Avropada yeni bir kabus...

 

 

Hələ təxminən 10 il öncə Fransaya səfərlərimdən birində axşama yaxınYelisey çöllərində gəzişərkən ərəbmənşəli fransızların yaratdıqları iğtişaşların şahidi olmuşdum. Səbəb çox bayağı idi. Həmin anda adlarını indi xatırlaya bilməyəcəyim iki ərəb ölkəsinin futbol klubları arasında yoldaşlıq görüşü keçirilirdi. Şəhərin mərkəzi prospekti sayılan Yelisey çölləri ilə aşağı-yuxarı şütüyən bahalı avtomobillərin pəncərə və lyuklarından boylanan fransız gəncləri əllərində həmin ölkələrin bayraqlarını tutmuşdular. Matçın  gedişini avtomobillərdəki radioyayım vasitəsilə izləyən fanatlar  üzlərini  trotuarla hərəkət edən piyadalara tutaraq azarkeşlik etdikləri futbol klublarına pərəstiş  ifadə edən şüarlar səsləndirirdilər. Get-gedə avtomobillərin sayı artır, "avtoxuliqanların" hərəkətləri isə seyr edənləri həyəcanlandırmağa başlayırdı. Matçın sonuna yaxın Yelisey çöllərinin hər iki tərəfi ilə polis nəfərləri sıra ilə düzülsələr də gənclərin hərəkətlərinə  müdaxilə etmirdilər. Matç başa çatan kimi "şou" iştirakçılarının yarısı  sevinc eyforiyasında  daha bərkdən qışqırmağa və əllərində oyuncaq kimi hərəkət etdirdikləri Ferrari, Bentley, Mersedes idman avtomobillərini daha kəskin manevrlərlə hərəkətləndirməyə başladılar. Şou iştirakçılarının digər yarısının sifətlərində isə aqressiv bir məyusluq hiss olunurdu. Qalib klubun fanatlarının "yekəxanalığına" dözməyən məyuslar tezliklə ərazini tərk edib bütün turistlərin də maraqla izlədikləri şou səhnəsini öz rəqiblərinə buraxdılar. Onların sevinci isə bitmək bilmirdi. Və nəhayət, hay-küy və qışqırıqların fonunda küçə boyunca bir neçə yerdə qalanan tonqalların tüstüsü Yelisey çöllərini bürüdü. Təxminən yarım saat ərzində adı dillər əzbəri olan, yüzlərlə filmlərdə, romanlarda, mahnılarda vəsf olunan gözəl Şanz-Elize sanki xarabalığa çevrildi.

 

Bütün bu ərköyünlüyü  laqeydliklə izləyən polis nəfərləri bu qalmaqalın iştirakçılarına güldən ağır söz demədən, sadəcə kuryoztamaşaçıları kənara çəkilməyə və sanki ətrafdakı hər şeyididib-dağıtmağa hazır olan gənclərə müdaxilə etməməyə çağırırdı. Bu qəribə "şou" başa çatdıqdan və ərköyün ərəb-fransızlar ərazini tərk etdikdən sonra küçəyə tökülüşən kommunal işçilər fanatların yandırdıqları və qoyub getdikləri zibil təpələrini təmizləməyə başladılar. Tamaşaçıların üzlərindəki ifadələr isə müxtəlif idi. Bu səhnədən sevinənlər də, təəccüb hissi keçirənlər də, hətta həyəcan və qorxu hissləri yaşayanlar da var idi.  Yanımdakı fransız dostumdan polisin niyə müdaxilə etmədiyini soruşduqda o da soyuqqanlılıqla "...gənclər heç kimə ziyanlıq gətirmədən bayram edirlər, polisin bu anda qarışmağa haqqı yoxdur", deyə buna ehtiyac olmadığını bildirdi. Belə cavabdan sonra sualı verdiyimə utansam da sanki yanaşmanın tam doğru olmaması və belə ifratçılığın ən azı faydalı olmaması fikri ilə özümə təskinlik verdim. Sonrakı illərdə isə ərköyün ərəb-fransız uşaqlarının könlünə küçələrdə saxlanmış avtomobilləri çevirərək yandırmaq düşdü və artıq bu bir ənənəyə, daha doğrusu, rituala çevrilib. Hər ilin eyni günündə Paris küçələrində yüzlərlə avtomobil heç bir səbəb olmadan yandırılır və Fransa jandarmı hər vəchlə bunun qarşısını almağa çalışır.

