“Mən yenə dönəcəm Azərbaycana!”
XƏLİL RZA ULUTÜRKÜN ƏSƏRLƏRİ “XALQ ƏMANƏTİ” KİMİ TƏQDİM OLUNDU
Dünyanın aparıcı bank və şirkətlərinin sponsorluğu
və dəstəyi ilə genişmiqyaslı mədəni proqramlar çərçivəsində filmlər çəkilir,
konsert və sərgilər təşkil
edilir, kitablar nəşr olunur. Bu baxımdan, Xalq Bank Azərbaycanda uğurlu iqtisadi fəaliyyəti ilə yanaşı, xalqın bankı adını tamamilə doğruldaraq və təsdiqləyərək, həm
də milli mədəniyyətin inkişafını
dəstəkləyən və
beynəlxalq səviyyədə
təqdim edən dəyərli fəaliyyəti
ilə seçilir.
Bu isə azərbaycanlı
şairlərin şeir
toplularının, görkəmli
rəssamların rəsm
albomlarının nəşrini
həyata keçirən,
onların əl işlərindən ibarət
sərgilər təşkil
edən Xalq Bankın “Xalq Əmanəti” adlı unikal xeyriyyə layihəsi sayəsində
baş tutur. “Xalq Əmanəti”
kimi buraxılan gözəl nəşrlər
sənətsevərlərə təmənnasız təqdim
edilir. Nəfis tərtibatı, yüksək
keyfiyyətli poliqrafiyasına
görə fərqlənən
rəsm albomları və poeziya topluları ali
təhsil müəssisələrinə,
uşaq evlərinə
və kitabxanalara bağışlanır, fondlara,
dövlət orqanlarına,
Azərbaycandakı xarici
ölkə nümayəndəliklərinə,
səfirlik və konsulluqlara, ölkəmizin
mədəniyyətini sevənlərə
təqdim olunur.
“Xalq Əmanəti”nin budəfəki – sayca 11-ci nəşri Azərbaycan milli ədəbi-fəlsəfi
fikir tarixinə təkcə şair kimi yox, həm
də alim, tərcüməçi, publisist
və salnaməçi
kimi daxil olmuş, müstəqilliyimizin
odlu-alovlu müjdəçisi
kimi məşhurlaşmış
görkəmli şair
Xəlil Rza Ulutürkə həsr edilib.
2014-cü ilin son günlərindən
birində, şairin həyatının müxtəlif
dövrlərini əks
etdirən möhtəşəm
ekspozisiyanın qurulduğu
Xalq Bankın əsas ofisində Xəlil Rza Ulutürkün “Dünənəm! Bugünəm!
Gələcəyəm mən!” şeirlər
kitabının təqdimat
mərasimi keçirildi.
Azərbaycanın yorulmaz azadlıq mücahidinin xatirəsini yad etmək və onun coşqun
poeziya və mübarizə dünyasına
yenidən qonaq olmaq üçün tədbirə elm və incəsənət xadimləri,
deputatlar və ictimai xadimlər, işgüzar dairələrin
nümayəndələri qatılmışdılar. Qonaqlar böyük
sevinc və həyəcan içində
unudulmaz şair haqqında xatirələrini
bölüşdülər. Cəsur vətəndaş və vətənpərvər şairin
öz uca səsinin müşayiəti
ilə film nümayiş
etdirildi.
Mərasimi Milli Məclisin deputatı, görkəmli
alim Nizami Cəfərov açaraq Xalq Bankın həyata keçirdiyi “Xalq Əmanəti” layihəsinin əhəmiyyətini
vurğuladı. N.Cəfərov Xalq Bankın bu layihəsinin dövlətin mədəniyyət
sahəsində, mənəvi
irsin təbliği yönündəki uğurlu
siyasətinin təzahürü
və davamı olduğunu, “Xalq Əmanəti” sayəsində
milli mədəni dəyərlərin həssaslıqla
qorunduğunu və təbliğ edildiyini bildirdi: “Bütün əvvəlki nəşrlər
kimi indi təqdim olunan şeir toplusu da nəfis tərtibatı
və yüksək keyfiyyəti ilə seçilir, müasir tələblərə cavab
verən, böyük
sevgi və peşəkarlıqla ərsəyə
gətirilən yaradıcılıq
işi kimi diqqəti çəkir. Burada, sözsüz ki, Xalq Bankın milli mənəvi irsə diqqətli və məsuliyyətli yanaşması özünü
göstərir”.
