Böyük sözün sonucu...

 

ANAR AMİNİN POEZİYASI HAQQINDA QEYDLƏR

 

 

Böyük söz güzgüdür. Böyük söz insanın özünə oxşamağını istəyir, onda onu düzgün əks etdirir, oxşamadımı onu olduğu kimi göstərmir.

 

Asif Ata deyirdi ki, böyük söz deyilib. Mütləq söz deyilməyib. Mütləq söz Allaha məxsusdur! Onu insan deyə bilməz! Lakin böyük olmaq sanşını insan hələ ki, özündə saxlayır. Hər şeyi yaxşı anlayan insan başqalarına da anladır ki, elə böyük sözü deyə bilsək bəsimizdir...

 

Böyük sözün sonucu yoxdu. Böyük sözün son ucu yoxdu! Yadıma gəlir ki, Nüsrət Kəsəmənlinin "Yollar" şeirini oxuyandan sonra Bəxtiyar Vahabzadə necə heyrətə gəlmişdi yazmışdı ki, "Əsgərlər əynində paltar kimidir, Yollar əsgərlər soyunub gəlir" misraları kəşfdir. Ədəbiyyatda yeni baxışdır. Ədəbiyyata yepyeni bir şair gəlişindən xəbər verir. Gənc şair Anar Aminin "Yolçusu olmuşuq yol olanların, ağası odur, o, qul olanların, Allah lal yaradıb, lal olanların, Allah hüzurunda danışmağı var" misralarını oxuyandan sonra adam təfəkkürünün xeyli təzələndiyini hiss edir. Anar Aminin bu dünyada ola-ola əllərinin o dünyada haralara çatdığını dərk etməyə çalışır.

 

Əslində adam yola yolçu olar.

 

Anar yol olanların yolçusu olduğunu etiraf etməklə bir gəncin öz kökünə, soyuna özündən əvvəlkilərə hörmətini, ehtiramını ortaya qoyur. Bu baxımdan götürdükdə böyük türk şairi N.F.Qısakürəyin bir fikriylə razılaşmağımız lazım gəlir: "Üstün idrak məhsuludur şeir". Necə deyərlər, heç zaman başqalarından özünü boş yerə üstün saymayasan, başqalarından idrakınla (istedadınla) üstün olasan gərək!

 

Sözün şəxsiyyəti olur. Sözün şəxsiyyəti olduğunu bilənin özünün şəxsiyyəti olur.

 

Yox, şair sözə şəxsiyyət vəsiqəsi paylayan məmur deyil. Şair sözü şəxsiyyətləndirən möcüzə sahibidir. Anar Amin bu deyilənləri yaxşı bilir, bildiyi üçün səmimiyyətlə etiraf edir:

 

"Şeir dəniz, heyif, qayıq deyiləm!"

 

Bax elə əsl sənət yolu belə başlayır. Özünü "kiçildib", Sözünü böyütməklə! (yəni şəxsiyyətləndirməklə!)

 

Anar Amin ən gözəl şeirlərini belə anlarda yazır. "Onun kor balıqçı" şeiri buna ən yaxşı misaldır:

 

Görükmür balıqlar, görünə bəlkə!

Bəlkə çəkiliblər dərinə, bəlkə!

Ümidnən yaşayır, toruna bəlkə,

Düşə gözlərinin nuru bu gecə...

 

Bax, bu, Anarın şeiridir. Anarın sözüdür! Bədbəxt balıqçı balıq tutmağa gündüz getsəydi, yenə dərd yarıydı, gecə gedibmiş... Özü sən demə balıq tutmağa yox, gözünə nur tutmağa!

 

Köhnə aksiomadır: Şair öz mövzusunu tapanda özünü, sözünü tapır!

 

Anar Aminin "Adnalıdan Ağdabana" adlı ilk şeirlər toplusunda özünəməxsus mövzular kifayət qədərdir. "Gedirsən, özünlə apar gecəni" şeiri bu qəbildəndir. Bu şeiri mən dönə-dönə oxumuşam müəllifin öz dilindən eşitmişəm.

 

Bu şeirin gücü təzəliyindədir, hər bənddə, hər misrada gənc şair sözlə şair kimi davranır. Bax, beləcə:

 

...Hava qaralanda, şər qarışanda,

Səpən Yer üzünə səpər gecəni.

Gecə qucaqlayıb öpər gündüzü,

Gündüz qucaqlayıb öpər gecəni.

 

...Doğulandan bəri hamı içində

Axtarar gündüzü, tapar gecəni!

 

Son misralar indi misal çəkəcəyim beytlər artıq bir şairdən çox az qala bir filosof düşüncəsinin nəticəsidir:

 

...Gözündə göz yaşın dəniz kimidi,

Qırpsan kirpiyini, qırpar gecəni.