 

O zamandan bir sual məni çox düşündürür. Artıq iki yüz ildən çox müddətdə insan haqlarının qorunduğu bir cəmiyyətdə, söz və fikir azadlığı mühitində yaşamağı həyat tərzi seçmiş demokratik Fransanın bu günkü gəncliyi nədən belə aqressivdir?

 

Son günlər ərzində baş verən hadisələrin episentri Paris olsa da, terrorçular tərəfindən məşhur "Şarli Hebdo" əməkdaşlarının qan donduran amansızlıqla həyata keçirilən qətliamı bütün Avropanı gərginlikdə saxladı. İyirmiyə yaxın adamın həyatına son qoyan terror və antiterror əməliyyatları Avropanı bir daha silkələnməyə və Avropa üçün toxunulmaz hesab olunan söz azadlığı və insan haqları kimi müqəddəs ideallar ətrafında yenidən birləşməyə səslədi. Terror qurbanlarının xatirəsinə ehtiram və terrora nifrət  fransızlarla yanaşı bütün Avropa ölkələrinin də vətəndaşlarını  küçələrə çıxardı. Hələ baş verənlərin doğurduğu təəccüb, təəssüf və nifrət hisslərinin qarışığında çıxış yolu arayan siyasətçilər miqrantlara qarşı tədbirlərin sərtləşdirilməsindən tutmuş ölüm hökmünün yenidən qüvvəyə minməsinə qədər ciddi təkliflər səsləndirdilər.

 

Fransa prezidenti Fransua Holland isə vətəndaşları terrora qarşı müqavimətə və milli həmrəyliyə çağırdı. Avropanın bütün şəhərlərində yüz minlərlə insan söz azadlığının müdafiəsi üçün həmrəylik mitinqlərinə qatıldı. Paris küçələrində "Mən Şarliyəm" şüarı altında Avropa ölkələrinin dövlət rəhbərlərinin iştirakı ilə milyonların marşı keçirildi. Beləcə, Fransanın çağdaş tarixinin daha bir qanlı səhifəsi yazıldı və qapandı. Hadisələr bitdi, ortada isə cavabsız suallar qalır.

 

Son yüz il ərzində Fransa Avropanın ən çox miqrant qəbul edən ölkəsi olmuşdur. Ölkədə sığınacaq tapıb, ailə qurub, nəsil davam etdirən 8 milyondan artıq  miqrantların təxminən 42%-i, yəni 3,5 milyonu müsəlman ölkələrindən gələnlərdir. Fransa hökuməti miqrantların cəmiyyətə adaptasiya olunması üçün hazırladığı mükəmməl proqramlar əsasında doğrudan da onların sosial müdafiəsini, səhiyyə ehtiyaclarını və təhsil haqlarını uğurla təmin edir. Belə olan halda öz tarixi ölkələrində bütün bu imtiyazlardan məhrum olan "gəlmələrin" iddiası nə ola bilər? Vaxtilə əsasən Şimali Afrika ölkələrindən gəlmiş miqrantların ikinci və hətta üçüncü nəsil xələflərini doğulub boya-başa çatdığı, təhsil aldığı, bütün hüquqlarının təmin olunduğu ölkədə nə qane etmir? İndi Fransa mətbuatında, eləcə də digər Avropa ölkələrinin mətbuatında dərc olunan müsahibələrdə siyasətçilərə, psixoloqlara, sosioloqlara və s. verilən  bu sualların cavabları da müxtəlifdir: bəzi mülahizələrdə terror aktlarının Əl-Qaidə, İŞİD və digər dini cərəyanların təmsilçiləri tərəfindən həyata keçirilməsi ehtimal olunur. Sözügedən terror aktının keçən il Fransanın Malidə keçirdiyi hərbi əməliyyatların doğura biləcəyini iddia edənlər də var. İlk diqqəti çəkən isə bütün müsahiblərin terrorçuların müsəlman olduğunu önə çəkməsidir. Doğrudur, onların bir çoxu terrorçuluğun  həqiqi İslamla heç bir əlaqəsi olmadığını vurğulasalar da, eyni zamanda hamısı bu kimi halların islam radikalizmindən irəli gəldiyinə əmindirlər. Bir çox şərhlərdə islam radikalizminin Oman, Qətər, Səudiyyə Ərəbistanı kimi ölkələrdə meydana gəldiyi də söylənilir. Odur ki, ərəb ölkələrinin Fransadakı səfirlikləri öz hökumətləri adından terroru pislədiklərini və terrora qarşı mübarizədə Avropa hökumətlərinə hər zaman hər cür dəstək verdiklərini dönə-dönə bəyan edir, sanki baş verən hadisələrdə təmsil etdikləri ölkələrin günahlandırıla biləcəyindən ehtiyatlanırlar.

