Zəlimxanın poeziya aləminə səyahət

 

 

 

Zəlimxan Yaqub poeziya aləminə gəldiyi ilk gündən ədəbi ictimaiyyətin diqqət mərkəzində olmuş və bu diqqət, bu məhəbbət bir an belə səngiməmiş, çəkilmələrə məruz qalmamışdır. Ona görə də şairin poeziyasında həyat həqiqətdə olduğundan daha həyatidir. Ən önəmlisi isə odur ki, onun poeziyası milli oyanışa, milli ruhun təbliğinə, milli özünüdərkə xidmət edir. Şairə dərin məhəbbətlə yazılan məqalələri toplasaq, cild-cild kitablara sığmaz. Təsadüfi deyildir ki, görkəmli alimimiz Nizami Cəfərov "Zəlimxan Yaqubdan yazılanlar" kitabına yazdığı ön sözdə xüsusi vurğulamışdır:  "Zəlimxan Yaqub haqda yazılmış elə bir yazı yoxdur ki,  şairə bəslənən dərin, hüdudsuz məhəbbət özünü bütün parlaqlığı ilə göstərməsin. Mən cəsarətlə deyə bilərəm ki, bu miqyasda (və bu keyfiyyətdə!) məhəbbət Azərbaycan ədəbiyyatının tarixində sonuncu dəfə Səməd Vurğuna qismət olmuşdur".

 

Zəlimxan Yaqubu bu xoşbəxtlik mərtəbəsinə yüksəltmiş şəxsiyyətlər arasında ömrünü milli elmimizə, ədəbiyyatımıza, ədəbiyyatşünaslıq elmimizə həsr edən Kamal Talıbzadə, Bəxtiyar Vahabzadə, Yaşar Qarayev, Süleyman Rəhimov, İsa Hüseynov, Mirvarid Dilbazi, Hüseyn Arif, Məmməd Araz, Xəlil Rza Ulutürk, Tofiq Bayram, Pənah Xəlilov, Budaq Budaqov, Tofiq Hacıyev, Nizami Cəfərov, Camal Mustafayev, Səlahəddin Xəlilov və onlarla başqa elm, ədəbiyyat fədailərini görəndə istər-istəməz qürur duyursan.

 

İstər "Zəlimxan Yaqubdan yazılanlar" (Bakı, 2005), istərsə də sonra işıq üzü görən üçcildlik "Zəlimxan Yaqub ədəbi düşüncədə" (tərtib edəni və redaktoru Musa Nəbioğlu) kitabları özlüyündə çox şey deyir.

Zəlimxan Yaqubun ədəbi fəaliyyətinin ciddi elmi-tədqiqat müstəvisinə çıxarılması, onun bir şair kimi elm aləmində də yüksək dəyərləndirilməsindən xəbər verir. Əminə Hüseynova "Zəlimxan Yaqubun yaradıcılığı" və Qədim Rufullayev "Zəlimxan Yaqub və xalq yaradıcılığı" mövzusunda filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə etmişlər.

 

Çəkinmədən deyə bilərəm ki, bütün bunlar şairin sahilsiz ümmana bənzər çoxşaxəli yaradıcılığını tam əhatə etməkdən çox uzaqdır. Zəlimxan Yaqubun bağbanı olduğu şeir bağçasına daxil olmaq üçün gərəkdir ki, çağdaş poeziyamızla yanaşı, folklorumuzu, xüsusən də, aşıq yaradıcılığını, Zəlimxanı yetişdirən mühiti yaxşı biləsən. Bunları bilən tədqiqatçı şairin yaradıcılığına hərtərəfli vaqif ola bilər.

 

"Sözün Zəlimxan zirvəsi" kitabının əlyazmasını ön söz yazmaq üçün mənə təqdim edən Musa Nəbioğlu deyilənlərə cavab verə biləcək tədqiqatçıdır. Zəlimxanın yetişdiyi mühitdə boy atdığından, mayası sazla-sözlə yoğrulduğundan, neçə illərdən bəri Aşıqlar Birliyinin katibi və "Ozan dünyası" jurnalının baş redaktoru kimi aşıq yaradıcılığı ilə məşğul olduğundan, eləcə də uzun illərdən bəri Zəlimxan Yaqubun kitablarının tərtibçisi və redaktoru (şairin 13 cildlik əsərləri külliyyatı da daxil olmaqla) olduğundan və nəhayət şairin yaradıcılığını mükəmməl bildiyindən "Sözün Zəlimxan zirvəsi" vaxtında yazılmış uğurlu bir əsərdir. Əsərin uğurlu alınmasında yuxarıda sadaladıqlarımızla bərabər, tədqiqatçının istedadı və əməksevərliyi də rol oynamışdır.

