Azərbaycanlı
qaçaq Beriyanı necə məğlub etdi?
NKVD ŞEFİNİN BİABIRÇI QAÇIŞI
1921- ci
ildə 22 yaşlı gənc
bir gürcü arxasında böyük siyasi qüvvənin,
beynəlxalq nüfuzun və xüsusi mülkiyyətin
dayandığı menşevik güclərini hakimiyyətdən
salıb, Gürcüstan SSRİ-ni qurdu.
Eynəkli
gözləri heç bir şey ifadə etməyən bu
şəxs, amansız bir soyuqqanlılıqla hökm verir və
bir zaman tarixdə yer alacaq, ən qanlı və qəddar
adamların siyahısına düşməyə
hazırlaşırdı.
Bu
çevik, qəbir xasiyyətli gənc Lavrenti Beriya idi.
Bütün SSRİ ilə yanaşı, azərbaycanlıların
taleyində də rol oynamış ziddiyyətli şəxsiyyət.
"Fors-Major"
layihəsində bu dəfə SSRİ-nin rəhbərlərindən
Lavrenti Beriya ilə antiseovet qaçaq hərəkatının
görkəmli nümayəndələrindən biri olan
Qaçaq İsaxan haqqında araşdırmanı təqdim
edirik:
Mərkəzi
Zaqafqaziya: Gürcüstan, Ermənistan və Azərbaycan ərazilərinin
qovuşduğu torpaq (Tarixi Azərbaycan) qəflətən
zorakı kollektivləşdirmə siyasəti ilə üz-üzə qalır.
Zorakılıq
milli ayrı-seçkilik,həbs, müsadirə, təzyiqlə
və sürgünlə davam edir. Bu şərait
sözsüz ki, ərazidə bumeranq effekti verməklə əks
güc formalaşdırmağa başlayır.
Qısa
müddətdə, Mərkəzi Zaqafqaziya barıt çəlləyinə
dönür. Bütün respublikalarda kollektivləşdirmə
aparıldığı halda bu ərazidə, ciddi müqavimət
baş qaldırır.
Müqaviməti
yatırtmaq 1923-cü ildə Dövlət Siyasi İdarəsinin
(QPU-red) sədri seçilmiş Lavrenti Beriyaya şəxsən
tapşırılır. Və bundan sonra, olanlar-olur.
Beriyadan hiyləgər addım
QPU 1929-cu
ildə başlayan kollektivləşməyə birbaşa rəhbərlik
etməyə başlayır. Kolxozun qurulmasına
Borçalının Dəmirçi -Hasanlı kəndindən
başlamaqla bağlı Beriya xüsusi göstəriş
verir.
Bu bic
gürcünün həmin kəndi
ilk hədəf kimi göstərməsində çox
ciddi məqsədi vardı. Onun şəxsən
tanıdığı iki məşhur şəxs:
"Xozeyin" ləqəbli Qurban Hacıbayramlı
(Menşevik partiyasının üzvü və qatı
antibolşevik-müəl.)digəri isə məşhur və
nüfuzlu İsaxan Hacıbayramlı idi.
Beriya bu
iki şəxslə daha yaxından tanış olur və
onların silahlı, hər dəqiqə mübarizə
aparmağa hazır qüvvələrinin olduğunu
anladıqdan sonra qoşun göndərməkdən vaz
keçir.
Erməni
Aşotyanın rəhbərliyi ilə kənəddə kolxoz
qurmaq üçün QPU-dan bir neçə nəfər
göndərilir.
Kəndə
daxil olan işçiləri İsaxanın yanına gətirirlər.
Beriyadan tapşırıq alan Aşotyan burda kolxoz
qurmağın qeyri-mümkün olduğunu görür və
erməni bilciyi ilə İsaxanı ələ almağa
çalışır.
O,
İsaxana kolxoz sədri vəzifəsini təklif edir. Və
İsaxanın artıq "dövlət adamı"
olduğunu deyərək, Tiflisə -idarəyə dəvət
edir.
Elə bu
vaxt kənddə, narazılar arasında ilk dəfə
böyük bir toqquşma baş verir: Kəndin zorla kolxoza
yazdırılan sakinləri Aşotyanın dəstəsinə
hücum edir.
