Tarixdə izisözü olan Cəmo bəy Cəbrayılbəyli

 

 

Maraqlı həyat yolu keçmiş görkəmli bir ziyalımız haqqında söz açmaq istəyirəm. O, 1887-ci ildə Şamaxıda anadan olub.

 

Atası o vaxtlar Şamaxıda yerləşən Bakı Əhli-Təsənni İdarəsində kargüzar işləyirdi-Adil bəy Cəbrayılbəyov. Adil bəy Cəbrayılbəyov Zaqafqaziya Əhli-Təsənni İdarəsinin müftisi şamaxılı Hacı Əbdülhəmid bəy Mustafa Əfəndizadə ilə əqidə məslək dostu idi. Əbdülhəmid bəy 1872-ci ildə, Şamaxı qaziliyindən Tiflisə təyinat alandan sonra onun Şamaxıdakı vəzifəsinə Səid Əfəndi Ünsizadəni təyin edirlər. Şərq dillərini, eləcə dövrün məcburi dili olan rus dilini ana dili kimi bilən Adil bəy yenə kargüzarlığında qalır, məhərin quberniyanın ictimai – siyasi ədəbi həyatında fəal iştirak edir. Övladlarını yaxşı oxutdurmaq üçün əlindən gələni edir. XİX əsrin ensiklopedik nəşrlərində Adil bəyin adı “Kavkazskiy kalendar”ın hər nəşrində təkrar olunub. Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin 291 nömrəli fondunda Adil bəy Cəbrayılbəyov haqqında çoxlu arxiv sənədləri vardır. Fondun 848 nömrəli saxlama vahidindəki materiallardan məlum olur ki, 1887-ci ilin dekabrında Adil bəyin yerinə – kargüzar vəzifəsinə Sultan Murad bəy Əfəndiyev təyin olunub.

 

Fikrimizcə bu, Bakı Əhli-Təsənni İdarəsi tərəfindən aparılan açması uzun vaxt tələb edən qərəzli yoxlama ilə ilgilidir. Sözün qısası budur ki, Zaqafqaziya Əhli-Təsənni İdarəsinin Adolf Berje tərəfindən vəzifəyə gətirilən, müdafiə olunan, dəstəklənən başçısı Hüseyn Əfəndi Qayıbov 1883-cü ilin dekabrında Tiflisdən Şamaxıya qazı vəzifəsinə göndərilən Səid Əfəndi Ünsizadə ilə yersiz ədavətini davam etdirir, onun tərəfdarlarını sıradan çıxarırdı. Bir müddətdən sonra – 1889-cu il fevral ayının 20-də Səid Ünsizadə vəzifəsindən uzaqlaşdırılır. O, Şamaxıda yaşaya bilmədiyindən neft milyonlar şəhəri kimi formalaşan Bakıya gəlir, burada 1884-cü ildə Tiflisdə nəşri dayandırılan “Ziyayi-Qafqasiyyə” qəzetinin nəşrinin davam etdirilməsinə hökumətdən icazə istəyir. Lakin müxtəlif bəhanələrlə onun xahişinə müsbət cavab verilmir. Səid Ünsizadə böyül maarifçilik işlərini davam etdirmək üçün İstanbula üz tutur burada, çox güman ki, hələ TiflisdənZiya” qəzetində işlədiyi vaxtdan qiyabi tanıdığı Münif Paşanın köməyi ilə maarif təhsil sahəsindəki fəaliyyətini davam etdirir. Bir müddətdən sonra onun ortancıl qardaşı Cəlaləddin Əfəndi Tiflisdən İstanbula köçür. Kiçik qardaş Kamal Ünsizadə isə Bakıda qalır, burada əsasən, nəşriyyat işləri ilə məşğul olur, müəyyən gecikmələrlə “Məzhər”  adlı qəzet çap etdirir.

