Qəşəm Nəcəfzadə Gənc
Ədiblər Məktəbinin qonağı olub
Yazıçılar Birliyinin (AYB) "Natəvan"
klubunda Gənc Ədiblər Məktəbinin
(GƏM) növbəti toplantısı
keçirilib. Bu dəfəki
toplantının qonağı
Yazıçılar Birliyinin
Uşaq Ədəbiyyatı
seksiyasının rəhbəri,
şair Qəşəm
Nəcəfzadə olub.
Tədbiri açan Yazıçılar
Birliyinin gənclərlə
iş üzrə katibi, "525-ci qəzet"in
baş redaktoru Rəşad Məcid Q. Nəcəfzadə ilə
tanışlığından, şairin yaradıcılıq
uğurlarından söz
açıb:
"Qəşəm Nəcəfzadəni
çoxdan tanıyıram. Hələ uzun
illər əvvəl
"525-ci qəzet"də şeirləri çap olunurdu.
Sonradan onunla Yazıçılar Birliyində
bir yerdə işləməyə başladıq. Qəşəm müəllim eyni zamanda "Azərbaycan"
jurnalının Poeziya
şöbəsinin müdiridir.
Bilirsiniz
ki, bu jurnal
çox sanballı ədəbi-mətbu orqandır.
Bu səviyyənin qorunmasında
Qəşəm Nəcəfzadənin
də rolu danılmazdır. Qəşəm müəllim həm də Yazıçılar
Birliyinin Uşaq Ədəbiyyatı seksiyasının
rəhbəridir. Müasir uşaq
ədəbiyyatının durumu,
problemləri ilə bağlı məsələlərin
qaydaya salınmasında
birbaşa iştirak edir. Qeyd edim ki, yaxın günlərdə
Yazıçılar Birliyi
Ədəbiyyat İnstitutu
ilə müştərək
şəkildə uşaq
ədəbiyyatının problemləri
ilə bağlı layihəyə start verəcək.
Son zamanlar Təhsil
Nazirliyi də bu məsələyə xüsusi diqqət göstərməyə başlayıb.
Bütün bunlarla yanaşı
Qəşəm müəllim
öz üslubu ilə seçilən gözəl şairdir.
Bu yaxınlarda ayb.az saytı ilə "Naşir" jurnalının
birgə təşkil
etdiyi "Ən gözəl şeir" müsabiqəsinin qaliblərindən
biri olub".
Gənc
Ədiblər Məktəbinin
koordinatoru, şair Emin Piri Qəşəm
Nəcəfzadənin poeziyası
ilə bağlı düşüncələrini bölüşüb:
"Qəşəm Nəcəfzadə
haqqında saatlarla danışmaq olar. Amma mən
onun şeirlərindəki
bir maraqlı məqama toxunmaq istəyirəm. Çoxları dilimizin zəngin olmamasından, söz bazasının zəifliyindən
şikayətlənir. Eyni zamanda yeni söz
yaradıcılığına, dialekt və ləhcələrdən istifadəyə,
köhnəlmiş sözlərin
dirilməsi cəhdlərinə
barmaqarası baxırlar.
Bunları ədəbi dil
normalarının pozulması,
yaxud geniş oxucu kütləsinin anlamaması ilə əsaslandırmağa çalışırlar.
Fikrimcə, dili zənginləşdirmək
üçün dialektləri,
sıradan çıxmış
sözləri yenidən
canlandırmaq, lüğət
tərkibinə yeni sözlər gətirmək
lazımdır. Bu mənada Qəşəm müəllimin ədəbiyyata,
ümumən, dilimizə
xidməti danılmazdır.
Əksər şeirlərində dialektlərdən, şivələrdən
yararlanır. Bu şeirlərdə
mənə tanış
olmayan xeyli sözlə rastlaşmışam.
Qəşəm Nəcəfzadənin şeirlərinə şirinlik
gətirən bir məqam da sözlərin
bəzən orfoepik qaydada yazılmasıdır".
Qəşəm Nəcəfzadə çıxışında
poeziyanın bir çox problemlərinə
toxunub, ədəbiyyatın
təsir gücündən
söhbət açıb:
"Azərbaycan ictimai
fikrində, son dövr
Azərbaycan ədəbiyyatında
sözünü demiş,
həmişə gənclərə
dəstək olan, onları düzgün istiqamətə yönəldən
insanlardan bəlkə
də birincisi Rəşad Məciddir. Rəhbəri olduğu mətbu orqan-"525-ci qəzet"
həmişə ədəbiyyatın
tribunası rolunu oynayıb. Bu siyahıya Gənc Ədiblər Məktəbini
də əlavə etmək lazımdır.
Bu məktəb ədəbiyyatımıza xeyli
istedadlı imza qazandırıb. Sizin əksəriyyətinizlə
şəxsən, yaxud
virtual olaraq tanışıq.
Bir çoxlarınızla ədəbi
polemikalarımız olub.
