, günəşli havasında yol gedə-gedə beynimdə şairin yaddaşıma kök atan hansısa misralarını vərəvurd eləyirəm.

 

Söhbətimizin mövzusunu da əvvəldən müəyyənləşdirmişik: Çingiz Əlioğlunun keçən il xaricdə çap olunan kitablarından, dost ölkələrin mətbuatında yer alan yaradıcılığından danışacağıq. Amma bununla belə konkret mövzudan əlavə yenə sözün, rəngin, boyanın, musiqinin birgə vəhdətindən yaranmış və daha çox zaman assosiasiyasının daşıyıcısı kimi çıxış edən Çingiz Əlioğlu poeziyası yenə bizi uzaqlara götürəcəyini də bilirəm...

 

Günəşli havanın xoşbəxt elədiyi çoxsaylı insanlardan biri kimi səbəbini özümün də anlamadığım sevinc hiss elədiyim günlərdəndi. Alimlər bunu Günəş enerjisinin insan orqanizmində fəaliyyətə keçirdiyi kimyəvi maddələrin aktivləşməsi ilə izah edərdilər yəqin, mənə qalsa, ağlımdakı sözlərin düzülüşü ruhumu hərəkətə gətirmişdi:

 

Niyə xoşbəxt olmağı,

bacarmır insanlar,

Özünü aldatmağın

Neçə asan yolu var...

 

...Söhbətimiz bir-birinə bənzəyən iki adaş, mavigözlü gözəlin müşayiəti ilə keçdi. Çingiz babasından heç ayrılmaq istəməyən yaşyarımlıq nəvə  Südabənin və onun ardınca qarış-qarış gəzməkdən, nazı ilə oynamaqdan yorulmayan nənə Südabənin. Elə söhbətin özü qədər maraqlı mənzərə idi...

 

...2014-cü il Çingiz Əlioğlu üçün məhsuldar olub. Şairin Belarusda bu ölkənin Yazıçılar Birliyinin Minsk vilayət bölməsinin sədri, həm də mətbuat naziri Aleks Karlukeviçin təqdimatı və ön sözü ilə “Səni ulduza tapşırdım” adlı kitabı beloruscada işıq üzü görüb. Ön söz müəllifi həmvətənlərinə tanınmış şairimizi belə təqdim edib: “Çingiz Əlioğlu bu gün Belarusda ən çox çap olunan Azərbaycan şairlərindəndir. Onun şeirlərinin tərcüməsində Nikola Metlitski, Tatyana Svets, Raqnet Malokovski, Naun Qarpreviç və Viktor Qardeyin xüsusi əməyi var. Çingizin Belarusla tanışlıq tarixi 1986-cı ilə təsadüf edir. O vaxtdan bəri bu maraqlı Azərbaycan şairi dəfələrlə Minskdə olub. Belarusda Çingizin dost-tanışı çoxdur. Bəzilərinin adını çəkmək yerinə düşərdi: naşirlərdən Dmitri Makarov, Tatyana Belova, rəssamlardan Valeri Radareviç, Kamil Kamal, yazıçılardan Aleks Badak, Tatyana Svets, Nikola Metlitski... Çingizin Belarus dilinə tərcümə olunmuş əsərləri bu kitabdan əlavə, “Literatura və iskusstvo” qəzetində, “Polımya”, “Molodost” jurnallarında, almanaxlarda dərc olunub. Güman edirik ki, bu kitabla Azərbaycan-Belarus ədəbi ünsiyyətinin çevrəsi bir də genişlənmiş olur. Bu yaxınlarda Çingiz Əlioğlunun Belarus Yazıçılar Birliyinə (BYB) üzv qəbul olunması da həmin həqiqətin bariz nümunəsidir. Üzvlük vəsiqəsini Çingiz Əlioğluna təqdim edən BYB sədri Nikolay Çerginets Azərbaycanla Belarus arasında tarixən isti bir dostluq münasibətinin olduğunu xatırladıb. O qeyd edib ki, hələ 1936-cı ildə Minskdə Azərbaycan poeziyasına həsr olunmuş tədbirdə əfsanəvi şair Hüseyn Cavid də iştirak edib. Belarusun Xalq şairi Maksim Tank Azərbaycanın Xalq şairləri Səməd Vurğunun və Rəsul Rzanın şeirlərini Belorus dilinə tərcümə edib. Çingiz Əlioğlunun şeirlər kitabının Minskdə təqdimatı, həmin ənənənin və Belarus-Azərbaycan ədəbi əlaqələrinin yeni mərhələyə qədəm qoyması deməkdir”.

