Fəxri Uğurlu:” İndi xəbər yaza bilməyən

 

“NORMAL İNŞA CÜMLƏSİ YAZA BİLMƏYƏN ADAM ROMAN YAZIR”

 

 

 

 

Feyziyyə ilə Xəzərin sahilində

 

– Sən də ordaydın?

 

– Hə.

 

– Bəs niyə çıxdın?

 

– Nə bilim, hamı niyə çıxdısa, mən də ona görə.

 

– Bəs sonra necə...

 

“Kim kimdən müsahibə alır, başa düşmürəm?” şaqqaşaqla fotomuzu çəkən Firəngizin sualına duruxub gülüşürük. Amma bu, təbii ki, fikrimizi yayındırmır və Fəxri bəyin mənlə “müsahibəsini” yarımçıq qoymur. Əslində bu suallar mənim üçün yeni olmasa da, xeyrimə idi. İnsanları təkcə cavablar tanıtmır ki, sullar da xeyli işə yarayır, özü də müsahibin sualları. İlk dialoq çox önəmlidi. Adətən, müsahiblərimi özümə illərin dostu bilirəm müsahibə zamanı. Yəqin onlar da belə düşünür. Yoxsa başqa cür söhbətimiz alınmaz. Onunla isə məsələ bir az başqa cür idi. Hərçənd yazıçı Fəxri Uğurlu ilə söhbətimi kənardan müşahidə edən olsaydı, hər şey çox normal görünərdi. Amma mənə elə gəlirdi ki, bu doğrudan da sadəcə görüntüdü. Nəsə narahat idim. Hardan oturub, nədən başlayacam, deyə bir vurnuxma vardı içimdə. Bunun isə səbəbi var idi. Yoox, belə başlamaq olmaz. Belə yazı başlayarlar? Keçək yeni abzasa, hansı yaxşı alınsa onu saxlayaram.

 

“Feyziyyə, mən tez-tez müsahibə vermirəm. Keçən ay müsahibəm çıxıb. Gərək bir iş görəsən ki, müsahibə verəsən. Neynəmişəm ki, gündə müsahibə verim?”. Bax belə. Adama yerini belə göstərərlər. Həm öz yerini, həm qarşısındakının yerini. Yoxsa ki, mif yaratmaq, əlçatmazlıq uydurmaq bir iş deyil. Həmin gün yeni yaranmış bir sayt üçün Fəxri bəydən müsahibə götürmək istəyən həmkarıma kömək edirdim, guya. Həmkarımın zənginə cavab verməyincə bir də mən zəng edim, dedim. Cavabımı verib sağollaşandan  sonra gördüm xeyli vaxt keçib pəncərənin önündə dayanıb uzaqlara baxmağımdan. Bilmirəm, uzun-uzadı izahat yazımmı? Məncə, hər şey dırnağın içindəki dörd cümlədə deyilib. Mətbuatda çıxarılan oyunları da görürük, o cümlələri də. Bu, təxminən iki il öncə olmuşdu. Fəxri Uğurlu necə sakit-sakit, çığır-bağır eləmədən, hay-həşir salmadan yazırdısa, biz də eləcə onun yazdıqlarını kirimişcə, cıqqırımızı çıxarmadan oxuyurduq. Beləcə, günlərin bir günü biz görüşdük və müsahibə onun mənə sualları ilə başladı...

 

 

– Saytlara çox baxa bilmirəm. Onda görürəm ki, günün yarısı getdi. – belə. Sayt demişkən elə mətbuatdan başladıq deyəsən.

 

