Bütün yönləri ilə yaradıcı təhlil

 

akademik İsa Həbibbəyliyə açıq məktub

 

Çox hörmətli İsa müəllim! Azərbaycan ədəbi ictimaiyyəti və bütövlükdə Azərbaycan cəmiyyəti Sizi ədəbiyyatımızın, mətbuatımızın – bir sözlə, milli söz dünyamızın istedadlı tədqiqatçısı, klassik yazıçı və şairlərimizin, mətbuat xadimlərimizin, millət yolunda qələmini süngüyə çevirmiş hər kəsin təəssübkeşi, onların yaradıcılıq dünyasını yeni nəsil oxuculara çatdıran bir alim- milli təəssübkeşliyi ilə həmişə seçilən və qiymətləndirilən bir insan kimi tanıyır.

 

Ədəbi-bədii dünyamızın elə bir sahəsi tapılmaz ki, Sizin tədqiqatınızla, həm də milli arxivlərimizdən tutmuş ögey arxivlərədək hər yerdə çətin axtarışlar aparmaqla öz sözünüzü deməmiş olmayasınız. Təkcə “Ədəbi-tarixi yaddaş və müasirlik” kimi fundamental bir əsərinizə –  44 çap vərəqi həcmində kitabınıza nəzər yetirmək kifayətdir ki, Sizin folklorşünaslıq, klassik ədəbiyyat, çağdaş ədəbiyyat, ədəbi tənqid, ədəbiyyatşünaslıq, nəzəri məsələlər, ədəbi əlaqələr, elm, incəsənət aləmi, mətbuat dünyası, publisistika ətrafında apardığınız tədqiqat işlərinin titanik səviyyəsi bizə bəlli olsun. Sizin ədəbi-bədii dünyamıza, klassiklərimizə yeni baxışınızı, hamımızın birbaşa və ya mənəvi müəllimimiz bildiyimiz Əziz Mirəhmədovun belə bir fikri daha dolğun ifadə edir: “Professor İsa Həbibbəylinin tədqiqatlarının əsas məziyyəti o vaxta qədərki ədəbiyyatşünaslıqda az öyrənilmiş və demək olar ki, diqqəti cəlb etməmiş, elmi-nəzəri məsələlər, hadisələr, şəxsiyyətlər əsərlər haqqında təhlil və qiymətlərdədir, bunlardan bir çoxunun yeniliyindədir. O, ədəbiyyat nəzəriyyəsi ilə ədəbiyyat tarixçiliyinin imkanlarından birgə, sintez halında istifadə etməyi bacarır”. Əziz Mirəhmədovun Sizin yaradıcılığınıza verdiyi bu qiymət faktından xeyli vaxt keçib. Amma bu qiymət Sizin yaradıcılıq fəaliyyətinizdə hər gün, hər an hiss edilməkdədir.

 

Hörmətli İsa müəllim!

 

Mən Sizin ədəbiyyata, bədii sözə və bu sözün yaradıcılarına diqqətinizi həmişə hiss etmişəm və yaddaşdan zəif olmayan oxucular da şahiddirlər ki, yaradıcılığınıza xüsusi hörmət bəsləyən bir adam kimi mən də Sizin tədqiqatlarınız  barədə ara-sıra məqalələr yazmışam. Lakin açıq etiraf edim ki, Sizi bir ədəbiyyatşünas, bir tədqiqatçı kimi daha çox klassikaya bağlı alim hesab etmişəm. Doğrudur, müasir ədəbiyyatımızın bir çox ustad yazıçı və şairlərinin yaradıcılığına dair ədəbi-tənqidi görüşlərinizə də bələdəm. Ancaq bu yaxınlarda əlimə düşən bir kitabınız məni Mirzə Cəlilə həsr etdiyiniz tədqiqatlarınız qədər sevindirdi. Söhbət yaradıcılığına və insanlığına, azərbaycançılığına qibtə etdiyim, Qarabağ dərdinə sonsuz nigarançılığına görə çox-çox cox istədiyim Rəşad Məcidin ədəbi fəaliyyətinə həsr etdiyiniz “Bütün yönləri ilə yaradıcı” adlı kitabınızdan gedir. Məni bu kitabla bağlı ən çox təəccübləndirən cəhətlərdən biri bu günkü min bir işinizin içində, xalq dili ilə desək, iki daşın arasında hələ bizim gənc hesab etdiyimiz, hələ ədəbi yaradıcılığın bəlkə də başlanğıcında olan, hələ böyük ədəbiyyat vəd edən bir şair-yazıçı-publisist haqqında bütöv bir kitabı ərsəyə gətirməyiniz oldu. Həm də bu darmacalda Rəşad Məcidin poeziyasını, nəsrini və publisistikasını bu qədər səbrlə oxumağınız, bu qədər dərin elmi təhlillərə cəlb etməyiniz, bu yaradıcılıq faktını belə aydın izah etməyiniz mənim ürəyimdə bir qürur hissi yaratdı. Bir tərəfdən ona görə ki, bu kitab mənim keçmiş tələbəm, kafedramızın güvəndiyi bir müəllim, yaradıcılığına pərəstiş etdiyim, jurnalistikası hamıya nümunə ola biləcək dostum Rəşad haqqındadır, digər tərəfdən ona görə ki, bu kitabı Naxçıvan Dövlət Universitetində az-çox birgə fəaliyyətimizlə, mənim də yaradıcılığıma verdiyi qiymətlə öyündüyüm akademik İsa Həbibbəyli ərsəyə gətirmişdir.

