Bir sənətkarın səsi və xatirəsi

 

XANƏNDƏ NOVRUZ ABDULLAYEVİN SƏNƏTİ VƏ ŞƏXSİYYƏTİ BARƏDƏ DÜŞÜNCƏLƏR

 

Ölümün atı çaparaq olar, deyiblər. Onun da ölüm xəbəri bizim Şabrana tez yayıldı. Dekabrın həmin soyuq günü - ayın 12-də mərhumun hüzr yerinə gələndə maşını maşına söykənən gördüm. Günorta saatlarında mərhumu doğulduğu Xəlilli kəndinə son mənzilə yola saldıq. Açığını deyim ki, son illərdə Şabran şəhərində elə izdihamlı dənf mərasimi görməmişdim. Şabranlılar öz istəklilərini - el sənətkarı Novruz Abdullayevi son mənzilə qədər, hüzn qarışıq adına layiq hörmət və ehtiramla yola salırdılar.

 

Kim idi Novruz Abdullayev?..

 

Beş-on ilin söhbətidir. Əziz dostum, çağdaş poeziyamızın ən görkəmli nümayəndələrindən biri, o vaxtlar gözəl sənət toplusu "Qobustan" dərgisinin baş redaktoru mərhum Ələkbər Salahzadə məndən: - Aydın, sizin rayonda yaşayan xanəndə Novruz Abdullayevi tanıyırsanmı, - deyə soruşdu.

 

Mən də: - Əlbəttə, tanıyıram, - dedim, - bizim Şabranda toy məclislərinin əvəzsiz ifaçısıdır.

 

Ələkbər müəllim: - Bəs elə isə niyə indiyə kimi onun haqqında heç yazmamısan? - deyə az qala məni məzəmmət etdi.

 

Hiss etdim ki, Ələkbər müəllim sözlüdür və məni çox intizarda saxlamayıb:-Bu yaxınlarda Qubadan Bakıya qayıdırdım, - dedi, - avtobusda sürücü maqnitofonu qoşmuşdu. Səsini indiyəcən eşitmədiyim bir xanəndə oxuyurdu. Onun səsinin şirinliyi məni elə tutmuşdu ki, heyran qaldım. Bu xanəndəni tanımadığımdan özümü qınadım. Sürücüdən:

 

- Kimdir oxuyan?, - deyə xəbər aldım. Sürücü də:

 

- Novruz Abdullayevin kasetidir, - dedi, - Şabran şəhərində yaşayır. El sənətkarıdır.

 

Ələkbər Salahzadə mənə dönə-dönə tapşırdı ki, Novruz Abdullayev haqqında hökmən bir yazı hazırlayım.

 

Oturub-durduğum, ünsiyyətdə olduğum, elə mənim özümün də əzizlərimin xeyir işlərində müğənni kimi iştirak edən Novruz Abdullayev haqqında gözəl bir şairin, sənət toplusunun baş redaktorunun, sərraf bir dinləyicinin belə yüksək qiyməti məni qürurlandırsa da, həm də təəccübləndirdi.

 

Demə, Şabranda çoxumuzun hələ ki layiqli qiymətini verə bilmədiyimiz Novruz Abdullayev efirdən qulaqlarımızı dəng edən, ekrandan gözümüzü yağır edən ifaçılardan qat-qat üstün imiş. Bir sözlə, biz onu tanıya bilməmişik.

 

"Qobustan" dərgisinin baş redaktorunun sifarişi ilə haqqında material hazırlamaq məqsədi ilə Novruz Abdullayevlə görüşüb bir az da yaxından tanış oldum.

 

Ötən il 60 yaşını tamamlayan istedadlı el xanəndəsi Novruz Abdullayevin uşaqlıq çağları mavi Xəzərin sahillərində, Şabran bölgəsinin Xəlilli kəndində keçib. Ana laylasından sonra balaca Novruzun eşitdiyi ilk musiqi səsi bəlkə də dənizin xumar ləpələrinin zərif pıçıltısı, bəzən də şahə qalxan hayı-harayı olub.

 

Payız ayları yaşadıqları kəndin qırağından düz sahil boyu göy üzü ilə durnalar soyuq yerlərdən isti ölkələrə qatarlanıb uçardılar. Şər qarışan vaxt, axşam çağı başlanan bu durna köçü bəzən gecənin dərin vaxtlarınacan çəkərdi. Durnaların qərib haray-həşiri kəndi yuxudan edərdi.

 

Belə vaxtlarda Novruz da durnaların qəminə-kədərinə şərik olmaq istəyərdi. Və onun kövrək, həzin səsi qərib durna harayına qarışardı:

 

Üç telli, dörd telli, beş telli durna,

 

Ovçu əlindən yaralı durna,

 

Yaralı, yaralı, yaralı durna...