 

 Bu uzun gedişlərdən sonra yenidən Adil bəy Cəbrayılbıyov haqqındakı sözümüzü davam etdiririk. Adil bəylə ilgili son arxiv sənədləri 60 vərəqdən ibarət olmuşdur. Təəssüf ki, bu sənədlər hansı səbəbdənsə makulaturaya verilib, tarixi istifadədən uzaqlaşdırılıb. Məlum olur ki, buradakı sənədlər 1891-ci il fevralın 27-dən aprelin 29-na qədərki dövrü əhatə edirmiş. Bu sənədlər Adilbəy Cəbrayılbəyovun dörd yaşlı oğlu Cəmo bəyin yaş kağızı ilə ilgilidir.

 

Bir məsələ hələ qaranlıq qalır: görəsən, Adil bəy oğlu Cəmo bəyə yaş kağızı (metrka-N. N. ) aldımı?

 

Bu barədə tədqiqatçılar hələ heç deyə biməyiblər. Cəmo bəydən yazırlar, söhbət açırlar, amma ortalıqda hələ, demək olar ki, tutarlı ilkin elmi- bioqrafik məlumat yoxdur. Yeganə mənbə kimi ölümündən bir il sonra Cəmo bəy Cəbrayılbəyovun “Xatirələrim” adı ilə nəşr olunan əsərdir.

 

Cəmo bəy Cəbrayılbəylinin ömür payına iki əsrdən 78 il düşüb: 1887-1965. Atasının ölüm tarixi bilinmir ( Hər halda adını cəkdiyimiz arxiv sənədlərinə görə 1891-ci ilin iyun ayı da daxil olmaqla hələ sağ imiş). Adil bəyin böyük qızı şamaxılı şair Ağalı bəy Nasehin həyat yoldaşı idi. Ağalı bəy Naseh Şamaxıda dövlət idarəsində dilmanc işləyirdi. O, M. Ə. Sabir, A. Səhhət, M. Mahmudbəyov ilə ziyalıların ən yaxın, səmimi dostlarından idi.

 

Cəmo bəy Şamaxı şəhər məktəbində oxuyub. Həsən bəy Zərdabi bu məktəbdə oxuyub. Bu məktəbdə Cəmo bəyin ana dili şəriət müəllimi Seyid Əzim Şirvaninin oğlu Mir Cəfər idi. Bir sıra tədqiqatçılar Cəmo bəyin dövlət hesabına oxumasında Mir Cəfərin adını yüksək qiymətləndirirlər.

 

