Türkiyəni dünyaya tanıdan
xanım
Bu
günlərdə Türkiyədən tanınmış təhsil
işçisi, mahir publisist-tədqiqatçı, Azərbaycan
mədəniyyətinin yaxın dostu Ömər Özcandan
ünvanıma "Kubbealtı Akademisi Mecmuası"nın 2015-ci il tarixli 173-cü nömrəsində
dünya şöhrətli türkoloq prof. Əhməd Cəfəroğlu
ilə bağlı dərc olunmuş yazı göndərilmişdir.
Mövzu maraqlı və tanış olduğundan (ötən
əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərindən
və bir qədər sonralar da - mühacirət mətbuatını araşdırarkən prof. Əhməd
Cəfəroğlu və onun naşiri olduğu "Azərbaycan
yurd bilgisi" dərgisinə bir neçə məqalə həsr
etmişdim), məcmuədəki yazı dərhal diqqətimi
çəkdi. Yeri gəlmişkən qeyd edim ki, vaxtı ilə
Azərbaycan mühacirlərindən Mirzə Bala Məmmədzadə,
Hüseyn Baykara öz əsərlərində "Azərbaycan
yurd bilgisi" haqqında bəhs etmişlər. Vilayət
Quliyev, Nikpur Cabbarlı, Əbülfəz Quliyev, Xaləddin
İbrahimli, Vaqif Sultanlı, Asif Rüstəmli, Mirzə
Ənsərli, Elşən Əlülhəsənli, Məşiağa
Məhəmmədli, Altuntac Məmmədova, Rəşad
İlyasov və bir sıra digər tədqiqatçılar,
publisistlər də Azərbaycan mühacirət problemləri,
o cümlədən, mühacirət tarixi, mətbuatı və
ədəbiyyatşünaslığı
ilə bağlı araşdırmalarında bu mövzuda dəyərli
əsərlər qələmə almışlar. Qardaş Türkiyədə
də Ə.Cəfəroğlunun irsi, həyat
yaradıcılığına dair xeyli əsər
yazılmışdır. Səbahəddin
Şimsir Azərbaycan mühacirətinin Türkiyədəki
fəaliyyətindən bəhs edərkən, "Azərbaycan
yurd bilgisi" dərgisinə də yer
ayırmışdır.
Məcmuədə dərc olunan xatirənin
aktuallığını, əhəmiyyətini nəzərə
alaraq, onunla bağlı təəssüratlarımı
bölüşmək istərdim. Əvvəla,
"Kubbealtı Akademisi Mecmuası" barədə. Bu, 1970-ci ildən fəaliyyət göstərən
Kubbealtı Akademisi Kültür və Sanat Vakfinin
dövrü nəşrlərindəndir. Adını
Osmanlı dövlətində sadrazamın (vəzir) və digər
ali hakimiyyət orqanları təmsilçilərinin
mühüm dövlət işləri ilə əlaqədar
müzakirələrin keçirilməsi və müvafiq qərarların
qəbul edilməsi üçün Divanı Humayuna (məclis,
toplantı) Topqapı sarayında ayrılmış bir yerdən
- Kubbealtından götürmüş vəqfin məramı,
qayəsi elm, fikir və sənətdə türk millətinə
xas tarixdən gələn dəyərləri əsas
götürərək nəsilləri milli düşüncə
və sənət mərkəzi ətrafında toplamaqdır.
Bu məqsədə nail olmaq üçün Vəqf
konfranslar, simpoziumlar keçirir, müxtəlif mədəni-kütləvi
tədbirlər təşkil edir, nəşriyyat fəaliyyəti
ilə məşğul olur, kitablar, bülletenlər
buraxır. Yuxarıda haqqında bəhs etdiyimiz
məcmuə də Vəqfin nəşrlərindəndir.
Məcmuənin
sonuncu - 173-cü nömrəsində dərc olunan yazı
görkəmli türkoloq, Azərbaycan mühacirətinin
parlaq siması, istiqlal mücahidi, İstanbul Universitetinin professoru,
"Azərbaycan yurd bilgisi" dərgisinin naşiri və
redaktoru Əhməd Cəfəroğlunun qızı Nazan
Ölçərə aiddir və "Babam prof.dr. Ahmet Caferoğlunun anısına" adlanır.
Bu xatirə bir çox cəhətləri ilə aktual və əhəmiyyətlidir:
- dünya türkologiya elminə misilsiz töhfələr
vermiş prof.Əhməd Cəfəroğlunun irsini və həyatını,
iş metod və prinsiplərini daha dərindən öyrənmək;
-
Türkiyədəki Azərbaycan mühacirlərinin fəaliyyəti,
onların Türkiyənin ədəbi-mədəni, ictimai həyatındakı
rolu və yeri ilə daha yaxından tanış
olmaq və dəyərləndirmək;
- prof.