 

Fransanın bir sıra şəhərlərində isə  keçən günlər ərzində artıq məscidlərə qumbara atılması faktları da qeydə alınıb. Lakin bütün bunlar baş verənləri izah etmək, hadisələri doğuran səbəbləri və onların ilkin şərtlərini ortaya çıxarmaq üçün uğurlu çıxış yolu deyil. Çünki hansı inancdan, hansı ideoloji mənbədən qidalanmasından və harada meydana gəlməsindən  asılı olmayaraq radikalizm istənilən  təzahür formasında sivil cəmiyyətə xas olan xüsusiyyət deyil. Ona görə də bu şəraitdə radikalizmin harada meydana gəlməsindən daha çox harada, hansı cəmiyyətdə və hansı səbəbdən baş verməsi sualı daha önə çəkilməlidir. Verilən şərhlərdə hadisələrin bir təfərrüatı unudulur ki, bu gün dini radikalizmin təzahürü adı çəkilən islam ölkələrində deyil, məhz Avropada - demokratiyanın beşiyi sayılan Fransada baş verir.

 

Öldürülən terroristlərin də heç biri Avropaya başqa  ölkələrdən gəlməyib. Yəni hadisənin baş verdiyi məkan Fransa, hadisəni törədənlər isə fransızlardır.  Bu günə qədər bir çox Avropa ölkələrində baş vermiş qanlı terror aktlarının icraçıları da məhz həmin ölkələrin öz vətəndaşlarıdır. Onların bir çoxu artıq tarixi ana dillərində danışa da bilmirlər və bütün hüquqi parametrlərinə görə onlar əsl fransızlar, əsl ingilislər və ya əsl ispanlardır. Başqa sözlə desək,  bu terrorçular Avropada doğulub, Avropanın suyunu içib, çörəyini yeyib, təhsilini və tərbiyəsini almış uğursuz vətəndaşlardır. Hal-hazırda Suriyada müxtəlif yönümlü terror qruplarının tərkibində döyüşən 1100-dən çox fransızın, 600-dən çox  ingilisin və digər avropalıların əksəriyyətinin də əvvəllər heç zaman İslam ölkələrində olmaması danılmaz faktdır. Bu halda Avropa vətəndaşının harada isə meydana gəlmiş islam radikalizminə yoluxmasının səbəblərini ərəb ölkələrində axtarmaq o qədər də məntiqli görünmür. Demək olar ki, bütün siyasətçilərin, eləcə də Fransa prezidenti Hollandın bu hadisələrlə bağlı öz xalqına müraciətində dediyi kimi, terrorçuların İslam dini ilə heç bir əlaqəsi yoxdur. Ümumiyyətlə, sivil cəmiyyətlərdə istənilən dinə bəşəriyyətin inkişaf tarixinin müəyyən mərhələsində bəşər övladı tərəfindən yaradılmış qeyri-maddi mədəniyyət nümunəsi, antik cəmiyyətin əxlaq kodeksi kimi baxılmalıdır və etiraf etməliyik ki, bəzi istisnaları nəzərə almasaq, belə də baxılır. Deməli, problemin kökü dində deyil, hadisələrin baş verdiyi cəmiyyətlərin daxilində  axtarılmalıdır. Bütün dünya isə Avropa cəmiyyətində isə demokratiyanın hökm sürdüyünü, fikir və söz azadlığının insan azadlıqlarının önündə getdiyini, vətəndaşın rifah halının ən yüksək səviyyədə təmin olduğunu iddia edir. Bəli, bütün dünyaya Avropa dəyərləri kimi təbliğ olunan dəyərlərin çoxu doğrudan da heyranedicidir. Onda bəs paradoks nədədir? Bəlkə səbəbin kökündə terrorçuların dədə-babalarının hansı ölkədən gəlməsi yox, onların belə yüksək rifah cəmiyyətində hansısa səbəbdən uğursuz olmaları dayanır? Əlbəttə, cəmiyyəti maddi rifah bolluğunda "bəsləmək" hökumətlər üçün qürur və şərəf işidir. Lakin görünür, maddi rifahın yüksək səviyyəsi  cəmiyyətin tam sağlamlığı üçün yeganə zəruri şərt deyil və ya kifayət deyil.