– Məsələ burasındadır ki, bizim jurnalistikada indi heç nə baş vermir. Doxsanıncı illərdə jurnalistikada həqiqətən də bir canlanma yaranmışdı. Bu, Rusiya da daxil olmaqla bütün postsovet ölkələrində belə idi. Yeni tendensiyalar, yeni ənənələr gəlirdi. Müxtəlif qəzetlər yaranırdı. Qəzet var idi ki, altı min tirajla, qəzet də var idi ki, altmış min tirajla çıxırdı. Amma hər birinin öz siması, öz auditoriyası vardı. Yəni bilirdin ki, filan jurnalist filan qəzetin yazarıdı. Başqa bir qəzetə onun yazısı lazım deyil. Hətta bulvar qəzetinin belə öz tələbləri var idi. Bir sözlə, proses gedirdi. Təqribən iki mininci ilə qədər bu proses davam elədi. Doxsan səkkizinci ildə senzura ləğv olunandan sonra mətbuat azadlığını itirməyə başladı. Bəzi qəzetlər maliyyə çətinliyi ucbatından nəşrini dayandırdı, reklamların yolu kəsildi. Mətbuat həm də biznesdi. Özü də media biznesi dünyada ən varlı bizneslərdən biridi. Amma bizdə qəzetlərin əksəriyyəti bir-birinə bənzəyir. Müəyyən saytlardan, agentliklərdən götürülən xəbərlərlə səhifələri doldururlar. Jurnalistlərdə yaradıcılığa həvəs azalıb. Potensialının çox cüzi hissəsini gerçəkləşdirmiş istedadlı yaşıdlarım, bizdən yaşlı jurnalistlər hansısa qəzet ya sayt küncündə oturub baş dolandırırlar.

 

Fəxri  xeyli ümidsiz, xeyli bədgüman görünürdü mətbuatla bağlı. Mən xaraktercə, ruhca, əxlaqca bircə özünə bənzəyən bu kübar, ağır-batman adamın ümidlərinin işartısını görmək istəyirdim oturduğumuz darısqal otağın balaca pəncərəsindən görünən buludlu səmanın üfüqlərində. Bilirsizmi, bu adam uşaq ikən güclü bildiyimiz atalarımız, dayılarımız, əmilərimiz kimi güclü görünür və nə qədər ümidsiz danışsa da, elə bilirdim bir gün atalarımız, dayılarımız, əmilərimiz bircə dəfə yumruğunu masaya vurub Tanrı kimi OL deyincə hər şey dəyişə bilər. İntəhası, bunu özü eləmir. İstəmirmi, ya sadəcə belə lazımdı, bunu bilmirəm.

 

– Əvvəllər də qəzetlər tiraj dalınca qaçırdılar. Təkcə ədəbiyyat yönümlü sayt və qəzetlərin yox, ümumiyyətlə, mətbuatın İP ardınca qaçmasını doğru saymıram. “Arvadını baltaladı” başlıqlı üç-dörd cümlədən ibarət xəbərlər professionallığa xələl gətirir. İlk növbədə peşəkarlıq olmalıdı. İndi xəbər yaza bilməyən adamlar qəzet redaktoru, sayt redaktorudu. Normal inşa cümləsi yaza bilməyən adam roman yazır. Xüsusən, ədəbiyyat saytlarına çox diqqət yetirilməlidi. Əgər bu, ədəbiyyat qəzeti, ədəbiyyat saytıdısa,orda qeyri-ədəbi cümlə getməməlidi.Təbii ki, sənin marağın olmalıdı işləməyə; oxucu da toplamalısan, İP də yığmalısan, ancaq professionallığa xələl gətirməmək şərtilə. Mətbuatımızda qeyri-professionallıq, həvəskarlıq, diletantlıq rüsvayçı həddədi.

 

Bizim söhbətimiz “Media forum”un redaksiyasında baş tutdu.  O gün hava qar, çovğun havasına oxşayırdı. Qar yağmağına yağmadı, amma havanın soyuqluğu Xəzərin sahilinə getməyə həvəs qoymadı bizdə. Beləcə, “İnşaatçılar” metrosunun bizə lazım olan istiqamətindən çıxıb pilləkənlərlə aşağı düşdük Firəngizlə, xeyli gedib sonra sola döndük. Daha sonrası yadımda deyil, neçə dalan döndük, nə qədər düz getdik. Gəlib qarşısındakı yoldan maşınlar şütüyən bir ticarət mərkəzinin qabağında sağa-sola boylandıq. Tərslikdən küçədə bir ins-cins görünmürdü. Bir az aralıda səliqəli geyimli orta yaşlı bir kişinin üzü maşın yoluna dayandığını gördüm. Yaxınlaşıb soruşdum ki, deməzsiz, burda “Media forum”un ofisi harda yerləşir? Hər halda ölkənin ilk elektron qəzetidi, eşidər, bilər. Kişi solunu göstərib, “Oodaa... Ooodaa” deyəndə, başa düşdüm ki, düz ünvana yaxınlaşmamışam. Firəngizlə bir-birimizə baxıb bəxtimizdən gileyləndik ki, bu boyda küçədə qabağımıza bir adam çıxdı, bu da belə. Elə bu vaxt  Fəxri bəyin zəngi gəldi və o bizə dayandığımız yerdən sola gəlmək lazım olduğunu söylədi. İrəli yeridik. Gedə-gedə bir neçə dəfə ticarət mərkəzinin qarşısında dayanan “xəstəyə” tərəf baxdım.