 

...O kimdi, o kimdi, düşər gündüzdən

Minib səhərəcən çapar gecəni?!

Dan yeri qızarmış təndir kimidi,

Tanrı o təndirə yapar gecəni!

 

Yapar! Əvəzində gündüz çıxar günəşli bir gün yenidən başlayar!

 

Anar Amini şeir yazdığı yerdə (halda) görməmişəm. Ancaq təsəvvür edirəm: Bu həddindən artıq emosional şair şeir yazdığı yerdə qoluna kim toxunsaydı, yaxud fikrini kimsə dağıtsaydı yəqin ki, bağışlayardı onu, bəlkə? Allah göstərməsin, ehtiyatlı olun, başınız ağrıyar, özü çox möhkəm ağrıyar. Onun bir "Tabu" sözünü yaxşı yadda saxlayın o "Tabu"ya ehtiramla yanaşın! Gözlərinə toxunmayın! Özü səbəbini çox gözəl şəkildə açıqlayır:

 

Şimşək çaxır, yağış yağır,

Dolu düşür gözlərimdən.

Yolun azan yolçuların

Yolu düşür gözlərimdən

Gözlərimə toxunmayın!

 

Anar Amin bu məqamda artıq təkcə şair deyil, şeir yazdığı, o "kor balıqçı"nın özüdür! Bu şeir kitabında məni ən çox qane edən bir cəhət var.Anar kimdən,nədən yazırsa yazsın, bütün "qəhrəmanlarına" təəssübkeşliklə, qayğıyla, insanpərvərliklə yanaşır.Yıxılıanın qolundan tutur, yolundan azanı yoluna qaytarmaq istəyir.Anarın ilk kitabında "Otuz ilin ağrısı" poeması diqqətimi daha çox cəlb etdi. Bu poema çox orijinal bir şəkildə qələmə alınıb. Gənc şairin ən böyük uğuru sayıla bilər. Hesab edərəm ki, bu cür yolla getmək bu şairi daha uzaqlara aparar, digər poemalarında hiss olunan, hətta şeirlərimizdə belə açıq-aşkar görünən söz oyunundan-"söz janqlyorluğundan" daha tez uzaqlaşdırar.

 

Anar Aminin yolu indi misal çəkəcəyim misralardan daha aydın görünür:

 

Gözlərin göynəsə yuxudan ötrü,

Mürgülə dağında, yat dərəsində.

O da, sən , mən muradımıza

Çata bilmədikcə At dərəsində,

Düşdük burulğana Burğudərədə,

Biz sözə baxdıq, him-cimə,

Biyanlıq təpədən biyan yığmadıq,

Məni sevdiyini heç kimə demə!

 

Təkrar edirəm: bu əsər Anarın ən gözəl ən mükəmməl əsəridir!Təzə Sevgi dastanıdı. Gənc şairin bu əsərdə epos təfəkkürü, böyük nəfəsi bütün çalarlarıyla öz əksini tapa bilib. Anarın güzgü gəzməyinə ehtiyac yoxdu.O, bu əsərində bu "güzgü" istədiyi vaxt kefi istədiyi qədər güzgülənə bilər:

 

...Cismin o kənddədi, ruhum bu kənddə,

Bir sevda gəzdirir hərə başında.

Mən sənə dərdimi deyə bilmədim,

Dərə ayağında, Dərəbaşında.

Dərə qəbir oldu, dağ da başdaşı,

O çay ağı dedi ölən eşqimə...

Bu Qanlıotluqdan qan iyi gəlir,

Məni sevdiyini heç kimə demə!

 

Mərhaba! Sevginin dili bax, belə olur!İnsan ən böyük azadlığı sevgidə tapır. Ən azad, ən böyük dil sevginin dilidir.

 

Anar Amin deyibsə, yazıbsa, sevgisinə görə deyib, yazıb, hətta irad tuta biləcəyimiz bir çox "günahları" da çox güman ki, sevgisi ucbatından eyləyib.

 

Günahıyla da, savabıyla da şairdir Anar Amin! deyə bilər: "Mən özüm özümü doğmuşam, ana!"

 

... "Mütləq Söz deyilməyib" - deyir Asif Ata. Deyiləcəkmi?! Asif Ataya da elə gəlirdi ki, deyiləcək.

 

Amma deyilməyəcək!

Çünki Mütləq Söz Allaha məxsusdur.

Onu İnsan deyə bilməz.

Çox çalışmışdır...

 

...İnsan Allahlaşa bilməyib, Allahlaşa bilmir, Allahlaşa bilməyəcək!

 

Yaşasın Böyük Söz!

 

İnsan onu deyə (yarada) bilər!

 

Elə Anar Amin də!

 

 

Barat VÜSAL

525-ci qəzet.- 2015.- 14 yanvar.- S.7.