 

Musa Nəbioğlunun ürəyi, qələmi, bütün vücudu Zəlimxan Yaqub yaradıcılığı üstündə köklənib. Tədqiqatçı Zəlimxanın üslubunu tamamilə saxlayaraq sinonimlərdən, antonimlərdən, xalq deyimlərindən Zəlimxan necə istifadə edibsə, öz əsərində eləcə istifadə edib. Bəzən adama elə gəlir ki, tədqiqatçının monoqrafiyasını deyil, Zəlimxan Yaqubun poeziyasını oxuyursan, şairin özünü dinləyirsən. Giriş və onüç bölümdən ibarət əsərin hər bölümünə şairin şeirlərindən bir misranı başlıq verməsi bu yaxınlığı daha da doğmalaşdırır.

"Sözün Zəlimxan zirvəsi" adlı girişdə Nəbioğlu söz barədə fikirlərini irəli sürür. Qeyd edir ki, o yaradıcılar sözdən möhtəşəm abidələr yarada bilir ki, zamana öz sözünü deyə bilir, sözü urvatdan salmır, onun qədir-qiymətini bilir, zirvələrə yüksəldir. "Sözün Zəlimxan zirvəsi" ona görə yarandı ki, şair sözü göz bəbəyi kimi qorudu, onun üzərində ana övladı üzərində əsdiyi kimi əsdi.

Zəlimxan Yaqubun şeirlərini oxuyanda, söz haqqında fikirlərinin fərqinə varanda Hüseyn Kürdoğlunun misraları qəlbimə hakim kəsildi:

 

Mən sözün üstündə can qoymuşam ki,

Şeirim kal görünər, Sözə söz gələr.

 

Zəlimxan Yaqub söz üstündə can qoyan, ona görə də sözləri, misraları ürəklərə məlhəm olan şairdir. Zəlimxanın misralarıdır:

 

Əbədi dirilər cərgəsindədi,

Söz üstə şəhidtək ölən şairlər.

"Zaman səni dana bilməz"

 

Bu bölümdə tədqiqatçı Zəlimxan Yaquba ümumxalq məhəbbəti qazandıran möhtəşəm poeziyası ilə yanaşı, həm də şairin  nitq qabiliyyətindən, fenomenal yaddaşından və s. bəhs edir.

Yeri gəlmişkən, poeziyamızı Zəlimxan Yaqub qədər təbliğ edən ikinci bir şair tapmaq çətindir. Bu, bir yandan onun qeyri-adi hafizəsi, digər tərəfdən, ürəkgenişliyi və poeziyamıza vurğunluğu ilə bağlıdır. Zəlimxan fenomenal yaddaşı və xeyirxahlığı hesabına başqa şairlərimizi təbliğ etməkdən usanmır. Böyük yaradan ona hər şey bəxş edib, qısqanclıqdan savayı. Yaxşı yadımdadır, 1994-cü ildə Füzulinin 500 illik yubiley tədbirinə bir avtobusda, qoşa gedib-gəldik. Şair Bakıdan Bağdada qədər klassik şairlərimizdən tutmuş gənc şairlərimizə qədər hər birinin şeirlərindən, eləcə də "Koroğlu" və "Aşıq Qərib" dastanlarını əzbərdən dedi.

Musa Nəbioğlu "Zaman səni dana bilməz" bölümündə şairin yaradıcılığına verilən qiymətdən, Zəlimxanın bir şair kimi missiyasından da söz açır. Şairin dünyaya niyə gəldiyini, hansı missiyanı yerinə yetirməli olduğunu onun öz sözləri ilə açıqlayır:

 

Şair olan öz ömrünü yaşamır,

Dərdin-qəmin bol ömrünü yaşayır.

Yolçuların yoldaşına çevrilir,

Cığır açır, yol ömrünü yaşayır.

 

Zəlimxan Yaqub xalq ruhu ilə qaynayıb-qarışan, xalqın içində olan, xalq tərəfindən sevilən, poeziyası ilə xalqın qəlbini riqqətə gətirən bənzərsiz şairdir. Şairin rahat gününün olmadığını bəyan edir:

 

Sevgisiz, ilhamsız, sözsüz, nəğməsiz,

Şairin bircə gün həyatı yoxdur  - deyir.

 

"Haqdan gəlib Haqqa gedən yorulmaz"

 

Bu bölüm də maraqla oxunur. Araşdırıcı əsərində yerinə görə sitatlar gətirir, onlara arxalanaraq fikirlərini sübuta çalışır və buna nail olur: "Hər kəs həqiqətə, gerçəkliyin idrakına öz xüsusi yolu ilə gedir. Mən də yazı ilə" (Lev Tolstoy). Zəlimxan Yaqub yaradıcılığı ilə tanış olan hər kəs deyər ki, elə Zəlimxan da belədir. Dahi yazıçının dedikləri sanki görkəmli şairin boyuna biçilib.

