Məzunların birisi
- xırdası yox, irisi
Yalçın Əlizadə - 75
Bakı
Dövlət Universitetinin
jurnalist ixtisası üzrə birinci kursunda təhsil alanda bizim əslində,
şərti mənada
da olsa və
əgər belə demək mümkünsə,
iki qism müəllimimiz
vardı:
bir ənənəvi
alim, peşəkar müəllimlərimiz, yəni,
ixtisası sevdirən,
onun incəliklərini
təlqin edənlər,
bir də üçüncü kurs
tələbələri. Bəli,
sizə təəccüblü
görünməsin , biz elə onlara da qibtə,
hörmət və ehtiram hissi ilə
yanaşır, hər
birini, az qala, müəllim kimi görürdük. Bu da səbəbsiz
deyildi. Çünki tələbə ola-ola səsləri televiziya və radiodan, müxtəlif mətbuat orqanlarından gəlirdi.
Müəllimlərimiz də elə bir ucdan onları
tərifləyir, inamla,
iftixarla bu kursun çox böyük gələcəyi
olmasından danışırdılar. Sözün düzü,
hərdən qəlbimizdə
müəyyən qədər
narazılıq, qısqanclıq
hissi də oyanırdı. Düşünürdük
ki, əşi, hələ bir səbr edin, imkan verin, kim bilir, bəlkə biz də onlar kimi hətta,
onlardan da yaxşı olacağıq.
Ancaq aylar, illər ötdükcə özümüz
də hiss etdik ki, ustadlarımızın
sözü həqiqət,
bizimki isə xam xəyal imiş. Çünki elə onların
dedikləri kimi də oldu. Belə ki, təhsil illərini başa vurduqdan sonra da çox böyük
nailiyyətlərə imza
atdılar. Başqa sözlə
demiş olsam, özlərindən əvvəl
və özlərindən
sonra heç kimə müyəssər
olmayan vəzifə və şöhrətə
çatdılar.
Sübutmu istəyirsiniz? Nə olar, 1962 -ci il məzunlarının
bəzilərinin iş
ünvanlarını birər
- birər sayım, siz də feyziyab
olun. Mərhum Rafiq Zeynalov Azərbaycanın o zamankı
Kommunist Partiyası Mərkəzi Komitəsinin
katibi vəzifəsinə
qədər ucaldı,
sonralar bir müddət AzərTac-a rəhbərlik elədi. Namiq Abbasov xeyli müddət Azərbaycanın
Milli Təhlükəsizlik
Nazirliyinə rəhbərlik
etdi, general polkovnik kimi yüksək rütbəyə çatdı,
sonralar Özbəkistanda
Azərbaycanın fövqəladə
və səlahiyyətli
səfiri oldu. Həmçinin Əlövsət Bəşirov da həmin nazirliyin polkovniki idi. Onların hər biri təkcə vəzifələri, rütbələri
ilə deyil, iş başında olanda da sadəlik
və səmimiyyəti,
humanizmi, xoş rəftarı ilə seçilib.
Eyni sözləri müəyyən
mənada Mailə Muradxanlı, Dilarə Vəkilova, Ələkbər
Abbasov, Aydın Əliyev, İlyas Adıgözəlov və
bir çox başqaları haqqında
da söyləmək olar. Ümumiyyətlə,
kollektivçilik ruhu , ünsiyyət,
mehribançılıq bu
kursda çox güclü olub . Demək olar ki, hər il tez-tez görüşür, buraxılışlarının,
ad günlərinin yubileylərini
keçirirlər. Belə tədbirlərin
birində söylədiyim
sağlıq yaxşı
yadımdadır. Demişdim bu
keçmiş kurs elə yaddaqalan məzunlardandır ki, hətta, birisinin qaynanasının dişi ağrıyanda da xəbərdar olur, toplaşıb, nə yollasa kömək etmək istəyirlər.
Həmin kursun ən tanınmışlarından birisi
də filologiya elmləri namizədi,
professor Yalçın Əlizadədir. O, bir müddət Dövlət
Televiziya və Radio Verilişləri Komitəsində
işləyəndən sonra
taleyini həmişəlik
universitetlə bağlayıb.
Əvvəllər müxtəlif ictimai
işlərdə çalışıb,
sonralar 1999-2012-ci illərdə
televiziya və radio kafedrasına başçılıq
edib, fakültənin dekanı olub, işi təfərrüatına
qədər öyrənmək
həvəsi, zəhmətsevərliyi,
fədakarlığı ilə
seçilib. Burada
sonuncu ifadənin şərhinə xüsusilə
ehtiyac duyulur.
Yəni demək istəyirəm ki, özündən əvvəlkilər kimi o da bütün enerjisini, fəaliyyətini
ancaq dekanlığın
işlərinə sərf
etdiyindən elə namizəd olaraq qalıb - doktorluq işini yazıb tamamlamağa, müdafiə
etməyə əsla vaxtı qalmayıb. Ancaq xüsusən həmin illərdə fərqli xüsusiyyəti də olub: bir qədər
hövsələsizliyi. Müxtəlif sahələrdə yol verilən, üzə çıxan ayrı -ayrı qüsurlara dərhal hirslənib, əsəbiləşib. Bunu
nəzərdə tutaraq
bir dəfə əhvalının yaxşı
vaxtında ona demişəm:
-Elmi Şurada xahiş edəcəyəm
ki, dekanın
hökmən papiros çəkməsi barəsində
qərar çıxarsınlar.
