Müharibə və onun nəticələrinə
təsir edən amillər
(Əvvəli ötən şənbə
sayımızda)
Təbiətin
müharibənin gedişinə təsiri
Müharibə vakuumda və ya ətraf mühitdən
izolə olunmuş şəraitdə getmədiyindən digər
mühüm amillərlə yanaşı təbiətin,
iqlimin də müdaxiləsi ona öz təsirini əsaslı
surətdə göstərir. Təbii sərhədləri
olmayan ölkələr, məsələn, Prussiya bu
çatışmazlığına görə öz potensial
düşmənlərindən qorunmaq vəzifəsini ön
plana çəkirdi və preventiv (qabaqlayıcı) tədbirlər
görürdü. Təbiət qüvvələrinə,
stixiyaya gəldikdə, onlar öz təsiri ilə bəzən
ciddi məğlubiyyət ərəfəsində olanları
da qaliblərə çevirə bilir. Təəssüf
ki, Klauzevitsin əsərində bu məsələlər
lazımınca öz əksini tapmamışdır. Hətta böyük sərkərdəlik
dühaları da rəqiblərinə öz iradələrini
diqtə etdikləri halda, təbiətin verdikti, hökmü
qarşısında özlərinin gücsüz olduqları qənaətinə
gəlməklə, bəzən ağır itkilərlə
müşayiət olunan məğlubiyyət
acısını dadmış olurdular.
Ömründə
döyüşlərdə uduzmaq nə olduğunu bilməyən,
tərkibi öz qüvvələrindən dəfələrlə
çox olan Persiya ordusunu Qranikdəki, İss körfəzindəki,
Qavqameladakı döyüşlərdə ağır məğlubiyyətlərə
uğradan Böyük Aleksandrın əsgərləri
Hindistanda qiyam qaldıraraq, müharibəni davam etdirmək istəmədiklərini
bildirdikdə, sərkərdə vəziyyətin
çıxılmaz olduğunu görüb, b.e.ə. 325-ci ildə
Persiyaya geri qayıtmağa razılıq verdi.
Makedoniyalı əsgərlər isə öz vətənlərinə
qayıtmağı tələb edirdilər. Böyük Aleksandr qoşunun kiçik hissəsini
su yolu ilə üzməklə göndərdi, əsas hissəsini
isə öz başçılığı altında
Gedrosiya səhrasından keçməklə geri, Babilə
qaytardı. Aleksandr səhra ilə səfər
etmək təcrübəsinə malik idi. B. e. ə.
332-ci ildə Misiri işğal etdikdən sonra ənənəvi
faraon titulunu almaq, “Amonuun oğlu” adlanmaq üçün bu,
yunanlarda “Zevsin oğlu” adlanmağa bərabər idi, o, səhra
orakulunun yanına yollanmışdı. Həmin
səfər nə qədər çətin olsa da, Gedrosiya səhrasındakı
əzablarla müqayisə oluna bilməzdi. Bu hamını taqətdən salan səfər
artıq heç də əcdadlarını da müqəddəsləşdirən
hansısa bir fəxri adı qazanmaq naminə həyata
keçirilən cəhd və ya əlavə şöhrət
gətirən bir hərbi yürüş olmayıb, uzun
müddət davam edən əzablar və məhrumiyyətlər
seriyası ilə müşayiət olunmağı ilə
seçildi. Döyüşçülər
qızmar istidən, susuzluqdan əziyyət çəkirdilər,
ərzaq qıtlığı da öz işini
görürdü. Aleksandr
döyüşlərdə olduğundan da artıq itki verməyə
məcbur oldu. Dahi sərkərdə təbiət
qüvvələri qarşısında özünün aciz
olduğu qənaətinə gəldi. Əgər
səhranın dəhşətli şəraitini nəzərə
alıb, kəşfiyyat yolu ilə əvvəlcədən
daha asan marşrut seçsəydi, belə böyük itkilərlə
və məhrumiyyətlərlə üzləşməzdi.
Həmişə logistikaya ciddi fikir verən, onun tələblərini
nəzərə alan Makedoniyalı Aleksandr
bu dəfə öz ənənəsinə də xəyanət
etdiyindən, gözləmədiyi halda səhra şəraiti
tərəfindən cəzalandırıldı.