"Yalan qənimidi, dini həqiqətdi şairin", - deyən Zəlimxan heç vaxt əqidəsini dəyişmədi. Əlində qələm, dilində həqiqət həyat kredosuna çevrildi.

 

Şairin "Kimdi səni bu qapıdan buraxan" şeiri zəmanəmizdə baş verən, ürək bulandıran, könül dağlayan, cəmiyyətdə kök salan hadisələrdən söz açır. Aylarla bir nazirliyə ayaq döyən qocanı, şikayətinin yerinə yetirilib-yetirilməyəcəyi bir yana, heç qapıdan içəri buraxmırlar. Şair göstərir ki, bu qapının düyməsi var, tilsimi var, zəngi var. Bir deyil, beş deyil, yetmiş yeddi rəngi var. Zəlimxan bu eybəcərliyin xalqa, millətə vurduğu zərbədən söz açır:

 

Silahı var, polisi var, postu var,

Rüşvət adlı bir canciyər dostu var.

Bu qapının bu millətə qəsdi var,

Kimdi səni bu qapıdan buraxan?

 

Bu məqamda da Musa Nəbioğlunun "Sözün Zəlimxan zirvəsi" adlı çox maraqlı kitabında bir az başqa çalarda rast gəlmək olur. M.Nəbioğlu yazır ki, məmur özbaşınalığına, haqlının haqqının tapdanmasına dözə bilməyən şair "siyasət içində siyasət"lə yanaşı, "ticarət içində də siyasət"in getdiyi, "hər şeyin sahibi, ağası bəlli" olan cəmiyyətdə naqisliklərə, eybəcərliklərə, ağsaqqal sözünün eşidilməməsinə dözə bilmir, şair-vətəndaş kimi etiraz səsini ucaldır:

 

Kimdi şəhərlini, kəndlini sayan,

Sözünü kim tutur bir ağsaqqalın? - deyir.

 

Şair bir çox şeirlərində millətin dərdindən söz açır. Millətin halından xəbərsiz olanlardan, millətin adından danışmağa mənəvi haqqı olmayanlardan bəhs edir:

 

Millətin adından danışan kəsin,

Dili uzun gərək, üzü gərək - deyir.

 

Şair cəmiyyəti qanunsuzluq girdabından qurtarmaq üçün işlək qanunların hazırlanmalı olduğunu qeyd edir. Olub-keçənləri göz önünə gətirir: "bəzən gözümüzün önündə haqlının haqqı tapdananda susmuşuq, gözümüzün qabağında öyülən nakəsə də əl çalmışıq, döyülən mərdə də".  Bununla belə, şair bədbinləşmir, cəmiyyətə toy tutanlara da bir gün toy tutulacaq deyir.

"Sözün Zəlimxan zirvəsi"ndə Musa Nəbioğlu bunlardan səmimiyyətlə söz açır.

 

"Mən elə Türkün ruhuyam"

 

Bu bölümdə Zəlimxan yaradıcılığında türkçülük, türk dünyası əhəmiyyətli yer tutur. Tədqiqatçı Zəlimxan Yaqub yaradıcılığında Türkçülük ideyasına əsərlər həsr edən araşdırıcıların məqalələrinə müraciət edir. Burada akademik Tofiq Hacıyevin, filologiya üzrə fəlsəfə doktoru Azər Turanın və tənqidçi Əsəd Cahangirin əsərlərinə üstünlük verir. Xüsusən də, Azər Turanın "Əzəl-axır dünya Türkün dünyası" monoqrafiyası dəyərləndirilir: "Zəlimxan Yaqubun şeirlərində Türkün genetik yaddaşı dipdiridir"  cümləsi çox mətləblərdən xəbər verir, - deyən müəllif Türk dünyası ilə bağlı şeirlərini tədqiqat süzgəcindən keçirir. Zəlimxanın, Dərbəndə, Kərkükə, Təbrizə, Borçalıya həsr etdiyi şeirlərə xüsusi önəm verir:

 

Kərkükü, Dərbəndi xatırlamazdım,

Əgər Borçalıda doğulmasaydım - deyir.

 

Bununla Borçalının da, Kərkükün də, Dərbəndin də yad əlində olduğunu bir daha oxucuların, xüsusən də keçmişimizdən az xəbəri olan gənclərin nəzərinə çatdırır. Doğrudan da, tarixin yaddaşı gödək olur. İndi çoxmu adam bilir ki,  Dərbənddən əlavə, Dərbənd ətrafında düz 30 kənddə azərbaycanlılar yaşayır. Şair ingilis yazıçısı Ceyms Oldricin "ikiyə bölünmüş bir ürək" adlandırdığı Güney  Quzey Azərbaycandan ürəkağrısı ilə söz açır.

