Xəzər
Universitetində"Azərbaycanda ali təhsilin
inkişafı və dünya reytinq cədvəlləri" müzakirə olunub
REKTOR HAMLET İSAXANLI UNİVERSİTETİN SON UĞURLU NƏTİCƏLƏRİ HAQQINDA MƏTBUATI GENİŞ MƏLUMATLANDIRIB
Ötən gün Xəzər
Universitetində media nümayəndələrini
iştirakı ilə
"Azərbaycanda ali təhsilin inkişafı və dünya reytinq cədvəlləri" mövzusunda
mətbuat konfransı
keçirilib. Konfransı
Xəzər Universitetin
təsisçisi və
rektoru, professor Hamlet İsaxanlı
açaraq öncə
təhsilin vacibliyindən,
eləcə də ali təhsil müəssisələrinin, təşkilatların
media ilə əlaqələrinin
səmərəli təşkilinin
faydasından danışıb:
"Təhsil geniş
və mürəkkəb
sahədir. Müasir dünyada yaxşı ali məktəb
elmi tədqiqat gücü, maddi-texniki bazası, kadr potensialı və keyfiyyətli təhsil verməsi ilə tanınır. Müasir dünyada ali
məktəb də müasir, modern olmalı, yeni inkişaf meyllərini nəzərə
almalı, əslində
bu inkişafın hazırlanmasında iştirak
etməli, dünyada görünməli, yeri olmalıdır. Bir ali məktəbin
adı-sanı onun beynəlxalq aləmdə tanınması, dünyanın
digər ali təhsil və elm ocaqları, böyük şirkətlər və dünya mediası tərəfindən bəyənilməsi
ilə birbaşa bağlıdır. Əvvəllər
ölkəmizdə fəaliyyət
göstərən ali
məktəblərin müasirləşməsi
çox yavaş getdiyi üçün onlar beynəlxalq aləmdə az tanınır və müxtəlif kriteriyalar əsasında dünyada aparılan güc sıralanmasında, yəni,
reytinq araşdırmalarında Azərbaycan
ali məktəbləri,
demək olar ki, görünmürdü.
Son illərdə nüfuzlu beynəlxalq təşkilatların
reytinq cədvəllərində
Azərbaycan universitetlərinin
yer alması ölkəmizdə ali təhsil sahəsində inkişafın
və ciddi uğurların göstəricisidir
Lakin müxtəlif kütləvi
informasiya vasitələrində
- saytlarda, qəzetlərdə
və digər
KİV-də bu haqda verilən məlumatlarda qeyri-dəqiq
fikir, şərh və təhlillər yer alır, ali məktəblərin
reytinq cədvəllərindəki
yerləri yanlış
göstərilir. Bəzi nüfuzlu
təşkilatların reytinq
cədvəlləri isə
ümumiyyətlə diqqətdən
kənarda qalır, bu haqda ictimaiyyətə
məlumat çatdırılmır.
Ali təhsil müəssisələrinin,
universitetlərin mətbuatla,
media resursları ilə
əlaqələrinin səmərəli
təşkilinin həm
həmin təşkilata,
həm də cəmiyyətə faydası
böyükdür. Çünki bu zaman ali təhsil
ocağı öz uğurları, irəliləyişləri,
nəticələri barəsində
ictimaiyyətə məlumat
verir, cəmiyyət isə bu informasiyalardan
xəbərdar olaraq universitetlərin potensialı
haqqında əyani təsəvvürə malik
olur. Hər sahədə olduğu kimi təhsildə də məlumatların dəqiq, doğru çatdırılmasının böyük əhəmiyyəti
var. Xəzər Universiteti
həmişə media ilə
dost olub. Nə zaman bizə
mətbuatdan müraciət
olunsa, zamanında cavab vermişik".
Rektor Azərbaycan ali məktəblərinin, xüsusən,
Xəzər Universitetinin
son dövrlərdə nüfuzlu
beynəlxalq təşkilatların
reytinq cədvəllərində
tutduğu mövqe barəsində ətraflı
məlumat verib: "Dünyada universitetlərin
reytinqinin müəyyənləşdirilməsi
sahəsində tanınmış
təşkilatlardan biri də
"QS" təşkilatıdır.
