Mənim Məzahir Avşar
sərgim
Azərbaycanın görkəmli sənətkarı
Məzahir Avşar mübarək qədəmlərilə
60-ına daxil oldu. O, sənət
zirvələrini də,
insan qəlblərini də fəth edənlərdəndir. Bu yaşındakı fütuhatı
artıq geniş bir mənəviyyat ərazisini tutub. On il əvvəlki
yazım da, elə bilirəm, bu əraziyə işıq tutur ki, indiki nəsil
onu daha yaxından tanısın...
Əziz
Məzahir bəy! Mübarək 50 yaşına qədəm
qoyduğun bu gündə yaxından bələd olduğum bütün yaradıcılığın,
sənət uğurların
və ən başlıcası da böyük şəxsiyyətinin
orijinal cizgiləri bircə anın içinə sığışıb
ürəyimdə sərgilənir.
Sən indi məsafə baxımından bir az aralıda,
türklüyümüzün Mövlanı Rumi ərazisi Konyadasan. Və Səni oradan mənim öz içimdə öz zövqümə uyğun
tərtibat verib sahmanladığım sərginin
seyrinə dəvət
edirəm. Bircə anlıq
seyrinə. Bələdçiliyi özüm edəcəm.
Bax, feyziyab ol, əzizim.
Başlayaq "Göydən gələnlər"
heykəllər silsiləsindən. Bir az kənardan
baxanda ulduzlararası uçuşlarda olan kiçik kosmik stansiyaları xatırladır
bu balaca heykəllər. Yaxın gəldikcə, göz
qızdırdıqca ürək
də qızdıra bilirsən onlara və düşünməli
olursan ki, yəqin Sənin yaratdığın bu heykəl varlıqlar da bizim kimi
canlıların icmasıdır.
Onları ilk baxışda yer sakinlərindən fərqləndirən odur ki, zahiri görkəmləri
başdan və başın ölçülərilə
müqayisədə xeyli
kiçik nəzərə
çarpan və əslində heç nəzəri cəlb etməyən ayaqlardan ibarətdir. Bədənləri, boyunları yox. Rəbbimizdən enən sözlərdir, buyurur:
"Sizin taleyinizə
ölümü yazan Bizik. Kəsən olmaz qarşımızı
əgər Biz istəsək
ki, yerinizə sizin kimi kimsələri
gətirək, bilmədiyiniz
şəklə salıb
sizi bir daha var eyləyək"
(Olacaq surəsi,
60-62). "Bilmədiyiniz şəklə
salıb sizi bir daha var
eyləyək" ifadəsinə
istinadən belə düşünürlər ki,
bu, reinkarnasiya, yəni insanın ölümündən sonra
bədəndən ayrılan
canın dünyaya təkrar qayıdışına
və bədənlənməsinə
işarə kimi yozula bilər. Müqəddəs Oxu məntiqinə
əsaslanan bir araşdırmam var. Bəzi
alimlərin bir fikrinə istinadən gələcəyin adamlarından
yazmışdım. Həmin
fikrə görə, gələcəkdə insan
orqanizmində sırf
bioloji dəyişikliklər
baş verəcək ki, bu proses
təbiətdəki mutasiya
qanunlarının təsirilə
cərəyan edəcək.
Nəticə insanda psixofiziki
dəyişiklikdən, bəlli
təfəkkür stereotiplərinin
dağılmasından və
insanın yeni psixotipinin yaranmasından ibarət olacaq. İnsanların bir hissəsində ekstrasensor
qabiliyyətlər üzə
çıxacaq və
bunlar digər sivilizasiyalarla telepatik və astral ünsiyyətin
qurulmasına imkan verəcək. İrəli
sürülən fərziyyənin
diqqət çəkən
tərəfi bu ki,
ekstrasensor qabiliyyətlərin,
telepatik və astral ünsiyyətin ən mükəmməl nümunələrinə
peyğəmbərlərdə rast gəlinir. O araşdırmamda qiyamət
öncəsində planetimizdə
yaşayacaq peyğəmbər
xislətli insanların
həmin "o böyük
gün"ün dağıntılarından
xilas olmaq üçün yer kürəsini kosmik-ilahi nəqliyyat vasitələrilə
tərk edəcəyindən,
sonra yeniləşmiş
yer kürəsinə
("O gün yer başqa yerlə dəyişdirilir..." - İbrahim
surəsi, 48) qayıdacağından,
yeni həyatı başlayacaqlarından, merac mahiyyətli yerdən ayrılma uçuşlarından
("And olsun gecəyə,
gecənin öz başına yığışdıqlarına,
and olsun bədirlənmiş
aya, nimçədən
nimçəyə mütləq
minəcəksiniz" - Yarılma
surəsi, 17-19) yazmışdım.