 

Və ... kitab haqqında. Akademik bu kitabı “Bir yüngülvari müqəddimə” ilə başlayır. Həqiqətən də bu “yüngülvari” müqəddimə həcmcə cəmi dörd səhifədən də azdır. Amma dörd səhifədən də az bu “yüngülvari müqəddimə”nin “bir balaca boyu” olsa da, “dam dolusu toyu var” prinsipi ilə qələmə alınıb. Burada Rəşad Məcidin qısa xarakteri və qısa yaradıcılıq kredosu öz əksini tapıb. Və bu xarakter və xarakteristikada tədqiqatın qəhrəmanının aydın bir obrazı var. Bu obrazın aydınlığı isə kitabın elə ilk səhifələrindən oxucunu maraqlı bir sənətkarın maraqlı bir yaradıcılıq dünyasına cəlb etmək məqsədi güdür. Siz tamamilə doğru olaraq, Rəşad Məcid yaradıcılığında publisistikanı ən ardıcıl sahə hesab edirsiniz. Və Rəşadın bu yaradıcılıq sahəsinə üstünlük verməsinin millətə, xalqa səmərəli nəticəsi kimi belə bir dəqiq mühakimə yürüdürsünüz: “Artıq müstəqillik dövründə Azərbaycan müstəqil mətbuatının mükəmməl bir əsərinə çevrilmiş “525-ci qəzet”in  (kursiv mənimdir – C.M.) Baş redaktoru kimi də Rəşad Məcid cəmiyyət miqyasında mətbuat mühitində daha qabarıq görünür”. Həqiqətən də, hələ neçə illər bundan əvvəl bizim böyük Vətən və millət şairimiz Bəxtiyar Vahabzadə də deyirdi: “Mən “525-ci qəzet”i mütəmadi oxuyuram. Bu qəzetdə mənim xoşuma gələn cəhətlər çoxdur. “525-ci qəzet”in mədəniyyətə, xüsusən, ədəbiyyata geniş yer ayırması mənim ürəyimcədir. Mən burada cavan və orta nəsil yazarlarının diqqət mərkəzində saxlanmasına sevinirəm”. İsa Həbibbəyli isə sanki Bəxtiyar Vahabzadənin bir zamanlar “525-ci qəzet”ə verdiyi bu qiyməti bu gün daha da qüvvətləndirərək onu “müstəqil Azərbaycan mətbuatının mükəmməl bir əsəri” hesab etməsi ilə bütün oxucuların fikrini ümumiləşdirmişdir.

 

Sonra İsa Həbibbəyli Rəşad Məcidin mətbuat fəaliyyətilə bərabər, bədii söz dünyasına da keçidini əsaslandırır, onun bu sahədəki hələ lap gənc yaşlarından uğurlarını qeyd edir və bu uğurların hələ neçə illər bundan əvvəl “10 sentyabr” kitabı ilə nəticələndiyini belə vurğulayır: “10 sentyabr” kitabı ilə geniş ictimaiyyət də, ədəbi tənqid də artıq Rəşad Məcidin yaradıcılığını bütün istiqamətlər, o cümlədən şeir yaradıcılığı üzrə tam halda görmək, mütaliə etmək və təhlil süzgəcindən keçirmək, bu barədə söz demək, ümumiləşdirmələr aparmaq imkanı əldə edə bilmişdir”. Bu anda mən yenə də bir az keçmişə qayıtmaq və bir neçə il əvvəl Rəşad Məcidin hələ lap cavan vaxtında ustad yazıçımız Anarın da bir fikrini misal gətirmək istərdim: “Mən Azərbaycanın cavan yazıçıları sırasında Rəşad Məcidin adını xüsusi qeyd etmək istərdim. Onu həmkarlarının və yaşıdlarının bəzilərindən fərqləndirən əsas cəhət təvazökarlığı, yüksək daxili mədəniyyəti, özünü sözlə, danışmaqla deyil, ilk növbədə əməli işlə təsdiq etmək bacarığıdır. Rəşad daha çox susur, amma bu, özünü təbliğ etməyə əsas tapmayan bir şəxsin məcburi sükutu deyil, əməli fəaliyyəti danışan ziyalının susmasıdır. Rəşad söz adamıdır. Söz onun taleyidi, mənim üçün onun bədii sözə təmənnasız, içdən vurğunluğu ədəbiyyata, sənətə ruzi vasitəsi, şöhrət mənbəyi kimi baxan çoxsaylı əsər və kitab müəllifinin “cəfakeşliyindən” daha dəyərlidir”. Anarın bu sözlərindən bir az keçdi və susmağı üstün tutan Rəşad Məcid susqun hesab etdiyimiz o illərin hesabatını “10 sentyabr”da elə ortaya qoydu ki, indi akademik İsa Həbibbəyli bu yaradıcılığı araşdırma və ümumiləşdirmə faktı kimi qəbul edir.