Fuad Körpülü, Mir Yaqub Mir Mehdiyev, Ayaz İsaqi kimi
görkəmli xadimlərlə Əhməd Cəfəroğlu
arasında sıx əməkdaşlıq və dostluğa
çevrilmiş şəxsi münasibətlərə bələd
olmaq;
- prof. Əhməd Cəfəroğlunun məsləyinə
bağlılığı, eləcə də bir sıra digər
şəxsi keyfiyyətləri ilə tanış olmaq
üçün bu xatirə mötəbər məxəzlərdəndir.
Digər
tərəfdən isə bu yazı dünya muzey mədəniyyətinin
patriarxlarından, muzey işinin canlı əfsanəsi Nazan
Ölçərin də tərcümeyi-halına,
keçdiyi çox zəngin, şərəfli, şöhrətli
həyat yoluna bir daha qısaca da olsa, nəzər salmağa vəsilə
olur ki, bu barədə bir qədər sonra bəhs edəcəyik.
Nazan
xanım xatirəni maraqlı girişlə - qədirbilənliklə
başlayır: "Atam prof.dr. Əhməd Cəfəroğlunun
yaşamı, pedaqoji fəaliyyəti və türkologiya
dünyasındakı öncü çalışmaları
haqqında çox sayda nəşrlər buraxıldı.
Yetişdirdiyi dəyərli elm adamları, tələbələri
istər nəşrlərdə, istərsə də
toplantı, konfrans və digər tədbirlərdə onun
xatirəsini əziz tutublar. Əksəriyyətini
tanıdığım köhnə dostlara vəfaları
üçün təşəkkür edirəm". Xatirə müəllifi bu yazıda atasının
"müstəsna bir ata və əmsalsız bir yol göstəricisi"
kimi xatırlamaq istədiyini bildirir və onun
üçün də əvvəlcə Əhməd Cəfəroğlunun
tərcümeyi-halına qısaca nəzər salmağı
lazım bilir. Müəllif haqlı olaraq
belə hesab edir ki, "bir çox davranış
biçiminin qaynağı" onun keçdiyi həyat yolu ilə
bağlıdır. Nazan Ölçər
atasının 1899-cu ildə Gəncədə, ticarətlə
məşğul olan ailədə dünyaya gəldiyini,
özündən böyük iki bacısı, bir
qardaşı olduğunu, kiçik yaşlarında ikən əvvəl
atasını, sonra anasını itirdiyini və əmilərinin
himayəsində qaldığını yazır. Gəncədə orta təhsilə yiyələnir,
Kiyevdə Ali Ticarət Məktəbinə daxil olur. Lakin ölkədə baş verən hadisələr
görə Vətənə qayıtmaq məcburiyyətində
qalır, silaha sarılaraq Azərbaycanın müstəqilliyi
uğrunda mübarizə aparır. Azərbaycan Xalq
Cümhuriyyəti dövründə Bakı Universitetində
qısa vaxt təhsilinə davam edir, ölkənin
Qızıl Ordu tərəfindən işğalından sonra
isə Azərbaycanı tərk edərək Türkiyədə
yerləşir və İstanbul Universitetində görkəmli
türkoloq, prof. Fuad Körpülünün tələbəsi
olaraq türkologiya təhsilinə başlayır. Nazan xanım yazır ki, "atam məmləkətinə
duyduğu böyük həsrətə rəğmən, o
illərdən heç bəhs etməzdi, sanki
qaysaqlamış yaraya toxunmaq istəmirdi".
Prof. Əhməd Cəfəroğlu ailəsində
cümə günlərinin xüsusi yeri vardı. Hər cümə
axşam yeməyinə böyük tədarük görülər,
plov bişirilər, qonaqların gəlişi səbirsizliklə
gözlənərdi. Xatirədə oxuyuruq: "Bu məclislər
dəvətə ehtiyacı olmayan bir ənənəyə
çevrildiyindən müsafir olmadan süfrəyə
oturulduğu heç bir cümə gününü
xatırlamıram". Cümə məclislərində hər
həftə fərqli müsafirlər olsa da, qonaqların ikisi
daimi idi: Azərbaycanlı Mir Yaqub bəy və Kazanlı Ayaz
İshaqi bəy. "Ailəmizin bir parçası olan bu iki
yaşlı müsafir mənim də çox sevdiyim və hər
cümə günü həyəcanla gözlədiyim
kişilər idi" - yazan Nazan xanım qonaqların
arasında siyasi səbəblər üzündən vətənlərindən
ayrı düşən türkistanlı, başqırt, tatar,
azərbaycanlı tarixçilər, şairlər, əcnəbi
türkoloqlar olduğunu və onların elmi, siyasi
mövzularda uca səslə, ehtirasla mübahisə etdiklərinin
şahidi olduğunu qeyd edir və yazır ki, qonaqlar bəzən
anlamadığım bir dildə danışırdı, anam
sonralar onların rus dilində söhbət etdiyini deyirdi. Nazan Ölçər məclisdə anasının ona
öyrətdiyi Yəhya Kamalın son şeirlərindən əzbər
söylədiyini, pianoda müxtəlif mahnılar ifa etdiyini
xatırlayır.
