“Mən şou-bizneslə əlaqəsi olmayan adamam”

 

XALQ ARTİSTİ AYGÜN BAYRAMOVA: “HƏR ZAMAN ÇALIŞIRAM Kİ, GETDİYİM ÖLKƏLƏRDƏ ÇIXIŞLARIM YAXŞI QARŞILANSIN”

 

– Aygün xanım, Azərbaycan musiqisinin, səhnəsinin, mədəniyyətinin bugünkü durumu sizi qane edirmi? Xüsusilə də, şou-biznes adı altında neçə illərdir mədəniyyətimizə, milli  musiqimizə sırınanların fonunda, Aygün Bayramova özünü bir sənətçi kimi rahat hiss edirmi?

 

– Mən neçə illərdir bu sənətə – milli muğam, xanəndəlik sənətinə xidmət edirəm. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında solist işləyirəm, Milli Konservatoriyada dərs deyirəm ki, burada da yalnız ciddi sənətdən söhbət gedir. Eyni zamanda, bu günün özündə çox istedadlı gənc ifaçılarımız var, yaxşı tələbələrimiz yetişir. İnanın ki, dünyanın da harasına getmişəmsə, bu günə qədər 25-dən çox ölkədə konsertlərimiz, həmçinin Azərbaycan Mədəniyyət Günləri çərçivəsində tədbirlərimiz olub, hər zaman ancaq bir amalım olub və var ki, Azərbaycan musiqisini ölkəmizdən kənarda yüksək səviyyədə təbliğ edim, yüksək səviyyədə bu sənəti nümayiş etdirim. Bundan başqa heç nə düşünməmişəm və düşünmürəm. Yeri gəlmişkən, bir neçə ay öncə İtaliyaya qastrol səfərimiz oldu. Bu səfərdə də mənimlə birgə gözəl sənətkarımız dirijor Yalçın Adıgözəlov, Xalq artisti, mənim sənət dostum Mənsum İbrahimov, Əməkdaş artistlər –  tarzən Elçin Həşimov, kamançaçı Elnur Əhmədov və gənc vokalçı Azər Rzazadə iştirak edirdi.

 

Elə bu yaxınlarda da, bayram günlərinin birində də çox sağ olsun Mədəniyyət kanalı, Azərbaycan Televiziyası,  həmin konserti yayımladı.  Qeyd edim ki, həmin konsertimiz çox yüksək səviyyədə keçdi, çox yüksək səviyyədə təşkil olunmuşdu.  Bir ifaçı kimi özüm də zövq aldım. Sağ olsun bizim İtaliyadakı səfirimiz Vaqif Sadıqov. O, bu konsertin yüksək səviyyədə baş tutması üçün əlindən gələni əsirgəmədi, bizə hər cür dəstəyini göstərdi. Konsert günü inanırsınız ki, səhər saat 10-dan axşam saat 6-dək məşqimiz oldu. Saçımızı, üstümüzü-başımızı düzəltməyə və  özümüzü səhnəyə hazırlamağa belə çox az vaxtımız oldu.

 

Onu da deyim ki, bizim konsertimiz olan məkan, səhnə açıq zaldır. Burada da yüksək, peşəkar sənət nümayiş etdirmək, konsert vermək həddindən artıq çətindir, ifaçıdan, musiqiçilərdən çox böyük peşəkarlıq tələb olunur. Üstəgəl, 8500-dən yuxarı tamaşaçı... Amma burada hər şey o qədər yüksək səviyyədə təşkil olunmuşdu ki, konsertimiz gözlədiyimizdən də qat-qat uğurlu alındı. Demək istəyirəm ki, istər İtaliyada olanda, istərsə də digər xarici ölkələrə səfərlərdə səhnəyə çıxanda inanın ki, fəxr edirəm. Fəxr edirəm ona görə ki, mən bir azərbaycanlıyam, bizim belə musiqimiz var, belə muğamlarımız var.