 

Yüksək mədəni dəyərlərin hökm sürdüyü iddia edilən bir cəmiyyətdə vətəndaşın öz həmvətənlərinə qarşı terror aktı həyata keçirməsi, söz və fikir azadlığına təcavüz etməsi, insanlığa qarşı cinayət törətməsi faktı məncə ortadakı sualları ilk növbədə Avropa cəmiyyətinin özünə ünvanlamağı tələb edir. Bu qədər liberal-demokratik dəyərlərin hökm sürdüyü mühitdə yetişmiş vətəndaşlar niyə öz cəmiyyətlərinə qarşı belə amansızdırlar? Cəmi bir neçə il öncə öz millətinin 80-ə yaxın gəncini qətlə yetirmiş və 20 il həbs cəzasına məhkum edilmiş Breyviki bu qədər qəddarlaşdıran nə olmuşdu?  Yeri gəlmişkən, bəzi qərb şərhçiləri hal-hazırda rasizm və nasizm kimi  neqativ halların Avropa cəmiyyətində mövcudluğunu etiraf edərək intensivləşən terror aktlarının bu kimi hallara qarşı bumeranq effekti ola bilməsini də istisna etmirlər. Fransanın Daxili İşlər Naziri isə öz çıxışında ölkədə hüquq-mühafizə sisteminin mükəmməl olmadığını etiraf etdi. Antiterror üzrə fransalı ekspert Klod Monikenin "Euronews" telekanalına müsahibəsi də maraq doğurur.

 

Belə ki, cənab Monike öz müsahibəsində Fransa xüsusi xidmət orqanlarında ölkədə terror törətmək ehtimalı olan bütün vətəndaşların siyahısının mövcudluğunu, o cümlədən, Şərif və Səid Kuaşi qardaşlarının da çoxdan "qara siyahı"da olduğunu bildirdi. Teleaparıcının  "...belə olan halda xüsusi xidmət orqanlarının bu şəxsləri niyə vaxtında neytrallaşdırmaması və ya heç olmasa  onları müşahidə altında saxlamaması" haqqında sualına Klod Monikenin cavabı da bəzi məqamlara aydınlıq gətirir. "...Birincisi, onların sayı 1000-2000 nəfərdir, bu qədər adamı nəzarət altında saxlamaq bizim hüquq-mühafizə orqanlarının (yəni Fransanın - CF) gücü xaricindədir. Çünki bir tərəfdən, insan haqları adı altında spekulyasiya ifrat həddə çatıb. Polis orqanlarının müasir cihazlarla texniki təchizatı üçün vəsait istənildikdə dərhal "insan haqları" adı altında cəmiyyətdə isterika yaşanır və hər hansı bir addım "psevdodemokratların" müqaviməti ilə rastlaşır. İkincisi, hal-hazırda  ölkənin  hüquq-mühafizə və gömrük orqanlarında korrupsiya o həddə çatıb ki, zabitlər artıq ölkənin təhlükəsizlik məsələlərinə də biganə yanaşırlar..."  Mənə elə gəlir ki, ekspertin cavabı Fransadakı, bəlkə də bütün Avropadakı  bugünkü gerçəkliyi obyektiv şəkildə əks etdirir və qismən də olsa hadisələri doğuran səbəblərə işıq salır. Amma səbəblərin tam siyahısı bununla da bitmir.  Soyuq müharibə erası başa çatdıqdan sonra yaranmış yeni şəraitdə güc və söz sahibi olan qərb dövlətləri qlobal siyasət meydanında baş verən rəqabət mühitində bəzi universal dəyərlərdən geri çəkilməyə başlamışlar. Bu daha çox Avropanın  qeyri-qərb dövlətlərinə qarşı münasibətlərində beynəlxalq hüquq və beynəlxalq ədalət normalarına ikili yanaşmasında özünü göstərir. Məsələn, keçən il ərzində Ukraynada baş verən hadisələrə Qərbin sərgilədiyi obyektiv münasibət bundan daha əvvəl Azərbaycanda, Gürcüstanda və Moldovada baş vermiş hadisələrə olan münasibətdən xeyli fərqlənir.

 