 

Qərib durna harayına qarışan o nisgillli səsin sonra ilk dinləyiciləri onunla birgə dəniz qırağında qoyun-quzu otaran yaşıdları oldu. Bu dəfə yaralı maral zalım ovçuya dil tökür, Novruzun yanıqlı səsi ilə ondan nicat, imdad istəyirdi: "Aman ovçu, vurma məni..."

 

Yaşıdı olan oğlanlar evdə böyüklərin baş-beyinlərini velosiped istəyi ilə dəng edib duranda atası Süleyman kişinin onunçün aldığı balaca qaval sanki Novruza dünyanı bəxş etdi.

 

Əvvəl-əvvəl Novruzun səsi öz həyət-bacalarını başına götürürdüsə, sonra bu səs bütün kəndə yayıldı. Sonra o səs məktəb özfəaliyyət kollektivindən, rayon mədəniyyət evindən gəldi. Şabranda rayon miqyasında keçirilən bütün mədəni-kütləvi tədbirlərdə Novruz Abdullayev başda oldu.

 

Gənc istedadın repertuarı xalq mahnılarından iarət idi. "Azərbaycan maralı", "Ahu kimi", "Yaxan düymələ" mahnılarının musiqisindəki şirinlik, həzinlik Novruzun səsinə, səs diapozonuna elə uyğun idi ki, oxuması ilə dinləyicisini valeh edirdi. Sonra onun repertuarı genişləndi. Gənc xanəndə xalq mahnıları ilə yanaşı "Çahargah", "Şahnaz" təsniflərini, bəstəkar mahnılarını da ifa etməyə başladı.

 

Əlbəttə, xalq mahnıları ilə ilk dəfə el-oba arasına çıxmağı Novruzu dinləyicilərə tez sevdirdi. Çünki bu mahnıların musiqisi də, sözləri də dinləyicilərə yaxın və doğma idi.

 

Kənddə adət deyildi, hər təzə xanəndəni el məclislərinə, el toylarına çıxarmazdılar.

 

Bir dəfə Xəlillidə imkanlı bir ailənin oğlunun toy məclisi idi. Toyda adlı-sanlı xanəndə Əlibaba Məmmədov oxuyurdu. Kəndin hörmətli ağsaqqalları Novruzu ona təqdim edib, bir-iki mahnı oxumasına icazə verməsini xahiş etdilər.

 

Gənc xanəndənin ifasından məmnun qalan görkəmli sənətkar ona öz tövsiyələrini də verdi, musiqi təhsili almasını, ən başlıcası heç kimi yamsılamamağı tapşırdı.

 

O günləri şirin xatirədək yada salan Novruz deyirdi ki, o zaman toy məclisində Əlibaba Məmmədovun özünün ifa etdiyi mahnıları oxumuşdum və açığını deyim ki, sevdiyim sənətkara xoş gəlmək üçün bir qədər də onun ifa tərzini təqlid etmişdim. Elə onda başa düşdüm ki, dinləyicilərin xoşuna gəlmək üçünsə hər xanəndənin özünün ifa tərzi olmalıdır. Yaxşı-pis, öz səsinə güvənməli, öz zəngulələrini, öz vurduğu  xalları ortaya qoymalıdır!

 

1971-ci ildə Şabranda orta məktəbi qurtaran Novruz Abdullayev musiqi təhsilini artırmaq üçün sənədlərini S.Hacıbəyov adına orta ixtisas musiqi məktəbinə verdi. Həmin il məktəbə girə bilməyən Novruz əsgərliyə yola düşdü. Polşada hərbi xidmətdə oldu. Musiqi duyumunu əlbəəl hiss edən komandanlıq onu alayın təbilçisi təyin etdi.

 

1974-cü ildə əsgərlikdən geri dönən Novruz S.Hacıbəyov adına orta ixtisas musiqi məktəbinin səs-muğam, xanəndəlik şöbəsinə qəbul olundu. Sahib Şükürov və Səlim Ağayevdən sənətin sirlərini öyrəndi.

 

Bakı və Sumqayıt şəhərləri musiqi məktəbi tələbələrinin görkəmli sənətkarımız Şövkət Ələkbərova, Əlibaba Məmmədov və İslam Rzayevin münsif olduqları Cabbar Qaryağdı oğlu adına "Çahargah" muğam müsabiqəsində (1977-ci il) iştirak edən Novruz Abdullayev bu mötəbər sənət yarışında 2-ci yeri tutdu.