Nazan Ölçər Əhməd Cəfəroğlunun Universitet tələbələrindən olan anasının ədəbiyyatı sevdiyi qədər musiqi və incəsənətə də böyük maraq göstərdiyini, eyni zamanda "mükəmməl bir ev sahibi" olduğunu, müsafirlərə, xüsusilə Mir Yaqub bəyə və Ayaz İsaqi bəyə diqqət, qayğı göstərdiyini vurğulayır. Nazan xanım azyaşlı olsa da, atasına böyük ehtiram bəslənildiyini müşahidə edə bilmişdi: "Hər cür bayram, tarixi, əlamətdar gün, düyün və ya cənazənin birlikdə yaşandığı kədər və nəşədə ortaq olunduğu ortamda atama böyük bir sayğı göstərildiyini çocuq gözümlə belə görməkdəydim". Bu hörmət, bu nüfuz "onun kimsədən əsirgəmədiyi insani tavrından qaynaqlanırdı". Əhməd Cəfəroğlu kasıblara, xəstələrə yardım edir, kimsəsizlərə sahib çıxırdı.
Nazan Ölçər qonaqların önəmli kişilər olduqlarını söhbətlərindən hiss etdiyini, lakin Vətənləri üçün "nə qədər dəyərli" olduqlarını illər sonrası öyrəndiyini yazır. Nazan Ölçər atasının hər yay "Anadoluya dil araşdırmaları üçün gediş hazırlığını", çətinliklərlə dolu bu uzaq səfəri səbirsizliklə, az qala günlərini saya-saya gözlədiyini, Bağdad və Ərzurum Universitetlərində türkologiyaya dair yeni bölümlər açmaq üçün fədakarlıqla çalışdığını, İstanbuldakı "Azəri Kardeşlər Yardımlaşma Dərnəyi"ndəki fəaliyyətini maraqlı bir dillə təsvir edir, unudulmaz xatirə kimi yada salır, eyni zamanda "qara buludların" da onların ailəsindən yan keçmədiyini, atası ilə anasının ayrıldığını kədərlə yada salır.
Nazan Ölçər də hələ gənc yaşlarından atası kimi "oxumaq, başarılı olmaq, ən önəmlisi isə bunları onun bəlkə görməyəcək olma ehtimalı təlaşına qarşı hər şeyə qısa müddətdə nail olmaq istəyi yaratmışdı. Nazan xanım yazır ki, atam alman dilinin elm dili olduğunu bildirir və mənim də bu dili dərindən öyrənməyimi israr edirdi.
Nazan Ölçər atası Əhməd Cəfəroğlunun türkologiya sahəsindəki xidmətlərini özünəməxsus və yığcam ifadə edir: "Dillərin tarixdə daima başlıca mədəniyyət daşıyıcısı olduğu gerçəyini bütün həyatı boyunca müdafiə etdi: dillərdən kəlmə və isimlərdən yola çıxaraq bənzərsiz mədəniyyət tarixi araşdırmalarının öncüsü oldu".
Xatirə-yazı həzin notlarla bitir: "Atamı 40 il öncə, 6 yanvar 1975-ci ildə ürək infarktından itirdik. Bir neçə gün əvvəl yoldaşlarımızla evimizdə Yeni il gecəsinə hazırlığa qatılmış, Yeni il gecəsi coşqu ilə rəqs etmiş, hər kəsi heyran etmişdi... Bu gün geri boylananda atamdan zəngin miras qaldığını, ondan nə qədər çox şey öyrəndiyimi görür və məni bir daha dərin heyranlıq və həsrət hissi bürüyür".
Yuxarıda qeyd etdiyimiz kimi, bu xatirə dünya şöhrətli müəllifin - Nazan Ölçərin də tərcümeyi-halı və fəaliyyətinə, nəsillərə nümunə mənalı, şərəfli ömür yoluna bir daha qısaca olsa da, nəzər salmağa vəsilə oldu.
Abid Tahirli
525-ci qəzet.-
2015.- 16 yanvar.- S.7.