"Həyatda amalsız, məqsədsiz yaşamaq qeyri-mümkündür"
ƏFLATUN NEMƏTZADƏ: "YUBİLEYİMDƏ DƏ ÖZ TORPAĞIMA, VƏTƏNİMƏ TƏŞƏKKÜR ETDİM, ÇÜNKİ MƏNİ BU TORPAQ YETİŞDİRİB"
Bu il Azərbaycanın
Əməkdar incəsənət
xadimi, professor Əflatun
Nemətzadənin anadan
olmasının 70, yaradıcılıq
fəaliyyətinin 50 ili
tamam olur. Keçmiş sovetlər dövründə Azərbaycanda,
eləcə də Rusiyanın Sankt-Peterburq, Moskva, Özbəkistanın
Karşi, Qazaxıstanın
Almaata, Qırğızıstanın
Bişkek, Tatarıstanın
Kazan şəhərlərində
tamaşalar səhnələşdirən
həmyerlimiz Yəməndə
milli operanın qurucusudur. Rejissorluq sahəsində əldə
etdiyi nailiyyətlərlə
türk xalqlarının
mədəni irisinin inkişafına töhfələr
verib. Türkdilli
ölkələrin opera sənətçilərinin
iştirakı ilə
"Ağrı Dağı",
"Koroğlu", "Alpamış",
"Birjan və
Sara" kimi beynəlxalq
layihələrə imza
atıb. Hazırda Türkiyədə yaşayan soydaşımızla
bu günlərdə Bakıda görüşdük.
- Əflatun müəllim,
bu günlərdə yaradıcılığınızın 50 illiyi və 70 illik yubileyiniz TÜRKSOY tərəfindən təntənəli
şəkildə qeyd
olundu. 50 illik
fəaliyyət, sizcə,
bir göz qırpımında keçdi,
yoxsa uzun, keşməkeşli bir yol oldu?
- Yubileyimin TÜRKSOY tərəfindən
qeyd olunması çoxillik fəaliyyətimə
verilən qiymət olaraq mənim üçün çox sevindirici hadisə idi. Həmin tədbirdə
Azərbaycan və Türkiyənin dövlət
rəsmiləri, türkdilli
ölkələrin elm və
mədəniyyət xadimləri,
Ankaradakı diplomatik korpusun təmsilçiləri,
sənətsevərlər və
müxtəlif Dərnək
və Vəqflərinin
üzvləri
iştirak edirdi.
Mərasimdə Türkiyə parlamentinin
sədri Cəmil Çiçək, Ankara valisi
Mehmet Qılınclar və Azərbaycanın mədəniyyət və
turizm naziri Əbülfəs Qarayevin təbrik məktubları oxundu. Mən bu təbriklərdən
çox təsirləndim.
Tədbirdə türkdilli ölkələrin
mədəniyyət və
incəsənət xadimləri
tərəfindən geniş
konsert proqramı təqdim olundu, dahi bəstəkarımız
Üzeyir Hacıbəylinin,
görkəmli qazax bəstəkarı Mukan Tölebayevin əsərlərindən
nümunələr səsləndi.
Mənim üçün
önəmli hadisələrdən
biri də Türk Dünyasına Yüksək Xidmətlərim
üçün "Üstün
Qızıl Medal"ına
layiq görülməm
və eyni zamanda Türk Dünyasındaki səmərəli
fəaliyyətimə görə
TÜRKSOY-un 20-ci İli yubiley
medalı ilə təltif edilməyim oldu. Yubiley tədbirinin sonunda
mənə söz verildi. Bir anlıq düşündüm
ki, bu 50 il nə
tez keçdi. Deməli, insan öz yolunu
əvvəlcədən müəyyən
edirsə, özünü
orada tapırsa və o yola doğru gedirsə, etdikləri ona sadəcə xoşbəxtlik
verir. Həyatda amalsız, məqsədsiz
yaşamaq qeyri-mümkündür.
- Necə oldu ki, məhz incəsənət
sahəsini seçdiniz?
Sizi bu sahəyə gətirən, sevdirən hansı amillər idi?
- Əslən Cənubi
Azərbaycandan, Ərdəbil
şəhərindənik. Babam Mirzə
Mütəllim həkim
olub və Lənkəran xanının
ailəsini müalicə
etmək üçün
oraya dəvət olunub. Sonra da xan ona təklif edib ki, orada
yaşasın və beləliklə, ailə burada qalır. Bizim nəslimizin əksəriyyəti
həkimdir. Mən isə
artıq orta məktəbin 7-ci sinfində
oxuyarkən həvəskar
aktyor kimi səhnəyə çıxmışdım.