Əslində isə bütün bu ölkələrdə baş verənlər eyni ssenari üzrə, eyni qüvvələr tərəfindən həyata keçirilmiş ilhaq faktlarıdır. Artıq 25 ilə yaxın bir müddətdə davam edən Azərbaycan-Ermənistan münaqişəsinə Avropa tərəfindən qərəzli yanaşma da Avropa siyasətinə, onun ədalətliliyinə etimadı azaltmaqdadır. Beynəlxalq ədalətin təmin edilməsi sahəsində nümayiş etdirilən ayrı-seçkilik isə heç də Avropanın nüfuzunun möhkəmlənməsinə xidmət etmir. Dünyadan, xüsusilə də hələ möhkəmlənməmiş yeni dövlətlərdən  ikitərəfli iqtisadi-siyasi münasibətlərdə özləri üçün əlavə imtiyazlar qoparmaq məqsədilə onlarla ikili standartlar əsasında qərəzli davranan qərb dövlətləri və siyasətçiləri də bunu yaxşı bilirlər. Buna baxmayaraq həm Fransa, həm də bütövlükdə qərb dövlətləri yerli-yersiz qeyri-qərb cəmiyyətlərini   korrupsiya və insan haqlarının pozulması iddiaları ilə şantaj etməkdən çəkinmirlər. Qərb dövlətləri vaxtaşırı dünyanın müxtəlif  bölgələrində  peyda olan PKK, Əl-Qaidə, Boko-Haram, İŞİD və s. kimi terror təşkilatlarının bir çox hallarda onlar tərəfindən dəstəklənməsi və maliyyələşdirilməsi haqqında səsləndirilən iddiaları da hələ ki inandırıcı şəkildə təkzib etmək iqtidarında deyillər. Bəzi hallarda Avropa dövlətləri özləri söz və fikir azadlığına dövlət səviyyəsində birbaşa təcavüz edirlər. Fransa Senatında qondarma "erməni genosidini" tanımamağa görə vətəndaşa qarşı cinayət işinin açılmasını nəzərdə tutan Qanunun qəbul edilməsi sadəcə bir terrorçunun deyil, "lazım gəldikdə" siyasi maraqlar naminə elə dövlətin özünün də cəmiyyətdə söz və fikir azadlığına sipər çəkməsini sübut etmirmi?

 

Avropa esteblişmentində hakimiyyət uğrunda mübarizədə siyasi spekulyasiyalar, qorunması və daha da möhkəmləndirilməsi zəruri olan mənəvi-etik dəyərlərin siyasi oyunlara qurban verilməsi qərb cəmiyyətində  mənəvi-əxlaqi dəyərlərin aşınmasına gətirib çıxarır. Siyasət mənəvi-əxlaqi dəyərlər müstəvisindən kənarda formalaşdıqda isə cəmiyyət "xəstələnir". Beləliklə, cəmiyyətin dərin qatlarında inkubasiya dövrünü yaşayıb birdən-birə üzə çıxan və müasir qərb cəmiyyətini silkələyən  intihar, eynicinsli evlilik və terror  kimi xəstəlikləri ilk növbədə qərb siyasətçiləri özləri dövriyyəyə gətirir və bu kimi halların mövcudluğundan müəyyən siyasi ambisiyalara nail olmaq üçün sui-istifadə edirlər. Bütün bu oyunların baş verdiyi qlobal siyasət meydanında dünyanı idarə etmək iddiası ilə çox uzaqlardakı labirintlərdə dolaşan qərb siyasəti öz çıxış nöqtəsindəki - Avropadakı daxili vəziyyətdən xəbərsiz kimi görünür. Belə görünür ki, başları  digər ölkələrə "demokratiya və azadlıq", "dözümlülük və tolerantlıq" dərsi keçməyə qarışmış Avropa hökumətləri, Avropa Birliyinin  çoxsaylı qurumları öz cəmiyyətlərinin "diaqnostikasına" və "profilaktikasına" diqqət ayırmağı unudublar. Halbuki, ilk növbədə onlar öz vətəndaşlarının hansı səbəblərdən uğursuzluğa düçar olub öz taleyini terrora qurban verdiyini araşdırmalıdırlar.

 

Avropada isə yenə bir kabus dolaşmaqdadır. Lakin bu, məşhur sitatda deyildiyi kimi, kommunizm kabusu deyil. Bu - heç də ondan az təhlükəli olmayan terror kabusudur. Tarix bir çox qlobal fəlakətlərin dünyaya Avropadan yayılmasının şahididir. Belə bir təhlükə qarşısında bu dəfə də Avropa daha sıx birləşməli   yeni kabusun bütün dünyaya yayılmasının qarşısını almaq üçün ilk növbədə onu doğuran səbəbləri aradan qaldırmalıdır. Bunun üçünsə Avropa siyasəti özündə qeyri-qərb cəmiyyətləri ilə əməkdaşlıqda bərabərlik, tərəfdaşlıqda etibar, mədəniyyətdə universallıq, siyasətdə əxlaq, dünyaya münasibətdə səmimiyyət və ən başlıcası isə Universal Ədalət təcəssüm etdirməlidir.

 

Cavanşir Feyziyev

525-ci qəzet.- 2015.- 13  yanvar.- S.4.