Soruşub niyə? Demişəm ki, rəhmətlik
Tofiq Rüstəmovun dekan olduğu vaxtlarda da arabir
müəyyən qüsurlara
yol verilirdi. Ancaq o, bundan bərk qəzəblənib, əsəbiləşməzdi.
Dərhal damağına bir
papiros alıb nöqsanın baş vermə səbəbləri,
onun necə aradan qaldırılması
yolları barəsində
fikirləşib, tapşırıq
və tövsiyələrini
verərdi. Sənin isə
qüsurun ortaya çıxması ilə
əsəbiləşməyin bir olur. Halbuki hər işin, bir qayda olaraq,
çay kimi rəvan axıb getməsi ağlasığmazdır. Əgər hamı öz üzərinə düşən
işi bütünlüklə,
vaxtlı - vaxtında,
ən yüksək səviyyədə görsə
o zaman bəlkə heç dekana da ehtiyac olmazdı.
Sonra keçmiş
müəllimimiz, akademik
Ağamusa Axundovu xatırlatmışam. Demişəm ki, biz dərsə hazırlıqsız gələndə
də əsəbiləşməz,
səhvimizi səbr və təmkinlə bizə başa salar, müxtəlif yollarla yaxşı oxumağa həvəsləndirərdi.
Yarıkönül də olsa mənimlə
razılaşdı. Ancaq bu razılaşmanın ömrü
elə növbəti qüsurun aşkara çıxmasına qədər
oldu və bir mərəkə qopardı ki, gəl görəsən.
Halbuki belə bir əsəbilik bizdən daha artıq özünə ziyan idi və
mən bunu nəzərə alaraq demişdim:
- Sənin təəssüf
hissin elə vəzifədən getdiyin
ilk gündən başlayacaq.
Bilirsən niyə? Fikirləşəcəksən ki, çiynimdən
ağır yük götürən bu işi axı niyə çoxdan görməmişəm.
Yəqin ki, elə mən
deyən kimi oldu. Ancaq təəssüf
ki, ailədəki itki bu sevinci
lazımınca dadmağa
imkan vermədi ...
Yalçın müəllimin işgüzarlığı,
fədakarlığı nəzərdən
qaçmayıb, Fəxri
fərmanlarla, mükafatlarla
dəfələrlə yüksək
qiymətləndirilib. Ən yaxşı
keyfiyyətlərdən biri
odur ki, tələbkarlığı ilk növbədə məhz özündən başlayır.
Xeyirxahlığına, yoldaşlığına
da söz ola bilməz.
Köməyə ehtiyacımız
olan vaxtlarda sinəsini qabağa verib bizim üçün
vacib olan məsələ ilə öz şəxsi işi kimi məşğul
olmasını da az görməmişik.
Xüsusən elə mən
özüm.
Bir sözlə,
əgər belə demək mümkünsə,
son dərəcə kübar
təbiətli adamdır. Həm də
çox vüqarlıdır.
Ömründə bir kimsənin
qabağında, zərrə
qədər də olsun kiçilməyi əsla şəninə sığışdırmaz. Bunu hərəkət və rəftarında çox hiss etmiş, hətta, bir dəfə əyani şəkildə şahidi
olmuşam. Qabaqlar - yayın isti
günlərində arabir
sakit guşəyə
çəkilib yanğımızı
yatırmaq üçün
bir bakal pivə içməyimiz olardı. Yenə həmin günlərdə
və həmin təkliflə ona müraciət etdim. Qətiyyətlə etiraz edib dedi:
- Əslində indi
səndən bərk susuzlamışam, səfərdə
olmasaydım, təklifinə
məmnuniyyətlə əməl
edərdim. Ancaq maşınla Bilgəhə
- bağa gedəcəm.
Avtomobil müfəttişindən niyə
gözükölgəli olmalıyam?
- Bəlkə heç saxlamayacaq səni.
- Ola bilər. Ancaq bəlkə saxladı?
Ya da sənin dediyin
kimi, heç saxlamadı. Ancaq bununla iş düzəlir məgər?
Axı yol boyu nigarançılıq
məni üzüb əldən salacaq. Bax, bunu istəmirəm, istəyə də bilmərəm. Çünki ürək gərək sinədə həmişə
sakit döyünə.
Bəli, məhz ürəyinin sinəsində həmişə
sakit döyünməsi,
narahatçılıq, nigarançılıq
yaratmaması üçün
vəzifədə olanda
da işini həmişə ehtiyatlı
tutub, bir kimsədən diliqısalığı,
gözükölgəliliyi olmayıb.
Ümumiyyətlə, Yalçın Əlizadənin
işgüzarlığından, yüksək mənəvi
keyfiyyətlərindən çox
danışmaq olar. Onlardan ən
mühümlərindən biri,
zənnimcə, böyük
- kiçiyin yerini bilməsi və gözləməsi, hər
kəsə məhz layiqli qiymətini vermək bacarığıdır.
Onun bu hərəkəti öyrənmək istəyənlər
üçün çox
gözəl örnək,
yaxşı nümunədir
və inanırıq ki, uzun illər
boyu nümunə olacaq.
Mahmud Mahmudov
Bakı Dövlət
Universiteti Jurnalistikanın nəzəriyyə
və təcrübəsi kafedrasının dosenti
525-ci qəzet.-
2015.- 16 yanvar.- S.8.