"QS"
təşkilatı 2014-cü il dekabr
ayının 17-də özünün
böyük maraq kəsb edən yeni reytinq cədvəlini
açıqlayıb. Bu dəfə
"QS" təşkilatı ilk dəfə olaraq Şərqi
Avropa, Keçmiş Sovet ölkələri və Türkiyə daxil olmaqla dünyanın
çox böyük regionunun 100 ən yaxşı ali məktəbini elan edib. Bu reytinq cədvəlində Azərbaycandan
yalnız 3 ali
məktəb yer alıb.
Xəzər Universiteti 39.6 balla 100 ən yaxşı ali məktəb arasında
71-ci yerdə qərarlaşıb
Bakı Dövlət universiteti
39.4 balla Çexiyanın
Palacky-Olomous universiteti
ilə 72-73-cü yerləri
bölüşdürülüb. Qafqaz Universiteti isə 38.5 balla 75-ci yerdədir.
"QS" reytinq cədvəli
universitetlərin dünyada
nüfuzu (30%), məzunların nüfuzlu
təşkilatlarda işlə
təmin olunması
(20%), müəllim - tələbə
nisbəti (15%), xarici müəllimlər
(2,5 %), xarici
tələbələr (2,5 %), Ph.D dərəcəsi olan müəllimlər
(5%), elmi məqalələrin
sayı (10 %), məqalələrə
edilən istinadlar
(5%), universitet saytlarının
gücü (10%) kimi meyarlara görə formalaşdırılır. Onu da qeyd edək ki, xarici mütəxəssislərin
işə cəlb edilməsi indikatoru üzrə Xəzər Universiteti ilk 5 ən yaxşı universitet sırasındadır. Universitetə ən istedadlı, bacarıqlı, peşəkar
mütəxəssisləri cəlb etməyə çalışırıq. Bu proses davamlı şəkildə aparılır.
Hazırda Xəzər Universitetində
ABŞ, Yeni Zelandiya, Avstraliya, Hindistan, İran və digər ölkələrdən
nüfuzlu mütəxəssislər
çalışır
H. İsaxanlı dünyanın
nüfuzlu təşkilatlardan
olan EDUNİVERSAL və
WEBOMETRİKS-in Xəzər Universiteti ilə bağlı reytinq nəticələrini də
açıqlayıb: "Ali məktəblərin reytinqinin
müəyyənləşdirilməsi sahəsində fəaliyyət
göstərən nüfuzlu
təşkilatlardan biri
də EDUNIVERSAL Beynəlxalq
Elmi Cəmiyyətidir.
Bu təşkilat hər
il dünyada
12000-dən çox magistr
proqramlarını tədqiq
edir, qiymətləndirir
və "Ən Yaxşı Magistr Proqramları"nı elan
edir. Bu qiymətləndirmə
perspektivli tələbələrə
daha yaxşı seçim imkanı verir. 2014-cü il dekabr ayının 24-də EDUNIVERSAL 2014- 2015-ci il üçün "Ən Yaxşı Magistr Proqramları" (Eduniversal Best Masters) reytinq
cədvəli açıqlanıb.
Bu dəfə EDUNIVERSAL dünyanı 9 əsas məkana ayırıb və hər məkan üçün ayrı reytinq araşdırması aparıb.
İqtisadiyyat və Biznesin idarə edilməsi sahəsində
müxtəlif ixtisaslar
üzrə magistr proqramları araşdırılıb,
nəticədə Xəzər
Universitetinin Menecment, İqtisadiyyat, Mühasibat
uçotu və audit ixtisasları üzrə
MBA proqramları Avrasiya
və Yaxın Şərq bölgəsinin ən yaxşı 10 (on) magistr proqramı siyahısında
yer alıb: Menecment - 9-cu yer, İqtisadiyyat - 9-cu yer, Mühasibat uçotu və audit - 10-cu yer. Azərbaycandan digər bir ali təhsil
ocağı -Qafqaz Universitetinin Dövlət
və bələdiyyə
idarəetməsi üzrə
magistr proqramı da 200 "Ən Yaxşı Magistr Proqramları" sırasındadır.
