"Muğama xalqımızın misilsiz sərvəti, müqəddəs nemətimiz kimi yanaşıram"

 

XALQ ARTİSTİ MÖHLƏT MÜSLÜMOV: "AZƏRBAYCANDA MUĞAMA, TAR İFAÇILIĞINA OLAN YÜKSƏK DİQQƏT BU SƏNƏTİN İNKİŞAFINA GENİŞ YOL AÇIR"

 

 

Ustad tarzən, Xalq artisti, Milli Konservatoriyanın professoru Ə.Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblının bədii rəhbəri Möhlət Müslümovla həmsöhbət olacağımı düşünəndə, doğrusu, tərəddüdə qapıldım. Tərəddüdümün əsas səbəbi isə böyük yaradıcılıq yolu keçmiş, neçə-neçə böyük səhnələrdə uğurla çıxış etmiş, görkəmli insanlarla ünsiyyətdə olmuş dəyərli sənətkarımızla görüş söhbətin məsuliyyəti idi. Çox həyəcanlı idim. Amma görüşdükdən sonra elə ilk anlardanca yanıldığımı anladım. Düşündüyümdən fərqli olaraq, çox səmimi təvazökar bir şəxsiyyət dayanmışdı qarşımda. Bir sözlə, Möhlət müəllim əsl insana, gerçək peşəkara xas olan davranış nümayiş etdirdi.

 

Möhlət Müslümov ilk növbədə öz sənətinə olan sonsuz sevgisini çox həvəslə bölüşdü. Dəyərli sənətkarımız üçün musiqi çox geniş məna kəsb edir: "Musiqi mənim üçün hər şeydir - kimliyim, keçmişim, torpağım, vətənim... Öz-özlüyümdə, əsl musiqini duyan insanı digər insanlardan ayırıram. Çünki musiqidə olan təsir başqa heç nədə yoxdur. Tar ifaçılığı sənətində Qurban Pirimov, Əhmədxan Bakıxanov, Bəhram Mansurov, Həbib Bayramov, Hacı Məmmədov, Əhsən Dadaşov, Əliağa Quliyev, Məmmədağa Muradov, həmçinin başqa böyük sənətkarlarımız olub, biz onlardan öyrənmişik bu sənəti. Bu insanlar öz dövrlərinin ən böyük tarzənləri olublar. Mən tar ifaçısı olduğumu bildirmədən gedib onlara qulaq asardım. Bu sənəti onlardan baxıb öyrənmişəm. Onların ifalarını sevə-sevə dinləməsəydim, tarzən ola bilməzdim".

 

Sənət adamları ilə söhbətləşərkən məni həmişə onların Azərbaycan musiqisinin hazırkı durumuna olan münasibətləri maraqlandırıb. Bu dəfə belə oldu, düşündüm ki, görəsən, Möhlət müəllimi qane edirmi Azərbaycan musiqi sənətinin bugünkü mənzərəsi? Cavabı belə oldu: "Səhnəmizin hazırkı durumu məni əksərən qane edir, bəzən isə narazı qalıram. O barədə qane edir ki, keçmişdə bizdən böyük sənətkarların görmədikləri münasibəti, qayğını biz görürük. Mədəniyyətimiz bütün dünyada dövlət tərəfindən yüksək səviyyədə tanıdılır. Muğamın, tarın YUNESKO-nun İrs Siyahısına qəbul edilməsi, Azərbaycanda bu sənətə olan yüksək səviyyəli diqqət bu sahənin inkişafına geniş yol açır. Amma bununla yanaşı, televiziyada bayağı mahnıların, küçə musiqilərinin verilməsi, səsi sənəti olmayan ifaçıların tez-tez təqdim olunması şəxsən məni bir sənətkar kimi çox narahat edir. Əslində bu da bir dövrdür, bir müddət çəkəcək, bu mənfi hallar yox olub gedəcək. Amma unutmaq olmaz ki, gənclərin, uşaqların tərbiyəsinə musiqi çox böyük təsir edir, onların zövqünü formalaşdırır. Necə ki, dövlətimiz sənətimizi, mədəniyyətimizi yüksək səviyyədə təbliğ edir, eləcə televiziya, mətbuat öz öhdəsinə düşən işi görməli, onu düzgün işıqlandırmalıdır. Musiqimizin təbliğində əsas rolu məhz televiziya radio kanalları oynayır. Onların bu sahədəki fəaliyyətinin səviyyəli qurulması çox vacibdir".

