Düşüncələrdən yoğrulan və düşündürən poeziya

 

 

Həqiqi şair orijinal görünməyə yox, orijinal olmağa can atır. Orijinallıq şairin öz içinə, duyğularına sədaqətli qalması, dünyanı necə görürsə, o cür ifadə etmək bacarığıdır. Həqiqi ədəbi mübarizə şairin duyduğu naqisliklərlə mübarizədir. Fikir və düşüncələrini kənar bərbəzəkdən, yalançı epitetlərdən qorumaq və həqiqəti ifadə etmək keyfiyyətidir. Belə söz sərraflarından biri də şair Firuzə Məmmədlidir.

 

Firuzəni tanıyanlar, onun əsərlərini mütaliə edənlər poeziyası ilə şəxsi taleyi arasında sıx əlaqə olduğunu dərhal hiss edirlər. Lirik qəhrəmanın duyğularının, həyatı qiymətləndirmə meyarlarının şairin şəxsi xarakterinə yaxın olması təbii bir hadisədir. Lakin Firuzənin bir insan kimi şəxsi xarakteri, insanlara sədaqəti, məhəbbəti, qadın ləyaqətinin təmiz qalması üçün həyatın digər şan-şöhrətindən imtina etməsi - adi bir mehdən soluxan çiçək kimi - yerinə düşməyən sözdən sınması, uğursuz, bəzi hallarda kədərli günlərini də ərizləyib şeirlərinin mövzusuna çevirməsi kimi keyfiyyətlər onun yaradıcılığı üçün səciyyəvidir. Firuzənin şəxsi keyfiyyətləri poeziyasının xarakteristikasını müəyyənləşdirir. O, xəlqi və yaxud intellekt şairi olmağa can atmır. Sadəcə həyat hadisələrini doğru əks etdirməyə çalışması əsərlərinin xəlqiliyi, deyim tərzinin yeniliyini, orijinallığını təmin edir.

 

Bu orijinallığı dərk etmək üçün Firuzənin şəxsi xarakterini öyrənmək mühüm şərtdir: O, təbiətən sakitdir. Dedi-qodu ilə arası yoxdur. Kimsənin toyuğuna "kiş" deməz. Amma şeirlərini oxuyanda başqa mənzərə ilə rastlaşırsan. Onun bizə görünən təbii sakitliyi ilə şeirlərinin qeyri-adi coşqunluğu, ehtirası, nifrəti və məhəbbəti təzad kimi görünür.

 

Soyuqluq dünyanın özü boydadır, -

İçindən-çölünə isitmək olmur.

Hər kəs böyüklükdə sözü boydadır,

Odur ki, hamını eşitmək olmur.

 

Yoxa çıxanları ara sözündə,

Sözünün içində gizlənir hamı.

Söz de, gizlənsən elə özün də,

Zamandan zamana, damsa, söz damır.

 

"Hər kəs böyüklükdə sözü boydadır" deyimi Firuzənindir, tam təzədir, orijinaldır. Bu gün deyilən sözün gələcək zamanlara damması (qalması klassik ədəbiyyatımızdan bizə tanış deyimdir, amma təzə şəkildədir). Firuzə

 

Ver sözə ehya ki, tutduqca səni xabi -əcəl

Edə hər saət səni, ol uyğudan bidar söz.

 

- deyən Füzuli babasının misralarına təzə libas geyindirir, yeni tərzdə müasir şeirin verdiyi poetik imkanlardan istifadə yolu ilə yeni obraz yaradır. Həm də bu misra göstərir ki, bir sənətkar kimi Füzulinin içində  yanan yanğının müəyyən hissəsi Firuzənin şeirlərinə hopub. Şairi içi yanan ocağa bənzəyir. Bu ocaqdan  ətrafa qığılcımlar səpələnir və həmin qığılcımlar cəmiyyətə demək istədiyi sözə çevrilir.

 

Firuzə Məmmədli insanı daha dərindən hiss etmək qabiliyyətinə, ən mücərrəd görünən anlayışları poeziyanın dilinə çevirmək bacarığına malikdir. 70-ci illərdə ədəbiyyata gələn və özləri ilə saysız-hesabsız yeni deyim və ifadə tərzi gətirən şairlərimizin içərisində öz dəsti-xətti ilə seçilənlərdən biridir. Şairin incə deyimlərlə yaratdığı obrazlar sözlə çəkilən rəsmlərə bənzəyir.