İsaxanın
yaxın dostlarından olan bir kommunist ona gizlincə sirr
açır: "Beriya səni Tiflisə çatan kimi
ödürdəcək, qaç, canını qurtar".
İsaxan
yarıyoldan geri dönür və kəndə çatandan
sonra görürür ki, artıq üsyan başlayıb.
İlk
qanlı toqquşma
1929- cu
ildə yerli əhali ilə dialoq tərəfdarı olan I
Katib Oraxelaşvili işdən azad edilir.Əvəzinə
yerli xüsusiyyətləri nəzərə almayan, radikal,
qaniçən Krinitski təyin edilir.
Arxasınca
isə "Zakkraykomun yaz kənd təsərüffatı
kampaniyası üzrə ZSFSR-in
partiya təşkilatlarına direktivlərin proyekti"
müzakirə edilir.
Elə
bundan sonra üsyançılarla çoxsaylı milis dəstləri
arasında daha bir qanlı toqquşma baş verir. İlk
döyüşə yaxı hazırlaşan
üsyançılar qəti qələbə qazanırlar və
bütün Qardabanini (Qarayazının mərkəzi Qaratəpə)
ələ keçirirlər.
Hökümət
ciddi təşvişə düşür. Zaqafqaziyanın mərkəzində
baş verən üsyanın nəticəsi o qədər
qorxulu idi ki, bütün ətraf kəndlərin üsyana
qalxması təhlükəsi yaranmışdı.
Eliava və
Beriya son dəfə üsyançılarla hesablaşmaq
üçün ən yüksək inzibati tədbirə əl atırlar.
ÜK(b)MK-nın
1930 -cu ilin 5 yanvarında qəbul etdiyi qərarı ilə
kulaklığın bir sinif kimi ləğv olunmasını təsdiq
edir. Ardınca isə fevralda bütün Borçalını
üsyan dalğası ağuşuna alır.
İşə
Moskva qarışır və kulaklarla bağlı qərarın
daha mülayim şəkildə həll edilməsi tövsiyə
edilir. Nəhayət, gürcü hökuməti
buraxdığı ciddi səhvləri düzəltməklə
bağlı hərəkətə keçir.
Zorla kəndlərdən
köçülürmüş kulaklar geri qaytarılır,cəza
tədbiri ləğv edilir və mülkiyyətləri geri
iadə edilir. Şübhəsiz ki, İsaxanın baş verən
hadisələrdə oynadığı rol Siyasi İdarənin
diqqətində idi və hadisələri qabaqlamamağa
çalışırdılar.
Amma marta
Beriya Moskvaya -Yevdakimova yazdığı məktubundan bu vəziyyətin
hakimiyyətin zəif qəbul edilməsi ilə əsaslandırdı
və Sovet hakimiyyətinin təhlükədə olduğunu
bildirdi. Hakimiyyət güc tətbiqinə
hazırlaşdığı bir zamanda İsaxan (artıq
Qaçaq) bütün narazı qüvvələri vahid mərkəzə
toplamağa başlayır.
Borçalı,
Qazax, Lori, Zaqatala, Qaraçöpun narazı qüvvələri
martın əvvəllərində Qarayazı meşəsində
müdafiə mövqeyinə keçirlər.
Beriya
özü döyüşə gəlir
1930-cu
ilin 10 martında Qızıl Ordu hücuma keçir.
Üsyançıların axra tərəfi Kür
çayı,qarşılarında isə Qırmızı
Ordu iki təyyarə, iki tank, zirehli qatar, piyada və
süvariləri ilə hücuma keçir.
Yaxınlıqdakı
dəmir yolunda dayanan zirehli qatarda gözləyən Beriya qələbə
xəbərini səbirsizliklə eşitməyə tələsir.
Belə bir ərazidə mühasirədə
qalan üsyançılar ən yaxşı halda itki
hesabına da olsa, mühasirənin zəif yerdən yarmağa
çalışırlar.
İsaxan
Qarasu tərəfdən hücuma keçir. Amma vaxt itkisinə
yol verən üsyançıların
qarşısındakı qoşun tez yerdəyişmə edir
və mühasirə daha da daralır.