 

– Özü də İP uğrunda mübarizə mənə qəribə gəlir. Elə bir reklam bazarı da yoxdu axı. Bizdə elə bir bazar yoxdu ki, jurnalistlər, qəzetlər onun üstündə mübarizə aparsınlar. Yəni bunlar imitasiyadı. Nə qədər qəzet var ki, tirajının çoxu çap maşınından çıxan kimi birbaşa meyvə bazarına gedir.

 

Liftlə binanın on yeddinci qatına qalxdıq. Ordan Bakı çox gözəl görünürdü. Bir göl də vardı, binaların, küçələrin arasından görünürdü. Adını soruşdum, bilmədi Fəxri bəy. Dedi, eləcə Göl deyirlər. İstədim zarafata salım deyim ki, yəqin Xəzərdi, istəyir sonra düşək onunla şəkil çəkdirək. Demədim, fikirləşdim birdən yersiz çıxar. Sonra ani səssizliklə boylandıq şəhərin əzəmətinə. Burdan necə gözəl görünür həyat. Bu həyat deyir ki, heç bir qayğı yoxdu, hamısını özünüz uydurmusunuz. Öz danışdığınız yalanlardı hamısı.

 

– Bizdə ictimai qınaq, ictimai tənqid potensialı tükənib. Sözünü kimə deyəcəksən, kimi tənqid eləyəcəksən? Söz deyəcəksən, qayıdacaq ki, mən səndən də yaxşı bilirəm, sayt nədi, qəzet nədi, xəbər yazmaq nədi. Baxıram ki, yazılar saytlara bir çox halda oxunmamış qoyulur. Oxunursa da, redaktə bacarığı olmayanlar oxuyur. Milyon manatlarla dövriyyəsi olan nəşriyyatlar var ki, redaktorları yoxdu. Redaktora verilən pulu cərimə bilirlər özlərinə. Kitabları olsa-olsa korrektora verib oxudurlar, nəticədə ortaya biabırçı vəziyyət çıxır. Məsələn, prezident sərəncamı əsasında çıxmış “Don Kixot” romanı bir cilddə çap olunub, halbuki əsər iki cilddən ibarətdi. Bu işlə bir peşəkar redaktor məşğul olsaydı, bunu bilərdi, onda dünya şöhrətli romanın ikinci cildi “Don Kixot” adına çap olunmazdı. Bunları çaşdıran kitabın hər iki cildinin proloqla başlanması olub. Əsərin birinci cildi Pənah Xəlilovun tərcüməsində 1983-cü ildə, ikinci cildi 85-ci ildə çapdan çıxmışdı. Əllərinə düşüb 85-də çap olunan cild, elə biliblər ki, əsər elə bu cilddən ibarətdi. Pənah Xəlilovun son sözünü də ön söz kimi çap eləyiblər, gedib. “Qobsek” əsərini Balzakın həm “Seçilmiş əsərləri”nə salıblar, həm də “Fransız ədəbiyyatı antologiyası”na. Özü də səksən il qabağın tərcüməsini. Balzakın dilimizə tərcümə olunmamış onlarla əsəri var, onun birini də siz çevirib kitaba salsaydınız, nə olardı? Bunlar iş görmək deyil, hamısı imitasiyadı.

 

Amma o gün bir ticarət mərkəzinin qarşısında dayanıb yol axtaranda, sonra dayandığımız yerdən sola sarı gedəndə, küçənin o başında dayanan, əlində qara çantası, əynində dizdən qara plaşı üzü istiqamətsizliyə, səmtsizliyə dayanıb gözləyən, arada anidən küçənin biz gələn istiqamətinə nəzər yetirib yenidən uzun uzadı bayaqdan baxdığı tərəfə baxan adam şəhərin on yeddinci mərtəbədən görünən mənzərəsi ilə həmfikir ola bilmirdi.