 

Mən bunlardan yalnız qürur və fəxr hissi duyuram. Yenə deyirəm, mənim hər zaman amalım odur ki, getdiyim ölkədə birinci növbədə çıxışlarım gözəl olsun, çıxışlarım yaxşı qarşılansın, yaxşı alqışlansın və qeyd edim ki, bu, həmişə də belə olub.

 

Yerli və dünya şou-biznesinə gəlincə isəizə deyim ki, bunlar çox fərqlidir. Yəni, o şou-bizneslə bizim şou-biznes dediyimiz arasında yerlə-göy qədər fərq var. Vallah, sözün açığını deyim, hətta, şounun içərisində olanlar da deyirlər ki, bu aləmdə olmağımıza baxmayaraq, amma şou yoxdur.  Elə bil ki, toy bazarı var. Hər kəs çalışır ki, efirdə çox görsənsin, verilişlərdə çox iştirak etsin, hansı verilişdi, necə verilişdi, sanki fərqi yoxdur, eyni zamanda, kimin o verilişi aparmağından asılı olmayaraq, sadəcə, gündəmdə qalsın və toylara getsin. Amma sizə onu da bildirim ki, şəxsən mən elə bir dövrdə bu sənətə gəlmişəm ki, o vaxtı nə şou var idi, nə biznes. Bununla belə, yenə deyirəm ki, dünyadakı o şou-biznes bizdə yoxdur. Şou-biznesin içində sən gərək tamaşaçıya o şounu göstərəsən. Amma bizdə hansı bir ifaçı hansı bir konsert verib pul qazanır? Var belə ifaçı? Bəlkə də var, o da bir nəfər, iki nəfər ola bilər... Yəni, deməkdə məqsədim odur ki, bizdəki şou-biznesdə şou-biznesdən əsər-əlamət yoxdur. Bizdəki tamam başqa bir şeydir (gülür).

 

Bir az əvvəldə də qeyd etdiyim kimi, çox ciddi sənətlə məşğul olduğuma görə, şou-biznesdir, filandır, onunla heç zaman heç bir əlaqəm yoxdur. Mən şou-bizneslə əlaqəsi olmayan adamam. Buna heç vaxtım da yoxdur. Mənim amalım, fikrim-zikrim ancaq və ancaq bu sənətə xidmət etməkdir, həm də ki, sənətimiz bizə yox, xalqa məxsusdur. Ona görə də imkanım, gücüm yetdiyi qədər çalışıram ki, həm muğamlarımızı, həm təsniflərimizi, həm xalq mahnılarımızı, həm bəstəkar mahnılarımızı yüksək və peşəkar səviyyədə tamaşaçıya çatdırım.  

 

Bəstəkarlarımız var ki, onların mahnılarını illərdir sənətkarlar ifa ediblər, amma onlara təzədən bir yeni nəfəs vermək, onlara yenidən bir rəng qatmaq və yüksək səviyyədə ifa etmək bizim borcumuzdur. Çünki tamaşaçı çox tələbkardır, tamaşaçı həmişə gözləyir ki, məsələn, görüm, Aygün Bayramovanın budəfəki çıxışı necə olacaq, hansı mahnılar olacaq, hansı təsniflər olacaq, hansı bir muğam parçası olacaq, seçdiyi qəzəllər necə olacaq və sair. Qəzəlləri də seçəndə çox diqqətli olmaq gərəkdir. Şəxsən mən qəzəlləri seçəndə bəzən ən azı 10 qəzəli seçirəm, sonra onun içərisindən ikisini  və ya üçünü götürürəm, əzbərləyirəm, ifa edirəm.  Qəzəlləri də oxuya-oxuya əzbərləyirəm. Çünki belə daha asan olur. Qəzəlləri əzbərləsən belə, o yadda qalmaz və ya beyində çox gec qalır. Amma onu nəsə bir iş görə-görə, məsələn,  yol gedərkən və ya marşrutda olarkən ürəyində oxuyanda daha çox tez yadda qalır, yəni, haradasa, 3-4 günə o qəzəl, yaxud qəzəllər əzbərlənir...

 

– Bəzən görürsən ki, bəzi xanəndələr, muğam ifaçıları qəzəl yerinə adi şeir parçası oxuyur, ifa edirlər. Bu, nə dərəcədə düzgündür?