Tədqiqatçı bu bölümdə Zəlimxan Yaqubun bütün Türk dünyasının şairi olduğunu xüsusi vurğulayır.

 

"Qarabağ ən çətin sualdı, qardaş"

 

Bu bölümdə müstəqillik qazanmağımızla bərabər, Qarabağ problemi ilə də üzləşməyimizlə bağlı şairin narahat anlarından, çözülməsi müşkülə çevrilən  Qarabağ dərdindən söz açılır. Şair şeirlərində, M.Nəbioğlu isə tədqiqatında göstərir ki, Qarabağ problemini ortaya atanlar öz çürük niyyətlərini həyata keçirənədək bizdən əl çəkmək niyyətində deyillər. Bizim prezidentimizin, dövlətimizin çalışdığı odur  ki, bu bəladan az ziyanla çıxaq. Z.Yaqub bu gün şairlərin də öz şeirləri ilə sıravi əsgərə dönmələrini təkidlə irəli sürür:

 

Haqqın var baş olub, başda durmağa,

Qaldır məmləkəti ayağa, şeirim -

 

- deyə haray çəkir. Bu gün şair olan şeirini evdə yox, səngərdə yazmalıdır, - deyir.

Bununla belə, "Qarabağ ən çətin sualdı, qardaş" -  deyən şair "Millətin xilas yolu bu gün savaşdan keçir", - deyərək doğma torpaqlarımızın tezliklə azad olunacağına ümidini itirmir.

 

"Mən dünyanı durultmağa can atdım"

 

Bu bölümdə tədqiqatçı şairin mənəvi saflığa, paklığa, daxili gözəlliyə səsləyən poeziyasını araşdırır. Z.Yaqubun "dünyanın çirkabını şair sözü təmizlər" misrasına söykənərək onun çoxsaylı poeziya nümunələrini süzgəcdən keçirir. Tədqiqatçı şairin bu yoldakı amalını ortaya qoyur:

 

Nemətdi duruluq, saflıq, təmizlik,

Bəsimdir sənintək bir bulaq olum.

 

Z.Yaqub saflığın, paklığın insana başucalığı gətirdiyini, insan qocalanda da vüqarlı olacağını şair fəhmi ilə dəqiq görmüş və şeirlərində qabarıq şəkildə vəsf etmişdir.

 

"Sarıldığım sazdı mənim"

 

Bu bölüm M.Nəbioğlunun ilhamla qələmə aldığı, tədqiqata cəlb etdiyi aşıq yaradıcılığı ilə, sazla-sözlə bağlıdır. Bu, təsadüfi deyildir. Akademik K.Talıbzadə deyirdi: "Zəlimxan sazla şeirin ruhunu, mayasını birləşdirən şairdir". Xalq şairləri Osman Sarıvəlli də, Hüseyn Arif də, AMEA-nın müxbir üzvü S.Xəlilov da bu fikirdədir. Həqiqətən də Zəlimxanın mayası sazla sözün vəhdətindən yoğrulub. Bu bölümdə şairin onlarla şeiri, aşıq yaradıcılığına, aşıq sənətinə, saz havalarına, bu havaları yaradan, yaşadan, aşıq sənətini zirvələrə qaldıran sənətkarlara həsr etdiyi poema və dastanlar tədqiqata cəlb olunub. Tədqiqatda "Saz", "Yunus Əmrə", "Ələsgər", "Aşıq Hüseyn Saraçlı" kimi lirik-epik poema və dastanlara geniş yer verilib. Şairin bircə cümləsi deyilənlərə işıq tutur: "Məni başqa yerdə axtarmağa gərək yoxdur, ünvanımı sazdan soruşun". Bu sözlər çox mətləblərə aydınlıq gətirir.

 

Tədqiqatçı monoqrafiyasında Zəlimxan Yaqubun saza-sözə, aşıq sənətinə münasibətini şairdən sitatla tamamlayır və hər şey aydın olur: "Saz mənim üçün Türk ruhunun şəksiz və şəriksiz, tək və müqəddəs alətidir. Saz mənim üçün ana laylası, beşikdən məzara qədər ömür yolunda yol yoldaşım, könül sirdaşım, həyatım, varlığımdır". Şair öz məramını poeziya dili ilə belə çatdırır:

 

Sən varsan, həyatda mən varam demək,

Səsimi hər yana yetir, ay sazım.