 

Mənim üçün çox maraqlı və çox ədalətli bir fakt da budur ki, İsa Həbibbəylinin fikrincə “Rəşad Məcid çoxcəhətli yaradıcılıq sahələrində professionaldır”. Mən bu sətirləri oxuyuram və İsa müəllimin Rəşad Məcid haqqında kitabının üz qabığını çevirib onun adına bir də baxıram: “Bütün yönləri ilə yaradıcı”. Deməli, İsa müəllim elə lap “Bir yüngülvari müqəddimə”dəcə öz kitabının adını əsaslandırır və bizi “bütün yönləri ilə yaradıcı” olan müasir bir ziyalının fəaliyyət dünyasına yönəldir. Və bu yaradıcılıq yönlərinin əsas istiqamətlərinin elmi ümumiləşməsini verir:

 

“- Publisistika Rəşad Məcidin yaradıcılıq fəaliyyətinin əsas, aparıcı tərəfidir, onun gündəlik işidir. Azərbaycanda “525-ci qəzet” səviyyəsində müstəqil mətbuat yaratmaq və bu qəzetin nəşrini uğurla davam etdirmək Rəşad Məcidin xidmətidir. Rəşad Məcid müstəqillik dövrü Azərbaycan publisistikasının əsas yaradıcılarından və görkəmli nümayəndələrindən biridir.

 

  10 sentyabr” hekayəsi ilə Rəşad Məcid həm də nasirlik səlahiyyəti qazanmışdır.

 

  Ədəbi tənqid sahəsində də Rəşad Məcid mükəmməl “yazıçı sözü” deməyi bacarır.

 

  Rəşad Məcid tam orijinal bir şairdir. Müstəqillik dövrü Azərbaycan şeirinin yaradıcıları sırasında onun özünəməxsus görkəmli yeri vardır. Rəşad Məcidin şeirləri mövzu, janr, üslub-yanaşma, bədii təsvir vasitələri etibarilə bənzərsizdir”.

 

Kitaba prelüdiya hesab etdiyimiz bu istiqamətverici müqəddimədən sonra İsa Həbibbəyli Rəşad Məcidin yaradıcılıq “yönlərinə” keçir və ilk növbədə onun şeirləri üzərində dayanır. “Lirizm + epik notlar” adlandırdığı birinci məqaləsində bu böyük ədəbiyyatşünas alim – tənqidçi müstəqillik illəri Azərbaycan poeziya mühitində Rəşad Məcid yaradıcılığını hadisə adlandırır. Bu təhlillər “Rəşad Məcidin 21 il bundan əvvəl... nəşr edilən ilk şeirlər toplusu olan “Hələ ki, vaxt var” kitabından başlamış yetkinlik çağındakı poeziyasınadək bütöv bir yaradıcılıq yolunu izləyir. Əsas fikir də budur ki, hələ uşaq çağlarından şeirə məhəbbət göstərən Rəşad şair olmaya bilməzdi. Poeziyaya bu əbədi məhəbbətin səbəbindəndir ki, “onun hər misrasının “göyərçin qanadı” kimi bənzərsiz obrazlı görkəmi, hər bəndinin bayatılarda olduğu kimi lirik-fəlsəfi mənası vardır. Rəşad Məcidin şeirləri həyata şairanə baxışın özünəməxsus ifadəsidir”. İsa Həbibbəylinin fikrincə, Rəşadın poeziyasında Ramiz Rövşən, Məmməd Araz, Əli Kərim notları var, amma bu şairlərin yaradıcılığından doğan notlarında Rəşad Məcid həm də tamamilə özüdür, orijinal üsluba malik bir şairdir.

 

Əlbəttə, o zamankı Sovet və o cümlədən Azərbaycan ədəbiyyatında həyata tamam yeni baxışları ilə, yeni tematika və xüsusi üslubu ilə, senzura baryerlərini keçib milli-ənənələri, milli-azadlıq ideyalarını önə çəkmələri və bir çox digər yeni keyfiyyətləri ilə seçilən sənətkarlara “altmışıncılar” kimi xüsusi bir ad verilmişdi. İsa Həbibbəyli bu əsərində Rəşad Məcidi bir fon tutaraq Sabir Rüstəmxanlı, Zəlimxan Yaqub, Hidayət, Çingiz Əlioğlu və başqalarını “yetmişincilər” adlandıraraq deyir ki, “onların yaradıcılığında konkret vətəndaşlıq ruhu şeirin cövhəri, əsas mahiyyəti kimi çıxış edir. Bu qəbildən olan ədəbiyyat, o cümlədən vətəndaşlıq poeziyası müstəqillik dövrü Azərbaycan ədəbiyyatının böyük başlanğıcıdır”. Və müəllif bu sırada “Rəşad Məcidin şeirlərini isə təpədən dırnağa qədər həyat və insan haqqında lirik düşüncələrdən yoğrulmuş təbii bir daxili poetik monoloq hesab edir və göstərir ki, bu şeirlər dünyadan, həyatdan və insandan danışan işıqlı və obrazlı düşüncələrdən yoğrulmuşdur”. Akademikin bu düşüncələrindən sonra məndə də belə bir qənaət yaranır ki, Rəşad Məcid nəinki “yetmişincilərlə”, habelə elə “altmışıncılarla bir sırada durur və sonra o sıranı öz dəsti-xətti ilə səksənincilərə, doxsanıncılara, iki minincilərə, iki min onunculara gətirib çıxarır. Və mənim özümə kumir seçdiyim, tələbəliyimizi bir illərdə keçirdiyimiz dostum Ramiz Rövşən də nahaqdan demir ki, “sözün düzü, Rəşad mənə o qədər doğma və əziz bir insandı ki, onu tərifləməyimin hardasa bir az özümü tərifləmək kimi çıxacağından qorxuram. Aramızda az qala bir igidin ömrünə bərabər yaş fərqi olsa da, mən bu fərqi heç zaman hiss eləməmişəm. Və bunun səbəbi Rəşadın özündə, onun ağır təbiətində, fitri ağsaqqallığındadı. Bəli ağsaqqallıq da, məncə, yaşnan gəlmir, istedad kimi ya fitri olur, ya da olmur”. Rəşad Məcid haqqında bu fikirdə olan Ramiz Rövşənin poetik yaradıcılığından notların onun əsərlərində mövcudluğu elə buna görə İsa müəllimin ağlına gəlmişdir.