Şamaxı şəhər məktəbi təlimi rus dilində olan təhsil ocağı idi. Burada Avropa təhsilli rus Avropa təhsilli, universitet bitirmiş müəllimlər dərs deyirdi. Şamaxı Şəhər Məktəbi şagirdləri ali məktəbə daxil olmağa hazırlayan təhsil ocağı idi. Tədqiqatçıların yazdığına görə, Cəmo bəy burada 1896-1901-ci illərdə oxuyub. 1908-ci ildə xüsusi komissiya üzvlərinə imtahan verərək müəllimlik attestatı alıb, 1919-cu ilədək Şamaxıda müəllimlik edib. Sonralar Bakıya köçmüş, bir sıra məktəblərdə müəllim olub. Cəmo bəyin müəllimlik fəaliyyətində S. M. Qənizadənin ona göstərdiyi qayğı xüsusi qeyd edilməlidir. Qori şəhərində yaradılan Zaqafqaziya Müəllimlər Seminariyasına 1905-ci il avqust ayının 3-də inspektor təyin edilən S. M. Qənizadə 3 ildən sonra əmrlə işdən çıxarılır. Bu əmr direktor M. Miropiyev ilə S. M. Qənizadənin aralarında tədris layihəsi ilə əlaqədar olan fikir müxtəlifliyi bağlı idi. S. M. Qənizadə Qafqaz Təhsil Dairəsinin popeçiteli N. Rudolfa müraciət edərək, günahkar olmadığını sübut edir ona Qoridəki vəzifəsindən daha üstün olan vəzifə verilir. O, Bakı-Dağıstan Xalq Məktəbləri İdarəsinin inspektoru vəzifəsinə təyin olunur. Cəmo bəyin Bakı məktəblərindəki nümunəvi müəllimlik fəaliyyəti məhz bu dövrün başlanğıcı ilə əlaqədardır. Cəmo bəy Cəbrayılbəyov Xalq Maarif Komissarlığının xətti ilə bir sıra irimiqyaslı tədbir layihələrdə fəal iştirak edir, uşaq pedaqoji mətbuatın formalaşmasında S. M. Qənizadə , Ə. Cəfərzadə, A. İsrafilbəyli, A. Talıbzadə, Q. Mirzəzadə, K. İsmayılov, F. Ağayev başqaları ilə birlikdə nümunəvi işlər görür; layihələrlə çıxış edir, rus Avropa ədəbiyyatından etdiyi tərcümə tədilləri ilə məktəblilərin mütaliə mədəniyyətinin yüksəldilməsinə çalışır. Onun “Maarif”, “Qızıl yıldız”, “Qırmızı günəş” sair uşaq mətbuatındakı müxtəlif imzalarla çap etdirdiyi təbiət hekayələri, şeir marşları bu gün maraqla oxunur. Cəmo bəyin bir sıra hekayələrinin qəhrəmanı geniş maraq dünyası olan Adildir.

 

Cəmo bəy oğluna atasının adını vermişdir. Nəvə Adil Cəbrayılov (1924-1991) Bakıda Bülbül prospektində yerləşən Respublika Dəri-Zöhrəvi Xəstəxananın baş həkimi olub.

 

Atam hər dəfə Bakıya gələndə mütləq qohum-əqrəbalarına, dostlarına baş çəkərdi; atasının xalası oğlu professor Emin Əfəndiyev, müəllimləri Püstəxanım Yüzbaşinskaya, Cəmo bəy Cəbrayılbəyov, ADU-nun müəllimləri Yusif Şirvan, Hidayət Əfəndiyev, bir Adil Cəbrayılbəyli. Mən onlardan yalnız üç nəfəri ziyarət etmişəm. Cəmo bəy Cəbrayılbəylinin “Xatirələrim” kitabını birnəfəsə oxuyandan sonra doktor Adil Cəbrayılbəylinin ziyarətinə getmədiyimin peşmançılığını çəkirəm; fəhlə həyatından yazılar yazmaqdansa, 20-30-cu illərin ziyalıları haqqında qədər yazı yazmaq olarmış... Təəssüf, təəssüf...

 

Yenə , yaxşı ki, arxiv bəzi kitabxanalarda bu dövrə aid makulatura olmaqdan qaça bilən materiallar az da olsa qalıb.

 

GoogLe. az-da “ Biologiya elmləri – Milli Elektron Kitabxana”

 

sözlərini yazmaqla Cəmo bəy Cəbrayılbəyliyə aid bir neçə kitab proqramların adına rast gəldim. Burada xoşuma gəlməyən bircə o oldu ki, bu materialları oxumaq üçün mütləq M. F. Axundov adına Milli Kitabxanaya getməlisən. Mənə elə gəlir ki, elektron kitabların distant oxusu haqqında müzakirələr aparılıb qərar qəbul edilməlidir. Həmin materiallar bunlardır:

 

Cəbrayılbəyli C. Akvarium və terrarium [Mətn] C. Cəbrayılbəyli. – B. : Azərnəşr 1930. – 69, [1] s.

 

Cəbrayılbəyli C. Bitkilər fiziolojisi terminləri /C. Cəbrayılbəyli; Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu Dil və Ədəbiyyat Şöbəsi Terminoloji Komitəsi. – B. : Azərnəşr, 1931. – 16 s. ; 21 sm.