 

Və ya:

 

Qalxıb şəhər könlüm, meyli kəndədi,

Xəyalım yaylaqda, göy çəməndədi.

Özüm Göyçədə yox, Göyçə məndədi,

Hər yeri gəzməyə ömür də çatmaz,

Yaxşı ki, sən varsan, ay sədəfli saz.

 

Ədəbiyyatşünas alim Azər Turan şairin poemalarından danışarkən həqiqətdən söz açan fikir söyləyir: "Etiraf etməliyik ki, Azərbaycanda muğamın dərki müstəvisində Bəxtiyar Vahabzadənin "Muğam" poeması hansı işi görübsə, Zəlimxan Yaqubun "Saz" poeması da saz havalarının dərki müstəvisində eyni işi görüb".

Dahi Ü.Hacıbəyli yazırdı ki, aşıq sənəti elə bir aləmdir ki, burada bəstəkarın da, şairin də, xanəndənin də, rəqqasın da istənilən qədər götürə biləcəyi pay vardır. Mənə belə gəlir ki, şairlərimiz arasında aşıq sənətindən, aşıq yaradıcılığından Xalq şairi Zəlimxan Yaqub qədər pay götürən, bu sənət aləmi ilə üzvi surətdə bağlı olan ikinci bir adlı-sanlı şairimiz yoxdur. Burada bir məsələdən də söz açmaq yerinə düşərdi.

 

Akademik Mirzə İbrahimov yazır: "Aşıq poeziyası xalq yaradıcılığı ilə yazılı ədəbiyyat arasında bir keçiddir, möhkəm bir körpüdür. O, bir tərəfdən xalq yaradıcılığına bağlıdır, o biri tərəfdən yazılı ədəbiyyata. Həm bununla, həm də onunla qarşılıqlı əlaqə və təsirdə inkişaf etmişdir. Onun kökləri, rişələri folklordan su içirsə, budaqları, qol-qanadı həmişə ədəbiyyatla qovuşur, ona təsir edir və ondan qüvvət alır".

 

Tam əminliklə deyə bilərik ki, aşıq poeziyasına məxsus keçidin daimi olmasında, xalq yazıçısının söhbət açdığı körpünün daha möhtəşəm olmasında, ədəbiyyata qovuşmasında Zəlimxan Yaqub qədər xidmətləri olan başqa bir çağdaş şairimiz də yoxdur. Məhz buna görə də şairin çağdaş ədəbiyyatımızın, aşıq yaradıcılığının və folklorun qovşağında bərqərar olması təəccüb doğurmur.

 

Onu da demək vacibdir ki, Zəlimxan Yaqub görkəmli aşıq Hüseyn Saraçlının itkisindən təsirlənərək "Aşıq Hüseyn Saraçlı" dastanını yazmış və Xalq yazıçısı Elçinin doğru olaraq qeyd etdiyi kimi, yazılı ədəbiyyatımıza dastan janrını gətirmişdir.

 

"Böyüklərin qədrini ancaq böyüklər bilər"

 

Bu bölüm də çox maraqla oxunur. Həqiqət budur ki, Zəlimxan Yaqubun dediyi kimi, hər bir qələm sahibinin xatirə yazmaq dövrü və xatirəyə çevrilmək məqamları var. Zəlimxan Yaqubun görkəmli şəxsiyyətlər, tanınmış ədəbiyyat, mədəniyyət və incəsənət adamları haqqında təkrarsız məqalələri, xatirələri vardır. Lakin Zəlimxan Yaqub Zəlimxan olmazdı, əgər bu şəxsiyyətlərə şeirlər, poemalar həsr etməsəydi.

Şair Məhəmməd Əmin Rəsulzadəyə, Səməd Vurğuna, Mikayıl Müşfiqə, İlyas Əfəndiyevə, İsa Muğannaya, Hüseyn Arifə, Məmməd Araza, Tofiq Bayrama, Musa Yaquba, Cavad Heyətə, Mikayıl Mirzəyə və bir çox başqalarına şeirlər həsr edib.  İsa Muğannaya "Ün", Turan Cavidə "Cavidin qız balası", Xudu Məmmədova "İnsan" poemalarını ithaf edib. Bir çox yazıçı və şairlərimiz, ictimai xadimlər haqqında xatirə məqalələri yazıb. Bütün deyilənlər barədə monoqrafiyada müfəssəl danışılıb.

 

Monoqrafiyada Xalq şairinin Ulu öndərimizə həsr etdiyi irihəcmli "Əbədiyyət dastanı" poemasından da bəhs edilir. Bu, təbiidir. Zəlimxan Yaqubun göz yaşları ilə yazdığı bu möhtəşəm "Əbədiyyət dastanı" Azərbaycan tarixində bir epoxa olan, misilsiz xidmətlərinə görə xalqın xatirəsində əbədilik qazanan, onun qürur və güvənc yerinə çevrilən dahi şəxsiyyət Heydər Əliyevə kədər dağının zirvəsindən oxunan elegiyadır.