 

İsa Həbibbəylinin yaradıcılığına xas olan bir keyfiyyət var: Alim nədən danışırsa, mütləq öz fikir və düşüncələrini illüstrativ faktlarla sübut edir. Onun Rəşad Məcid poeziyası haqqında düşüncələrində də şairin “At, saz, qılınc”, “Bir sona keçdi”, “Yanmayan şeir”, “Göy üzü”, “Qəfil yağış”, “Mən əlini buraxmazdım”, “Bir kəlmə yalanın”, “Kibrit qutusuna yazılan şeir”, “Unuda bilməyəcəksən”, “Ağ işıq” və s. kimi onlarca şeirinin təhlillərində bu təhlilləri müşayiət edən onlarca nümunə yer alıb. Bu təhlillər ciddi elmi mahiyyət kəsb etməklə, həm də aydın publisistik üslubu ilə bizi təhlil obyektinə diqqət yetirməyə cəlb edir. Bununla bağlı kitabdan bir təhlil nümunəsi gətirmək istərdim:

 

“Rəşad Məcidin şeirləri – işıqlı düşüncələrin şeiriyyətidir. Onun şeirləri Günəş, işıq, Ay işığı, ümid, ulduz, ocaq, pərvanə, şəfəq, şam, nur, od, alov, köz, kibrit, çiçək və sair kimi işıqlı ifadələrin cazibəsi üstündə qurulmuşdur. Bu şeirlər dəmirçi kürəsi, qızmar günəşin altındakı torpaq kimi istidir. “Gül-çiçəklər yaraşıqdı, lalələr xaldı eləcə”, “Od-alov sazını basıb döşünə, Kərəm qisasını aldı Ədalət”, “Bir alovdu yana-yana, Axdı cana, keçdi qana. Kül eləyib dağı-daşı Selləndi Yanıq Kərəmi.”, “Gün işığı”, “Dərədə çən, düzdə günəş”, “Bir işıqdan keçdim, anam, Gözlərimi dörd elədi. Ürəyimi ipək kimi, Sözlərimi sərt elədi” misralarında işıq əsas mənanın mühüm daşıyıcısıdır. O, işığın da fərqli poetik mahiyyətini açır. Rəşad Məcidin dünyasında ay işığı – “çəməni bürüyən şehdir; bir ahıl saçında gümüşü zehdir”; dağlar – “ay işığında üz-gözü südə bulaşmış körpə kimidir”. Müşahidələr göstərir ki, onun təqdimatında işıq daha effektlidir. “O ağ işıq damla-damla hopub canıma, Sətir-sətir, misra-misra çıxır canımdan” deyən şairin şeirləri də sanki işıq kimi həyata süzülür. Fikrimcə, Rəşad Məcidin yaradıcılığındakı ağ işıq həyatdakı bəyaz gözəlliyin və ağ günlərin rəmzidir”. 

 

Rəşad Məcidin poeziya dünyasından geniş bəhs edən bu ilk məqalənin adı axı “Lirizm + epik notlar” idi. Yazının kompozisiyası o qədər dəqiqdir ki, biz məqalənin öz sərlövhəsi ilə vəd etdiyi hər şeyi orada görə bilirik. Bu mənada “+ epik notlar” yada düşür. Kitabda belə bir məqama diqqət edək:

 

“Lirik-romantik düşüncənin epik notlarla təqdimi Rəşad Məcidin şeirlərinin daxili qatına süjet əlamətləri gətirir. O, təqdim etdiyi həyat anını bütün mahiyyəti ilə çatdırmaq üçün mövzuya bir neçə nöqtədən baxır. Və həmin baxış bucaqlarının əksəriyyətində Rəşad Məcid buludların üstündə addımlayırmış kimi yeri də, göyü də ayıq-sayıq və poetik şəkildə görür. Beləliklə, Rəşad Məcidin şeirlərində həyata, insana və dünyaya sanki göy qurşağının fonunda nəzər salınır. Bu şeirlər göy qurşağı rəngində qavranılan həyatın cazibədarlığının içərisindən seçilmiş, dəqiq müşahidə olunmuş poetik təəssüratlardır, lirik-romantik düşüncələrdir. Bu qədər dərin lirizmin içərisində epik əlamətləri görmək çətindir. Lakin Rəşad Məcidin obrazlı və işıqlı düşüncələrinin orijinal bədii ifadəsi olan şeirlərini yaşanmış həyat anının poetik formada təhkiyəsindən də ayrılıqda düşünmək olmur. Fikrimcə, lirik-romantik baxışla poetik təhkiyənin və süjet əlamətlərinin sintezi Rəşad Məcid şeirinin fərdi özünəməxsusluğunu müəyyən edir. Beləliklə, son nəticədə Rəşad Məcidin lirikasında lirik-romantik düşüncə ilə realist əlamətlər birləşir. Epik cizgilər onun romantik-poetik ovqatına realist notlar daxil edir”.

 

Rəşad Məcid yaradıcılığının epik tərəfi akademikin “Roman” və poetikası  adlı daha çox ədəbi ictimaiyyətə ünvanlanan növbəti məqaləsi ilə davam edir. 