 

Əlibaba Məmmədov bir vaxt toy məclisində səsini dinlədiyi gənc xanəndənin bu uğuruna görə təbrik edib: - Hə, bax, indi səsini dinləyənlər bildilər ki, sən Novruz Abdullayevsən, - dedi.

 

Tələbəlik illərində Novruz Abdullayev Ə.Quliyev adına xalq çalğı alətləri ansamblı ilə birgə dəfələrlə respublika televiziyası ilə çıxışlar edib. Ağasəlim Abdullayevin rəhbərlik etdiyi "Araz" ansamblı ilə birgə onun mavi ekranda 35 dəqiqə çəkən konsert proqramını da səksəninci illərdə tamaşaçılar rəğbətlə qarşılamışdılar.

 

AzTV ilə arabir verilən çıxışları ilə də sanki o, bir daha tamaşaçıların yadına salmaq istəyirdi ki, xalq mahnılarımızın mahir ifaçılarından olan Novruz Abdullayev öz istedadının püxtələşmiş çağlarını yaşayır.

 

"Səbuhi" səsyazma studiyası isə onun 10 musiqi nömrəsindən ibarət "Bura Qafqazdır" adlı diskini sənətsevərlərə çatdırıb.

 

Efirdən, radio dalğalarından səsi gələn Novruz Abdullayevin pərəstişkarları sevdikləri xanəndəni el şənliklərinə də dəvət edirdilər. Qonşu Quba, Qusar, Xaçmaz, Siyəzən, Xızı bölgələri bir yana, Novruz Naxçıvanın, Şirvanın, Dağıstanın da neçə-neçə obasında məclis aparmış, yığıncaq keçirmışdi.

 

Novruz Abdullayevin deyirdi ki, el şənliklərinə dəvət alan hər bir ifaçıya gərək olan ən başlıca əzəl-axır şərti ustad sənətkarımız Dədə Ələsgər yüz ildən də çox bundan öncə söyləyib: "Aşıq olub tərki Vətən olanın Əzəl başdan pürkamalı gərəkdir..."

 

Xanəndə məclisdə öz ədəb-ərkanı ilə yanaşı bir də oxuduğu mahnıların sözlərinə ciddi fikir verməlidir. Cavan-cahılın oturduğu yerdə axirətlə, dünyanın faniliyi, gəldi-gedərliyi ilə bağlı sözlər oxumaq, əlbəttə, məclisdə xoş ovqat yaratmayacaq...

 

Və yaxud, ahıllar, qocalar şən mahnılara bir qədər həvəslə, şövqlə qulaq asan deyillər.

 

Novruz Abdullayev ən çox xalq mahnılarını oxuyurdu və deyirdi ki, onun xalq mahnılarına bu sonsuz məhəbbəti təkcə öz səsinin imkanları ilə bağlı deyil. Bayatılarımızla, laylalarımızla  bir doğulan xalq mahnılarımız əsrlərdən üzü bəri yol gələn bir karvandır. Bu karvanın mənzilinin axır başı yoxdur. Bizlərin hər birinin axır mənzili bəlli olsa da, el havalarımız ölməz, əbədi yaşardır. Xalq mahnılarımızda möhkəm bir kök var və bu kök o qədər dərindir ki, xalq öz mahnılarını əsrlərdən üzü bu yana yaşatdığı kimi bu mahnıları ifa edən sənətkarları da yaşadır. Hələ heç görməmişəm ki, xalq mahnılarını oxuyan bir xanəndəni xalq tanımasın.

 

Novruz Abdullayev 1978-ci ildə orta ixtisas musiqi məktəbini qurtaranda onu istedadlı bir məzun kimi təyinatla Naxçıvan Dövlət Filarmoniyasına yollamışdılar. Lakin Novruz Abdullayev ailə vəziyyətinə görə qədim Naxçıvan torpağında qala bilməyib doğma rayona qayıtmışdı. O vaxtdan bəri də Şabran şəhərində Tofiq Quliyev adına orta musiqi məktəbində çalışan Novruz Abdullayev şagirdlərə xanəndəlik sənətinin sirlərini öyrədirdi.

 

Geniş və böyük konsert salonlarında, filarmoniyalarda iki-üç dəfə çıxış edənlər bir də görürsən ki, erkən şöhrət qazanır, məhşurlaşır. Bəlkə bu da taleyin qismətidir...

 

Şabranda çalışıb-yaşamış Novruz Abdullayevin bunlar da öz sözləri idi: "Mənim üçün bu da çox xoşdur ki, dünyaya göz açdığım, böyüyüb boya-başa çatdığım bir torpaqda da olsa tanınıram. Elə bu da mənim bəsimdir..."

 

Şabran

 

Aydın Tağıyev

525-ci qəzet.- 2015.- 14 yanvar.- S.8.