N.Cəfərov qeyd etdi ki, çılğın,
qaynar təbiətli sənətkar olan Xəlil Rza Ulutürk ilk növbədə
Səməd Vurğun
məktəbinin layiqli
davamçısı, öz
dövrünün ədəbi
tendensiyalarının ifadəçisi
idi: “Xəlil Rza vətəndaş mövqeyində güzəştə
getməməyi, prinsipiallığı,
əqidəcə barışmazlığı
ilə bir çox qələm yoldaşlarından fərqlənirdi,
o, mübariz idi, inqilabi ruh onun
canında, qanında idi. Özünüqoruma instinkti elə
bil ona yad
idi, buna görə də onun həbsi gözlənilən olsa da, iradəsi sarsılmadı, mübarizəsi
qaranlıq həbsxana
divarları arasında
da bitmədi. Xəlil Rza təmizliyi uğrunda açıq mübarizə apardığı
Azərbaycan dilinin mühüm hadisəsi idi. O, dünya ədəbiyyatının xeyli
şedevrini Azərbaycan
oxucusuna təqdim edən tərcüməçi
kimi də məşhurdur. Xəlil Rza Ulutürk
yaradıcılığında özündən əvvəlki
milli ədəbiyyatı
uğurla əks və təcəssüm etdirirdi, məhz buna görə o özünü türk dünyasının bir parçası kimi görürdü. Ümummilli liderimiz
Heydər Əliyev Xəlil Rza Ulutürkün yaradıcılığını
yüksək qiymətləndirirdi,
çünki yaxşı
bilirdi ki, o, milli ruhun fəal
daşıyıcısı və ifadəçisidir.
Ulu öndərimiz buna görə də hələ Sovet rejimi dövründə cəsarətini, epik miqyaslı, milli ruhlu siyasi lirikasını
yüksək qiymətləndirdiyi
Xəlil Rzanı himayə altına almış, onu qayğıyla əhatə
etmişdi. Şair özü
etiraf edirdi ki, onun həyatının
ən yaxşı dövrü Sovet ideologiyasına son qoyulanda,
Heydər Əliyev müstəqil Azərbaycanın
prezidenti seçiləndə
başlanıb”.
Akademik N.Cəfərov dedi ki, daha bir
böyük Azərbaycan
şairinin kitabını
nəşr və təqdim edən Xalq Bank bununla həm də öz əzərini yaradıb, bu əsər rəhbərliyin
bir araya topladığı mütəxəssislərdən
ibarət səmimi bir komandanın əməyinin nəticəsidir:
“Xalq Bank özünün
“Xalq Əmanəti” layihəsini reallaşdırmaqla
xalqımızın mənəvi
sərvətinin etibarlı
qoruyucusu kimi çıxış edir.
Bu isə olduqca
şərəfli və
müqəddəs missiyadır”.
Təqdimat mərasimində AMEA-nın M.Füzuli adına Əlyazmalar
İnstitutunun direktoru,
akademik Teymur Kərimli də çıxış etdi:
“Bugünkü tədbir
ədəbiyyatımızın və mənəviyyatımızın
bayramıdır, görkəmli
şair və inqilabi ruhlu sənətkarın anım
günüdür, onun
ölməz əsərlərinin
növbəti təqdimatıdır.