Sənin "göydən
gələnlər" silsiləsindən
olan heykəllərinin
məndən ötrü
təfəkkür açan
sənətkarlıq yükü
ondan ibarətdir
ki, bunlar həmin o peyğəmbər
xislətli insanların,
"bizim bilmədiyimiz
şəklə salınaraq"
vücud bulacaq daha şüurlu
varlıqların təsvirinə
iddialı olmaq gücündədir. Peyğəmbərlik bitmişsə də, risalə, yəni ilahi göndərişlər,
elçilik davam edir. Və düşünürəm, bu
elçilik missiyasını
daşıyan Tanrı
sevimlisi gözəl sənətkarlardan biri də Sənsən, əzizim Məzahir bəy!
lll
İndi
də baxaq Sənin yapdığın
əski türk damğalarına, Orxon-Yenisey
kitabələrinə həsr
etdiyin əsərlərə.
Bəşər tarixinin ən
dərinliklərinə möhrünü
vurmuş bu yaratdıqlarının sənətkarlıq
səviyyəsi öz
yerində, məni düşündürən olduqca
maraqlı bir məqam sənətkar ilhamının ən uzaq gələcəklə
ən uzaq keçmiş arasında arasıkəsilməz cövlanıdır.
Bu, uğurlu bir əbədiyyət yolçuluğudur
ki, Səni bir sənətkar kimi də, şəxsiyyət
kimi də öz orbitində saxladığından ötəriliyin
və öləriliyin fövqünə
qaldıraraq maraqlı
edir. O cizgilər, o naxışlar, o formalar, o
fakturalar ruhumuzu bu günün, bu həyatın, bu güzəranın, bu gözümüzlə görülən gerçəkliklərin
maddi əsarətindən
alaraq cığır-cığır
qaytarır o məchul
ilkə, ilkinə. Ruhumuz bu yolda
tarixin, siyasətlərin,
zamanların, din adına
qələmə verilən
və əslində ilahidən olmayan adət-ənənələrin əlavələri, qalıntıları,
bulanıqları, tullantıları,
kifindən arınmaq imkanı qazanır. Ruhların arındıqca
böyüməsi var. Və
arındıqca böyüyən
ruhumuz daş kitabədəki "Ey Türk, özünə dön, sən özünə
döndükcə böyük
olursan" hikmətinin
dərkinə səfərbər
olur. Tanrının sənət elçisi
olaraq sənin bələdçiliyinlə baş
tutan bu qayıdış səfəri
gözəlliyə, böyüklüyə,
genişliyə, ənginliyə
doğru səfərdir.
Bu qayıdış səfəri zaman etibarilə əslində keçmişə deyil də gələcəyədir.
Və qəribə səslənsə
də deməliyəm
ki, bu səfərin
mənzili "Əvvəl
Mənəm, Axır Mənəm" buyuran Rəbbimizin qatında.
Çünki insanın özünə
qayıdışı həm
də ilahi bir istəklə bağlı bir məsələdir. Bu ilahi istəyin dini-praqmatik anlamda başlıca təyinatlarından
biri Tanrınıdərk
prosesində insanın
özünə, yəni
yaradılışı zamanı
Rəbbimiz tərəfindən
kodlaşdırılmış mahiyyətinə, ilahi dəyərlərlə yoğrulu
fitrətinə qayıdışı
təmin etməkdən
ibarətdir. Özü
belə buyurmuş:
"Haqq dininə tut üzünü. Tanrı fitrətilə yoğrulu
dinə. İnsanları yaradanda onların fitrətini bu dinlə yoğurmuş
O..." (Rumlar surəsi, 30). Özünəqayıdış
insana "şah damarından daha yaxın" (Qaf surəsi, 16) Tanrı dərkinə doğru ucalmaq üçün də yol açır.
Bu hikməti minillərin
Daş yazısındakı
"Ey türk, özünə qayıt, sən özünə qayıdanda böyük olursan" çağırışında
da müəyyən mənada incələmək
mümkün. Bu böyük həqiqətin
sənətdə ifadəsinə
Avşar iddiasını
güclü və bəraətli edən əlbəttə ki, ilk növbədə səviyyəli
sənətkarlıq işidir.