Karfagenin istedadlı sərkərdəsi Hannibal
Kanndakı böyük qələbəsindən xeyli sonra
Romanın qapısı ağzında dayandı. Kann döyüşündən
bilavasitə sonra ordusu darmadağın edilmiş Romaya o,
hücum etsəydi, bəlkə də onu tutmaq barədəki
çoxdankı arzusuna nail ola bilərdi. Hələ doqquz yaşı olanda, o, atasına Romaya
daim düşmən olacağı andını
içmişdi. Əlverişli fürsətdən
istifadə etməməsi, anlaşılmayan tərəddüd
göstərməsi ona baha başa gəldi. Nəhayət Roma yaxınlığında
düşərgəsini qurdu ki, şəhərə hücum
etsin. Lakin hücum ərəfəsində
iki gün davam edən leysan yağış və tufan
Hannibalı bu fikirdən yayındırdı, onu geri çəkilməyə,
düşərgəsini uzağa köçürməyə
məcbur etdi. Hannibal əzdiyi Roma ordusundan
deyil, təbiətdən ağır zərbə aldı və
heç vaxt Romanı tuta bilmədi. Bir
müddət sonra zaman da Hannibalın ziyanına işləməyə
başladı. Roma ordusu Karfagenin öz ərazisində
ona zərbə vurmaq üçün üzüb, orada sahilə
çıxdıqdan sonra, Hannibal geri
çağırıldı və b.e.ə. 202-ci ildən
Şimali Afrikadakı Zama döyüşündə məğlubiyyətə
uğradı. Sonra isə vətənindən
qaçıb, yad ölkədə onu axtaran romalılara təslim
olmamaq üçün özünü intihar etdi.
Roma ordusuna qan udduran, romalıları dəhşətli
qorxu altında saxlayan Hannibal stixiyanın həmləsinə
davam gətirə bilməyib, vaxtında yetişmiş meyvəni
qoparmağa cəsarət etmədiyi kimi, bu dəfə də
geri çəkilməyə məcbur olmaqla, öz
şöhrətinə və taleyinə də ağır zərbə
vurmuş oldu.
Çinin Monqol hökmdarı Xubilay xan 1274-cü və
1281-ci illərdə Yaponiyanı işğal etmək
üçün böyük donanma təşkil edib, sayı
minə qədər olan gəmilərlə
döyüşçülərini Kyusyu adasına göndərdi. Lakin hər iki dəfə qəflətən
qalxan tayfun Xubilayın donanmasına ağır zərbə
vurdu, az sayda xilas olanlar geri döndü. Yaponiya işğaldan belə xilas oldu. Minnətdar yaponlar tayfunu “İlahi Külək” mənasını
verən “Kamikadze” adlandırdılar.
Ərazilər
tutmaqda və ölkələr işğal etməkdə
heç bir maneə tanımayan, Avrasiya qitəsində
özündən əvvəl və sonra ən böyük
imperiya hesab olunan Çingiz xan imperiyasını yaradan
monqollar Çin və Koreya qüvvələrini də cəlb
etməklə xeyli güclənib Yaponiyaya müdaxilə etsələr
də, təbiətin zərbəsinə davam gətirə
bilməyib, bu adalar ölkəsini işğal etmək niyyətindən
birdəfəlik əl çəkdilər.
Yaponiya torpağına yalnız 1945-ci ildə amerikan
ordusu daxil oldu, avqustun 15-də imperator Hirohito xalqa müraciət
edib, ölkəni qoruyub saxlamaq üçün təslim
olmağa razılıq verdiyini bildirdi və sentyabrın 2-də
amerikan gəmisi “Missuri”də Yaponiya qeyd-şərtsiz təslim
olma aktını imzaladı. Bu, Yaponiyanın əcnəbi
dövlət tərəfindən ilk, ancaq olduqca böyük məğlubiyyətə
uğraması idi..
1588-ci ildə
130 gəmidən ibarət olan İspan Məğlubedilməz
Armadası İngiltərəni işğal etmək barədəki
möhkəm ümidlə okeanla üzüb oraya girmək istədikdə,
gəmilərin bir hissəsi La-Manş boğazında ingilislər
tərəfindən məhv edildi,
Şotlandiya sahillərində qalxan qasırğa isə
Armadanın məhvini bütünlüklə tamamladı. İngiltərə kraliçası I Elizabet vətənini
xilas edən bu möcüzəli təbiət qüvvəsini
minnətdarlıq şəklində “Allahın nəfəsi”
adlandırdı. İşğalın baş
tutacağına möhkəm əmin olan İspaniya kralı
II Filipp isə baş verənləri izah etmək
üçün demişdi ki, “Mən donanmamı təbiətlə
deyil, ingilislərlə vuruşmağa göndərmişdim”.
Təbiət bu
dəfə də işğalçılara deyil, ondan qorxu
hissi keçirən və müdafiə olunan tərəfə
öz alicənablığını və xilaskar xüsusiyyətini
göstərmişdi.