 

Sənətkarımız 20 ildir ki, Əhmədxan Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblna rəhbərlik edir. Ə.Bakıxanov və Həbib Bayramovdan sonra bu ansambla məhz Möhlət Müslümovun rəhbər olması kollektivin sonrakı uğurlarını təmin edən əsas faktorlardandır. Sənətdə olduğu bu illər ərzində Möhlət Müslümov həm solist, həm də müşayiətçi kimi böyük müvəffəqiyyətlə çıxış edib: "Həm solo, həm də müşayiət ifası mənə doğmadır, amma hər birinin də öz çətinliyi var. Müqayisədə götürəndə müşayiəti daha çətin ifa hesab edirəm. Solo ifa edərkən sən yalnız özünə cavabdehsən. Müşayiət edəndə isə tar aparıcı alət olduğu üçün həm xanəndəyə, həm də kamançaya cavabdeh olmalıdır". Şövkət Ələkbərova, Tükəzban İsmayılova, Hacıbaba Hüseynov, Əbülfət Əliyev, Yaqub Məmmədov, Səxavət Məmmədov kimi böyük xanəndələri müşayiət etdiyini deyən Möhlət Müslümovun bu barədə gözəl təəssüratları, unudulmaz xatirələri var.

 

Qastrol səfərlərindən danışmasını rica edəndə sənətkarımız çox böyük həvəslə o zamanlara qayıtdı, sanki yenidən həmin ölkələrə səfər etdi: "40-dan çox ölkədə qastrol səfərlərində olmuşam. Elə ölkələr var ki, oraya 10-15 dəfə getmişəm. Bu ölkələrin çoxunda 20-dən artıq diskimiz buraxılıb, radioların qızıl fondunda lent yazılarım var. Bundan əlavə, beynəlxalq müsabiqələrdə də çox iştirak etmişəm". Milli musiqimizə, muğamımıza əcnəbilərin münasibətindən danışarkən M.Müslümov hər zaman o anları heyrətlə xatırladığını bildirdi: "Vaxtilə elə səfər konsertləri vermişik ki, zalda minlərlə adam olub, hamısı da başqa millətlər. Onlar bizim musiqiləri böyük heyranlıqla dinləyiblər. Bizim elə musiqimiz var ki, fransız da, amerikan da onu eşidəndə təsirlənir, musiqimizin ahənginə düşür. Dəfələrlə bunun şahidi olmuşam və heyrətə gəlmişəm. Bu səbəbdən, mən muğam sənətinə xalqımızın misilsiz sərvəti, müqəddəs nemətimiz kimi yanaşıram. Zənnimcə, hər bir azərbaycanlının, musiqisevərin muğama münasibəti belə olmalıdır".

 

Gənc ifaçıların bu sənətə olan marağı bir sənətkar kimi Möhlət Müslümovu sevindirir: "Davamçılarımın tar sənətinə olan münasibətindən çox razıyam. Bir neçə tələbəm əməkdar artistdir. Bəziləri də var ki, artıq o ada layiqdirlər. Təvazökarlıqdan çıxsa da, deyim ki, hələ 25 yaşım olanda görürdüm, bir çox yeni ifaçılarda mənim çalğımdan nələrsə var. İllər keçdikcə onların sayının daha da artdığını gördüm. Müəllim kimi fəaliyyət göstərdikdən sonra isə bu sənətə başlayan gənclərin məndən dərs almaq istəmələrinə çox sevinmişəm. Hardasa 20 il müddətində bir çox güclü ifaçılar yetişdirdim, indi də bu işi davam etdirirəm. Bütün bunlar məndə bir sənətkar kimi qürur hissi yaradır". Yeri gəlmişkən, görkəmli tarzənimizin oğlu Rüstəm Müslümov da onun yolunu davam etdirir. Möhlət müəllim oğluna ata olmaqla yanaşı, həm də tələbkar ustaddır:

 

"Həmişə tələbələrimə məsləhət görürəm ki, gecə-gündüz yorulmadan çalışsınlar, məşq etsinlər. Onlara xüsusən də xalqımızı, milli musiqimizi sevməyi tövsiyə edirəm. Çox qədirbilən xalqımız var, bəlkə dünyada yeganə xalqdır ki, bəzən özü çətinliyə düşsə də, yenə də sənətkarını qoruyur, onu yaşadır. Gərək gənc ifaçılarımız bunu heç vaxt unutmasınlar". Möhlət müəllimdən onun illərdən bəri sadiq dost kimi sevdiyi tarının hər zaman sinəsində olması, sənətinin isə heç zaman unudulmaması diləyi ilə ayrılıram. Fikirlərim böyük şairimiz Mikayıl Müşfiqin bu misralarının ahənginə köklənir:

 

Oxu, tar, oxu, tar!

 

Səsindən ən lətif şeirlər dinləyim.

 

Oxu, tar, bir qadar!

 

Nəğməni su kimi,

 

alışan ruhuma çiləyim.

 

Oxu, tar! Səni kim unudar?!...

 

Nigar SƏMƏDLİ

525-ci qəzet.- 2015.- 15 yanvar.- S.6.