 

– Televiziyaların vəziyyəti bundan da betərdi. Sən onların xəbər cümlələrini kağıza köçürsən, görərsən necə dəhşətli mənzərə yaranır. O cümlələri oxuyanmı yoxdu, redaktə edənmi yoxdu, baş açmaq olmur. Yer üzündə təyinatı olmayan, fayda verə bilməyəcək sağlam adam tapılmaz, problem bundadı ki, bizdə əksəriyyət öz işiylə məşğul deyil. Nizaminin “İsgəndərnaməsi”ndə bir məqam var. Bilirsiz ki, Əhəmənilər zamanında İran ən böyük imperiya, dünyanın bir nömrəli gücü idi. Makedoniya hərbi-iqtisadi baxımdan ondan xeyli geri qalırdı. Bəs necə oldu ki, İskəndər az qüvvə ilə İranı işğal elədi? Firdovsi buna belə izah verirdi ki, İsgəndər guya Kəyan taxt-tacının qeyri-qanuni varisiymiş, öz atalarının mirasına yiyə durub. Yəni, şair bir fars təəssübkeşliyi ilə demək istəyir ki, bizi başqası yıxa bilməzdi, elə o da özümüzünkü olub. Amma Nizami deyir: Daranın zamanında elə bir vəziyyət yaranmışdı ki, heç kim öz sənətindən xeyir götürə bilmirdi. Ona görə də heç kim öz sənəti ilə məşğul olmurdu. Nizami İranın məğlubiyyətinin səbəbini belə izah eləyir.

 

Hə, şəhərə on yeddinci qatdan baxandan sonra redaksiyaya girdik. Müsahibim otaqların birinin qapısını açıb içəri daxil oldu. Təbii ki, dəvətdən sonra biz də onun ardınca içəri girdik. Xudmani otaqda ona yaxın adam var idi bəlkə də. Onlar redaksiyanın zəhmətkeş əməkdaşları idi. Otağın bir nəfərlik sükutunu bizim gəlişimiz pozdu. Adamların içində bircə nəfər tanış gəldi, əgər yanılmırdımsa... Bizi tanış etmək məqsədi ilə Fəxri bəyin dilindən adını eşidəndə əmin oldum ki yanılmıram, bu, Azər Qaraçənli idi, “Mediaforum”un baş redaktoru. Onlar müsahibə üçün otağa baxmağa çıxdılar çox güman. Redaksiyanın tanımadığımız əməkdaşları da xeyli mehriban idilər. Yenicə söhbətə başlamışdıq ki, Fəxri bəy bizi çağırdı..

 

– Doxsanıncı illərdə qəzetlər ədəbi yazılar verməyə meyilli deyildi. “525-ci qəzet” verirdi, mən “Rezonans”da işləyirdim, biz verirdik. Ədəbi jurnallar çıxırdı, ancaq onlara yazı aparan az idi. Hamı deyirdi daha roman zamanı getdi. Kimdi bundan sonra oturub roman oxuyan, camaatın vaxtımı var? Əsrin əvvəllərində Orxan Pamukun qalın-qalın romanlarıyla tanış olanda sevindim ki, bu cür ədəbiyyat hələ də Avropada, bütün dünyada oxunur. Onun üslubu, yazı manerası Avropa oxucusuna çoxdan tanış idi. Pamukun ustalığı onda oldu ki, formaca avropalı, məzmunca şərqli roman yaratdı, yəni sufi məzmununu Qərb romanının içinə yerləşdirdi, bu da Avropaya maraqlı gəldi. İndi qalın romanlar bütün dünyada oxunur. Türkiyədə, qismən Rusiyada gedən proseslərin təsiri ilə son illər bizdə də bir ədəbi canlanma, həvəs yarandı. Bunun yaxşı tərəfi odu ki, ədəbiyyata qayıdış başlandı. Pis tərəfi də budu ki, əlinə qələm götürən elə bildi aşağısı Pamuk kimi yazıçı olacaq. Ədəbiyyat çox çətin sənətdi, bəlkə də, ən çətin sənətdi. Çünki bunun bir düsturu, konkret bir formulu, elmi həqiqəti yoxdu ki, biləsən, belə yazanda yaxşı yazmış olursan, elə yazanda pis.