"Əbədiyyət dastanı" ali kədər və ali sevgidən yaranıb.

 

Mən belə ağlamışam,

                  qanlı fələk ilk dəfə

Ürəyimi qıranda.

Yetim qalıb, atamı

                 torpağa tapşıranda.

 

Ali kədər zirvəsində dayanan şair onun ümumxalq kədəri olduğunu dərindən dərk etmiş, bu kədərin və bu sevginin sonsuzluğunu inanılmaz ürək çırpıntıları ilə vəsf etmişdir. Şairin "Əbədiyyət dastanı" poemasına yazdığı giriş məqaləsi də ümummilli liderimizə həsr olunan məntiqi fikirlərlə zəngindir: "Ölümsüzlüyü ilə ömrüm boyu öyünəcəyim bir şəxsiyyətlə bağlı üstümüzü alan, qapımızı qəfil döyən qara xəbər hamı kimi məni də dərindən-dərinə sarsıtdı. Bu sarsıntılar içində əlimə nə vaxt qələm aldığımdan heç özümün də xəbərim olmadı. O vaxt özümə gəldim ki, artıq sonuncu misranı yazıb, son hissəni tamamlamışam".

Bu deyilənləri ölməz "Əbədiyyət dastanı" poemasının son misraları da təsdiqləyir:

 

Həsrətini çəkəcəyəm illər boyu,

Kövrək qəlbim oyum-oyum oyulacaq.

Eşqin ilə yaratdığm bu dastanın

Son nöqtəsi mən öləndə qoyulacaq.

 

"Şair bu dünyanı boşuna gəzməz"

 

Musa Nəbioğlu bu bölümü də ilhamla işləmişdir. O, yazır: "İnsan ömrünün böyük bir hissəsini yollarda, səfərlərdə keçirir. Əslində, bütün həyatımız bir səfərə bənzəyir. İnsan doğulduğu gündən onu axirətə aparan bir yolun yolçusuna çevrilir. Və bu böyük yolun hər dayanacağı, hər tini, hər döngəsi, enişi, yoxuşu insana çox şey öyrədir, dünyagörüşünü zənginləşdirir, həyat təcrübəsini artırır".

 

Həqiqətən də, yollar, səfərlər çox vaxt əzablı olsalar da, barlı-bəhrəli olurlar. Bunu biz Zəlimxan Yaqubun dəfələrlə səfərlərdən necə barlı-bəhrəli döndüyünün şahidi olaraq da görmüşük. Mənim qənaətimə görə, çağdaş poeziyamızda Zəlimxan Yaqub qədər rəsmi və qeyri-rəsmi səfərlərdə olan ikinci bir şair tapmaq çətindir. O, bütün Türk ellərini, Avropa, Asiya, Afrika qitələrini gəzib, Vətənə bol-bol ədəbi materiallarla, şeirlərlə, poemalarla dönüb. Onun hər səfəri bir kitaba çevrilib. Tədqiqatçı M.Nəbioğlu "Şair bu dünyanı boşuna gəzməz" bölümündə söz açdıqlarımızdan hərtərəfli danışıb, həqiqəti şairin misralarında tapıb:

 

Şair bu dünyanı boşuna gəzməz,

Hər səfər bir tarix, bir kitab olar.

 

Şair səfərləri zamanı Vətən-qürbət məsələsini də ortaya qoyub:

 

Elə gəzməyə də Vətən torpağı,

Elə ölməyə də Vətən yaxşıdı  

- qənaətinə gəlib.

 

"Təbiət Allahın şah əsəridi"

 

Bu bölümdə tədqiqatçı Zəlimxan Yaqubu təbiətlə təmasda, təbiətlə vəhdətdə araşdırır. Hüseyn Arifdən sonra təbiət vurğunu olan, təbiətin qoynunda dinclik tapan şairimiz Zəlimxandır. Təbiətdən böyük ziyarət olmaz - deyən şair təbiəti ilham mənbəyi, şeir qaynağı, poeziya bulağı, müqəddəslik beşiyi adlandırır. 

Musa Nəbioğlu şairin təbiəti vəsf edən, ilhamla yazılmış şeirlərini eyni ilhamla tədqiq edir. Ən uğurlu şeirlərə məhəbbətini, vurğunluğunu gizlətmir. Zəlimxanın təbiəti dərindən duyduğunu xüsusi vurğulayır:

 

Ən böyük hikməti təbiətdə gəz,

Olsa da yolları dolaşıq, çətin.