Xəlil Rza öz xalqına sadiq dost, düşmənlərinə
amansız və barışmaz olan mərd şair idi. O, həyatını xalqına həsr etmiş böyük şair olmaqla yanaşı, milləti uğrunda ən qiymətli nemətlər olan azadlığını,
oğlunu və canını qurban vermiş fəal ictimai xadim kimi
çox çətinliklərə
sinə gərdi... Nə yaxşı ki, şəninə nəğmələr oxuduğu
və mübarizə apardığı Vətənin
müstəqilliyini görmək
ona nəsib oldu! Dünyada Azərbaycanın düşmənləri yaşadıqca,
Azərbaycana ikili standartlarla yanaşıldıqca
Xəlil Rza ideyaları və yaradıcılığı müasir
olacaq və aktual olacaq. “Xalq Əmanəti”
kimi nəşr olunan bu nəfis
tərtibatlı şeirlər
kitabında Xəlil Rza gözlərimiz önündə bizim böyük müasirimiz, klassik şairimiz və Azərbaycanın işıqlı gələcəyi
üçün çalışan
mübariz insan kimi canlanır”.
Xalq şairi Zəlimxan Yaqub çıxışında
vurğuladı ki, Xəlil Rzanın adı ədəbiyyat tariximizdə və Azərbaycan xalqının
XX əsrin ikinci yarısındakı milli azadlıq mübarizəsinin
tarixində əbədi
qalacaq: “Onun möhtəşəm şeirləri,
mükəmməl tərcümələri
Azərbaycan ədəbi-bədii
dilinin misilsiz örnəkləri, parlaq sənətkarlıq nümunələridir.
Xəlil Rza haqqında danışanda
ilk növbədə onun
alışıb yanan
gözlərini və
həyəcanlı səsini
xatırlayırıq, ancaq
Ulutürk deyəndə
damarlarımızda qan
qaynayır, biz özümüzü
ulu türklərin, ölümün üzünə
cəsarətlə və
ləyaqətlə baxan
qorxmaz ərlərin davamçısı kimi
hiss edirik”.
Xəlil Rza Ulutürk irsinin fəal araşdırıcısı, yeni
nəşrin rəyçisi
professor Əlizadə Əsgərlinin
fikrincə, Xəlil Rzanın alovlu poeziyası və qüdrətli şəxsiyyəti
təkcə milli deyil, həm də ümumbəşəri
məna və mahiyyət kəsb edir. Tədqiqatçı bildirdi ki, “Xalq Əmanəti” silsiləsindən hazırlanan
bu nəşr Xəlil Rza irsinə, poeziyasevərlərə,
milli ruhlu insanlara və bütövlükdə Azərbaycan
xalqına misilsiz töhfədir.
Nəşrin tərtibçisi və redaktoru, tanınmış
telejurnalist Yusif Günaydın toplunu tərtib edərkən “yaxşıların yaxşısı”
prinsipini əldə rəhbər tutduğunu vurğuladı. O, fikrini Xəlil Rza Ulutürkün son dərəcə
məhsuldar yaradıcı
insan olması, saysız-hesabsız dəyərli
əsərlər yaratması
ilə əsaslandırdı.
Görkəmli bəstəkar Aydın
Əzimov da X.R.Ulutürk haqda fikirlərini bölüşdü:
“Xəlil Rzanın vətənə məhəbbəti
o qədər hərtərəfli
və miqyaslı idi ki, bu
sevgi istənilən söhbətdə özünü
göstərirdi. O, xalqına,
vətəninə münasibətdə
şamın dövrəsindəki
pərvanə ömrü
yaşayırdı, qəlbi
sonsuz məhəbbətlə
döyünürdü”.
Xalq şairinin
fədakar ömür
yoldaşı Firəngiz
xanım Ulutürk ölkə rəhbərliyinə
son 20 ildə Xəlil
Rzanın irsinə göstərilən böyük
diqqət və qayğıya görə minnətdarlığını ifadə etdi. Firəngiz xanım
milli mənəvi irsi qoruyub təbliğ
etdikləri, xüsusən
Xəlil Rza Ulutürk yaradıcılığına
böyük dəyər
verdikləri üçün
Xalq Bankın rəhbərliyinə, “Xalq
Əmanəti” layihəsinin
yaradıcı kollektivinə
də təşəkkürünü
bildirdi.
Afət İSLAM
525-ci qəzet.-
2015.- 10 yanvar.- S.17.