Amma
Qaçaq İsaxan belə bir anda gözlənilməz
addım atır.Üsyançılara qızıl əsgər
forması geyindirilir və döyüşə
atılırlar.
Onun
tez-tez "Qardaşlar, atəş açmayın, bizik" əmri
ordunu əməlli-başlı çaşdırır.Manevr nəticəsində
tanklar kanala düşür, təyyarələr isə mövqelər
qarışdığından hədəfləri təyin edə bilmir.
Martın
10 və 11 davam edən döyüşdə 92 nəfər
Sovet əsgəri və üç nəfər
üsyançı öldürülür. Zirehli qatarda qələbə
xəbərini gözləyən Beriya Tiflisə 4 vaqon əsgər
meyiti ilə dönür. Qələbədən sonra
döyüş meydanı tərk edən Qaçaq İsaxan
qüvvələri Saqqızlı dağda toplamağa başlayır.
Bu proses Tiflislə Moskva
arasında düyün əmələ gətirir. Moskva
Zaqafqaziyanı ciddi tənqid edərək, yol verdiyi kobud səhvlərdən
nəticə çıxarmağa səsləyir.
Ardınca
isə Gürcüstanın rəhbəri Krinitski işdən
qovulur, Lominadze yeni başçı təyin edilir.
Yenə də
Beriya
Baş
verənlər QPU-nun rəhbəri olan Beriyanın vəziyyətini
daha da
ağırlaşdırır. Məğlubiyyətin ona
yüklənməsi və uğursuzluğun bir nömrəli
səbəbi kimi onun adının hallanması bu şəxsi pis duruma salır.
Taktikanı
dəyişən gürcü kəşfiyyatçısı
İsaxanla barışmaq üçün fəaliyyətə
keçir. Qarayazı ağsaqqallarının bir dəstəsini
görüşə çağırıb, onları
İsaxanla görüşə yollayır və bildirir ki,
Beriya barışıq elan edir. İsaxan isə Beriya ilə
danışıqlara mənfi cavab verir.
Amma Beriya
ruhdan düşmür. Az sonra ikinci dəfə cəhd edir.Bu
dəfə qrupa QPU rəislərindən biri Qeorqadze də əlavə
edilir. Silah-sursatın azaldığını nəzərə
alan İsaxan sülh danışıqlarına razılıq
verir.
1930-cu
ilin 20 martında Qarayazı meşəsində İsaxanın
rəhbərlik etdiyi üsyançılarla üç QPU rəisi:
Qeorqadze, Ciciquzi, Vartanyan ibarət şəxslərlə
danışıq başlanır. İsaxan 5 maddədən
ibarət şərt irəli sürür:
1. 6 ay ərzində
Qızıl Ordu qüvvələri olduğu ərazilərdən
çəkilir və əlavə olaraq yeni qüvvələr
gətirilmir;
2. 6 ay ərzində
üsyançılar silahlarını təhvil vermir;
3. 6 ay ərzində
üsyançılar ərzaqla təmin edilməlidir;
4. 6 ay ərzində heç bir sakin
heç bir səbəblə dövlət idarələrinə
çağırılmayacaq;
5. Şərtlərə əməl
edilərsə, 6 aydan sonra
üsyançılar təslim olacaq;
QPU rəisləri
şərtlərin ağır olduğunu deyərək,
24 saat möhlət alırlar
ki, Beriya ilə məsləhətləşsinlər. Vaxt tamam
olanda QPU rəsmiləri Beriyadan
salam gətirirlər ki, şərtlər qəbul edilib.
Üstəlik İsaxanı Beriyanın adından
onun ad gününə dəvət edirlər. İsaxan ad
gününü Tiflisdə yox, kəndi- Dəmirçi
-Hasanlıda keçirməyi təklif edir:
Üç
gün ərzində Qızıl Ordu kənddən
çıxır. Martın 25-də Caparidzenin
başçılq etdiyi
nümayəndə heyəti
kəndə daxil olur, sonra isə barışıq əldə
edilir.
Qurban Hacıbayramlı
yenə meydana çıxır
Kollektivləşmə
başlayan zaman sürgün edilmiş kulak Qurban
Hacıbayramlı sürgündən qayıdır və
üç respublikanın bütün narazı qüvvələrini
birləşdirən yığıncağın işə
başlaması üçün tədbir görür.