 

– Əlbəttə ki, muğamlar əsasən qəzəllə ifa olunmalıdır. Şeirə gəlincə, o, sadəcə, bəzən mahnının, təsnifin, muğamın hər hansı bir hissəsində istifadə olunur. Amma sizə deyim ki, xanəndələrin ifasında qəzəllər kifayət qədər ifa olunur. Yəni, istər xalq mahnısında, istər təsnifdə, əgər yeri varsa, əlbəttə ki, orada bir qəzəl ifa olunur. O qəzəl də çox böyük olmamaq şərti ilə. Çünki qəzəllər çox geniş, çox böyük olur. Onun hər hansı bir beytini götürürsən, muğam hissəsində onu ifa edirsən.

 

– Siz özünüz tanınmış bir muğam ifaçısı, xanəndə kimi daha çox hansı şairlərin, qəzəlxanların  qəzəllərinə müraciət edirsiniz?

 

– Mən Əliağa Vahidə çox müraciət edirəm. Çünki sadədir, başa düşülür. Məhəmməd Füzulidən də istifadə edirəm. Amma açığı deyim ki, Füzulinin qəzəlləri, onların mənaları çox çətindir, gərək füzulişünas olasan ki, onları olduğu kimi dəqiq anlayasan. Eyni zamanda Seyid Əzimdən, Mirzə Ələkbər Sabirdən, Mirmehdi Seyidzadədən istifadə edirəm. Yəni, hansı qəzəl mənim ürəyimcədir, rahatdır, onu oxuyuram, görürəm ki, filan qəzəl filan muğama daha uyğundur, daha yatımlıdır, onu  əzbərləyirəm və ifa edirəm.

 

– Aygün xanım, ötən əsrin 50-80-ci illəri arasında Azərbaycanda böyük bir xanəndə ordusu yarandı ki, bu gün də onların ifaları hamını valeh etməkdədir, onlara qulaq asdıqca, asmağın gəlir. Bəs 80-ci illərdən sonra gələnlər arasında onlar kimi qulaq asılacaq, dinləniləcək, qəbul ediləcək xanəndələr varmı? Ən azı 20-30 ildən sonra onlar da əvvəlkilər kimi qəbul ediləcək və xatırlanacaqlarmı?

 

- Əlbəttə ki, bizim özümüz də bu sənətə o gözəl, o nəhəng sənətkarlara qulaq asıb, onlardan öyrənib, əxz edib gəlmişik. Şövkət Ələkbərovaya, Sara Qədimovaya, Tükəzban İsmayılovaya, Zeynəb Xanlarovaya, Arif Babayevə, İslam Rzayevə, Yaqub Məmmədova və digər korifeylərimizə qulaq asa-asa bu sənətə yiyələnmişik.   Bilirsiniz, bu, çox çətin bir sənətdir. Bu sənətə yiyələnmək, bu sənətin arxasınca getmək, bu sənəti axıra qədər davam etdirmək, bu, çox çətindir. Bu sənət elədir ki, necə gəldi, necə oxudu, bunlar olmaz və mümkün də deyil, həmçinin, burada  fonoqramdan çox az istifadə edilir və edilməlidir. Biz fonoqramdan yalnız  o zaman istifadə edirik ki, görürük, orada artıq o şərait yoxdur. Misal üçün bir bayram konserti çəkilir, ancaq o zaman fonoqramdan istifadə olunmalıdır və ya istifadə oluna bilər. Amma çox az olur ki, xanəndələr fonoqramdan istifadə edirlər. Əksərən canlı ifa edirlər. Çünki canlı ifa başqa bir şeydir, başqa bir aləmdir, ola bilər ki, canlı ifada səsində hər hansı bir xırıltı olsun, amma tamaşaçılar onu da gözəl qəbul edir. Ancaq təbii ki, bu, az hallarda baş verir. Yəni, demək istəyirəm ki, biz o sənətkarları gördük, seçdik bu sənətə gəldik, bugünkü nəsil də təvazökarlıqdan kənar olmasın, bizi, bizim dövrün nəslini görüb bu sənətə  gəliblər.