 

Əvvəlcədən qeyd edim ki, akademikin elə ilk sətirlərdən göstərdiyi kimi, Rəşad Məcid özünün “poeziya serialını” roman adlandırmış və bununla da janr tabusuna qarşı çıxmışdır. Burada təəccüblü bir şey yoxdur, zira yaradıcı şəxsiyyət üçün heç bir anda dəqiq qəlib, kənara çıxıla bilinməyəcək çərçivə yoxdur. Misal üçün deyək ki, rus poeziyasının günəşi hesab edilən A.S.Puşkin özünün nəzmlə yazdığı və ənənəvi olaraq belə bir formatı janr etibarı ilə mütləq poema kimi gözləyən oxuculara, sair onu roman kimi təqdim etmişdir. Rus ədəbiyyatında öz vaxtında hadisə kimi qəbul olunan “Ölü canlar” əsərini N.V.Qoqol sırf nəsr formatında yazmış olsa da, özü bu əsəri oxucuya poema kimi təqdim etmişdir. Bu mənada Rəşadın “poeziya silsiləsini” roman kimi təqdim etməsi təkcə müəllifin istəyindən, klassik format və janra münasibətdə “orijinal” görünmək arzusundan deyil, daha çox bu silsilənin mahiyyətindən doğan bir keyfiyyətdir.

 

Əlbəttə, ədəbiyyatşünaslıqda “poetika” anlayışının xüsusi bir çəkisi vardır və F.Dostoyevskinin polifonik roman üslubunun ədəbi-fəlsəfi cəhətlərini təhlil etmiş M.Baxtinin təbirincə desək, poetika bədii əsərin bütün komponentlərini təhlilə cəlb edən, onun strukturunu, estetik sistemini araşdıran bir elmi istiqamətdir. Anlayışın bu mahiyyətini nəzərə alanda ilk baxışda adama elə gələ bilər ki, akademik İsa Həbibbəyli özünün cəmi on beş səhifəlik bir məqaləsində Rəşadın “poeziya silsiləsinin” poetikasını aça biləcəkmi? Lakin məqaləyə  nəzər salan kimi aydın olur ki, məqalə müəllifinin Rəşadın şeirlərini belə bir mürəkkəb istiqamətdən təhlilə cəlb etməsi bir tərəfdən akademikin poetikaya tam bələdliyini, digər tərəfdən araşdırılan obyektin bu istiqamətə zəngin fakt verməsindən irəli gəlmişdir. Məqalədə Rəşad Məcidin “liro-epik” şeirlərinin romana keçid məqamı, şeirlərin müəllifinin yaradıcılıq təxəyyülü, ideya istiqaməti, Rəşadda sözün rəng çalarlarının harmoniyası, monoloq, dialoq anları və s. kimi neçə-neçə yaradıcılıq faktları dərindən təhlil edilir.

 

İsa Həbibbəyli yaxşı qeyd edir ki, “Rəşad Məcid bu əsəri şərti olaraq “Roman” adlandırıb”. Amma akademik şərtiliyi bədii ədəbiyyatın qaçılmaz kanonlarından biri hesab edərək bu anda da Rəşada haqq qazandırır və “Roman”a belə bir təhlil verir: “Bu, çılğın məhəbbətlə sevən, qarşı tərəfdən anlaşılmazlıq və tərəddüdlər hiss edən, tamam cavab ala bilməyən, sevdası nakam sonluqla bitən bir gəncin düşüncələrinin poetik təqdimatından ibarət olan tale romanıdır. Ədəbiyyat mühitində, ziyalılar arasında ‘’tale romanı”, “ömür dastanı”, “bir ömrün hekayəti”, “tale dramı” kimi işlədilən sözlərdə də janr deyil, baş verən mətləbin xarakteri nəzərdə tutulur. Rəşad Məcidin “Roman”ı da bu mənada aşiqanə tale romanıdır. Hətta bu əsərdə əks etdirilən mətləblərdən, iztirablardan bəlkə də real olaraq roman janrında ayrıca bir əsər də yazmaq olar. Rəşad Məcidin əsərini şərti şəkildə “Roman” adlandırması yazdıqlarından daha çox bu mövzuda yaşadıqlarının miqyasını ifadə edir. Buna görə “Roman” ifadəsi əsərin janrını deyil, ilk növbədə adını, sonra isə mahiyyətini bildirir. Romana məxsus çoxplanlılıq, obrazların  zənginliyi, hətta geniş həcm bu əsərdə nəzərdə tutulmayıb. Fikrimizcə, Rəşad Məcidin “Roman” adlandırdığı bu əsər janr baxımından liro-epik poemadır. Əsər lirik şeirlərlə və epik təhkiyə ilə ifadə olunan hadisələrin nəzərəçarpacaq süjet əsasında poetikləşdirilməsi üzərində qurulmuşdur. Yaradıcılığının birinci dövrünə aid şeirlərində olduğu kimi,1996-cı ildə tamamlanmış “Roman”da da, əslində süjet qabarıq şəkildə deyildir. İki gəncin macərasının ayrı-ayrı məqamlarını, təfərrüatlarını, düşüncələrini və iztirablarını əks etdirən bu əsərdə  şeirdən-şeirə keçid əhvali-ruhiyyənin, ovqatın dəyişməsini, münasibətlərin inkişafını əhatə edən mənəvi proseslərin inkişafını izləməyə imkan yaradır. Silsiləvari şeirlərdən əsərdəki əsas obrazın tərcümeyi-halını, xasiyyətini, aqibətini də müşahidə etmək olur. Poetik şəkildə ifadə olunan daxili monoloqlar əsasında yazılmasına baxmayaraq, “Roman”da süjetin bütün inkişaf mərhələlərini müəyyən etmək mümkündür”.