 

Cəbrayılbəyli C. Fito-sosioloji terminləri /C. Cəbrayılbəyli; Azərbaycan Dövlət Elmi Tədqiqat İnstitutu Terminoloji şöbəsi. – Bakı: Azərnəşr, 1931. – 8 s. ; 23 sm.

 

Cəbrayılbəyli Cəmo. Heyvanat dərsləri [Mətn]: birinci dərəcə məsai məktəblərinə görə yazılmışdır /C. Cəbrayılbəyli. – B. : Azərnəşr, 1924. – 102, [4] s.

 

Cəbrayılbəyli Cəmo. Heyvanat dərsləri [Mətn]: [əmək məktəbləri üçün tədris və pedaqoji kitabları] /C. Cəbrayılbəyli; red. Ə. Əbdürrəhimzadə. – B. : Azərnəşr, 1929. – 91, [1] s.

 

Cəbrayılbəyli Cəmo. Heyvanat dərsləri [Mətn]: birinci dərəcəli məktəblər üçün /C. Cəbrayılbəyli. – B. : Azərnəşr, 1928. – 100 s.

 

Cəbrayılbəyli Cəmo. Müxtəsər nəbatat [Mətn]: birinci dərəcə məktəblərə görə yazılmışdır /C. Cəbrayılbəyli; məxəzlər: Troyanski, Vaqner, Traçevski, Kalugin, Harun ər-Rəşid. – B. : Azərnəşr, 1924. – 75, [2] s.

 

Cəbrayılbəyli Cəmo. Müxtəsər nəbatat [Mətn]: birinci dərəcə məktəblərə görə yazılmışdır/C. Cəbrayılbəyli. – B. : Azərnəşr, 1926. – 75 s.

 

Cəbrayılbəyli Cəmo. Müxtəsər nəbatat [Mətn]: [əmək məktəbləri üçün tədris və pedaqoji kitablar] /C. Cəbrayılbəyli; red. Ə. Əbdürrəhimzadə. – B. : Azərnşr, 1929. – 64 s.

 

Cəbrayılbəyli Cəmo. Təbiətə ilk addım [Mətn]: birinci dərəcə məktəblərin ikinci və üçüncü qruplarına görə yazılmışdır /C. Cəbrayılbəyli. – B. : Azərnəşr, 1924. – 126, [4] s.

 

Göründüyü kimi, burada elə ilk baxışdan öyrənilməli nə qədər material var. Cəmo bəy Cəbrayılbəyli 1942-ci ildə –55 yaşında alimlik dərəcəsi alıb.  Kataloqa baxın, akademiyanın müvafiq institutları C. Cəbrayılbəylinin hər kitabına aid bir dissertasiya işini ortaya çıxara bilər. Bəlkə də mən gecikmişəm ; kimsə Cəmo bəyin elmi üslubuna aid məqalə yazıb. Amma hər halda mən də bu mövzuda sanballı bir yazı hazırlayacağam.

 

Mətbuat tarixinə aid layihə üzərində işləyərkən Cəmo Cəbrayılbəylinin Azərbaycan Demokratik Cümhuriyyəti dövründə və 1920-ci illərdə uşaq mətbuatı səhifələrində həm pasportdakı adı ilə, həm də “CƏMO” (“CAMO” yox-N. N. ) təxəllüsü ilə xeyli bədii, elmi-bədii, elmi-publisistik əsər, ən başlıcası siyasi nəğmə-marş yazdığının şahidi oluruq. Hələ də bəzi alimlər “ Cəmo” təxəllüsünün kimə aid olması yəqinləşdirməkdə çətinlik çəkirlər: “Cəmo”nu

 

CAVAD AXUNDOV MƏMMƏDƏLİ OĞLU

 

kimi oxuyurlar. Bir az gülməli çıxır: görəsən , “axund” sözünü incə saitlə oxuyan varmı?