 

Beləcə, gəlib çıxırıq bir otağa. Deyilənə görə, bura rəhbərliyin otağıdı. Zatən bir az Fəxri bəyin zəhmindən söhbətimiz alınacaqmı deyə narahat idim. Otağın görünüşünü, balaca pəncərəsini, otağın darısqallığını, foto üçün namünasibliyini görəndə isə lap sıxıldım. Fəxri bəy bizə ara-sıra rəhbərliyin otağında olduğumuzu xatırlatsa da, kresloları dartışdırmağımıza kömək elədi. Yerimizi rahatlayıb güclü Bakı küləyinin qarışdırdığı saçlarımıza tələsik sığal çəkərək xəfif zarafatla söhbətə başladıq. Heç bilmirəm yazıçının “Leylinin məcnunluğu” hekayəsi hardan yadıma düşür...

 

– Mən həmişə arzulamışam ki, poetik nəsr yaradım. Uşaqlıqdan poetik nəsri çox sevmişəm, nasiranə, quru nəsri o qədər də xoşlamamışam. Hansı nasir, hansı yazıçı poeziyaya yaxındısa, onu bəyənmişəm. Ancaq nəsrin poetikası üzdə olmamalıdı. Düzdü, nəzm bir janr kimi öz dominantlığını itirib. Məsələn, antik dövrdə ən qəliz, ən dərin mətləblər adətən, traktat dilində ifadə olunurdu. Platonun dialoqları, Epikürün, Senekanın məktubları da ədəbiyyatdı. Baxmayaraq ki, o dövrdə poeziya da (həm lirik, həm də epik),   dram da, nəsr də bir janr kimi yüksək səviyyədə formalaşmışdı, ən böyük fəlsəfi mətləblər taraktatlarda, bugünkü dillə desək, esselərdə ifadə olunurdu. Klassik dövrdə dominantlıq keçdi poeziyaya: Şərq-müsəlman təfəkkürünün zirvəsi olan Nizami və ardıcılları, Sənai, Əttar, Mövlana məktəbi, Xəyyam, Xaqani, Sədi, Hafiz... Hətta şairliyə bir o qədər meylli olmayan Şəbüstəri də məşhur “Gülşəni-raz” traktatını nəzmlə yazmışdı. Qərbdə Dantenin “İlahi komediya”sı, Şekspirin tragediyaları, Con Donnun “Dünyanın anatomiyası” əsəri, Miltonun “İtirilmiş cənnət”i, Hötenin “Faust”u,  Bayronun “Don Juan”ı... Bunlar hamısı nəzmlə yazılmışdı. Amma təqribən on doqquzuncu əsrdən üzübəri dominantlığı proza əlinə aldı. Klassik dövrdə poeziya özündə traktat elementlərini, proza elementlərini də birləşdirirdi, yəni öz içində əridirdi. Təxminən iki əsr əvvəl roman janrı başladı hakimiyyəti ələ almağa, həm poeziya, həm də traktat janrının özəlliklərini öz içində əritməyə. Stendaldan, Balzakdan üzü bəri dinamikanı izləsək görərik ki, istər on doqquzuncu əsr, istərsə də iyirminci əsr prozasında həm esse, həm də poeziya elementləri yetərincədi.

 

Saat yarımlıq söhbət zamanı dayanmadan nə qədər foto çəkmək mümkün idisə, fotoqraf qızımız da o qədər və həmin sürətlə bizi çəkirdi. İndi istəyirəm fürsət düşən kimi deyim, ay qız, bəsdi. Bir otur. Bir nəfəsini dər. Həm də fotoaparatın səsi mane olur axı. Müsahibin də sözünü kəsmək istəmirəm. Necəsə eyham vurmaq istəyirəm, alınmır. Heç cür fürsət düşmür ki, düşmür. Qəfil fotoaparat susdu. Elə təzəcə başlamışdım, ürəyimdə deyəm ağıllı qız, əhsən, səndən yoxdu. Birdən bilmirəm yadına nə düşdü, nə düşmədi, başladı yenə bizi çəkməyə. Fotoaparatın bu qəfil şaqqıltısına dözməyib dodağım qaçan kimi Fəxri bəy Firəngizə tərəf döndü ki, sən orda neynirsən? Gülüşdük. Tez gözümü ağartdım ki, bəsdi daha.

 

– Bu bir həqiqətdi ki, janrlar arasındakı sərhədlər xeyli aradan götürülüb. İstəyirsən “Səfillər”dən, “Hərb və sülh”dən nümunə gətirək, istəyirsən Balzakın “Bəşəri komediya”sını, Prustun “İtirilmiş vaxtın sorağında” silsiləsini, Coysun “Uliss”ini, Sartrın, Kamyunun yaradıcılığını misal çəkək, bunların hamısında traktat, poeziya özəllikləri nə qədər desən var. Bu sərhədlərin aradan götürülməsi prozanın xeyrinə işləyir, amma ola bilsin poeziyanın zərərinədi. İndiki dövrdə dərin şeir yazmaq çox çətinləşib.