Məncə, sənət böyük
bir çaya bənzəyir. Bəzən insana
elə gəlir ki, bu böyük
çay ağır, sakit axır. Lakin bu belə deyil,
əslində kənardan
görünən sakitliyin
içərisində dalğalar
bir-birinə dəyir.
Orta məktəbi bitirib Sumqayıtda tornaçı
işlədim, sonra Bakıda Teatr İnstitutunun Musiqili Komediya fakültəsinə
daxil oldum. Adil İsgəndərov və
Sultan Dadaşov məndən
imtahan götürdü.
Artıq üçüncü kursda
Musiqili Komediya Teatrında aktyor kimi işləməyə
başladım. Müxtəlif rollar ifa edirdim.
Sonra Bəşir Səfəroğlu məni sevdi və özünə dublyor seçdi. O, xəstələnəndə mən "Milyonçunun dilənçi oğlu"nda polis rəisi rolunu oynayırdım. Hətta vaxt tapıb məqalələr, hekayələr də yazırdım. Sonra həyat elə gətirdi ki, tanınmış teatrşünas Cəfər Cəfərov məni özünə aspirant götürdü. Turan Cavid isə məni Teatr Muzeyinə işə dəvət etdi. İki il muzeydə işlədim, amma gördüm ki, səhnə məni özünə çəkir. Sonra Sankt-Peterburq Konservatoriyanın Rejissorluq fakültəsinə daxil oldum. Beləliklə, o çay məni qoynuna alıb apardı.
O zaman iqtisadi çətinliklərim də var idi və peşə məktəblərindən birində özfəaliyyət dərnəyinin rəhbəri oldum. Sonra Popov adına "Yer altı Geni" Harbi Məktəbində Özfəaliyyət Kollektivin rəhbəri işlədim. Üçüncü kursda artıq Mariinski Teatrında rejissor assistenti kimi çalışırdım. Konservatoriyadan sonra məni Sverdlovsk (indiki Yekaterinburq) şəhərinə təyinatla rejissor göndərdilər. Orada işlədiyim müddətdə "Karmen" operasını hazırladım. Sonra məktub gəldi ki, Heydər Əliyevin təlimatı ilə sizi Azərbaycana işə çağırırıq və mən də gəldim. O vaxt mədəniyyət naziri Zakir Bağırov idi. Mənə üç tamaşa təklif etdilər.
Onların içərisində məni ən çox cəlb edən Aleksandr Borodinin "Knyaz İqor" operası oldu. Bu bəxtsiz operadır, çünki proloqunu itiriblər və finalı da yoxdur. Sankt-Peterburq Konservatoriyasının kitabxanasında Borodinin əl yazısını tapdım. Tamaşanın ikinci hissəsində türklərin gücü göstərilir və bu, rusların xoşuna gəlmədiyinə görə heç bir Sovet opera teatrlarında göstərilmirdi. Böyük Teatrın direktoru Luşin və baş rejissoru, müəllimim Boris Pokrovski, Druskin, Keldış, A. N. Soxar, Sergeyev, A. N. Dmitriyev məni dəstəklədilər və Qara Qarayevə məktub yazdılar. Sonra Qarayev məni Konservatoriyadakı otağına dəvət etdi və ona hər şeyi ətraflı anlatdım. Q.Qarayev mənə dedi ki, SSRİ-də "Knyaz İqor"u ilk bəstəkarın yazdığı orijinal formasını ilk dəfə sən tamaşaya qoyursan və sənə kömək edəcəyəm. Beləliklə, Rauf Abdullayevlə birlikdə əsəri səhnəyə qoyduq.
- Sonradan fəaliyyətinizi Moskvada Böyük Teatrda davam etdirdiniz. Bunun ardınca isə Yəməndə milli teatr qurmaq kimi çətin bir missiya da sizin öhdənizə verildi. O günləri necə xatırlayırsınız?
- Bir işlə əlaqədar Moskvaya getmişdim və o zaman gördüm ki, Böyük Teatrda müsabiqə elan olunub. On dörd namizəd vardı, buna baxmayaraq, mən müsabiqədən keçdim və işimi orada davam etdirdim. Hətta Böyük Teatrda "Sevil" operasını qısaldaraq bir pərdədə tamaşaya qoymama icazə verdilər və Fikrət Əmirovu da dəvət etdim. Bir gün işə gələndə mənə dedilər ki, Heydər Əliyev səni dövlət lojasında gözləyir.