 

Mən heç də demirəm ki, onlar təkcə bizə qulaq asırlar və ya asıblar, onlar əlbəttə, korifeylərimizə də, gözəl sənətkarlarımıza da qulaq asıblar və asırlar. Başqa cür də ola bilməz.  Amma bir dəfə böyük sənətkarımız  Əlibaba müəllim  çox gözəl bir fikir söylədi. Səhv etmirəmsə, 2007-ci ildə  Dövlət Filarmoniyasında ilk muğam müsabiqəsinin yekun konserti idi, Əlibaba müəllim dedi ki, qızım bu gənclər, bu qızlar  sizə, digərlərinə baxıb, öyrənib bu səhnəyə çıxıblar, əvvəllər bu qədər qız muğam ifaçısı yoxuydu, onlar sizə qulaq asıb gəliblər. Dedim ki, Əlibaba müəllim, biz çox xoşbəxt olarıq ki, onlar bizə qulaq asıb gəliblər, dedi ki, qızım, mən dünyagörmüş adamam, mənim az yaşım yoxdur, bunu həqiqətən deyirəm və əminəm ki, belədir.  Bunun özü bizə, şəxsən mənə verilən ən böyük qiymətdir. Ona görə arzu edirəm ki, yetişməkdə, səhnə arzusunda olan gənclər də hər zaman özlərindən öncəki sənətkarları, muğam ustadlarını dinləsinlər, onlardan öyrənsinlər, onların repertuarından istifadə edərkən adlarını çəksinlər. Hətta, hansısa mahnını, təsnifi ifa edərkən onun müəllifinin, onu yazan şairin, onu bəstələyən bəstəkarın, onu ondan öncə ifa edən ifaçının, sənətkarın adını söyləsinlər. Çünki bəziləri qulaq asırlar, dinləyirlər, ifa edirlər, ancaq ad çəkmək istəmirlər. Ad çəkmək onları alçaltmaz, əksinə ucaldar.

 

Məsələn, bu yaxınlarda bir mahnı yazdırmışam, düzdür, illər öncə onu ifa etmişdim, lentə yazdırmışdım, ancaq həmin lent yazısı keyfiyyətsiz olduğu üçün, onu təzədən yazdırdım. Çox gözəl mahnıdır.  Onu bir neçə il öncə ifa edərkən bir gün mərhum sənətkarımız Novruz Feyzullayev zəng edərək mənə minnətdarlığını bildirdi və dedi ki, qızım həmin mahnının sözünü də, musiqisini də mən yazmışam, bundan sonra onu oxuyarkən müəllif kimi adımı çəkərsən. Dedim ki, Novruz müəllim, bağışlayın, çox üzrlü sayın, elə bilirdim ki, bu, təsnifdir. Həmin mahnını təzədən yazdırandan sonra isə Almaniyada yaşayan bir qohumum internet vasitəsi ilə onu Şövkət xanımın ifasında mənə göndərdi. Həmin qohumum Şövkət xanımın fanatıdır, onda Şövkət xanımın bütün mahnıları, səs yazıları, diskləri, valları var. Ancaq etiraf edim ki, indiyədək həmin mahnını Şövkət xanımın ifa etdiyini bilmirdim və mən buna görə həmin qohumuma böyük təşəkkürümü bildirdim. İfa da çox yüksək səviyyədə bir ifa idi. Yəni, demək istəyirəm ki, səndən öncə sənin oxuduğun mahnının ifaçısının, müəllifinin adını çəkmək lazımdır.  Bunu deyəndə xoş olur, burada heç bir əskiklik olmur. Bunları mütləq demək lazımdır.

 

Çünki zaman gələcək ki, onlara da qulaq asıb bu sənətə gələcəklər. Heç kim bu sənəti, bu səhnəni tutub qalmır ki? Ona görə hər kəsin əməyi, zəhməti qiymətləndirilməli, deyilməlidir.

 

Kamil Həmzəoğlu

525-ci qəzet.- 2015.- 10 yanvar.- S.15.