 

Daha sonra ədəbiyyatşünas – alim “Roman”ı əhatə edən 56 adda şeirin bir çoxunun poetikasını ciddi elmi üslubda təhlilə cəlb edir. Və sonda deyir: “Ümumiyyətlə, “Roman” liro-epik poeması insanın mənəvi bütövlüyünə inam haqqında dəyərli bir epitafiyadır. “Roman” – şeirlə yazılmış macəravari serialdır. Poema janrında yazılmış “Roman” mövzu və mahiyyət etibarilə insanın mənəvi bütövlüyünün və ucalığının romanıdır. “Roman” – Rəşad Məcidin liro-epik şeirlərinin bütöv bir silsiləsidir. Nəhayət, “Roman” Rəşad Məcidin ədəbiyyatda, şeirdə bədii möhürüdür və özünütəsdiqidir. Ümumiyyətlə, Rəşad Məcidi “Roman”dan doğulan şair kimi də,  bədii obraz kimi də təsəvvür etmək olur. “Roman” liro-epik poeması əsərin müəllifinin də obrazını oxucuya təqdim edir. Fikrimizcə, “Roman” liro-epik poeması ilə Rəşad Məcidin bədii yaradıcılığının birinci dövrü tamamlanır. “Roman” – Rəşad Məcidin yaradıcılıq imkanlarını, mövzu dairəsini, obrazlı poetik düşüncəsinin özünəməxsusluqlarını, estetik idealını ümumiləşmiş şəkildə təqdim edə bilir. Daxili monoloqlardan yaranmış orijinal bədii əsər kimi “Roman” Rəşad Məcidi Azərbaycan ədəbi mühitinin ön mövqeyinə çıxarır. Rəşad Məcidin romantik-realist üslubu da “Roman”la oturuşmuş bir sistem kimi möhkəmlənir. Rəşad Məcid müstəqillik dövrü Azərbaycan romantik-realist şeirinin tanınmış nümayəndəsi səviyyəsində qəbul olunur. Bütün bunlara görə, “Roman” liro-epik poeması Rəşad Məcidin yaradıcılığının böyük bir dövrünün mükəmməl yekunu olmaqdan başqa, həm də yeni mərhələnin möhkəm təməli və etibarlı başlanğıcıdır”.

 

İsa müəllim Rəşad Məcid yaradıcılığındakı axtarışlarının növbəti istiqamətində – şairin “Dastan” adlandırdığı şeirlər silsiləsini – həm də yaradıcılığının yeni inkişaf mərhələsinin poetikasını önə çəkmişdir. Tədqiqatçı Rəşadın yeni mərhələdəki yaradıcılığını üç yerə bölür:

 

1. “Roman” Liro – epik poeması ilə səsləşən yeni şeirlər;

 

2. “Dastan” qrupu şeirləri;

 

3. Lirikasında yeni mərhələ;

 

Tədqiqatçının fikrincə, yeni poetik silsilə müəllifin “Dastan” adlandırdığı əsərin ayrı-ayrı  hissələrindən ibarət olan şeirləri əhatə edir. Akademik qeyd edir: “Roman” kimi “Dastan” da şərti ad olub, oxucuya artıq Rəşad Məcidin yaradıcılığından bəlli olan lirik qəhrəmanın xeyli dərəcədə inkişaf edərək yetkinləşmiş obrazını təqdim edən fərqli bir əsərin mahiyyətini ifadə edir. Hadisələrin epik tərəfinin bir qədər də qüvvətlənməsi, qəhrəmanın hərəkət və davranışlarındakı ayıqlıq və qətiyyətin, çətin vəziyyətlərdən çıxmaq qabiliyyətinin nisbətən geniş təsviri “Roman”la  müqayisədə yeni əsərin “Dastan” adlandırılmasını şərtləndirmişdir. Bu mənada “Dastan” əsəri “Roman” liro-epik poemasındakı hadisələrin davamı yox, həmin əsərlə səsləşən, lakin qəhrəmanı fərqli ampluada təqdim edən yeni romandır”.

 

İsa Həbibbəylinin bir ustad ədəbiyyatşünas kimi Rəşad Məcid yaradıcılığının estetik idealını təhlilə cəlb etməsi məndə xüsusi bir maraq oyatdı. Çünki estetik ideal kimi bədii sözün ortaya qoyduğu mənəvi və əbədi bir borc bizim günlərdə çox zaman gənc ədiblərin o qədər də “bənd olmadıqları” bir məqam kimi məndə narahatlıq doğurmaqdadır. İsa Həbibbəyli öz tədqiqatında estetik ideal ətrafında birbaşa söz demir. O, estetik idealı Rəşad Məcid yaradıcılığının qaçılmaz bir atributu kimi məhz bu yaradıcılığın fonunda dəqiq illüstrativ faktlarla bizə çatdıra bilir. Və sonda öz fikrini belə ümumiləşdirir:

 

“Rəşad Məcidin estetik idealı mərdanəliyin, bütövlüyün, milli düşüncənin, vətənpərvərliyin və müstəqil dövlətçiliyin daşıyıcısı olan lirik-romantik qəhrəmanıdır. Bu lirik qəhrəmanın ayağı odlu torpaqdadır, başının üstündə isə dövlət bayrağı dalğalanır. Vətən torpağı ilə dövlət bayrağının vəhdəti Rəşad Məcidin estetik idealının mahiyyətidir”.