Söhbət o sənətkarlıqdan
gedir ki, bu qəbildən böyük həqiqətləri
ötəriliyin və
öləriliyin malına
çevrilməyə can atan tribunaçılığın,
plakatçılığın, reklamçılığın çağdaşı olsa
da bunların min il, milyon il
yuxarısında dayanır.
Bu, "hər gün bir işdə
olan Tanrı" (Rəhman surəsi, 29) iradəsilə baş verən bir hadisədir. Rəbbimiz
bizləri bəzən
sadəlövh, bəzən
də riyakar bütpərəstliyin törəməsi
olan primitivlikdən
xilas etmək naminə sənət aləminə də Öz elçilərini göndərir...
lll
Sənin Əvvəl-Axır dairəsi içində sənət yolçuluğunda bizə bələdçilik edən başqa əsərlər də var. Diqqətimi daha çox çəkən "Döyüşçü" silsiləsindəki heykəllərdir. Bədənsiz başlardan ibarət heykəllər. İlk baxışda kəsilmiş başlar təsiri bağışlasa da ölmüş başlar da deyillər. İnsanlaşma prosesinin əbədiliyinə işarə kimi haqq-ədalət mücahidliyi dinamikasının ifadəsi var üzlərində. Peyğəmbər sarsıntıları, əzablarının ifadəsinə bənzər bir şey. Sənin yaradıcılıq dəsti-xəttinə aid uğurlu bir priyomdur. Və söhbət heç də baş təsvirlərinin əlahiddəliyindən getmir. Həmin o insanlaşma prosesinin əbədiliyi dinamikasına aid bir qədər əzablı ifadəni insanlığın nə zamansa bizlərdən şəklən fərqli bir görkəmdə, "Göydən gələnlər" silsiləsində təsvirinə çalışdığın bir biçimdə vücud bulacaq və planetimizdə yeni həyatın başlanğıcını qoyacaq o gələcək varlıqların da sifətlərində görürük. Müqəddəs Yazılardan da bilirsən ki, Tanrı insanı yaradanda İlahinin qulluğundakı ruhani varlıqlar olan mələklərdə ani bir etiraz oyanmışdı, "fəsad törədəcək, qan tökəcək kimsənimi yaradacaqsan?!" (İnək surəsi, 30) demişdilər. Bəlkə bu həqiqətin dərkidir və bu həqiqətin Tanrı qatında dəyişilməsinə, iman eksperimentlərindən insan ağrılarının silinməsinə edilən cəhddir ki, o ifadə çalarında üzə çıxaraq Sənin də sənət elçiliyinə beləcə naxış vurur.
lll
Ürəyimin Avşar sərgisində millətimizin 20 Yanvarına həsr edilmiş "Doğuluş" heykəli, "İki doğum günü" şeirlər kitabıma həsr etdiyin rəsmin də öz yeri var. Sərgilərində, emalatxananda görüb könül yaddaşıma həkk etdiyim başqa neçə-neçə əsərlərindən ayrıca danışmıram, bunların hamısı yuxarıda söylədiklərimin kontekstindən kənar nəsnələri sadəcə olaraq ifadə etmir.
lll
Sevinirəm ki, yaratdıqların indi abidələrə çevrilərək Türkiyəmizin bir gözəl guşəsini bəzəməkdədir. Və 50 yaşına Sən beləcə gəlib çatmısan. "Əlli min il sürən bir gündə Allaha doğru yüksələr o pillələrlə mələklərlə Ruh" (Pillələr surəsi, 4) - buyurur Rəbbimiz. Eynşteyndən sonra ateistlər də qanmalı oldular ki, zamanın ölçü vahidi bəlli bir məkanla müəyyənləşir, yəni bizim zaman ölçülərimiz yer üzünə aiddir, göy üzünə aid deyil. Sənin 50 ilin əslində zamansızlığın bir anıdır. Və Səni ad günündə bircə anlığa dəvət etmişdim bu sərgiyə ki, sənət yoldaşın, ömür sirdaşın Lalə xanım Avşarla mənalı keçən ötən illərinə, gələcəyə şövqlə yön götürən illərinə tamaşa edəsən. Zamansızlığının ikinci anında bu sərgidə görüşənədək!
Nəriman Qasımoğlu
525-ci qəzet.-
2015.- 16 yanvar.- S.8.