 

A.Karlukeviç Çingiz Əlioğlu poeziyasının məziyyətlərindən də söz açıb: “Çingiz Əlioğlunun yaradıcılığında

İorenim Bosx, Piter Breygel, Pablo Pikasso, Dmitri Şostakoviç, Qara Qarayev təsirlərini hiss etmək olar... Çingizi oxuyarkən Bella Axmadulina şeirinin qüdrətini xatırlayıram. Onu simvollarla zəngin yaradıcılıq nümunələrinə görə Mustay Kərim, David Kuqultinov, Rəsul Həmzətov, Alim Keşakov kimi şairlərinin  sırasında görürəm. Əlbəttə, Çingiz onlardan heç birini təkrar eləmir. Mən bunların yaradıcılıq xüsusiyyətlərinin ümumi miqyasından danışıram”.

 

Adıçəkilən ölkənin mətbuatında da azərbaycanlı şairin yaradıcılığı xüsusi diqqətdə saxlanılır. Artıq bir neçə ildir ki, ənənəvi şəkildə “Polımya” jurnalının ikinci saylarında Çingiz Əlioğlunun şeirlərinə böyük yer verilir. Belarusun “Ədəbiyyat və incəsənət” (“Literatura  i iskusstva”) qəzetində də keçən il Çingiz Əlioğlu poeziyasına bütöv səhifə  həsr edilib.

 

Ötən il Belarusda rus dilində “Xoşbəxt görüş” toplusu da nəşr olunub. Topluda ustad Çingiz kimi səciyyələndirilən Çingiz Əlioğlunun şeirləri ilə yanaşı Azərbaycanın tanınmış ədibləri – Xalq yazıçısı Anar, Xalq şairi Fikrət Qoca, Natiq Rəsulzadə, Elçin Hüseynbəyli,  Səlim Babullaoğlu, Kamil Əfsəroğlu və Qulu Ağsəs, eləcə də Belarusun tanınmış yazıçı və şairlərinin əsərləri yer alıb.

 

Ç.Əlioğlu 2013-14-cü illərdə Belarusun İnformasiya Nazirliyi, eləcə də də Qazaxıstan hökuməti tərəfindən kitab işinin təbliğatı və kitab sahəsindəki xidmətlərinə görə təşəkkürnamələr, həmçinin “Ədəbiyyata göstərdiyi böyük xidmətlərinə görə” medalı ilə təltif edilib.

 

2013-cü ilin dekabrında Ukrayna dilində çap olunan “Qələmin sirləri” adlı poetik topluda Qətran Təbrizi, Xaqani, Nizami Gəncəvi, Əvhədi Marağayi, Əssar Təbrizi, Füzuli, Mirzə Şəfi Vazeh, Heyran xanım, Nəbati, Aşıq Ələsgər, Natəvan, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir kimi klassiklərlə yanaşı Çingiz Əlioğlunun şeirləri də yer alıb. Topluda həmçinin Belarus, Rusiya, Qırğızıstan, Qazaxıstan və digər ölkələrin klassiklərinin əsərləri də Ukrayna dilinə tərcümədə verilib.

 

Ötən il Moskvanın “Xudojestvennaya literatura” nəşriyyatı  Dünən və həmişə” (“Vçera i veçno”)  kitabını Çingiz Əlioğlunun 70 illik yubileyinə hədiyyə edib. Kitabda şairin 57 şeiri və 3 poeması təqdim olunub. Nəşrin tərtibçisi Rusiyanın tanınmış alimi, akademiki Qeorgi Pryaxindir. Annotasiyada Çingiz Əlioğlu yaradıcılığında qədim türk poeziyasının lirikası ilə çağdaş dövrün ritmlərini özündə birləşdirən şair-filolsof kimi xarakterizə edilir: “Onun şeirləri bundan əvvəl də tanınmış rus  müəlliflərinin tərcüməsində təqdim olunub. Bu nəşr isə böyük şairin xeyli fasilədən sonra Moskvada çap olunan kitablarından biridir. Kitabın tərcüməsində tanınmış rus şairləri ilə yanaşı Azərbaycanın tanınmış tərcüməçisi Siyavuş Məmmədzadə də iştirak edib”.

 

Çingiz Əlioğlunun hazırda Albaniyada, Qazaxıstanda, Tacikistanda və Özbəkistanda kitabları nəşrə hazırlanır. Albaniyada nəşr olunacaq kitabın Bakıda da təqdimatı keçiriləcək.