 

“Cəmo”nu Camo Hacinski, Əhməd Cavad kimi açıqlamaq istəyənlər bilməlidirlər ki, rusdilli Hacınski heç vaxt nə rusca, nə də Azərbaycan dilində şeir yazmayıb, Əhməd Cavad kimi nəğməkar şair də adını düz yazanlardandır.

 

lll

 

Cəmo bəy Cərayılbəylinin 1930-cu illərdə pedaqoji və uşaq mətbuatındakı fəaliyyəti haqqında ayrıca bir yazı hazırladığımız üçün bu dövrün materiallarının incələnməsini sonraya saxlayırıq. İndilikdə isə “Yeni yıldız”ın 1922-ci ilə aid 2-ci nömrəsində Cəmo bəy Cəbrayılbəylinin “Cəmo” təxəllüsü ilə yazdığı “Sənsən” şeirini oxuculara təqdim edirik.

 

Yeri gəlmişkən onu da deyək ki, ayda bir dəfə nəşr olunan ədəbi, fənni, siyasi məcmuə olan “Yeni yıldız”ın bu nömrəsində Cəmo bəy Cəbrayılbəylinin “İctimai hifzi-səhhət”adlı maraqlı bir elmi yazısı da çap olunmuşdur. Bu barədə sonrakı yazılarımızda ayrıca söz açmaq niyyətindəyik.

 

 Sənsən

 

Ey dilbərim, ey güllərcəm,

 

ey cahcəlalım,

 

Sənsən bana dirilik gətirən,

 

ey pərim , sənsən!

 

Ey eşq səmasında

 

gəzən şanlı hilalım,

 

Şu cürmlərin (günahların-N. N.)

 

cümləsinin dilbəri sənsən!

 

Bin dərdə, bəla atəşi sövq edən sənsən,

 

Bin dürlü səfa məninin məzhəri sənsən.

 

Qan ağlatub, aşiqlərə baş gəzənsən

 

Bir baq yenə hər aşiqinin əzbəri sənsən!

 

Ey nur saçan, gün kibi afaqı işıqlat,

 

Ruh aləminin nur saçan əxtəri sənsən.

 

Bu kəsələtdə (kefsizlikdə-N. N. ) bənim ruhumi ilham ilə anlat,

 

Sənət yaratan qüvvələrin gövhəri

 

sənsən!

 

Bir şeiri- məlahətsən, aman bəndən uzaşma,

 

Əşara yaqın qalblərin rəhbəri sənsən,

 

Aşiqin işini etsə yürəklərdə təcəlli.

 

Həp anlar odum : xilqətin hər dəftəri

 

sənsən!

 

Cəmo

 

lll

 

Hər dəfə Şamaxıya gedəndə “Yeddi günbəz”qəbiristanlığında M.Ə. Sabiri də, onun qəbrinin ayaq tərəfində dəfn olunmuş babamın atası Nəsrəddin İsmayılovu da, Yusif Şirvanı da, eləcə də Cəbrayılbəyovları da ziyarət edirəm. Bunlar qohum-əqrəbalarımızın hər gün salam-kəlamı olan şamaxılılardır, qohumlardır, dostlardır. . .

 

lll

 

...Şamaxıda M. Ə. Sabirin məqbərəsindən 20-25 metr aralıda üzü Bakıya tərəf bayramdan bayrama yada düşən 3 qəbir var:

 

Cəmo Cəbrayılbəyli (1887-1965)

 

Şəfiqə Əliəşrəf qızı Cəbrayılbəyli(22. 03. 1900-10. 05. 1982)

 

Adil Cəmo oğlu Cəbrayılbəyli (1924-1991)

 

Bunların hər üçü tariximizdə izisözü olan insanlardır.

 

Nazim NƏSRƏDDİNOV, Əməkdar müəllim, Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının bölmə üzvü

525-ci qəzet.- 2015.- 17 yanvar.- S.30.