 

Tolstoy özü təpədən dırnağa fəlsəfədi. Tövrat da, İncil də, Quran da fəlsəfədi. Fəlsəfi olmayan böyük ədəbiyyat var?

 

Sual elə səsləndi ki, elə bildim müsahib mənəm. Mənim bu suala hazır cavabım olsa da, yəqin ki, sual sahibinin öz cavabının yanında çox maraqsız görünərdi. Nə yaxşı ki, öz sualının cavabını elə özü verdi.

 

– Çalışırsan ki, şübhələrin üstündən adlayıb həqiqət yoluna çıxasan. Amma sən daxili müxalifətini, şübhə divarını son dərəcə güclü eləməlisən, gözləməməlisən ki, başqaları gəlib sənə ağır suallar versin. Ən ağır sualları özün özünə verməlisən. Öz gücünü birinci növbədə özünə isbat eləməlisən. İlk növbədə öz müqavimətini qırmalısan. Ondan sonra başqalarının müqavimətini qırmaq asandı. “Faust”da Mefistofel iblis, şübhə, qaranlıq obrazıdı, Allaha, yaradıcı başlanğıca müxalifdi. Faust ondan soruşur ki, sən kimsən? Deyir, mən o qüdrət sahibinin bir parçasıyam ki, həmişə şər istəyir, həmişə də xeyir törədir. Ondan altı yüz il qabaq Mövlanadan soruşurlar ki, Allah şəri niyə yaratdı? Deyir: müəllim istəyər ki, savadsız adam olsun, amma istəməz ki, o, savadsız qalsın, istəyər ona savad versin; həkim istəyər ki, xəstə olsun, amma onun xəstəlikdən ölməsini istəməz, istəyər xəstəni sağaltsın; sərkərdə istəyər ki, düşmən ordusu olsun, amma istəməz düşmənin ordusuna yenilsin; Allah da şərin olmasını istəyib, ancaq bunu da istəyib ki, xeyir şərə qalib gəlsin. Yəni gerçək özünütəsdiq insanın öz şərinə üstün gəlməsindən sonra baş tutur. İnsan yalnız öz şəriylə üz-üzə (qarşı-qarşıya!) duranda özünü doğrudan-doğruya tanıyır. Hətta bir hədisdə Allahın dilindən belə deyilir: mən gizli bir xəzinəydim, özümü tanımaq (yaxud da tanıtmaq) üçün aləmləri yaratdım. Yəni bütün bu materiya dünyası Yaradıcı Ruhun cismi, bədəni, onun aşıb keçməli olduğu şər divarıdı.

 

Təsəvvür edirsinizmi, yer üzündə iş yoxdu, işləmək yoxdu. Pul qazanmaq və onu xərcləmək yoxdu. Amma avara, tüfeyli, ortada yeyib qıraqda gəzən adamlar da yoxdu. Hamı zəhmətkeşdi. Dərzisi də, bənnası da, dülgəri də etməli olduqlarını ona görə edərdi ki, içlərində bir sevgi var, insan sevgisi, həyat sevgisi, bəşər sevgisi. Hamı bəstəkar, rəssam, yazıçı olaydı. Onda... Yenə qarışdırdım hər şeyi.

 

Bu Fəxri Uğurlu bayaqdan bəri problemlərin hövsələdən çıxardığı Fəxri Uğurlu deyildi. Hər şeyin fövqündəydi indi. Hər şeylə münasibətlərini aydınlaşdırıb, köşəsinə çəkilmiş dərviş kimi idi.