Napoleon da Britaniya ilə əlaqəsini üzməyən
Rusiyanı cəzalandırmaq fikrinə düşüb,
1812-ci ilin iyununda Neman çayını keçib 600 minlik
ordu ilə Rusiya ərazisinə girdi. Rus
qoşunlarının müqaviməti zəif olduğundan
Napoleon sürətlə irəliləyirdi. Borodino döyüşündən sonra rus ordusu geri
çəkildiyindən və hətta qədim paytaxt
Moskvanı tərk etdiyindən Napoleon 14 sentyabrda bu müqəddəs
rus şəhərinə daxil oldu. Ruslar
şəhəri yandırmaqla fransız imperatoruna öz
“qonaqpərvərliklərini” göstərdilər.
Oktyabr ayında soyuqlar başladı. Napoleon ordusu ərzaq
barədə çətinlik çəkirdi. Böyük əraziləri işğal edən
Napoleonun gözlədiyinin əksinə, ruslarla sülh
müqaviləsi bağlamaq mümkün olmadı, artıq
ondan qorxmurdular. Fransız sərkərdəsi
dəhşətli əzablarla və ağır itkilərlə
müşayiət olunan geri çəkilməyə, Rusiyadan
qaçmağa başladı.Dünənə qədər
qalibiyyətli bir ordu artıq sürüyə
çevrilmişdi. Böyük fransız
ordusundan Rusiyadan yalnız 30 min nəfərə
çıxmaq xoşbəxtliyi qismət oldu, qalanları isə
buradakı qarı özlərinə kəfən edərək,
bu müəmmalı ölkənin torpaqlarında
uyumuşdular.
Napoleona rus ordusundan heç də zəif olmayan təbiət
daha ağır zərbələr vururdu. Ona görə
də Qərbdə “General Qış”, “General Şaxta” kimi
terminlər dövriyyəyə buraxıldı.
Axı Napoleon kimi hərtərəfli dahi bir şəxsiyyət
Rusiya üçün adi hal olan bu cəhəti əvvəlcədən
nəzərə almalı idi. Təəssüf ki,
özünün bu son oyunlarından birində düşmənin
zəifliyinə çox arxayın olduğundan, təbiətin
müdafiəçilərə göstərəcəyi
köməyi qətiyyən nəzərə almadı.
Orduları məğlub etməyin böyük ustası
sayılan fransız sərkərdəsi onu son məğlubiyyətlərə
aparan bir yola qədəm qoymaqla, faciəli və onun
özünə də ağır başa gələn səhvə
yol verdi.
Napoleonun
Rusiyaya yürüşü ilə eyni vaxtda, 1812-ci ildə
başlayan və iki il sonra başa
çatan ingilis-amerikan müharibəsi baş verdi. ABŞ hələ Tomas Ceffersonun prezidentliyi
dövründə kontinental blokada tətbiq etmişdi. Belə qarşıdurma vaxtı Britaniya donanması
fransız-amerikan ticarət əlaqələrini pozmaq
üçün amerikan gəmilərini, onlarda ingilis dezertir dənizçilərinin
gizlənmələri bəhanəsi ilə tuturdu.
“Çesapik” freqatı ilə olan insidentdən, 1807-ci ildə ABŞ-da Embarqo
Aktının və 1810-cu ildə müdaxilə etməmək
barədə qanunun qəbul edilməsindən sonra ölkədə,
xüsusən Yeni İngiltərədə “müharibə
partiyası” formalaşdı. Həmin dövrdə
Konqressə İngiltərə ilə müharibə tərəfdarları
olan “quzğunlar” seçildilər. Onlar
ABŞ ərazisinin Kanada və Florida hesabına (o vaxtlar Kanada
Böyük Britaniyanın, Florida isə İspaniyanın
tabeliyində idi) genişləndiriləcəyinə ümid bəsləyirdilər.
Prezident Ceyms Medison patsifist olsa da, İngiltərə
ilə müharibəyə başlamağa məcbur oldu.
18 iyun 1812-ci ildə Medison və Konqress
İngiltərəyə müharibə elan etdi. Başlanğıcda müharibə Amerika-Kanada sərhədində,
Çesapik və Meksika körfəzlərində gedirdi.
Həm də əks tərəflər intensiv dəniz
müharibəsi aparırdılar. Beş gəmidən
ibarət ingilis eskadrası Amerika sahillərini blokadaya
aldı, amerikan kaperləri (hökumətin
razılığı ilə özəl şəxslərə
məxsus olan gəmilər tərəfindən düşmən
kommersiya gəmilərini tutmaqla, əslində dəniz
quldurluğu ilə məşğul olanlar) isə 200-dəq
artıq ingilis tacir gəmilərini tutmuşdular.