O, teatrın proqramına baxıb, adım diqqətini cəlb edib və çağırıb. Gördüm ki, ulu öndər SSRİ-nin mədəniyyət naziri Demiçovla əyləşib. Heydər Əliyev mənə dedi ki, səni Sverdlovskdan Bakıya çağırdıq və iş, ev verdik, bəs nə üçün qalmadın. Cavabımda dedim ki, Böyük Teatra müsabiqə yolu ilə daxil olmuşam, burada işləmək səadətdir. Böyük arzum idi. Ulu Öndər buna çox sevindi.... Sonra Bolşoy Operasından məni Yəmənə göndərdilər. Orada milli teatr qurmalı idim. Hər gün "Məşədi İbad"dan hissələri məşq edir, pianonu isə çırtma vurmaqla əvəz edirdik. Önəmli olan bu idi ki, Yəmənin paytaxtı Ədəndə milli teatrı 1982-ci il martın 28-də Üzeyir bəyin əsəri ilə açdıq. Orada "Otello" daxil olmaqla 20-yə yaxın əsəri tamaşaya qoydum. Yəməndən sonra yenidən Böyük Teatra və sonra da Bakıya gəldik. Bakıda isə "Leyli və Məcnun", "Aşıq Qərib", "Şah İsmayıl" və s. operaları tamaşaya qoydum.
- Əflatun müəllim, yaradıcılığınızda Türkiyə dövrü xüsusi bir yer tutur. Türkiyədə beynəlxalq səhnə layihələriniz oldu. Bu necə baş verdi?
- İndiki kimi yadımdadır. Bir gün məni təcili nazirliyə çağırdılar. Türkiyənin mədəniyyət turizm naziri Namik Kamal Zeybək Bakıya gəlmişdi. O, 1990-cı ilin noyabr ayında "Şah İsmayıl" operasına baxandan sonra məni Türkiyəyə dəvət etdi (1991). Əvvəlcə Süleyman Ələsgərovun "Milyonçunun dilənçi oğlu" əsərini Ankarada səhnəyə qoydum. Oradan döndükdə Türkiyənin o zaman yeni təyin olunmuş mədəniyyət və turizm naziri Fikri Sağlar mənə dedi ki, Mersində də opera teatrı qurum. Məni oraya baş rejissor təyin etdilər. Teatra əvvəlcə Nazim Rzayevi, sonra isə Firəngiz Əlizadəni dəvət də etdim və məşqlərə başladıq. Mersin Dövlət Opera və Balet Teatrı mənim təklifimlə "Arşın mal alan"ın tamaşası ilə açıldı. Balet səhnəsi isə Firəngiz Əlizadənin yazdığı "Boş Beşik" baleti təqdim olundu. Orada bir çox əsərləri səhnəyə qoydum. 1995-ci ildə türk teatrının korifeyi Prof. Cüneyt Gökçər Mersində bizə qonaq gəldi və dedi ki, İhsan Doğramacı səni Bilkent Universitetinə dəvət edir. Ankaraya gəldik, Bilkənd Universitetində ilk dəfə iki "Teatr rejissoru" və "Opera rejissoru" bölümlərini və Bilkənt teatrını qurdum, tamaşalar səhnələşdirdim. 2003-cü ildə isə məni Qazi Universitetinə Konservatoriya qurmağa dəvət etdilər. 2006-cı ildə Ankarada mənim librettom əsasında "Dodaqdan qəlbə" operası tamaşaya qoyuldu. Bütün bunlarla yanaşı elmi fəaliyyətimi də davam etdirirdim: 2000-ci ildə dosent və 2006-cı ildə isə professor elmi dərəcələrini qazandım.
- Türkdilli ölkələrin sənətçilərini ilk dəfə bir araya siz gətirərək beynəlxalq mədəniyyət layihəsinə imza atmısınız. Bu barədə nə deyə bilərsiniz?
