Gənc yazarölüm

 

 

Azər Aida yetim qaldı. İki gəncin yarım qalan eşqi ölüm... Yazar, bəlkə erkən öləcəyini hiss edərək romanındakı qəhrəmanların eşqlərini da yarımçıq qoymuşdu. Belə gənc ölümlər üçün Yunus Emre gözəl bayatı söyləmiş:

 

“Bu dünyada bir nəsnəyə

Yanar içim, göynür özüm.

Yigit ikən ölənlərə

Göy əkini biçmiş kimi".

 

Göy əkin kimi biçilən yazıçı Gülşən Lətifxanın Hollandiyada da vəfatını eşidəndə onun gözəl romanı Azər Aida ilə onu ilk dəfə gördüyüm 2009-cu ildəki Yazarlar Birliyi toplantısı yadıma düşdü.

 

Romanı çıxar-çıxmaz mənə göndərmiş iki gün sonra da fikrimi sormuşdu. "Daha oxuya bilmədim" deyincə üzülmüşdü. O gecə romanı oxuyub bitirdim. romanla birlikdə xəyalımda Bakı küçələrini, Abşerondaki bağları gəzə-gəzə Aidanın Azərə olan eşqinin izlərini axtardım. Təmiz, axıcı bir dillə yazılmış roman insanın zaman-zaman unutduğu ən dərin humanist duyğuları üfürə-üfürə gün üzünə çıxarır insanlar arasındakı fərqlilikləri, ağrıları eşqlə müalicə edirdi. Hətta atalarımızdan gələn ənənələrimizin oxucunu yormadan gələcək nəsillərə köçürürdü:

 

"İbrahim babam deyərdi: kim ki, sağlığında ev tikməyib, ağac əkməyib, yaxşı oğul böyütməyib, demək o, boş-boşuna yaşayıb".

 

Bir xalqın yer üzündə xalq olaraq yaşaya bilməsi üçün gözəl bir miras vəsiyyət bu!

 

Gülşən Lətifxan daha nələr yazdı, bilmirəm. Amma bu romanıyla belə Azərbaycan ədəbiyyatında yerini mütləq alacaq.

 

zaman Hollandiyada Azərbaycanla əlaqədar bir toplantı olsa, Gülşən xanım orda mütləq olardı. Xocalı mitinqlərində həmişə baş sırada yürürdü. 2010-cu ildə Amsterdam Universitetindəki Xocalı konfransını təşkil edənlərdən biri o idi. Dəyərli şairimiz Yavuz Bülənt Bakilərlə birlikdə qatılmış konfransdan sonra da Gülşən xanımla bir xeyli söhbət etmişdik.

 

2009-cu ildə Azərbaycan Yazıçılar Birliyi məni və Gülşən xanımı Avropadan dəvət etmişti. O dəvət üçün bizim ikimizə də bilet pulu verilmişdi. Bilet pulları verildikdən sonra Çingiz Abdullayev gülərək yanıma gəlmiş və Gülşən xanım pulun bir hissəsini geri vermək istəyir, demişdi. Nədənini soruşduqda da belə demişdi: "Gülşən xanım deyib ki, mən burda uzun müddət qalmaq üçün gəldim, buna görə bilet pulu baha oldu. Yarısını geri vermək istəyirəm".

 

Dedim ki, haqlıdır. Çingiz bəy də bu dürüst davranışı tərifləmişdi. Sonra o toplantının son günündə yeməkdə eyni masada oturmuşduq. Bizim masamızda Xalq şairi Sabir Rüstəmxanlı, GürcüstanRusiya Yazarlar Birliyinin başçıları da vardı. Mənimlə onlar arasındakı söhbəti Gülşən xanım rus dilindən tərcümə etmişdi.

Gülərüzlü, məmləkəti və millətinə könüldən bağlı, Avropa dilini, mədəniyyətini dərindən öyrənmiş, hər yerdə xalqını layiqincə təmsil edən çox yaxşı bir yazar və ürəyi çox təmiz bir xanım idi.

 

Onun haqqında, təbii ki, daha çox şeylər yazıla bilər. Amma vəfatı xəbərini alar-almaz, bu sətirləri qələmə almaq mənim üçün heçasan olmadı. Bildiyimə görə, cənazəsini Hollandiyadan Azərbaycana göndərəcəklər. Sevdiyi torpağın onu şəfqətlə qucaqlayacağından əminəm. Ruhu şad olsun!

 

Orxan ARAS

525-ci qəzet.- 2015.- 13 yanvar.- S.7.