İngilislər tədricən amerikan sahillərinin
blokadasını onun bütün uzunluğu boyunda gücləndirdilər. 1814-cü il
ərzində isə Avropada Napoleon üzərində qələbədən
sonra ABŞ-ı yenidən böyük məğlubiyyət təhlükəsi
gözləyirdi. Prezident Medison ordu
komandanlığını səhvən inqilabın
yaşlı veteranlarına etibar etmişdi. Müharibənin son ilində isə generalların
orta yaşı 60-dan 36-ya endi və bu, prezidentin populyarlığını
artırdı.
Böyük
Britaniya amerikanlarla mübarizəyə böyük qüvvələr
göndərirdi,
ABŞ hökuməti isə 1814-cü ilin
payızında xərcləri artıq ödəmək
qabiliyyətində deyildi. Yeni İngiltərə,
Nyu-Orlean və Çesapik körfəzi ilə ABŞ-ın
digər hissələrinin əlaqəsini kəsmək
üçün ingilislər əsas istiqamət kimi Nyu-Yorku
seçdilər.
1814-cü
il kampaniyasında ən böyük hadisə
Vaşinqtona hücum idi, bundan məqsəd Kanadadakı Yorkun
(indiki Toronto şəhərinin)
dağıdılmasının intiqamını almaq idi. 3600 nəfərlik desant qüvvəsindən ibarət
olan eskadra Potomak çayına girdi və Vaşinqtona
doğru hərəkət etdi. 24 avqustda
axşam ingilislər şəhərə girib, onu qarət
etdilər, ən yaxşı hökumət binalarını –
Kapitolini, Ağ evi yandırdılar. Onlar həm
də nəhəng ölçüdə qənimət ələ
keçirdilər. Amerikan ordusunun baş
komandanı, prezident Medison paytaxtdan qaçdı. Bu vuruş vaxtı həm də 17 kaper
qayığından ibarət olan amerikan donanması məhv
edildi.
Britaniyalılar Vaşinqton üzərində öz
bayraqlarını qaldırdılar. Kapitoli binasında o
vaxt hələ mərkəzi rotonda tikilməmişdi, ona
görə də birləşməmiş Senatın və
Nümayəndələr Palatasının, həmçinin
Konqress Kitabxanasının binalarının interyerləri
yanğınla məhv edildi. Bu vaxt Vaşinqtonda tufan
baş verdi, onunla birgə yağan leysan
yağış qalın divarları yanğından xilas etməklə,
binanın xarici görünüşünü qoruyub
saxladı. İngilislər Prezident iqamətgahını
yandırdıqda, alova yanacaq atırdılar ki, yanğın
sonrakı gün də davam etsin.
İngilislərin
hücumundan sonra, bir sutkadan az olan müddətdə
güclü tufan leysan yağışla birlikdə əksər
binaların yanğınlarını söndürdü. Bu vaxt həm də paytaxtın mərkəzi ilə
tornado tüğyan etdi, burağan üç ton
ağırlığında olan topları göyə
qaldırıb, bir neçə yard uzağa tullayırdı.
Bunun nəticəsində xeyli Britaniya əsgəri
və şəhər sakini öldü. Tufan
britaniyalıları öz gəmilərinə qayıtmağa
məcbur etdi. Vaşinqtonun
işğalı vur-tut 25 saat davam etdi. Təbiət qalib
ingilisləri geri çəkilməyə məcbur etdi, digər
məşhur sələfləri kimi onlara da yaxşı dərs
verdi.
Medisonun paytaxtı onun bir gecəsini keçirdiyi
Montqomeri mahalındakı kiçik Brunvill şəhəri
oldu. Ölkənin birinci ledisi Dolli Medison, hökumət
qaçanda Vaşinqtonda qalmışdı ki, qiymətli
şeyləri hücum edən britaniyalılardan xilas etsin.
O, prezident Vaşinqtonun divardakı portretini
çıxartdırıb, özü ilə
götürmüşdü.
Prezident Medison və ondan bir neçə gün sonra
Konqress də paytaxta qayıtdı. Konqressin xüsusi sessiyası Kapitoli
və digər ictimai binalar
dağıdıldığından, Poçt binasında və
Patent idarəsi binasında keçirildi.
Telman Orucov
525-ci qəzet.- 2015.- 17 yanvar.-
S. 27.