 

Kimdi o, qaçıb gizlənir?

Birçəyi, saçı gizlənir.

Qapını açıb gizlənir,

Kimsəsi yox, "salam" deyə?!

 

Həyati məzmuna malik olan poeziya, sözlə ifadə olunan rənglər o qədər parlaq və görüntülüdür ki, adi kasıblıq haqqında yazılan şeirdə ehtiyacın xislətindəki iliyə-qana işləyən, insan bədənində ən zəruri yerlərinə yeriyib onun sağlamlığına zərbə vuran qurdla müqayisə edilir.

 

Hər tərəf qaraqabaqdır,

Qaranlıq cana yeriyir.

Ehtiyacın qurd xisləti

İliyə-qana yeriyir.

 

Söz insanın içində gizlənən duyğuların bədii ifadəsidir. Lirik qəhrəmanın xarakteri onun düşüncəsində, sözündə əks olunur.

                          

Həya - atam, qardaşım,

Abır - anam, bacımdır.

Durub başımın üstdə,

Məni gözdən qaçırtmır.

 

Bu qanunauyğunluq Firuzə yaradıcılığı üçün xarakterikdir.

 

Tükəz xala qalxa bilmir yerindən,

Barmaqları - deyərsən bir ilmədir.

Elə dünən incimişdi şeirimdən,

Bu gün məni xatırlaya bilmədi.

 

Nə düşmüşdü, niyə saldım şeirimə,

Niyə açdım bu qadının dərdini?

Bir misrada həqiqətin yerinə

Yalan deyib, sındırmışdım qəlbini.

 

Küncdə qalıb təknə-tabaq kiflənib,

Sac qırılıb, təndir aşıb şəhərə.

Kənd yoluna mağazalar yüklənib,

Pendir üçün kənd əl açıb şəhərə.

 

Həyat həqiqətlərindən kənarda güclü bədii əsər təsəvvür etmək çətindir. Firuzəni müasir cəmiyyətin problemləri düşündürür. Bugünkü kənd pendirə həsrətdisə, özünün hazırlamalı olduğu məhsulları "kənd yoluna yüklənən" mağazalardan alırsa, bu paradoks şairi narahat etməyə bilməz. Poeziya həmişə cəmiyyətin inkişaf qanunları ilə nəfəs alır.

 

Firuzə Məmmədlinin yaradıcılığında 60-cı illərdən başlayaraq geniş vüsətlə cərəyan edən intellekt poeziyası ilə yaşı yüz illərlə ölçülən ənənəvi poeziyanın hər iki qolu birləşir. Bir tərəfdən o,

 

Bəlkə qismətinə ev-eşik düşür,

Qızları qoymayın bara getməyə.

Görürsüz nə qədər dəyişik düşür

Gəlin otaqları, bar otaqları.

Gəlin, razılaşın gora getməyə,

Qızları qoymayın bara getməyə.

 

- kimi ənənəvi, daha çox nəsihət xarakterli deyim tərzindən istifadə edirsə, digər tərəfdən

 

Yaddaşım

Qara gecədir;

Künc bucağı -

Əl havası.

Axtardığını

Tapmazsan.

Tapdığın gün

Sevincindən

İşıqlanar

Künc bucağı.

 

- kimi mənasının tapılması üçün oxucu intellektinin fəaliyyətə başlamasını tələb edən misralar yaradır.

Firuzənin şeirlərində poetik düşüncənin təsiri uzun zaman oxucunu tərk etmir. Bu cəhət onun şeirlərinin poetik bir xassəsi kimi görünür. Şeirdə verilən duyğunun təsiri elə olur ki, oxucu onu uzun müddət yaşayır, lirik qəhrəmanın keçirdiyi hissləri təkrar yaşamalı olur. Bu duyğular dərin quyudan çıxarılan su kimi həm şəffaf, həm də təmizdir. Bu əsərlərdəki parıltı sözün zahiri təmtərağında deyil, daxili mənasındadır. Bu mənalarda həyatın dadı var. Onun pislikləri və yaxşılıqları var. Hər iki halda o həyatdır və Firuzə  şeirinin təsiri də elə bu həyati gücündədir.