 

İsa Həbibbəyli Rəşad Məcidin nəsrini də təhlilə cəlb edir və onun iki hekayəsini – “10 sentyabr” və “cənnət dərəsi” əsərləri barədə danışır. Müəllif doğru qeyd edir ki, Rəşad oxucuya hələlik cəmi iki hekayə təqdim edib. Amma bu iki hekayə ona “nasirlik səlahiyyəti” verib. Bir az da aydın desəm, İsa müəllim belə bir qəti fikirdədir ki, “Rəşad Məcid bir hekayə ilə – “10 sentyabr” hekayəsi ilə müasir Azərbaycan ədəbi mühitində nasirlik səlahiyyəti qazanmışdır. İsa müəllimin gəldiyi bu nəticə ilə mən də tamam razıyam. Çünki mən Rəşadın “10 sentyabr” hekayəsini qəzetdə dərc olduğu gün – nədənsə o gün hava çox soyuq idi – gecə yarısı oxudum və Əhmədlidə mənzilimin eyvanından qarşı təpədəki yolun kənarında dayanmış müştəri gözləyən taksilərə baxdım. “10 sentyabr” hekayəsində səhərədək müştəri gözləyib evinə bir tikə çörək dərdilə o təpədəki yolun kənarında dayanan taksi sürücülərinin ümumiləşmiş bir obrazı təsvir edilmişdi. Həmin o obraz o qədər qəmli, o qədər dərdli, o qədər problemli bir insan idi və o qədər realistcəsinə təsvir edilmişdi ki, mən Əhmədlidə mənzilimin eyvanından onu əsərdə olduğu kimi gördüm və məni o anda bir hışqırıq tutdu. Yanımda dayanan əziz bir qadın – ömür-gün yoldaşım özümü saxlaya bilmədiyim o hönkürtüdən çox qorxdu və mən onu təlaşda saxlamamaq üçün ikicə kəlməni güclə deyə bildim: “Rəşadın hekayəsi”... Bu hekayənin təəssürat tarixi mənim üçün bir də ona görə əzizdir ki, onda hələ oxuduğum bədii əsərlər barədə fikirlərimi bölüşdüyüm bir filoloq qadın – ömür-gün yoldaşım yanımda dayanmışdı...

 

Qayıdaq akademikin daha bir təhlil istiqamətinə: Rəşad Məcidin “publisistikada özünəməxsusluğuna. “Bu yerdə İsa müəllim qəti bir postulatla çıxış edir: “Hansı istiqamətdən baxmağımızdan asılı olmayaraq, Rəşad Məcid daha çox mətbuat aləmindəki geniş fəaliyyəti və publisistikası ilə görünür”. İsa müəllimin bu sözlərindən sonra mənim yadıma yaradıcılığına sonsuz hörmətlə yanaşdığım Xalq yazıçısı Elçinin aşağıdakı sözləri düşdü: “Rəşad Məcid istedadlı bir şairdir. İstedadlı bir publisistdir. İstedadlı bir ədəbiyyatçıdır. Ancaq mənim üçün Rəşad ilk növbədə gənc və istedadlı bir redaktordur”. Bundan sonrakı fikirlərində respublikamız müstəqillik əldə etdikdən sonra təsadüfi və naşı redaktorların çoxalmasından haqlı gileylənən Elçin yazır: “Sayca az olsalar da, Rəşadın və Rəşad kimi bir qism istedadlı jurnalistlərin simasında... mən əsrin birinci onilliklərində (XX əsr nəzərdə tutulur – C.M.)  bir tərəfdə “Molla Nəsrəddin”, o biri tərəfdə “Füyuzat” olan Azərbaycan milli jurnalistika ənənələrini bərpa edə biləcək yaradıcı qüvvə görürəm və yəqin belə olmasaydı, bu günün mətbuatında baş alıb gedən naşı qələm məmulatı, nadanlıq və cəhalət, şər və böhtan, “şok” açıqlamalar daha artıq təsir edərdi, daha artıq ağrıdardı, daha artıq bədbinlik gətirərdi”.

 

Akademik İsa Həbibbəyli də bu fikirdədir ki, “keçdiyi davamlı inkişaf yolunu nəzərə alaraq, “525-ci qəzetin yeni jurnalistika məktəbi yaratması haqqında irəli sürülən fikirlərdə gerçəklik mübaliğədən qat-qat çoxdur. Çoxaspektli mətbuat orqanı olan “525-ci qəzet” Rəşad Məcidin Azərbaycan milli mətbuatının inkişafında tarixi xidmətidir. Bununla belə, Rəşad Məcid həm də özünəməxsus publisistikası olan qəzet adamıdır. Publisistikası konkret problemlər ətrafında araşdırmaların və mühakimələrin ifadəsi əsasında formalaşır. Publisistikasındakı analitik təhlil həyatı, prosesləri, insanları daha dərindən göstərməyə, obyektiv nəticələr çıxarmağa şərait yaradır. Ən yaxşı məqamlarda Rəşad Məcidin ayrı-ayrı publisistik məqalələri monoloq kimi səslənir. Publisist Rəşad Məcidin monoloqlarında cəmiyyət həyatının aydın nəbzi döyünür. Müxtəlif illərdə yazılmış “Yeni paytaxt ehtiyacı”, “Səfərin təzəsi, dostun köhnəsi”, “Əlvida və salam”, “Ağ dənizin duzu” və sair kimi publisist məqalələri müasir cəmiyyətin doğurduğu konkret məsələlər ətrafında müşahidələr və mühakimələrdir. Publisistikasında Rəşad Məcidin bir ziyalı-vətəndaş olaraq aydın mövqeyi ifadə olunur. Publisist məqalələrindəki təmkinli və aydın mövqeyə malik Rəşad Məcidlə cəmiyyətdən, gündəlik həyatdan tanıdığımız Rəşad Məcid bir-birini tamamlayır. İctimai-siyasi və ədəbi-elmi mühiti tam olaraq birlikdə görməyi və dəyərləndirməyi bacarmaq, daim irəliyə doğru dərkolunmuş obyektiv baxış Rəşad Məcidin jurnalistika fəaliyyətinin və publisistikasının mahiyyətini təşkil edir”.