 

– Əgər biz həyatımıza, fəaliyyətimizə başqasının işi kimi baxırıqsa, demək, biz alətik. Demək, biz heç nə bilmirik. Demək, bir eksperimentik sadəcə. Yox, əgər biz dünyanın yaranmasından üzübəri hər bir məsələyə öz işimiz kimi, yəni Allahın dünyaya baxdığı kimi – qəlbimizin gözü, bəsirət gözü ilə baxırıqsa, onda bizdə o suallar yaranmayacaq. Yaranmışlara öz övladımız kimi, öz balamız kimi, öz işimiz kimi, öz ruhunuzun ifadəsi kimi baxırıqsa, onda hamı, hər şey bizə doğma, əziz görünəcək. Deyəcəyik ki, bəli, dünya bizə yad deyil, bizim öz ruhumuzdan yaranıb. Biz onu yenidən ruhumuza çevirmək istəyəcəyik. İnsan allahlıq taxtından düşüb, yenidən Allah olmağa can atır. Bütün böyük əsərlər, bütün böyük kəşflər yalnız bundan ötrüdü ki, insan yenidən o ucalığa qalxa bilsin. İnsan oğlu addım-addım da olsa tədricən o məqama yaxınlaşır. Ancaq o günə hələ çox var. Bu gün elm də sübut eləyir ki, materiyanın konkret bir yaşı var – təxminən on üç milyard səkkiz yüz milyon il. Nə vaxtsa yaranıb, nə vaxtsa da puç olub gedəcək. İnsanın Allah olmaq istəyinin bir tərs üzü də var. Bəzən elə bilirlər ki, o da allahdandı, amma əslində o, şeytandandı. İsgəndərin, Çingizin, Napoleonun allahlıq istəyi absurd, bəhrəsiz, fani cəhddi. Bir də var Platon kimi, Nizami kimi, Tolstoy kimi qüdrət sahibi olasan. Onların gördüyü iş Allah işidi. Kimsə gəlib onların qulağına pıçıldamayıb, bu, onların içindən gəlib, ruhunun təbiətindən gəlib. Dağ başına çıxıb qeybdən səs eşitmək alleqoriyadı, simvolikadı. Peyğəmbərlərin hansısa dağda kiminləsə danışmağı əslində özləri ilə elədikləri söhbətdi. Bədənin ruhla söhbəti. Mənim “Peyğəmbər” hekayəm bu haqdadı. Bu, bir bitməmiş dialoqdu – ruhla materiyanın dialoqu, Allahla şeytanın dialoqu. Əvvəli var, amma sonu yoxdu. Əgər bədən deyilən nəsnə ruhun əlində bir vasitə kimi istifadə olunursa, bu, onların ikisinin də xoşbəxtliyi deməkdi. Yox, əgər onlar qarşıdurmadadısa, konfliktdədisə, bu, insanın fəlakətidi.

 

Yazıçıya sevgi haqda sual verməkdən çəkinsəm də, qadınlar haqda yazdığı hekayələrin diqqətimi çəkdiyini söyləmədən keçmirəm. Niyə bu mövzu, qadınlara olan münasibət on illərdi dəyişmir?

 

– Ailələrdə vəziyyət ümumən gərgindi, təkcə qadınlara münasibətdə yox. Sivil cəmiyyətdə insanların ləyaqəti, şərəfi qorunur, kişi özünü kişi kimi hiss eləyir, ona görə də aqressiyası azalır. Əks halda, deyək ki, kişi iş yerində əzilir, ancaq dinə bilmir, sınırsa, gəlib evdə hirsini tökür arvadın, uşağın üstünə. Az qala hər gün dəhşətli hadisələr, qətllər törədilir. Bizdə cəmiyyət çox qapalılaşıb, mənfi enerjinin çıxmağa yeri qalmayıb. Enerji illər uzunu yığılıb, indi də bu şəkildə üzə çıxır. Məncə, kişinin də, cəmiyyətin də əxlaq səviyyəsi ilk növbədə qadına münasibətdə özünü göstərir. Bir nömrəli etalon budu mənim üçün.

 

– Bir yazınızda oxuyanda ki, qadınların gizlində siqaret çəkməsinə, içki içməsinə pis baxırsınız, təəccüblənmişdim doğrusu. Deyim ki, azadlıq və əxlaq kodeksləri haqdakı fərqli bir yazıdan bu cür münasibət gözləmirdim.

 

– Yox, əslində mən bu işlərin gizlin yox, aşkar görülməsinin daha əxlaqlı olduğunu yazmışdım – indi təxminən xatırlayıram, çox cavan idim onda. İkincisi də, bunlar azadlıq deyil. Azadlıq deyəndə mən yalnız yaradıcı azadlığı nəzərdə tuturam. Qalan şeylər azadlığın imitasiyasıdı. İnsan ehtirası ikibaşlıdı – bir ucunda yaşamaq ehtirası, o biri ucunda ölüm ehtirası durur. Bunların ikisini də gücləndirən vasitələr var. Məsələn, içki yaşamaq ehtirasını qızışdırır, siqaret isə ölüm ehtirasını. Deyirlər, guya şairlər içki içirlər ki, yaxşı şeir yazsınlar. Yalan söhbətdi. Bir şair tapa bilməzsən ki, içib yaxşı şeir yazsın. Yesenindən çox içən yox idi, ancaq o da yazandan sonra içirdi. İçib yaxşı yazmaq olmaz.