 

Poeziya o zaman ürəyə yol tapır ki, onda həyatın nəbzi döyünsün. İncə duyğular mücərrəd ideyalara tab gətirə bilmir. Firuzənin poeziyasında bu fikir poeziyanın dili ilə belə ifadə olunur.

 

Cırdım sonuncu şeirimi, -

Ümidimin sonucu şeirini.

Daha yaza bilmiəm.

Bütün bildiklərimi

Bilə-bilə yazmışam.

Ürəyimin yağını əridib

Gilə-gilə, yazmışam.

 

Firuzə təbiəti etibarilə az danışmağı sevən, özünü gözə soxmağa çalışmayan, lakin şeirləri ilə insanları daha çox ünsiyyətə çəkməyi bacaran bir söz adamıdır. Onun poeziyasında çoxdan ötüb keçmiş, lakin yaddaşında silinməz izlər qoyan hadisələr süjetə çevrilir, düşüncələrinə rövnəq verir, yaşanmış bir hadisə uzun illərdən sonra yeni şeirin yaranmasına səbəb olur. Yaşanan real hadisələr bu şeirlərin həyati gücünü artırır. Sən demə, ötən günün əhvalatları hələ xatirəyə çevrilməyib, kül altında köz kimi qalıb, uzun zamandan sonra şairin qəlbində poeziya alovuna çevrilib.

 

Çətinə düşəndə

Yaddaşıma üz tuturam.

Qazıntı işləri

Yaman çox vaxt aparır.

 

"Yaddaşın qazıntı işləri" şairin lirik qəhrəmanının xarakterini, düşüncəsini göstərməyə xidmət edir. Ötən günlərin hadisələrini yaşayan lirik qəhrəman o günlərin havası ilə tənəffüs edir, onu xəyalında canlandırır, dramatik bir hadisənin qəhrəmanı kimi özünə, hərəkətinə haqq qazandırır.

 

Firuzənin poeziyası üçün xarakterik olan cəhətlərdən biri lirik qəhrəmanın ayrılıq məqamında sızlamaması və mənəvi böyüklüyüdür.

 

Keçə bilmədiyim, a yaz sevdası,

Ömrümün, günümün bəyaz sevdası,

Dərin duyğuların dayaz sevdası,

Əlvida!

Sənə qovuşmağa əlim çatmadı,

Ucaltdım səsimi, naləm çatmadı.

Dərdini yazmağa qələm çatmadı,

Əlvida!

 

Ürəyim içində - yerin boş daha,

Durmuşam, qamətim qəmə tuş daha.

Sənə ad da tapdım "qara daş" daha.

Əlvida!

 

Lirik qəhrəman onunla "vaxt öldürmək istəyən"i "qara daş" adlandırır. Çünki belə qaradaşlar üçün vaxt öldürmək adi həyati hadisədir. Belələri üçün öz həyatları da itirdikləri vaxt qədər əhəmiyyətsizdir. Nəticədə bu xarakter onları "qara daş"a çevirir. Bu qəzəbin, bu nifrətin qoynunda çapalayan lirik qəhrəman ah-nalə etmir. "Qara daş"dan yenə yüksəkdə dayanır.

 

Firuzənin şeirlərində bəzən pərişanlıq, ümidsizlik kimi cəhətlərin verilməsi də diqqəti cəlb edir.

 

Gözümüzün qarşısında - tor daha,

Görəmmirik, hardan desən vur daha.

Arıdammır işıq daha, nur daha

Hiyləsini, tələsini dünyanın.

 

Deyən bitib, nağılların yox ardı.

Yıxıldınsa, balta çalan çoxaldı.

Dəli başa ağıl qoyan yox artıq.

Kim incitdi laləsini dünyanın?!

 

İndi hər kəs - doğmasının qənimi,

Tikəsinin, loxmasının qənimi.

Özü - özcə hoqqasının qənimi,

Görməmişdik beləsini dünyanın.

 

Firuzə Məmmədli poeziyası zərif duyğuları tərənnüm edən maraqlı, poetik nümunələrdir. Bu üç kitabın yaratdığı təəssürat yəqin ki, uzun müddət oxucuları tərk etməyəcək.

 

 

Zahid XƏLİL

Filologiya elmləri doktoru, professor

 

525-ci qəzet.- 2015.- 13 yanvar.- S.7.