Amma üzbəüz görüşdə ədəbiyyat
özünü daha çox büruzə verir. Çünki ədəbiyyatın özünü göstərmə
gücü həm də insanın səsindədir. Markes deyir
ki, kim həyatı
necə təqdim edirsə, ədəbiyyat odur".
Q. Nəcəfzadə gənc
ədiblərə yazmaq,
bədii ədəbi nümunələr yaratmaqla
bağlı tövsiyələrini
çatdırıb:
"Bir nöqtəyə
diqqətlə baxanda həmin nöqtə bizim nəzərimizdən
yayınır, onu yaxşı görə bilmirik. Amma gözümüzü qıyıb baxanda həmin nöqtəni tam aydınlığı ilə
müşahidə edə
bilirik. Ədəbiyyat da bu baxımdan əşyalara,
insanlara, həyata gözucu, saymazyana baxmaqdır. Əgər siz
bütün diqqətinizi
toplayıb, özünüzü
otağa həbs edib, bütün diqqətinizi yazmağa versəniz, heç nə alınmayacaq. Saymazyana olan hər şey
güclü olur.
Ədəbiyyatda əsas məsələ müşahidə qabiliyyəti,
hər şeyə, hətta özünə belə kənardan baxa bilmək, hadisələrə əks
mövqedən yanaşma
bacarığıdır. Məsələn, mən sevəndə heç vaxt sevgidən yazmamışam,
çünki hadisəyə
kənardan yanaşa bilməyəcəyimi anlamışam".
Q. Nəcəfzadə istənilən
sahədə, o cümlədən,
ədəbiyyatda bütə
qarşı olmağın
vacibliyini diqqətə
çatdırıb:
"Hamıya tənqidi
yanaşmaq, zəif cəhətləri ortaya qoymaq, ondan daha
yaxşı yazmağa
çalışmaq lazımdır.
Gözəl şairimiz Ramiz Rövşən müasir
Azərbaycan şeirinin
nəhənglərindəndir. Onun təsir
dairəsinə düşməmək,
şeirlərinin surətini
çıxarmamaq üçün
biz Ramiz Rövşəni
"öldürməliyik", ona qarşı alternativ qoymalıyıq".
Qonaq şairin ruhunda barışmazlıq, qarşı
qoymaq, dəyişdirmək
əzminin vacibliyini önə çəkib:
"Şairin ikinci
adı mübahisədir. Şairin gücü
qəliblərə qarşı
çıxmasında, yenilikləri
qəbul etdirə bilməsindədir.
Kim deyir ki, şairi hamı sevməlidir, onun bütün şeirləri
hamı tərəfindən
qəbul edilməlidir? Şair
bütün yaradıcılığı
boyu ədəbiyyatın
sərhədlərini zorlamalı,
daim yeniliyə can atmalıdır.
Mən şeirlərimdə
eksperimentlərə geniş
yer ayırıram. Hazırda daha
çox sərbəst
vəzndə yazsam da, heca vəznini
çox sevirəm.
Amma mənim heca vəzni anlayışım
bir qədər fərqlidi. Düşünürəm ki, qafiyə
niyə mütləq şəkildə misranın
sonunda gəlməlidi?
Qafiyəni misranın əvvəlində
də, ortasında da, hətta hərflərdə belə
vermək mümkündür.
Bu gün şeirlərimi
qəbul etməyənlər
kifayət qədər
çoxdur, hətta dəfələrlə auditoriyada
şeirlərimə gülüblər.
Amma haqqımda danışırlarsa,
şeirlərimi müzakirə
edirlərsə, deməli,
mən maraqlıyam, oxucuların diqqətini cəlb edə bilmişəm.
Mənim
aləmimdə ən yaxşı şeir odur ki, şair
oxucu üçün
yer saxlasın, mətnin içərisində
oxucuya, oxucunun düşüncəsinə meydan
versin. Yazdıqlarımın əsas qayəsi
Azərbaycan şeirinin
qanunlarını pozmaqdır.
Çünki şair ədəbiyyat
nəzəriyyəsinin yox,
ədəbiyyat nəzəriyyəsi
şairin ardınca getməlidir. Müasir şeirimizin
əsas çatışmazlığından
biri də folklora, şifahi xalq ədəbiyyatına diqqət yetirilməməsidir.
Hesab edirəm
ki, şeirlərimizdə
folklora, xalq yaradıcılığına mütləq
qayıtmaq lazımdır. Başqa çatışmayan
cəhət kimi əşyaların, hadisələrin
üzdən təsvirini
göstərmək olar.
Şeirdə hadisə var,
yaxud əşya var, amma onun
təfərrüatları yoxdur.
Təkcə siluet görünür.
Şeir
o zaman uğurlu olar ki, onun
obyektinin bütün çalarları, xırdalıqları
orada öz əksini tapsın".
Daha sonra şair ona verilən sualları cavablandırıb,
yeni şeirlərini oxuyub
və gənc ədiblərin şeirlərini
dinləyib.
Cavid QƏDİR
525-ci
qəzet.- 2015.- 16 yanvar.- S.7.