 

Ötən il şairin 70 ililk yubileyi münasibətilə Mədəniyyət və Turizm Nazirliyi müəllifin “Qapı” kitabını oxuculara təqdim edib. Kitabda Çingiz Əlioğlunun son illərdə yazdığı şeirlər və poemalar verilib.  “Qapı” Xalq şairi Sabir Rüstəmxanılın “Söz sevgisi və ləyaqətli ömür yolu” adlı ön sözü açır. Ön sözdə onların dostluğunun maraqlı, kövrək tarixçəsindən də, Çingiz Əlioğlu yaradıcılığından da ətraflı söz açılıb: “...Və bəlkə də, dostluğumuzun bir səbəbi də ədəbiyyat məkanlarımızın coğrafi sərhədlərinin toxunulmazlığında idi. Bir-birimizin sözünə göz dikmir, bir-birimizə “ərazi iddiası” eləmirdik... Dilmizin alliterasiya imkanlarından, məncə, poeziyamızda heç kim Çingiz Əlioğlu qədər gen-bol və uğurlu istifadə etməyib. Bir çox əsərlərində o, ana dilinin bu qeyri-adi imkanları ilə XX yüzil dünya poeziyasının, hər xalqın ədəbiyyatında bir cür boy göstərən avanqard, modern üslublarını birləşdirir. Amma bu məqamda hökmən onun tərcüməçilik qabiliyyətini və bu sahədə gördüyü çox əhəmiyyətli işləri də xatırlatmaq lazım gəlir. Bu cəhətdən Çingiz Əlioğlunun tərcümələri həm seçilən müəlliflərə, həm də tərcümənin keyfiyyətinə görə mühüm ədəbi hadisədir, xidmətdir və bununla yanaşı, onun tərcümə sənətinə yanaşmasındakı ciddiyyəti, bu sahədəki xüsusi istedadını nümayiş elətdirir...”

 

“Qapı”da tanınmış tənqidçi Rüstəm Kamalın şairin yaradıcılığını incələdiyi “Çingiz Əlioğlu şeiri: dilin magik təcrübəsi” yazısı da təqdim edilib. R.Kamal Çingiz Əlioğlunun yaradıcılığının özünəməxsus melodik-akustik struktura malik olmasını onun poetik gücü kimi xarakterizə edir: “Çingiz Əlioğlunun rəssamlarla,  heykəltəraşlarla, qrafiklərlə asan “dil tapa bilməsi”, bu sənət sahibləri ilə ortaq dünyagörüşü və bədii zövqü paylaşması onun avanqardizmini şərtləndirən amillərdəndir. Ustad Çingiz Əlioğlu dünya poeziyasını mükəmməl bilsə də, nəfəsi, ruhu həmişə milli, qədim poeziyamızın köklərinə bağlıdır. Onun poeziyası bizi dilimizin mistik mənalar dünyasına qaytarır”.

 

Söhbətimiz ərzində Çingiz Əlioğlunun 1968-ci ildə yazdığı və uzun müddət oxuculara yetişdirməyə imkan tapmadığı sürrealist “Yuxular şəhəri”nə də yolumuz düşdü,  “Adını qoymağı unutduğum yazı”da 4 əsr əvvəl tonqalda yandırılmış Cordano Brunonun Donna ilə dialoquna da şairin canlı ifasında şahid oldum. Postmodernizm dolanbaclarına da yol aldıq, avanqardizm yoxuşlarına da: “Mənim postmodernə münasibətim bir qədər fərqlidir. Mənə görə, postmodern estetik heysizlik, halsızlıq deməkdir. Postmodern yeni heç nə yaratmır. Avanqard isə başqa məsələdir. Avanqard köhnəliyin üstünə sürətlə gedə bilir, yeri gələndə köhnəliyə qarşı çıxır, amma ona qarşısına mütləq nəsə arqument qoya bilir. Ancaq postmodernizm bunu bacarmır. O ancaq keçmişə ironiya edir, əylənir...”.

 

İroniyadan söz düşmüşkən, tarixin istehzasını xatırladanda Çingiz Əlioğlunun bir müddət sükuta qərq olması da, dediyi cümlə   yaddaşımın bir küncündə özünə yer elədi:  “Bir vaxtlar Cordano Brunonu yandırdıqları meydanda indi onun heykəlini ucaldıblar...”

 

...Söhbətimiz bitir, Çingiz Əlioğlunun “Qapı”sından ayrılıram, fikrimdə – Brunonun yandırıldığı meydan, ağlımda – söhbətimizin xronikası,  işə tələsirəm: yaddaşa etibar yoxdu, vaxtında yazmalıyam ki, unutmayım...

 

Unuda-unuda gəlmişik,

 

Sevinc Mürvətqızı

525-ci qəzet.- 2015.- 10 yanvar.- S.22.