 

– Meditasiyaya, ruh halına düşməyə yardımçı olur bəlkə.

 

– Meditasiya olan yerdə insanın cismani tələbatı minimuma enir. Yaradıcı hala düşən adamın canı yemək də istəmir, nə yatmaq yadına düşür, nə kef məclisi. Əsl azadlıq yazı prosesində üzə çıxır: sən özünü nə dərəcədə azad ifadə eləyə bilirsən, daxili MƏNinə nə dərəcədə azadlıq verə bilirsən? Beynini ruhunun işinə yarayacaq bir aparat kimi sazlaya bilirsənmi? Mütaliə bir beyin məşqidi. Onun üçün lazımdı ki, beynin sənin ruhundan gələn yükü daşıya bilsin. İntuisiya insanın ruhundan, qəlbindən gələn kodlar, şifrələrdi. Beyin o kodları açan, o şifrələri oxuyan maşındı. Ancaq beyin instinktlərin də əlində alət ola bilər. Bax, bu yerdə insanın seçim azadlığı məsələsi ortaya gəlir...

 

Bilmirəm, sizi yordummu. Amma Fəxri bəy yorulmuşdu, deyəsən. Arada yarızarafat dedi ki, bu yazını necə yığıb-yığışdıracaqsan? Zatən söhbətin sonu idi. Sonda yazıçı yazılarının tərcümələri haqda xeyli maraqlı şeylər danışdı. Təbii ki, istəmədi deyə söhbətin o hissəsini yazıya salmadım.

 

– Bizim başqa dillərə keyfiyyətli bədii tərcümə edən tərcüməçilərimiz yox dərəcəsindədi. Adi Türkiyə türkcəsinə bədii mətni normal tərcümə elətdirmək zülüm işdi. Biz hələ türkcədən türkcəyə çevirməkdən danışırıq. İndi gör o biri dillərə tərcümənin vəziyyəti nə yerdədi! Gərək məktəb yaradasan, kadrları uşaqlıqdan yetişdirəsən. Son iyirmi ildə istər dövlət xətti ilə, istər şəxsi vəsait hesabına olsun, xaricdə təhsil alan nə qədər gənc var. Onlardan hansı biri filoloji təhsil almağa gedib? Bununla bağlı xüsusi dövlət proqramı olmalıdı. Məsələn, o boyda yapon dilini, Çin dilini, ispan dilini bizdə bədii tərcümə eləmək səviyyəsində bilən yoxdu. Müəyyən adamları seçib xaricdə oxutmaq, qayıdandan sonra onları işlə təmin eləmək lazımdı ki, oturub tərcümə sənətiylə məşğul olsunlar. Necə olur ki, balaca gürcü xalqı bu işin öhdəsindən gələ bilir? Keçən əsrin otuzuncu illərindən onlarda bədii tərcümə işinə nəzarət eləyən qurum fəaliyyət göstərir – bu işlə məqsədyönlü məşğul olurlar, kadrlar yetişdirirlər. Biz də o işləri görə bilərik. Ən azından, başqa dillərə yaxşı sətri tərcümə eləyən kadrlarımız olmalıdı. Sonra onlar xarici ölkələrdəki peşəkar tərcüməçilər, redaktorlarla əməkdaşlıq şəraitində işləyə bilərlər. Dünyada dörd-beş əsas ədəbiyyat dili var, o dillərdən birinə tərcümə olunmuş əsər artıq dünya bazarına çıxmış hesab olunur. Əgər sənin rus dilinə mükəmməl çevrilmiş əsərin varsa, tutaq ki, bir yapon onu götürüb öz dilinə tərcümə eləyə bilər. Ancaq hətta rus dilinə bədii tərcümə sahəsində də işimiz yaxşı deyil, peşəkarları saymağa bəlkə bir əlin barmaqları da çoxluq eləyər.

 

525-ci qəzet.- 2015.- 10 yanvar.- S.18-19.