Xəzər Universitetinin İqtisadiyyat
və Menecment fakültəsi 2007-ci ildən
bəri iqtisadiyyat və biznesin idarə olunması üzrə ixtisas hazırlığı sahəsində
dünyanın ən yaxşıları arasında
yer almış, bu sıralamada 7 dəfə yüksək yer tutub. Son reytinq
cədvəllərində Xəzər
Universitetinin dünyanın
ən nüfuzlu ali məktəbləri
ailəsinə daxil olduğunu nümayiş etdirir.
WEBOMETRİKS
təşkilatının Yüksək
Liqasında Xəzər
Universiteti böyük
siyahıda 5836-cı yerdədir
Bu siyahıda Qafqaz
Universiteti 6923-cü, Bakı
Dövlət Universiteti
7238-ci, Azərbaycan Diplomatiya
Akademiyası isə
8376-cı yerdə qərarlaşıb".
Universitetin layihələri haqqında
məlumat verən rektor hazırda 15 beynəlxalq layihədə
iştirakından söz
açıb, gələcəkdə
bu rəqəmin daha da artacağını
istisna etməyib.
H.İsaxanlı rəhbərlik etdiyi
ali təhsil
müəssisəsinin maliyyə
resursları barəsində
danışarkən bu
sahədə daha çox beynəlxalq layihələrin rol oynadığını vurğulayıb:
"Beynəlxalq layihələrdə
iştirakımız bizə
bəzən 700 min manat
qiyməti olan avadanlığı ödənişsiz
əldə etmək imkanı yaradır.
Tələbələrin təhsil haqqı son qəpiyinəcən
Universitetin inkişafına
sərf olunur
Bizim Universitetdə
bir sıra fakültələr xüsusilə
öndədir. Məsələn, Xəzər Universitetinin
sərmayəsinin yarıdan
çoxu Mühəndislik
fakültəsinə yatırılır.
Bu fakültədə çox istedadlı tələbə və müəllim heyəti
var. Fakültənin dekanı
ABŞ-dan dəvət
olunmuş mütəxəssisdir.
Onlar hal- hazırda mühüm kəşflər üzərində
iş aparırlar. İnanıram ki, yaxın
gələcəkdə onlar
önəmli ixtiralarla
bizi sevindirəcəklər.
Günəş enerjisi
ilə yeriyən maşınla bağlı
ciddi bir layihə üzərində
hazırda iş gedir. Eləcə də robot texnikası, alternativ enerji mənbələri, yalnız
Xəzər Universitetinin
adı ilə bağlı kompüter proqramlarının hazırlanması
da mühüm layihələrimizdəndir. Müasir dünya
standartlarına cavab verən laboratoriyalar qururuq. Məzunlarımız dünyanın nüfuzlu
şirkətlərində işlə
təmin olunur. BP şirkəti ilə
geniş əməkdaşlığımızı
qeyd edə bilərəm. Bunu da vurğulayım ki, əgər məzunumuz bizdən diplom alıbsa, deməli, mütləq şəkildə oxuyub alıb, başqa cür ola
bilməz. Məhz buna görə
xarici şirkətlər
bizim məzunlarımıza
daha çox üstünlük verirlər.
Əlbəttə, arzuolunandır ki,
nüfuzlu şirkətlərlə,
zəngin insanlarla əməkdaşlığımız daha da genişlənsin,
belə şirkətlər,
insanlar təhsilimizin gələcəyinə sərmayə
yatırsınlar, universitetimizdə
onlarla istedadlı, bacarıqlı tələbənin
təhsil almasına sponsorluq etsinlər. Düşünürük ki, yaxın
zamanlarda mətbuatı
həm layihələrimiz,
həm laboratoriyalarımız,
həm də müəllim-tələbə kontingentimizlə
tanış etmək imkanı olacaq".
H.İsaxanlı sonda jurnalistlərin
suallarını cavablandırıb.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.-
2015.- 16 yanvar.- S.4.