Yüz il yaşasan da, sirrini verməz,

Dilini bilməsən sən təbiətin!

 

Təbiətin dilini bilmək üçün gərək Zəlimxan kimi onun vurğunu olasan, təbiəti bütün vücudunla sevəsən, onun qoynunda boy atasan. Şair 13 cildlik külliyyatının birinci cildinə yazdığı ön sözdə təbiətlə bağlı göstərir ki, gözündən su içdiyi bulaqlar ona aşıqlıq, şairlik bəxş edib. Həmin bulaqlar onu hallı-havalı çaylara, çaylar da sahilsiz ümmana - söz, ruh, təfəkkür ümmanına qovuşdurub:

 

Qəlbimi riqqətə gətirməsəydi,

Ana təbiətin yaratdıqları,

Mən hardan bilərdim şairlik nədir

 

- deyərək hər şeyin başlanğıcını Yaradanla Ana təbiətin vəhdətində görür.

 

"Allahın sözünü sevənlər yazır"

 

Nəbioğlunun əsərinin bu bölümü də böyük ilham, şairin yaradıcılığına dərin məhəbbətlə yazılıb. Sevgiyə nökərəm, sevgidi şahım - deyən Zəlimxan bütün yaradıcılığı boyu bir gün də sevgisiz yaşamayıb. Tədqiqatçının doğru olaraq göstərdiyi kimi, altında imzası olmasa belə, Zəlimxanın şeirini oxuyan poeziya pərəstişkarı şeirin kimə məxsus olduğunu müəyyənləşdirə bilər. Şairin şeirlərində diqqəti çəkən mühüm cəhət vardır. Şair sevənləri ismətli olmağa, sevgiyə müqəddəs, ülvi məhəbbət kimi baxmağa çağırır. Şair üçün sevgi inamdı, ümiddi, həyatdı, dindi, imandı. Allah sevgi dağını heç kimə göstərməsin - deyə dua edir.

 

Sevən ürək saf, təmiz, pak, kindən-küdurətdən uzaq olar. Sevənlərin mərd olduğu qənaətinə gəlir. Sevən adamın gözündə cəhənnəmə bənzər bir yer də dönüb laləzar olur. Şair etiraf edir: "Mənim bircə dinim var, dinimin adı sevgi". Şair gözəllik qarşısında heyrətdən lal olur. Musa Nəbioğlunun qənaəti də maraqlıdır. "Zəlimxan Yaqub üçün gözəllik başdan-başa ilhamdı, düşüncədi". Şairin sevgiyə həsr etdiyi şeirlərin sayı-hesabı yoxdur. Onları əzbər bilər insanların, xüsusən də gənclərin də sayı hesaba gəlməz. Neçə ki, sevənlər var, sevilənlər var, şairin şeirləri unudulmayacaq, nəsildən nəslə keçəcək, könüllərdə yaşayacaq - deyən tədqiqatçı haqlıdır.

 

"Öləndə də qəbrim qədər Azərbaycan torpağıyam"

 

Tədqiqatçı bu bölümdə Vətən və vətənpərvərlik mövzusunda qələmə aldığı poeziya nümunələrini araşdırır. Akademik Budaq Budaqovdan misal gətirir və göstərir ki, Zəlimxan Yaqub bir vətənpərvər şair kimi qanı canına hopdurulmuş ana torpağın yetişdirdiyi vətənə layiq oğullarımızdandır. Şair doğru deyir: "Sənin eşqin, sənin odun olmasa, şair qəlbi alovlanmaz, ey Vətən". Bu isə tədqiqatçının qənaətidir: Zəlimxanın hər şeirindən Vətən ətri gəlir, el-obanın, yurd-yuvanın istisi, sazımızın nəfəsi, dilimizin şirinliyi duyulur.

Şair ölkəmizin cənnət guşələrinin əsrarəngiz gözəlliyini tərənnüm etməkdən doymur:

 

Nə həddi var əfsanəvi cənnətin,

Azərbaycan torpağına bənzəyə.

 

Vətəni, eli-obanı, müqəddəs torpaqlarımızı bundan gözəl tərənnüm etməkmi olar? Bu, Nəbioğunun göstərdiyi kimi, bütün sevgilərdən baş olan Vətən sevgisi, torpaq sevgisi, tarix və yaddaş sevgisidir.