 

Akademik daha sonra yazır: “Publisistikasındakı özünəməxsusluq Rəşad Məcidin bu sahəyə qəzetçiliklə bədii yaradıcılıq əsasında xüsusi bir fəaliyyət növü kimi yanaşdığını göstərir. Əslində Rəşad Məcidin publisistikası problemləri etibarilə qəzetçilikdən, ifadə vasitələri baxımından isə yazıçılıqdan gəlir. Rəşad Məcidin publisistikasında məsələnin hər iki tərəfinin özünəməxsus ağırlığı vardır. Məhz həmin özünəməxsusluqların bir bütöv, tam halında ayrılmaz ifadəsi Rəşad Məcidin publisistikadakı möhürüdür”.

 

İsa müəllim Rəşad Məcid yaradıcılığını bütün yönlərindən təhlildən keçirdikdən sonra kitabın sonunda belə bir nəticəyə gəlir və mənim fikrimcə, bu nəticə o qədər dəqiq və o qədər ədalətlidir ki, onun bir hissəsinin təqdimi ilə bu məqaləni yekunlaşdırmaq olar:

 

“- Rəşad Məcid müstəqillik dövrü Azərbaycan liro-epik şeirinin əsas yaradıcılarından biridir.

 

– Daxili monoloqlar əsasında yazılmış şeirlərdən “Roman” və “Dastan” tipli süjetli əsərlər yaratmaq Rəşad Məcidin adı ilə bağlı olan bənzərsiz sənətkarlıq xüsusiyyətidir.

 

  Azərbaycan ədəbiyyatında böyük ənənəsi olan kiçik hekayə janrını dünya və ölkə ilə əlaqədar müasir mövzularla zənginləşdirmək, fərqli xarakterlər yaratmaq Rəşad Məcidin yaradıcılıq uğurudur.

 

  Mühüm həyati problemləri və siyasi düşüncəni əks etdirən, qəzetçiliklə yazıçılığı birləşdirən publisist əsərləri ilə Rəşad Məcid Azərbaycan publisistikasında yeni yol açmışdır.

 

  Rəşad Məcidin Baş redaktoru olduğu “525-ci qəzet” müstəqillik dövründə məktəb səviyyəsinə çatdırılan əhəmiyyətli ədəbiyyat və mətbuat hadisəsidir.

 

  Rəşad Məciddə həm də aydın bir ədəbiyyatşünas təfəkkürü vardır. O, yazıçı tənqidinin də mahiyyət etibarilə yazıçılıqla ədəbiyyatşünaslıq arasında olan, bir çox hallarda ədəbiyyatşünaslığa yaxınlaşan qiymətli nümunələrinin müəllifidir.

 

Rəşad Məcid şeir yaradıcılığında romantik-realistdir. Rəşad Məcidin lirikası romantika ağırlıqlı realist şeirlərdir. Onun publisistikasının da öz romantikası vardır, lakin publisist əsərlərində realizm üstünlük təşkil edir. Bu, həm də publisistikanın daxili qanunauyğunluğundan irəli gəlir. Rəşad Məcidin “10 sentyabr” hekayəsi realist əsərdir. Lakin bu hekayədə də romantik cizgilər vardır. Heç bir halda Rəşad Məcid romantikasız deyildir. Dayanıqlı bir romantik baxış bütövlükdə Rəşad Məcidin yaradıcılığının zənginliyini, tükənməzliyini və obrazlılığını təmin edir.

 

  Rəşad Məcidin simasında milli təfəkkürlə ədəbiyyat düşüncəsi və aydın siyasi baxış vəhdət təşkil edir.

 

Azərbaycan Yazıçılar Birliyinin katibi kimi də Rəşad Məcid böyük ədəbiyyatın və yeni yaradıcı nəslin inkişafına şərəflə və məsuliyyətlə xidmət edir. Azərbaycan Yazıçılar Birliyinin katibinin funksiyaları ilə “525-ci qəzet”in Baş redaktorunun imkanlarının birlikdə yeni dövr milli ziyalılığının, xüsusən də gənc ədəbi nəslin inkişafına bütün genişliyi ilə açılması, istiqamətlənməsi müstəqil dövlətçiliyimizə xidmətin reallıqlarıdır”.

 

Çox hörmətli İsa müəllim! Rəşad Məcid yaradıcılığına ayırdığınız bu qiymətli vaxtınıza görə, obyektiv və öyrədici təhlillərinizə görə, cavan nəslə bu qədər böyük müəllim diqqətinizə görə Sizə sonsuz təşəkkürümü bildirməkdən sonsuz qürur duyuram.

 

Cahangir MƏMMƏDLİ

525-ci qəzet.- 2015.- 10 yanvar.- S.20-21;31