Aprelin
ortalarında 250 nəfərlik
şura yığınaq təşkil edilir və
şuranın sədri İsaxan seçilir.
Şurada
əsas Qurbanın verdiyi təklif müzakirə edilir. Qurban
kişi, toplu-tüfəngli, böyük bir dəstənin
yaradılmasını və daha peşəkar
döyüşkən qüvvəni
formalaşdırmağı təklif edir.
O qəti
döyüşə girməyin vacib olduğunu, əgər
plan baş tutmazsa qonşu ölkələrə keçib
mübarizəni davam etdirməyin tərəfdarı
olduğunu deyir. İlk dəfə olaraq burda Qurbanla İsaxan
arasında fikir ayrılığı yaranır.
Danışıqlar
tərəfdarı olan İsaxana Qurban kişi bildirir ki, onu
ilk fürsətdə məhv edərlər. Sülh müqaviləsindən
sonra İsaxanın başının altına yastıq
qoyduğunu güman edən Beriya iki ay sonra
Borçalının rus kəndlərinə ordu qüvvələri
toplamağa başlayır. Döyüş təhlükəsini
hiss edən İsaxan Loriyə çıxır və Qaraxaç
yaylağında yerləşir.
Beriya bu dəfə
də uduzduğunu anlayır. Artıq dağlarda
döyüşə girməyin daha acı məğlubiyyətə
səbəb olacağını bildiyi üçün yenə
də barışıq təklifi ilə
çıxış edir.
Rəsmi
qərarla Qaçaq İsaxan İsaxan Hacıbayramlı olaraq
banditizmlə mübarizə aparan milis qüvvələrinə
rəis təyin edilir. Müəyyən çətinlikləri
nəzərə alan İsaxan güzəştə getməyə
məcbur olur və milis rəisi
kimi fəaliyyətə başlayır.
Tezliklə, Başkeçid və Gümrüdən
hücum edən qırmızı qüvvələr
İlmızil kəndində üsyançıları
mühasirəyə salır. Vəziyyətdən xəbər
tutan İsaxan milis olmasına baxmayaraq, kiçik dəstə ilə
hücum edib, mühasirəni yarır.
Dövlətlə
vəziyyət çox kəskin xarakter alır. Qurbanın
başçlıq etdiyi bir dəstə məğlub
olacaqlarını anladıqları üçün Türkiyəyə
keçir.(Sonralar antosevet dərnəklərində
çıxış edən Qurban Hacıbayramlı
1973-cü ildə İzmitdə vəfat edir).
İsaxan
isə Borçalıda qalmaqda israr edir.
Üsyançıların
böyük ərazidə cəmləşməsi, pərakəndəliyi,
vahid rəhbərliyin mümkün olmaması hökumətə
qəti fürsət imkanı yaratdı.
MK 1930-cu
ilin 24 mayında cəzalarla bağlı yeni qərar qəbul
etdi və kulakların son nəfərədək güllələnməsi,
bağışlananların isə cəzalandırılması
haqda göstəriş verildi.
İsaxan
və yaxınlıqda yerləşən bütün qüvvələr
Qaraxaçı qərargah halına gətirdilər və
Türkiyədən Qurban kişini oraya köçməklə
bağlı təklifinə bir
neçə gün sonra cavab verəcəyini bildirdi.
QPU-nun
gizli qulağı: Oruc
İsaxanın
adamlarının arasında yerləşdirlmiş
Oruc adlı QPU agenti son planı Tiflisə çatdıra
bilir.
İsaxanın Qaraxaçı tərk etməsindən
sonra, üsyançılara Qızıl Ordu hücum edir və
məğlub olan üsyançılar dağılıb,
İrana, Türkiyəyə keçirlər.
Bu vaxt isə
Vorontsovkada işlərini görüb bitirən İsaxan iki
silahdaşı ilə Calaloğluna(İndiki Stepanavan)
keçir...Hər şey burda həll edilir.