 

Bu dünya əbədi dirilərindi

 

Musa Nəbioğlunun "Sözün Zəlimxan zirvəsi" əsərinin bu bölümündə fani dünya, insan, zaman haqqında şairin şeirləri, fikirləri tədqiqat süzgəcindən keçirilir. Nə yaxşı ki, araşdırıcı şairin son vaxtlar yazdığı şeirləri bu son bölümdə nəzərdən keçirir. Artıq müəyyən yaşa dolmuş şairin düşüncəsində, fikrində, təfəkküründə baş verən dəyişiklik, mübtəla olduğu xəstəlik ilə bağlı bəzən ümidsizliyə qapılması, həyat həqiqətlərini dərindən dərk etməsi bu şeirlərində əksini tapır. Lakin şair ümidini üzmür:

 

Bircə təsəllim var, eşqim ürəkdən,

Adım yaddaşlardan silinməyəcək.

 

Musa Nəbioğlu söhbət açdıqlarımızı  dərindən duymuş və yazmışdır ki, insan-dünya, həyat-ölüm bütün dövlərdə ədəbiyyatın əsas mövzularından olmuşdur. Elə şair tapmaq çətindir ki, bu dünyanın gərdişinə şeir həsr etməmiş olsun. Bu baxımdan Zəlimxan Yaqubun yaradıcılığı da istisna deyil. Dünyanın gərdişinə, həyat fəlsəfəsinə, insanın bu dünyadakı və axirətdəki aqibətinə həsr etdiyi şeirlərində şairin özünəməxsus müdrik yanaşması diqqəti cəlb edir.

 

Tədqiqatçı fikirlərində haqlıdır. Lakin unutmaq olmaz ki, Zəlimxanın sağlamlıq durumu ona dünyaya başqa gözlə baxmaq, dünyanı daha yaxşı dərk etmək imkanı verib:

 

Ürək səsdə, təlaşda,

Baş fikirlər içində.

İnsan çox düşünsə də,

Qalır sirlər içində.

lll

Bilmək olmur zamanı,

Bilmək olmur həyatı - deyir.

 

Və ya:

 

Hamı bu dünyanındır,

Dünya heç kəsin deyil.

 

Bu iki misalda şair həqiqəti bəyan edir.

Qəbiristana gedən yolda düşüncələrə dalan, adamları fağır, addımları ağır görən şair deyir ki, cığırları nəmli olan bu yolda giriş var, çıxış yoxdur. Bu, Musa Nəbioğlunun doğru qənaətidir. Bu isə şairin həqiqətdən bəhs edən sətirləridir:

 

Ah qalxır, aha qovuşur,

Ağı segaha qovuşur.

İnsan Allaha qovuşur,

Qəbiristana gedən yolda.

 

Burada bədbinliklə həqiqət tam açıqlığı ilə çulğaşır. Bununla belə, şairin arzuları tükənmir. Şair zamana sığmayan, yazıb-yaratmaq eşqilə döyünən ürəyindəkiləri boşaltmaq, bütün arzularını həyata keçirmək üçün Yaradandan möhlət istəyir:

 

Qapısını öz əlimlə döyərəm,

Əzrailə xoş gəlmisən deyərəm.

Kəfənimi gülə-gülə geyərəm,

Aman ölüm, mən dediyim vaxtda gəl

- deyir.

 

Allah Zəlimxan Yaquba poeziyamızın naminə uzun ömür versin. Dünyanın keşməkeşlərini dərindən duyan şair, oxuyanda göz yaşlarımı saxlaya bilmədiyim, məni haldan-hala salan şeirini də yazıb:

 

Bildiyim bircə şey var:

Bir ustanın əliylə,

Naxış-naxış qazılmış,

Məzarımın üstündə,

Baş daşıma yazılmış,

Belə bir bənd olacaq:

Yer üzündə bəndənin,

Göy üzündə Allahın,

Qədrini bildi, getdi.

İşıq ömrü yaşadı,

Sevdi-sevil di, getdi.

 

Bu misralar yadıma sevimli şairimiz Səməd Vurğunun misralarını saldı:

 

Şirin bir xatirədək qalacaqdır dünyada,

Sevərək yaşayanlar, sevilərək ölənlər.

 

Zəlimxan xoşbəxt şairdir. O, bu dünyada o dünyalığını da qazanıb. Sevərək yaşayan, ümumxalq məhəbbəti qazanan, sevilən şair əbədilik qazanıb. Və nəhayət onu da deyim ki, Musa Nəbioğlu bütün əsər boyu şairin poeziyasından dərin məhəbbətlə söz açmış, ortaya şairə layiq bir əsər qoymuşdur. Bizə qalırsa, tədqiqatçının "Sözün Zəlimxan zirvəsi" əsəri şairin sahilsiz ümmana bənzər yaradıcılıq yoluna işıq tutan tədqiqat işi olmaqla bərabər, Zəlimxan Yaqubun poeziya aləminə uğurlu səyahətdir.

 

Qəzənfər Paşayev

professor

525-ci qəzet.- 2015.- 16 yanvar.- S.6.