- İlk beynəlxalq layihəm Çətin İşıközüllünün "Ağrı Dağı" (1999) digər adı da və "Gülbahar” (2000) operaları oldu. Hər iki operaları Ağrıdakı İsak Paşa Sarayın içərisində tamaşaya qoydum. Bakıdan Azərbaycan Dövlət Xor Kapellasını, Azərbaycan Dövlət Rəqs Ansamblının rəhbəri Afaq Məlikovanı dəvət etdim. O zaman Düsen Kaseinov Qazaxıstanın mədəniyyət naziri idi və mən onunla telefonla danışır, sənətçi istəyirdim. O da göndərirdi. Tamaşaya Özbəkistandan da sənətçi çağırdım. Beləliklə, 6 türkdilli dövlətin və ayrıca Tatarıstan və Başgurdistan sənətkarlarından ibarət opera tamaşasını təşkil etdim. "Koroğlu" layihəsini Bilkent Universitetində başladım. Layihə Anıtqəbir yanında bir meydanda olacaqdı. Amma onu həyata keçirə bilmədik. Sonra iş elə gətirdi ki, TÜRKSOY-un Baş Katibi Düsen Kaseinovla tanış oldum və layihəni ona göstərdim. O da dedi ki, bu bizim layihədir, lakin maddi imkanımız yoxdur. İndiki xarici işlər naziri Mövlud Çavuşoğlu mənə kömək etdi. Rauf Abdullayevlə birlikdə 45 gün Bişkekdə tamaşanı məşq etdik.
Beləliklə, 2009-cu ildə Bişkekdə 2 tamaşa, Almatıda və Ankarada isə 1 tamaşa göstərdik. Üzeyir Hacıbəylinin doğum günü - 18 sentyabrda "Koroğlu" tamaşasını Bakıda göstərdik. Bu, TÜRKSOY-un birinci beynəlxalq layihəsi idi. İkinci layihə təklifi Türkiyənin keçmiş mədəniyyət və turizm naziri Ərtoğrul Günaydan gəldi. O bildirdi ki, Birinci İstanbul Dünya Opera Festivalının finalı üçün "Koroğlu" tamaşasını hazırlayın. Bu ikinci Beynəlxalq Layihəni Astana Opera Teatrında Başqırdıstan, Tatarıstan, Qazaxıstan, Qırğızıstan və Azərbaycandan gələn sənətkarlarla məşqlərə başladım. Astanadan həmin kollektivlə birlikdə İstanbula gəldik. 4 ölkənin mədəniyyət nazirləri səhnəyə çıxdı, 6 min tamaşaçı bizi ayaq üstə qarşıladı. Bunun ardınca 2011-ci ildə Parisdə göstəriləcək "Novruz Şöləni" tamaşası üçün eyniadlı ssenari hazırladım. Bütün türk dövlətlərindən 169 nəfər sənətçi topladıq və Ankarada məşqlərə başladım. 28 mart 2011-ci ildə tamaşanı UNESCO səhnəsində göstərdik. Sonra "Novruz Şöləni"u Strasburqa apardıq.
- Sizin TÜRKSOY-la birgə fəaliyyətinizə eyni zamanda "Alpamış", "Birjan və Sara" kimi operalar da daxildir...
- Düsen Kaseinov TÜRKSOY-un rəhbərliyinə gələndən sonra qurum çox dinamik işləyir. Onun təklifi ilə Erkəgəldi Raxmadiyevin "Alpamış" operasını, sonra isə Mukan Tölebayevin 100 illik yubileyində "Birjan və Sara" operasını tamaşaya qoydum. Operanı Samsun Dövlət Operasında səhnəyə qoydum və bu tamaşanın finalında hər kəs ağlayırdı. "Birjan və Sara" da "Koroğlu" qədər bəyənildi. Tamaşanı 4 böyük şəhərdə beynəlxalq festivala dəvət etdilər.
Bütün bunlarla yanaşı, bu illərdə kitablarımı yazmaqda da davam etdim. Bu günə qədər 18 kitabım nəşr olunub. Hazırda Prezident İlham Əliyevə həsr etdiyim "Siyasət səmasında parlayan ulduz" adlı kitabım nəşr olunmaq üzrədir. İkinci "Zirvələrdən Zirvələrə" kitabım da çap olunur. Eyni zamanda Ankara vilayət qəzetində məqalələrlə çıxış edirəm. Ümumiyyətlə, mən yazmasam yaşaya bilmərəm. Bu günə qədər yazdığım min yüz səksən doqquz məqalələrdə bütün sahələri əhatə etmişəm. Təkcə Qarabağla bağlı 300 səhifə material yazmışam. Harada yaşamağımdan asılı olmayaraq, qəlbim hər zaman Azərbaycanla döyünür. Yubileyimdə də öz torpağıma, öz vətənimə təşəkkür etdim, çünki məni bu torpaq yetişdirib.
Mehparə
SOLTANOVA
525-ci qəzet.- 2015.- 15 yanvar.- S.7.