Stepanavanda
tələ qurulur. Qaçağın son anları haqda Tiflis dəftərxanasının
işçisi Danieliyanın qeydinə baxaq:
"Məni
Calaloğlu mərkəzi milis şöbəsinə
çağırıb dedilər ki, Moskvadan gəlmiş
yüksək rütbəli bir məmur İsaxanın igidliyi
ilə şəxsən tanış olmaq istəyir.Mən
heç nədən şübhələnmədim və bunu
İsaxana çatdırdım.
Çünki
İsaxanı çoxdan tanıyırdım və o məndən
heç zaman şübhələnməzdi.
Təyin
olunan vaxtda,Moskvadan gələn adam, iki vəzifəli milis
işçisi və mən
kabinetdə İsaxanı gözləyirdik. Mən
artıq bilirdim ki, ona tələ
qurulub (?) və güllələyəcəklər.
Calaloğlu
milis və əsgərlərlə dolmuşdu.
Düşünürdüm ki,ona artıq heç bir kömək edə bilmərəm,
kaş ki, İsaxan buraya gəlməyə...
Amma o
sözə inanan və sözünü də tutan adam idi.
Ayaq səsləri
eşidildi, İsaxan daxil oldu. O cavan olsa da , şübhəsiz
ki, tələyə düşdüyünü tez
anladı.Amma geriyə yol qalmamışdı.
Çox
qətiyyətli görünürdü. Ona əyləşmək
təklifi etdilər. O əyləşdi, sağ ayağını sol
ayağının üzərinə aşırdı və
mauzerini dizinə tərəf sürüşdürdü.
Moskvadan gələn
adam ona müraciət etdi: "Sənin igidliyin haqqında
çox eşitmişəm. Ona görə gəldim ki, Ermənistanda
yeni bir vəzifəyə təyin edək, ver silahını,
başqasını al".
İsaxan:
"Nə olar? silahımı verirəm, amma mauzerin kəməri
mənə yadigardır, onu vermirəm".
Sakitcə
kəməri açmağa başladı.İsaxanın
aldandığını təxmin edən nümayəndələr
bir-birinə baxıb qımışdılar.
İsaxan
elə bu zaman mauzerini çıxartdı və "alın,
köpəyuşağı" deyib, üç dəfə
atəş açdı.İki milis rəisi o an, Moskvadan gələn
adam isə bir neçə saat sonra xəstəxanada can verdi.Mən
bu zaman stolun altına girmişdim. O məni dartıb
çıxartdı və yalvardım ki, məni
balalarının başına çevir. Dedi ki, səni
öldürməyəcəyəm, amma mən sənə bir
şey yadigar qoyacağam.
Yadındadır demişdin ki, İsaxan , sənə xain
çıxsam qollarım qurusun".
Bunu deyib
qollarımı güllələdi. Sonra cəld
özünü pəncərəyə vurdu, pəncərə
sındı. O an çevrilib mənə baxdı.
Şüşə gözünün altını
çapmışdı. Əli ilə gözünün
qanını silib, bayıra atıldı".
İsaxanın
sonrakı taleyi haqqında isə dəqiq məlumat yoxdur....
Beriya
İsaxanla apardığı mübarizənin qalibi oldu. Onun
bu "uğuru" Stalinin diqqətini cəlb etməyə
bilməzdi.
Tezliklə,
Beriya QPU şefi kimi Moskvaya dəvət aldı və artıq
1934-cü ildə NKVD-nin (Xalq Daxili İşlər
Komissarı-müəl.) yeni şefi Lavrenti Beriya idi. O bu mərtəbəyə
azərbaycanlıların tökülən qanlarını
tapdalayaraq gəlmişdi.
Dosye:
İsaxan Qarayazı rayonunun Dəmirçi-Hasanlı kəndində,
İsa Hacıbayramoğlunun ailəsində 1897-ci ildə doğulub.
1930-cu
ilin yayının sonunda 33
yaşından sonra məlumat almaq mümkün
olmayıb.
Ondan
sonra, doğulduğu kəndin 7 sakinini güllələyirlər
ki, gözləri qorxsun, ailəsi isə Qazaxıstana
sürgün edilsin.
Əziz
ƏLİBƏYLİ
525-ci qəzet.-
2015.- 15 yanvar.- S.8.